Peşə təhsili iqtisadi inkişafda mühüm məsələdir

 

"Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzinin yaradılması da bunu təsdiqləyir

 

Peşə təhsili rəqabətqabiliyyətli iqtisadiyyatın, həmçinin inkişaf etmiş cəmiyyətin təşəkkül tapmasında mühüm əhəmiyyət daşıyır.

Yerli və beynəlxalq təşkilatlar, həmçinin ölkələrin iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirənlər, eyni zamanda, sosial bərabərliyin təmin edilməsinə nail olmaq üçün müasir peşə təhsili sisteminin bərpasına xüsusi önəm verirlər.

Bu mənada respublikamızda ilk dəfə sənaye parkı ərazisində peşə təhsili müəssisəsinin yaradılması da təsadüfi deyil. Prezident İlham Əliyev "Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində yaradılan Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.

Yaradılan şəraitlə tanış olan dövlət başçısına məlumat verildi ki, 500 tələbənin təhsil alması üçün nəzərdə tutulan mərkəzin binası 6 korpusdan ibarətdir. Onlarda da 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati otaq var.

Mərkəzə 2020-2021-ci tədris ili üzrə müxtəlif peşələr - tornafrezer, eləcə də proqramla idarə olunan dəzgahların operatorları, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, sənayedə quraşdırma işləri üzrə usta, veb-dizaynerproqram təminatçısı ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir. Mərkəzin təhsil proqramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Tədris prosesinə "Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidentlərinin mütəxəssisləri cəlb olunub. Tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizi adı çəkilən Sənaye Parkının müəssisələrində keçiriləcək. Həmçinin praktiki dərslərin təşkili üçün burada təlim avadanlıqları stendləri də quraşdırılıb.

Xatırladaq ki, dövlət müstəqilliyinin bərpasından sonra təhsilin bu sahəsinə olan maraq azaldığından sıradan çıxma təhlükəsi ilə üzləşmişdi. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra digər mühüm strateji sahələrdən biri kimi, peşə təhsilinə də diqqət və dövlət qayğısı göstərildi.

Ötən illər ərzində Azərbaycanın təhsil sistemindəki dəyişikliklər, aparılan köklü islahatlar, inkişaf etmiş Avropadünya dövlətlərinin təcrübəsinin milli strategiyaya uyğunlaşdırılması bu sahədə uğurların ildən-ilə artmasına səbəb olan amillərdən sayılır.

Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” imzaladığı 2016-cı il 16 mart tarixli sərəncam da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Həmin sərəncama əsasən, 8 əsas və 3 yardımçı olmaqla, 11 sektor üzrə iqtisadiyyatın 2020-ci ilədək iqtisadi inkişaf strategiyasının və tədbirlər planının, 2025-ci ilədək uzunmüddətli, 2025-ci ildən sonrakı dövr üçün isə hədəf baxışın hazırlanması barədə müvafiq tapşırıqlar verilib.

Bütün bunların icra edilməsi məqsədilə "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” sənədinin hazırlanması da, əlbəttə, təsadüfi deyil. Bu sənəd peşə təhsili və təlimi sahəsində dünyada mövcud meyillər nəzərə alınmaqla, ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadrlar hazırlayan sistemin inkişaf etdirilməsini zərurətə çevirib.

Peşə təhsili və təliminin ümumi iqtisadi inkişafdakı əhəmiyyətini nəzərə alaraq, bir çox dünya ölkələri bu sahənin inkişafı üzrə proqramlar hazırlayır və həyata keçirir. İstehsalat təcrübələri ilkorta peşə təhsili məzunları üçün təhsildən məşğulluğa keçidi təmin edən ən səmərəli alətlərdən biri kimi öz təsdiqini tapıb.

Beynəlxalq təcrübə göstərir ki, peşə təhsili ölkənin ümumi inkişaf strategiyasında mühüm rola malikdir. Buna görə də onun cəlbediciliyini artırmaq üçün dünya ölkələrində həm şagirdlər, həm də işəgötürənlər stimullaşdırılmaqla, sistemin məhsuldarlığının artırılması təmin edilir. Bundan başqa, marketinq kampaniyaları vasitəsilə peşə təhsilinin ictimai dəyərinin yaxşılaşdırılmasına getdikcə daha çox diqqət yetirilir.

Azərbaycanın da iqtisadi inkişaf strategiyasında peşə təhsilinin prioritet rolu nəzərə alınıb. 2016-cı ildə dövlət başçısının fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. 2016-2017-ci illərdə Bakı, Gəncə şəhərlərində və Qəbələ rayonunda yerləşən peşə təhsili müəssisələri şəbəkəsi rasionallaşdırılıb, ümumilikdə, 34 peşə təhsili müəssisəsinin bazasında müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış 14 Peşə Təhsil Mərkəzi açılıb. Təhsil Nazirliyi tərəfindən iri sənaye mərkəzlərində və regionlarda rasionallaşdırma və optimallaşdırma tədbirlərinin davam etdirilməsi ilə bağlı təkliflər hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.

2016-cı ildən başlayaraq peşə təhsili müəssisələrinə qəbulda şəffaflığın və vətəndaşların rahatlığının təmin olunması üçün həyata keçirilən "ASAN Peşə” layihəsi bu gün ölkəni demək olar ki, tam əhatə edir. İşəgötürənlərlə sıx əməkdaşlıq nəticəsində həyata keçirilən pilot layihələr çərçivəsində turizm, informasiya texnologiyaları, eləcə də xidmət sahəsi üzrə məzunların 60-70 faizdən çoxu işlə təmin edilir.

Peşə təhsili müəssisələrində müəllimliyin ictimai nüfuzunun artırılması, yüksək hazırlıqlı peşəkarların bu sənəti seçməsinə stimulun yaradılması istiqamətində də müəyyən tədbirlər həyata keçirilib. Belə ki, dövlət başçısının Sərəncamına əsasən, 2017-2018-ci illərdə 60 peşə təhsili müəssisəsində çalışan 2 minədək müəllim və istehsalat təlimi ustasının bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb. Həmçinin onların həftəlik dərs yükü norması 1.5, aylıq vəzifə maaşı isə orta hesabla 2 dəfə artırılıb.

Bir sözlə, peşə təhsili iqtisadi inkişafda mühüm məsələdir. Buna görə də strateji sahə olduğu nəzərə alınaraq, onun daim inkişaf etdirilməsi, problemlərinin həlli dövlətin diqqət mərkəzində saxlanılır. Yəqin ki, yeni tədris ilində də gənc nəsil bu sahəyə xüsusi diqqət ayıracaq. Sənət, peşə yönümlü təhsil hər zaman işəgötürənlərə də, götürülənlərə də gərəklidir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2020.- 17 sentyabr.- S.1; 4.