Ermənistanda xaotik vəziyyət:
dövlət borcu və işsizlik
artır
Pandemiya fonunda işğalçı
ölkənin iqtisadi tənəzzülü
daha da sürətlənir
Pandemiya fonunda sosial-iqtisadi sahədə dərin böhran yaşayan Ermənistanda yoxsulluq həddi gündən-günə yüksəlir. Buna əsas səbəblərdən biri isə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra sosial-iqtisadi vəziyyətin düzəlməsi əvəzinə daha da ağırlaşmasıdır. Ermənilər sosial şəbəkələrdə bəyan edirlər ki, baş nazir Nikol Paşinyan hakimiyyətdə olduğu müddətdə vəziyyət düzəlməyəcək.
Getdikcə daha gərgin xarakter almağa başlayan ictimai-siyasi vəziyyət koronavirus pandemiyası fonunda ölkədə həm də xaotik durum formalaşdırmağa başlayır. Qeyd olunur ki, əməkhaqqının, pensiya təminatının artmadığı bir ölkədə əksinə çörək, süd və ət məhsullarının və digər zəruri məhsulların qiymətləri gündən-günə artır, inflyasiya həddi, işsizlik göstəriciləri yüksəlir.
Elə bunların nəticəsidir ki, işğalçı ölkədə iqtisadi durum getdikcə daha da ağırlaşır. Bunu keçirilən sosioloji sorğular da təsdiqləyir. Belə ki, rəyi soruşulan insanların 37,3 faizi ölkə iqtisadiyyatının pis vəziyyətdə olduğunu düşünür. Respondentlərin 34,6 faizinin fikrincə, Ermənistan iqtisadiyyatı çox pis vəziyyətdədir. Əhalinin yalnız 0,7 faizi iqtisadi vəziyyətin yaxşı olduğunu bildirib.
Ermənistanın Maliyyə
Nazirliyinin cari ilin birinci
yarısının nəticələri üzrə
açıqladığı statistik
göstəricilərə əsasən, bu
ölkənin ümumi dövlət borcu 7 milyard 721 milyon ABŞ dollarına çatıb. Nəzərə
alaq ki,
işğalçı ölkənin cari il üçün
dövlət büdcəsinin gəlirləri 1,7 trilyon dramdır (3,5 milyard
dollar). Bu isə o deməkdir ki, xarici borc dövlət
büdcəsindən 2 dəfədən çoxdur.
Dövlət borcunun da 5 milyard 984 milyon dollarlıq hissəsi xarici borcun payına düşür.
Çiçəklənən Ermənistan
Partiyasının sədri
Qaqik Sarukyan İcevan şəhərində
yerli sakinlərlə görüşündə bildirib
ki, hökumətin binası qarşısında
hər gün etiraz aksiyaları keçirilir: "Dövlət
borcu artır. Bu pulları hara
xərcləyiblər? Hakimiyyətdəki məsul şəxslər
təcrübəli insanlar
olmalı, başçılıq
etdikləri sahəni bilməlidirlər. Səlahiyyətli şəxslər insanların
sosial vəziyyətini
yüngülləşdirə bilsəydi, problemlər aradan qalxardı”. Q.Sarukyan daha sonra ölkədəki
hazırkı vəziyyətin
dəhşətli dərəcədə
ağır olduğunu
və daha da ağırlaşacağını
vurğulayıb.
Çiçəklənən Ermənistan Partiyasından
olan deputat Mikael Melkumyan da ölkədəki durumu tənqid edib. Bildirib ki, Ermənistan iqtisadiyyatı
çox bərbad vəziyyətdədir: "Bizim
aclıqdır deməyimiz
mağazalarda bu və ya başqa
ərzaq mallarının
olmaması demək deyil. Həmin malları almaq
üçün əhalinin
pulu yoxdur. İstənilən iş adamı məhsul idxal edə bilər. Ancaq əhalinin tələbatı
ötən illə müqayisədə 15-20 faiz
azalıb. Daha doğrusu,
əhali pulsuzluqdan ehtiyacı olan malları əldə edə bilmir”.
Dünyada nüfuzlu
Dövlət Borcunun İdarəedilməsi Şəbəkəsinin
(PDMN) Ermənistanın maliyyə
təhlükəsizliyinin təhdidlə
üzləşməsi barədə
paylaşdığı materialda
da qeyd olunub
ki, hazırda Ermənistanın xarici borcu maliyyə təhlükəsizliyi üzrə
bütün normaları
aşıb və bu ölkənin ÜDM-in
42 faizi civarındadır.
Qeyd edək ki, ümumi
dövlət borcunun
ÜDM-ə nisbəti son dövrlər
davamlı olaraq artmaqdadır. Belə
ki, 2015-ci illə müqayisədə ümumi
dövlət borcunun
ÜDM-ə nisbəti 48 faizdən
54 faizə, xarici dövlət borcunun
ÜDM-ə nisbəti isə
40 faizdən 42 faizədək
artıb. Dünya Bankı dövlət borcunun ÜDM-ə nisbəti
göstəricisinin qarşıdakı
dövrdə daha da pisləşəcəyini
və ilin sonuna 57,2 faizə
çatacağını proqnozlaşdırıb.
Ermənistanda qeyd olunur ki,
Paşinyanın başçılıq
etdiyi hökumət ölkədəki iqtisadi vəziyyəti yaxşılaşdırmaq
üçün heç
bir addım atmır. Baş nazir təyin olunduğu gün Ermənistandakı
iqtisadi vəziyyəti
"çox ağır”
qiymətləndirən Paşinyan
real iş görməkdən
uzaqdır. Cəmiyyət xəstədir, ac qalıb. Ölkə boşalır - imkanı
çatan Ermənistanı
tərk edir. Bu vəziyyətə qarşı mübarizə
aparmaq, islahatlar həyata keçirmək,
korrupsiyanın kökünü
kəsmək əvəzinə
Ermənistan hakimiyyəti
populist çıxışlarla məşğuldur.
Elçin CƏFƏROV
Azərbaycan.- 2020.- 18 sentyabr.- S.1; 5.