Mübarizə öz bəhrəsini
verir
Əldə olunmuş uğurlu nəticələr karantin
rejiminin yumşaldılmasını labüd edib
Yeni tip koronavirus (COVID-19) Yer kürəsində sürətlə yayılmaqda davam edir. Dünyada bu təhlükəli infeksiyaya yoluxanların sayı 30 milyona, ölənlərin sayı isə 940 minə çatır. ABŞ hələ də ən yüksək yoluxma və ölüm sayına görə liderliyini qorumaqdadır. Növbəti sıralarda müvafiq olaraq Hindistan, Braziliya, Rusiya, Peru və Kolumbiya qərarlaşıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə oktyabr və noyabr aylarında Avropada COVID-19-la bağlı gündəlik ölüm sayında artım olacağını proqnozlaşdırıb. ÜST-ün Avropa üzrə regional direktoru Hans Kluqe bildirib ki, vəziyyət daha da çətinləşəcək, yoluxma hallarındakı artım günlük ölümlərin də artımına səbəb olacaq: "Anlayıram ki, indiki məqamda ölkələr pis xəbər eşitmək istəmir. Mən pozitiv mesaj göndərmək istərdim ki, bu pandemiya bitəcək.
Tez-tez eşidirəm ki, peyvənd pandemiyanı sonlandıracaq Təbii ki, bu, belə deyil. Peyvəndin bütün əhali qruplarına kömək edib-etməyəcəyini də bilmirik. Hazırda üzərində işlənən peyvəndlərin bir qrup üçün kömək edəcəyi, digər qrup üçün isə effektiv ola bilməyəcəyi barədə bəzi siqnallar alırıq. Fərqli peyvəndlər sifariş etməli olsaq, bu, sadəcə texniki-maddi baxımdan bir kabus olacaq. Pandemiyanın sonu bir cəmiyyət olaraq bu pandemiya ilə necə yaşamağı öyrənəcəyimiz andır. Bu, bizə bağlıdır və düşünürəm ki, çox müsbət bir mesajdır”.
İkinci dalğa elan olundu
Onu da bildirək ki, tibbi ekspertlərin proqnozlaşdırdığı kimi, sentyabr ayından bir çox ölkələrdə koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən də bəzi ölkələrdə yenidən karantin sərtləşdirilir, məhdudiyyətlər tətbiq edilməyə başlanır. İsrail hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün sərt karantin rejiminin bərpasına qərar verib. Sentyabrın 19-dan etibarən üç həftə müddətinə ölkədə hərəkət məhdudiyyəti tətbiq olunacaq, sakinlərin evlərindən 500 metrdən çox uzaqlaşmasına icazə verilməyəcək. Bu müddət ərzində tədris müəssisələri, eləcə də hotel, restoran, kafe, ofislər, idman salonları və hovuzlar bağlı qalacaq. Mütəxəssislərin fikrincə, İsraildə koronavirus epidemiyasının ikinci dalğası birincidən daha güclü yayılır. Belə ki, yaz aylarında gündəlik yoluxma min nəfəri keçmirdisə, son günlərdə bu göstərici 4 min nəfəri keçib.
Gürcüstanda pandemiyanın "ikinci dalğası” elan olunub. Baş Nazir Q.Qaxariya
bildirib ki, ölkədə epidemioloji
vəziyyət gündən-günə
pisləşməkdədir.
Avstriyada koronavirus pandemiyasının
ikinci dalğası başlayır. Bu barədə ölkə Kansleri Sebastyan Kurts
bildirib: "İndi baş verənlər ikinci dalğanın başlanğıcıdır. Xəstələnənlərin sayı günbəgün
artır”. Kurts əhalini sosial məsafəyə riayət etməyə və tibbi maska
taxmağa çağırıb.
Çexiyada COVID-19 diaqnozu ilə xəstəxanalara yerləşdirilən
insanların sayı hər gün təqribən 10 nəfər
artır. Yoluxanların sayına görə
hər 100 min nəfərə
nisbətdə hazırda
üçüncü olan
Çexiya Avropa İttifaqı ölkələri
arasında yalnız Fransa və İspaniyadan geridə qalır. Mövcud vəziyyət nəzarət
altına alınmazsa,
Çexiyanın bu istiqamətdə daha da "irəli gedəcəyi” istisna edilmir. Yoluxanların sayı hələlik
faciəli həddə
çatmasa da, 2-3 həftədən sonra ölkənin stasionar xəstəxanalarında bu
ilin yaz aylarında pandemiyanın
ilk dalğası zamanı
olan qədər xəstə yerləşdirilə
bilər. Çexiya hökumətinin
elm və tədqiqatlar
məsələləri üzrə
səlahiyyətlisi Roman Primula
deyib ki, ölkədə mövcud
xəstəxana tutumu xəstəliyin ağır
simptomlarına yoluxanları
xəstəxanaya yerləşdirmək
üçün yetərli
olmaya bilər.
Azərbaycanda müsbət
dinamika davam edir
Azərbaycanda digər ölkələrlə
müqayisədə COVID-19-a yoluxma və ölüm sayı xeyli aşağıdır. Son statistikaya
görə, ölkəmizdə
koronavirusa yoluxma hallarının 56,1 faizi paytaxtın payına düşür.
Həmin göstərici
Abşeron rayonunda
15,6, Aran rayonlarında
10,4, Gəncə-Qazax bölgəsində
6,4, Lənkəranda 4,3, Quba-Xaçmazda
2,1, Şəki-Zaqatalada 1,8, Dağlıq Şirvanda
1,6, Yuxarı Qarabağda
1, Naxçıvan Muxtar
Respublikasında 0,04 faiz
təşkil edir. Ölkə xaricindən idxal olunma halı
0,7 faizdir.
Azərbaycanın COVID-19-la mübarizədə uğurlu
fəaliyyəti, qəbul
edilmiş qərarların
vaxtında və yüksək keyfiyyətlə
icrası ölkədə
sanitar-epidemioloji vəziyyəti
nəzarət altında
saxlamağa imkan verib. COVID-19 infeksiyasının
yarada biləcəyi təhlükənin qarşısının
alınması istiqamətində
həyata keçirilən
preventiv tədbirlər
nəticəsində, eləcə
də əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və
məsuliyyətlə əməl
etməsi, dövlət-vətəndaş
həmrəyliyi sayəsində
yoluxma hallarının
kəskin azalmasına
nail olunub. Yoluxmanın dinamikasında
müəyyən stabillik
yaranıb, sağalanlarla
yoluxanlar arasında çox ciddi fərq olmur. Xəstəxanalarda müalicə
alan və
reanimasiyada olan koronavirus xəstələrinin
sayı xeyli azalıb. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, avqustun 5-dən sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan
qaldırılıb və
yumşalmalar təmin
edilib. İnfeksiyaya yoluxmanın dinamikasında
müsbət tendensiyanın
müsahidə olunması
və iqtisadi aktivliyin gücləndirilməsi
zərurəti nəzərə
alınaraq Nazirlər
Kabineti yanında Operativ Qərargah son ay yarım ərzində karantin rejiminin yumşaldılması barədə
bir neçə qərar verib. Belə ki, mərhələli
şəkildə SMS icazə
sistemi ləğv edilib, çimərliklərin,
bir sıra istehsal, ticarət və xidmət sahələrinin, qeyri-ərzaq
məhsullarının satışı
ilə məşğul
olan mağazaların fəaliyyətinə icazə
verilib, bəzi sahələr üzrə işə cəlb olunan işçilərin
sayına tətbiq edilmiş məhdudiyyətlər
aradan götürülüb.
Ölkə üzrə muzeylərin
və sərgi zallarının fəaliyyəti
ilə bağlı məhdudiyyətlər aradan
qaldırılıb. Eyni zamanda
xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 10 nəfərədək qruplarda
fərdi tədris və repetitor xidmətlərinə icazə
verilib. Sentyabrın 8-dən Bakı, Sumqayıt şəhərləri
və Abşeron rayonuna gediş-gəlişlə
əlaqədar tətbiq
olunmuş məhdudiyyətlər
(şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna
olmaqla) götürülüb.
Həmin
tarixdən müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Koronavirus
(COVID-19) pandemiyası dövründə
ictimai iaşə müəssisələrinə müştəri
qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi
barədə” 6 iyul tarixli qərarına uyğun olaraq ictimai iaşə obyektlərinin daxilində
xidmət göstərilməsinə
icazə verilib.
Nazirlər Kabinetinin
sentyabrın 12-də imzaladığı
ölkədə tətbiq
edilən karantin rejiminin qaydalarına dair Qərarına əsasən, sentyabrın
14-dən Bakı Metropolitenində
sərnişindaşıma fəaliyyəti bərpa olunub, eləcə də çimərliklərdə
ictimai-iaşə obyektlərinin
fəaliyyətinə icazə
verilib.
Sentyabrın 15-dən isə yumşalma qərarları çərçivəsində
ölkə ərazisində
təhsil müəssisələri
mərhələli şəkildə
açılır.
Yumşalmalar yoluxma sayını artıracaq
Təbii ki, Azərbaycanda koronavirusla mübarizədə
əldə olunmuş
uğurlu nəticələr,
iki aya yaxındır
yoluxma sayının stabil qalması, sanitar-epidemioloji vəziyyətin
qənaətbəxş olması
karantin rejiminin yumşaldılmasını, məhdudiyyətlərin
aradan qaldırılmasını
labüd edib. Yumşalma addımları
elə atılır ki, xəstələrin sayı kəskin artmasın. Xarici ölkələrin təcrübəsi də göstərir ki, xüsusi karantin rejimindən sonra tətbiq olunan yumşalmalar koronavirus infeksiyasına yoluxma hallarının artmasına
səbəb olur.
Məhz bu səbəbdən sentyabrın 30-dək ölkə
üzrə xüsusi karantin rejimi tətbiq edilmiş ərazilərdə tətbiq
olunan müəyyən
məhdudiyyətlər hələ
də qüvvədə
saxlanılır.
COVID-lə
bağlı dünya statistikasına baxdıqda
görürük ki, ölkəmizdə əldə
edilmiş nəticələr
doğrudan da çox təsirli və dəyərlidir. Məhz dövlətimizin
pandemiya ilə mübarizə çərçivəsində
həyata keçirdiyi
tədbirlər nəticəsində
minlərlə insanın
həyatı qorundu, xəstəliyin geniş vüsət almasına, vəziyyətin nəzarətdən
çıxmasına imkan
verilmədi. Aylardır dövlət
tərəfindən aparılan
mübarizə öz bəhrəsini verir.
Təbii
ki, hazırki müsbət dinamika davam edərsə və xəstələrin
sayında artım olmazsa, yumşalma tədbirləri yenə də davam etdiriləcək.
Lakin unutmaq olmaz ki,
bu məsələdə
vətəndaşların məsuliyyəti
birinci dərəcəli
məsələdir.
Payız-qış mövsümü müxtəlif
respirator xəstəliklərin fəallaşdığı dövr
hesab olunur. Xeyli fasilədən
sonra tədris müəssisələri fəaliyyətə
başlayır, əksər
müəssisələr qapılarını
açır. İstər-istəməz
insanlar arasında ünsiyyət artacaq ki, bu da
yoluxmaların artmasına
səbəb ola
və nəticədə
karantin yenidən sərtləşdirilə bilər.
Bunun baş verməməsi üçün də indiki halda vətəndaşlardan
tələb olunan yalnız karantin qaydalarını ciddi şəkildə gözləməkdir.
Yumşalmaların tətbiqi, yoluxma
sayının azalması
koronavirusun tamamilə
yox olması anlamına gəlməməlidir.
Virus dünyadan tamamilə yox olmadan və ya hamıya peyvənd vurulmadan rahat davranmaq yolverilməzdir. Hazırda tibbi
maska taxmaq, gigiyenik qaydalara əməl etmək və sosial məsafə saxlamaq infeksiyadan qorunmağın
ən sadə və ən səmərəli yoludur.
Hamı bilməlidir ki, peyvənd tapılana qədər koronavirusa yoluxmamağın və sağlam həyata dönməyin yeganə yolu həmin qaydalara uyğun yaşamaqdan, özümüzü
və ətrafdakıları
bu bəşəri bəlanın fəsadlarından
qorumaqdan ibarətdir.
Xəyalə MURADLI
Azərbaycan.-
2020.- 17 sentyabr.- S.1; 6.