Heydər Əliyev
Fondu tərəfindən Gəncə, Samux və Ucrada inşa
edilən və yenidən qurulan təhsil müəssisələri
istifadəyə verilir
Son
illərdə Azərbaycan təhsili yeni inkişaf
dövrünə qədəm qoyub. Prezident İlham
Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata
keçirdiyi layihələr Ulu Öndərin təhsil siyasətinin
uğurlu davamının göstəricisidir. Azərbaycan təhsilində
ən uğurlu nəticələrdən biri də məktəb
tikintisinin geniş vüsət almasıdır. Dövlətimizin
başçısının yeni dərs ilinin
başlanması və Bilik Günü münasibətilə
müraciətində deyildiyi kimi, bu il ölkə üzrə
147 məktəbin tikintisi nəzərdə tutulur. Onların
böyük hissəsi Bilik Gününə hazır vəziyyətə
gətirilib.
Heydər
Əliyev Fondu Azərbaycanın sosial-iqtisadi
inkişafının ən mühüm və zəruri sahələrindən
biri kimi müəyyən edilmiş təhsil sahəsinin
inkişafına daim xüsusi diqqət və qayğı ilə
yanaşıb, bu istiqamətdə mühüm əhəmiyyət
kəsb edən tədbirlər həyata keçirib. Fond
bütün ölkədə böyük rəğbətlə
qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb”
proqramı, "İnternat məktəblərinin inkişaf
proqramı”, "Təhsilə dəstək”, ümumiyyətlə
dövlət maraqları baxımından müstəsna əhəmiyyətə
malik bir sıra layihələri uğurla gerçəkləşdirib.
Fondun
təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd
Azərbaycanda bu sahəni inkişaf etdirərək beynəlxalq
səviyyəyə çatdırmaqdır. "Yeniləşən
Azərbaycana yeni məktəb ” layihəsi
həyata keçiriləndən sonra hətta
respublikamızın ən ucqar regionlarında da hər cür
ləvazimatla təchiz olunmuş, müasir tələblərə
cavab verən məktəblər tikilib istifadəyə verilib.
Müasir tipli məktəblərin inşası, tədris
prosesində normal şəraitin yaradılmasının zəruriliyi
və digər sahələrdə çoxlu sayda uğurlar
qazanılıb.
Təkcə
bu tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü
və dəstəyi ilə ölkəmizdə, o cümlədən
Bakı, Gəncə və Mingəçevir şəhərlərində,
eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi
inşa və əsaslı təmir olunaraq müəllim və
şagirdlərin ixtiyarına verilib.
AZƏRTAC
bölgələrdə yeni istifadəyə verilən məktəb
və məktəbəqədər təhsil müəssisələrindən
reportajları təqdim edir.
Gəncə
15
sentyabr – Bilik Günündə Azərbaycan Prezidentinin köməkçisi,
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov,
Təhsil naziri Emin Əmrullayev, Gəncə Şəhər
İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əvvəlcə
ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin
mərkəzində ucaldılan abidəsini ziyarət edib,
önünə gül dəstəsi qoyublar.
Daha
sonra Heydər Əliyev Fondu tərəfindən əsaslı
şəkildə yenidən qurulan İdman liseyinə
baxış keçirilib. İdman liseyində foyedə
ümummilli lider Heydər Əliyevin Azərbaycan
idmanının inkişafına göstərdiyi diqqət və
qayğını özündə əks etdirən fotoguşə
təqdim edilir.
İdman
liseyinin dördmərtəbəli yeni binası Heydər
Əliyev Fondu tərəfindən inşa olunub. 360 yerlik liseydə
18 sinif otağı var. Yeni istifadəyə verilən təhsil
müəssisəsində güləş zalı, futbol,
basketbol meydançaları, akt zalı və yeməkxana fəaliyyət
göstərir.
Gəncədə
idmanın, xüsusən də güləşin böyük ənənələrə
malik olduğunu, gəncəli idmançıların isə həm
respublika, həm də beynəlxalq səviyyəli
yarışlarda böyük uğurlar
qazandığını xatırladan Anar Ələkbərov
idman liseyində yaradılmış ən müasir şəraitdən
istifadə edən gənclərin gələcəkdə
yeni-yeni uğurlar qazanacağına və ölkəmizin idman
şərəfini ləyaqətlə qoruyacağına əminliyini
ifadə edib.
Samux
Azərbaycan Prezidentinin köməkçisi,
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov
Samux rayonunda da olub. Burada Sərkar kənd Nizami Gəncəvi
adına tam orta məktəbin və Sərkar kənd körpələr
evi–uşaq bağçasının binaları istifadəyə
verilib. Pandemiya şəraitində, karantin rejiminin tələblərinə
uyğun olaraq həyata keçirilən
açılış mərasimində, həmçinin Samux
Rayon İcra Hakimiyyətinin başçısı Alı
Qocayev, məktəbin və bağçanın kollektivi də
iştirak ediblər.
Anar
Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin,
birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın salamlarını və yeni tədris ilinin
başlanması ilə əlaqədar təbriklərini
çatdırıb.
1923-cü
ildə tikilən binada fəaliyyətə başlayan məktəb
üçün 1936-cı, 1959-cu və 1968-ci illərdə
artan tələbata uyğun olaraq əlavə korpuslar tikilib. Məktəb
sonuncu dəfə 2004-cü ildə təmir edilib, sinif
otaqları çatışmadığı üçün
bu vaxtadək tədris iki növbədə aparılıb. Məktəbin
binası ötən illər ərzində köhnəlmiş
və istifadəyə yararsız vəziyyətə
düşmüşdü.
Heydər
Əliyev Fondu tərəfindən yeni 800 şagird yerlik məktəbin
inşasına 2019-cu ildə başlanılıb, tikinti
işləri 2020-ci ilin avqust ayında yekunlaşıb.
Üçmərtəbəli
5 korpusdan ibarət məktəb binasında 39 sinif
otağı, fizika, kimya, biologiya laboratoriyaları, iki
informatika, hərbi təlim, tibb otaqları, qızlar və
oğlanlar üçün əmək təlimi otaqları,
qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və
açıq idman meydançası var. Məktəb zəruri
mebel və avadanlıqlarla, fənn kabinetləri və
laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib.
Həyətyanı
ərazidə abadlıq və yaşıllaşdırma
işləri aparılıb.
Məktəbin
direktoru Afaq Möyləyeva müəllim kollektivi, şagirdlər
və valideynlər adından Prezident İlham Əliyevə və
birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevaya təhsilə, onun inkişafına göstərdikləri
diqqət və qayğıya görə minnətdarlığını
ifadə edib.
Prezidentin
köməkçisi Anar Ələkbərov qeyd edib ki, Heydər
Əliyev Fondu fəaliyyətində təhsil sahəsini hər
zaman diqqətdə saxlayır, bu sahədə müxtəlif
layihələr və proqramlar icra etməklə təhsilin
inkişafına öz töhfəsini verir. Fond yeni məktəblərin,
məktəbəqədər təhsil müəssisələrinin
tikilərək istifadəyə verilməsinə də öz
dəstəyini əsirgəmir. Fondun təşəbbüsü
ilə həyata keçirilən "Yeniləşən Azərbaycana
yeni məktəb" proqramı tədris prosesinin
günün tələbləri səviyyəsində
qurulmasına imkan verən müasir məktəb
binalarının inşasına istiqamətlənib. Proqram çərçivəsində
paytaxtda və ölkənin müxtəlif bölgələrində
tikilən məktəblər müasir avadanlıq,
laboratoriyalar, zəngin kitabxanalar, emalatxana, idman zalları,
geniş meydançalar, əyani vəsait və kompüter
avadanlığı ilə təchiz edilir.
Sərkar
kənd körpələr evi–uşaq bağçası ilə
tanışlıq zamanı isə bildirilib ki, bina 1987-ci ildə
inşa olunub. 80 yerlik nəzərdə tutulan
bağçanın binası qəzalı olduğu
üçün 40 yerlik olaraq fəaliyyət göstərib.
Bina ötən illər ərzində fiziki köhnəlib və
istifadəyə yararsız vəziyyətə düşüb.
Heydər Əliyev Fondu tərəfindən yeni körpələr
evi–uşaq bağçasının inşasına 2019-cu ilin
sonlarında başlanılıb. Tikinti işləri 2020-ci
ilin avqust ayında yekunlaşıb.
Yüz
yerlik körpələr evi–uşaq bağçasında yataq
və oyun otaqları, idman və musiqi zalları, mətbəx,
yeməkxana, tibb otağı və digər inzibati və
texniki otaqlar mövcuddur. Müəssisə zəruri mebel və
avadanlıqlarla tam təchiz edilib. Bağçanın həyətyanı
ərazisində yenidənqurma və
yaşıllaşdırma işləri aparılıb, əyləncə
qurğuları quraşdırılıb.
Anar
Ələkbərov qeyd edib ki, Heydər Əliyev Fondunun
"Uşaq evləri və internat məktəblərinin
inkişafı” layihəsi çərçivəsində
respublika üzrə onlarla uşaq müəssisəsi əsaslı
şəkildə təmir edilib, yeni avadanlıqla təchiz
olunub, əlavə yardımçı binalar tikilib və kommunal
şərait yaxşılaşdırılıb. Fond, həmçinin
bu illər ərzində "Məktəbəqədər təhsil
müəssisələrinin inkişafı” proqramı çərçivəsində
yeni uşaq bağçaları, körpələr evinin
inşası və təmiri sahəsinə öz töhfəsini
verib.
Daha
sonra Samux rayonunda İmadəddin Nəsimi adına Ziyadlı kənd
tam orta məktəbi və körpələr evi-uşaq
bağçasının da yeni binaları istifadəyə
verilib.
Bildirilib
ki, Ziyadlı kənd tam orta məktəbi 1979-cu ildə
inşa olunmuş binada fəaliyyət göstərib. Bina
sonuncu dəfə 2006-cı ildə təmir edilib. Məktəbin
binası sonrakı illərdə köhnəldiyi
üçün yararsız vəziyyətə
düşüb.
Heydər
Əliyev Fondu tərəfindən yeni 523 şagird yerlik məktəbin
əsaslı təmirinə 2019-cu ilin sonlarında
başlanılıb. Təmir işləri 2020-ci ilin avqust
ayında yekunlaşıb. İkimərtəbəli 4 korpusdan
ibarət məktəb zəruri mebel və avadanlıqlarla, fənn
kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə
tam təchiz edilib.
Məktəbin
foyesində ümummilli lider Heydər Əliyevin ölkəmizdə
təhsilinin inkişafına göstərdiyi diqqət və
qayğını özündə əks etdirən fotoguşə
yaradılıb. Təhsil müəssisəsində 28 sinif
otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi
təlim, tibb və əmək təlimi otaqları, kitabxana,
yeməkxana və akt zalı, idman zalı və açıq
idman meydançası var. Məktəbin həyətyanı ərazisində
abadlıq və yaşıllaşdırma işləri
aparılıb.
Ziyadlı
kənd körpələr evi–uşaq bağçası ilə
tanışlıq zamanı isə bildirilib ki, bina 1929-cu ildə
inşa olunub. 60 yerlik nəzərdə tutulan bağça qəzalı
olduğu üçün 20 yerlik olaraq fəaliyyət
göstərib. Bina ötən illər ərzində köhnələrək
yararsız vəziyyətə düşüb. Heydər
Əliyev Fondu tərəfindən yeni körpələr
evi–uşaq bağçasının inşasına 2019-cu ilin
sonlarında başlanılıb. Tikinti işləri 2020-ci
ilin avqust ayında yekunlaşıb.
Bina
2 mərtəbədən ibarətdir. Bağçada
uşaqlar üçün yataq və oyun otaqları, idman və
musiqi zalları, mətbəx, yeməkxana, tibb otağı,
digər inzibati və texniki otaqlar mövcuddur. Müəssisə
zəruri mebel və avadanlıqlarla tam təchiz edilib.
Bağçanın
həyətyanı ərazisində yenidənqurma və
yaşıllaşdırma işləri aparılıb,
dekorativ kol və ağaclar əkilib, uşaq əyləncə
qurğuları quraşdırılıb, söhbətgahlar
inşa edilib.
Ucar
Sentyabrın
15-də Ucar rayonunda da bir sıra təhsil müəssisələri
istifadəyə verilib. Onlardan biri də Ucar rayonu, Qarabörk
kənd tam orta məktəbinin yeni binasıdır.
Azərbaycan
Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun
icraçı direktoru Anar Ələkbərov rayon icra hakimiyyətinin
başçısı Mənsur Məmmədovla birgə ulu
öndər Heydər Əliyevin şəhərin mərkəzində
ucaldılan abidəsini ziyarət edib, önünə gül
dəstəsi qoyub.
Sonra
məktəbin yeni binası ilə tanışlıq olub.
Bildirilib ki, məktəbin 1978-ci ildə tikilmiş köhnə
binası ötən müddətdə yarasız hala
düşmüşdü. Heydər Əliyev Fondu tərəfindən
2019-cu ildə 420 şagird yerlik məktəb binasının
yenidən tikintisinə başlanılıb. Yeni tədris ilində
istifadəyə verilən məktəb binası 2 mərtəbə
və 3 korpusdan ibarətdir.
Məktəb
zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və
laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz
edilib.
420
şagird yerlik ikimərtəbəli məktəb binasında
16 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları,
informatika, hərbi təlim, tibb və əmək təlimi
otaqları, kitabxana, bufet, akt və idman zalları, həmçinin
açıq idman meydançası da var.
Həyətyanı
sahədə abadlıq və yaşıllaşdırma
işləri aparılıb.
Həmin
gün Ucar şəhər 6 saylı körpələr
evi–uşaq bağçasının binasının da
açılışı olub. Bildirilib ki, Ucar şəhər
6 saylı körpələr evi–uşaq bağçası
1954-cü ildən fəaliyyət göstərir. Bina istifadəyə
yararsız vəziyyətə düşdüyündən
Heydər Əliyev Fondu tərəfindən yeni körpələr
evi–uşaq bağçası tikilib. İkimərtəbəli,
80 yerlik körpələr evi–uşaq bağçasında
uşaqlar üçün yataq və oyun otaqları, idman və
musiqi zalları, mətbəx, yeməkxana, tibb otağı və
digər inzibati və texniki otaqlar var.
Bağçanın
həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma
işləri aparılıb, uşaq əyləncə
qurğuları quraşdırılıb.
Xatırladaq
ki, Azərbaycanda hazırda 4500-ə qədər məktəb
var. Son 17 ildə bütövlükdə Azərbaycanda 3700-ə
qədər məktəb tikilib və əsaslı şəkildə
təmir edilib. Bundan başqa, son 2-3 il ərzində kiçik
kəndlərdə modul tipli məktəblərin
inşasına da start verilib. Bu il modul tipli 60 məktəbin
tikintisinə başlanılıb.
Bu
il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə
başlayır. Mövcud vəziyyət nəzərə
alınaraq, 2020-2021-ci tədris ili yeni formatda təşkil
edilir.
Azərbaycan.- 2020.-16 sentyabr.- S.3.