Çin növbəti dəfə Avropaya yüklərin daşınmasında trans-Xəzər marşrutunu seçdi

 

Ölkəmizdə icra edilən nəhəng infrastruktur layihələrinin beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilməsi yeni fakt deyil. Həmin qurumlar dəfələrlə öz hesabatlarında Azərbaycanda bu istiqamətdə görülən işlərin təkcə ölkəmiz deyil, dünya üçünböyük əhəmiyyət daşıdığını bildiriblər.

Məhz bu tədbirlər sayəsində ölkəmiz hazırda dünyanın mühüm nəqliyyat dəhlizlərinin qovşağına çevrilib. İndi Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində gedən əsas yollar Azərbaycandan keçir.

Xəbər verildiyi kimi, Çinin şərqindəki Cician vilayətinin Cinhua şəhərindən sentyabrın 10-da yola salınan yük qatarının 15-18 gün sonra Bakıya çatması planlaşdırılıb. Sənaye avadanlığı və məişət əşyaları da daxil 100 konteynerdən ibarət olan qatar Qazaxıstanın Xəzər dənizi sahilindəki Aktau limanına çatdıqdan sonra oradan bərə ilə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yola salınacaq.

Qeyd edək ki, bu marşrutla yüklərin daşınması ənənəvi marşrutlarla müqayisədə daha tez reallaşacaq. İlkin mərhələdə marşrut üzrə 1-2 qatarın yola salınması nəzərdə tutulsa da, gələcəkdə qatarların sayının daha artıq olması proqnozlaşdırılıb. Onu da bildirək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yüklərin Çindən Avropaya və əks istiqamətə daşınması həyata keçirilir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin nəhəng layihəsi olan "Bir kəmər, bir yol” təşəbbüsünün icrasında əhəmiyyətli rol oynayır.

Vaxtında görülən işlər sayəsində ölkəmiz hazırda dünyanın mühüm nəqliyyat dəhlizinin - Şərq-Qərb, Şimal-Cənub marşrutu üzrə önəmli qovşağına çevrilib. Yəni bu istiqamətdə gedən bütün yollar Azərbaycanda birləşir.

Prezident İlham Əliyev bu sahədə həyata keçirilən işləri yüksək qiymətləndirərək bildirmişdir: "Bu layihə dünyanın nəqliyyat xəritəsini yenidən tərtib edirbu layihə açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcəkdir. Eyni zamanda biz "Şimal-Cənub nəqliyyat dəhlizi”nə də çox böyük diqqət yetirmişik... Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin iştirakçıları bir çox ölkələrdir. Ancaq onların arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihədə iştirak edir və hər iki layihənin reallaşmasına öz dəyərli töhfəsini vermişdir. Bu, bizə gələcəkdə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək, artıq gətirir”.

Məlumdur ki, Çin hazırda dünyanın nəhəng ixracatçılarındandır. Bu ölkə dünya bazarına ildə 2 trilyon 400 milyard dollar dəyərində məhsul çıxarır və bu səbəbdən yeni nəqliyyat marşrutlarının yaradılması barədə təşəbbüslə çıxış edib. Çinin Avropa ilə mal mübadiləsinin əsas marşrutlarından biri isə "Şərq-Qərb nəqliyyat dəhlizi”dir ki, bu sahədə də ölkəmiz mühüm rol oynayır.

İndi dünya ölkələri həmin marşrut üstündə qızğın siyasiiqtisadi mübarizəyə başlayıb. Çünki bu yüklərin daşınması hansı ölkədən keçərsə, həmin dövlətlər milyardlarla dollar gəlir əldə edəcək. Prezident İlham Əliyev isə uzaqgörənliklə bu marşrut üçün vaxtında lazımi tədbirlər görüb. Belə ki, bizim nəhəng Xəzər Dəniz Donanmamız var. Donanmanın tərkibində Xəzərin şərq sahilindən qərb sahilinə yük daşımaq üçün bərə gəmilərimiz kifayət qədərdir. İkincisi, Ələt Beynəlxalq Ticarət Limanında nəhəng gəmilərin yan alaraq yükünü doldurub-boşaltmaq üçün hər cür şərait yaradılıb. Üçüncüsü isə, bu yüklərin Avropaya daşınması üçün Bakı-Tbilisi-Qars dəmir yolu çəkilib. Bu yolun da çəkilməsinin təşəbbüsçüsü Prezident İlham Əliyevdir. Üstəlik, maliyyələşdirilməsini Azərbaycan dövləti həyata keçirib.

Ölkələr arasında gedən rəqabətdə siyasi amillər deyil, iqtisadi amillər əsas rol oynayacaq. Bu səbəbdən ölkəmizin həmin rəqabətdən üstün çıxacağına şübhə etmirik. Belə ki, Çinlə Türkiyə arasında yükdaşımaların müddəti bir aydan 12 günə enib. Sözsüz ki, daşınmanın belə qısalmasında Azərbaycanın vaxtında icra etdiyi nəhəng infrastruktur layihələri mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub nəqliyyat dəhlizinin qovşağına çevrilib. Ölkəmiz mühüm infrastruktur layihələrini rəqiblərimizdən öncə yaratdığı üçün böyük üstünlüyə sahibdir. Təkcə Bakı-Tbilisi-Qars dəmir yolu dünyanın nəqliyyat xəritəsini yenidən tərtib edib.

Dövlət başçısı ölkəmizdə həyata keçirilən iri tranzit layihələrini yüksək dəyərləndirərək demişdir: "Bütün bu layihələr arasında Bakı-Tbilisi-Qars dəmir yolunu mən xüsusi vurğulamaq istəyirəm. Çünki bu, bir neçə səbəbə görə, doğrudan da, strateji obyektdir, strateji infrastrukturdur... Eyni zamanda biz İrandan da Avropa istiqamətinə Azərbaycan üzərindən yükləri gözləyirik. Bildiyiniz kimi, "Şimal-Cənub nəqliyyat dəhlizi”ndə də Azərbaycan çox fəal iştirak edir. Biz öz ərazimizdə bu dəhlizlə bağlı bütün işləri başa vurmuşuq. Ona görə bütün bu addımların nəticəsində Azərbaycan - açıq dənizlərə çıxışı olmayan bir ölkə beynəlxalq, yəni Avrasiya nəqliyyat mərkəzlərinin birinə çevrilib. Əminəm ki, növbəti illərdə artıq icra edilmiş layihələrin və yeni layihələrin icrası nəticəsində Azərbaycan üzərindən yükdaşımaların həcmi artacaq”.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2020.-17 sentyabr.- S.1; 6.