Azərbaycan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq
Proqramına üzv ölkələrin
iclasında təmsil olunub
Sentyabrın 17-də videokonfrans formatında öz işinə başlayan Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 53-cü İllik Toplantısı çərçivəsində Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) “COVID-19 pandemiyası şəraitində: Çıxarılan nəticələr və inkişaf yolu” mövzusunda iclası keçirilib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, CAREC proqramına üzv ölkələrdən yüksək vəzifəli dövlət və hökumət rəsmilərinin qatıldığı iclasda Azərbaycanın Maliyyə naziri, ADB-nin Rəhbərlər Şurasının üzvü Samir Şərifov və İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf də iştirak edib. İclasda COVID-19 pandemiyasının yaratdığı qeyri-müəyyənliyin qlobal və regional ticarətə mənfi təsirlər göstərdiyi bir vaxtda regional əməkdaşlığın təşviq edilməsi, üzv ölkələr arasında ticarət dövriyyəsinin artırılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, postpandemiya dövründə inkişafın dəstəklənməsinə dair fikir mübadiləsi aparılıb.
Asiya İnkişaf
Bankı tərəfindən 2001-ci ildə təsis edilmiş Mərkəzi Asiya
Regional iqtisadi Əməkdaşlıq
Proqramı özündə 11 ölkəni (Azərbaycan,
Əfqanıstan, Çin, Gürcüstan,
Qazaxıstan, Qırğızıstan, Monqolustan,
Pakistan, Tacikistan,
Türkmənistan və Özbəkistan), 6 çoxtərəfli
maliyyə institutunu (Asiya
İnkişaf Bankı, Avropa
Yenidənqurma və İnkişaf
Bankı, Beynəlxalq Valyuta Fondu, BMT-nin İnkişaf Proqramı və Dünya
Bankı) tərəfdaşlıq çərçivəsində
özündə birləşdirir. Proqramın əsas məqsədi
əməkdaşlıq vasitəsilə sürətli iqtisadi inkişafın və yoxsulluğun
azaldılmasına nail olmaqdır.
Azərbaycan.- 2020.-18 sentyabr.- S.4.