Gəncə Dövlət Universiteti yeni dərs ilinə uğurlu göstəricilərlə başladı

 

Gəncə Dövlət Universiteti 2020-2021-ci tədris ilinə Nazirlər Kabineti yanında Operativ Qərargahın qarşıya qoyduğu tələblərə uyğun olaraq başladı.

Pandemiya ilə bağlı yeni tədris ili böyük təntənə ilə qeyd edilmədi. Lakin buna baxmayaraq, sentyabrın 15-də universitetdə xüsusi canlanma hiss olunurdu. Bunun da əsas səbəbi ali təhsil müəssisəsində bir sıra yenidənqurma işlərinin aparılması idi. Belə ki, universitetin korpuslarında təmir işləri görülmüş, texnika avadanlıqlar təzələnmişdir. Bundan başqa, uzun illərdən bəri istismara yararsız vəziyyətdə olan tələbə yataqxanaları əsaslı şəkildə təmir edilmiş gənclərin rahatlığı üçün hər bir şərait yaradılmışdır.

Qeyd edək ki, yeni dərs ilinin başlanması ilə əlaqədar universitetin tədris binalarında dezinfeksiya işləri aparılmış, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qarşıya qoyduğu qaydalara əməl etmək üçün pedaqoji kollektivin hər bir üzvünə nəzarət gücləndirilmişdir.

Məlum olduğu kimi, pandemiya başlayan gündən digər təhsil ocaqları kimi Gəncə Dövlət Universitetində təhsil onlayn sistemində keçilmişdir. Belə ki, tədrisin məsafədən təşkili istiqamətində yarana biləcək çətinliklərin qarşısını almaq məqsədilə bütün fakültələrdə professor-müəllim heyəti üçün "Microsoft Teams” platformasından istifadəyə dair onlayn formada təlimlər təşkil olunmuşdur. Tələbə heyəti üçün platformadan istifadə üzrə təlimatlar hazırlanmış, onlayn dərslərin texniki təminatı daha da təkmilləşdirilmişdir. Məsafədən təhsilin keyfiyyətli təşkili üçün lazımi şərait yaradılmışdır.

Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, universitetin beynəlxalq layihələrdə iştirakı, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, ikili diplom proqramlarının miqyasının genişləndirilməsi istiqamətində bir sıra xarici ali təhsil müəssisələri ilə danışıqlar aparılıb.

Söz yox ki, bütün bunlar yeni tədris ilində tələbələrin peşəkar mütəxəssis kimi formalaşmasında, elmin sirlərinə yiyələnməsində mühüm rol oynayacaqdır.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2020.- 17 sentyabr.- S.6.