Üzeyir bəy zirvəsi
18 Sentyabr
Üzeyir Musiqi Günüdür
O, Azərbaycan musiqi sənətinə ölməz əsərlər bəxş etdi, bu sahənin inkişafı naminə böyük işlər gördü. O, müasirləşməyin yalnız yad mədəniyyətlərə bürünmək, qərbləşmək, avropalaşmaq olmadığını göstərdi. O, sübut etdi ki, hər millətin qoruyub yaşatdığı, nəsildən-nəslə ötürdüyü mənəvi sərvətlər həm də onun dəyərləri, tarixi və müasirliyidir...
O, xalqını elə sevdi, təəssübünü elə çəkdi, yolunda o qədər fədakarlıq göstərdi ki, sağlığında adı çoxlarının yüksələ bilməyəcəyi zirvədə tutuldu. Gördüyü misilsiz işlərlə minnətdarlıqla xatırlanan, yazıb-yaratdıqları xalqının milli-mənəvi sərvəti olan bəstəkar, musiqiçi, təşkilatçı Üzeyir Hacıbəyli hər zaman yaddaşlardadır. Ona istinad olunur, ondan öyrənilir, nümunə göstərilir...
18 sentyabr - Üzeyir bəyin doğum günüdür. Bu gün xalqımız üçün böyük bayramdır. 1995-ci ildən Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncama əsasən, 18 Sentyabr Milli Musiqi Günü kimi qeyd edilir. Bu gün xalqımız Üzeyir Hacıbəyli zirvəsinə bir daha sevgi və minnətdarlıqla baxır.
İlk möhtəşəm əsər - "Leyli və Məcnun”
Hələ bəstəkar, musiqiçi kimi məşhurlaşmadığı illərdə də Üzeyir Hacıbəyli tanınırdı. XX əsrin ilk onilliyindən etibarən gənc Üzeyir bəy qabaqcıl ziyalıların ön sırasındaydı. Jurnalist, yazıçı, pedaqoq kimi vətəninə xidmət edir, soydaşlarının hüquqlarını qorumaq, işıqlı gələcəkləri naminə mübarizə aparırdı. Dünyada ziddiyyətli siyasi-ictimai hadisələr bir-birini əvəz etdiyi, Azərbaycanı da öz müstəmləkəsinə çevirmiş çar Rusiyasında vəziyyətin xüsusi ilə kəskinləşdiyi, iğtişaşların ara vermədiyi bir zamanda Üzeyir bəy yorulmaq bilmədən çalışırdı. Elə həmin illərdə Üzeyir Hacıbəyli adı həm də Azərbaycan musiqi sənətinə qovuşdu. Gənc Üzeyir bəy 1907-ci ildə Şərqdə birinci opera olan "Leyli və Məcnun”u yazdı. Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında yazılmış opera ilk redaktədə 5 pərdə və 6 şəkildə, sonrakı quruluşlarda 4 pərdə, 6 şəkildə idi. Librettonun müəllifi Üzeyir bəy idi. Əsərin ilk tamaşası 1908-ci il yanvarın 25-də Tağıyev teatrında oldu. O gün zalda nəinki boş yer yox idi, hətta əlavə stullar qoyulmuşdu. Janr Azərbaycan musiqisevərləri üçün yeni, ancaq mövzu, musiqinin ruhu tanış və doğma idi.
Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski oldu. Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış etdilər.
İlk tamaşanın təəssüratları günlərlə unudulmadı. Şəhərdə əsas söhbət bu barədəydi. Mətbu orqanlar yeni əsərdən və onun istedadlı müəllifindən yazırdılar...
Azərbaycan musiqi mədəniyyəti "Leyli və Məcnun”la yeni dövrə qədəm qoydu. Üzeyir Hacıbəyli bundan sonra həm özü yeni musiqi əsərləri yazdı, həm də bu sahədə istedadı olanların əlindən tutdu, yol göstərdi.
Üzeyir bəy "Leyli və Məcnun”dan sonra musiqimizi "Şeyx Sənan”, "Rüstəm və Söhrab”, "Şah Abbas və Xurşudbanu”, "Əsli və Kərəm”, "Harun və Leyla” operaları və üç musiqili komediyası - "Ər və arvad”, "O olmasın, bu olsun”, "Arşın mal alan”, xalq calğı alətləri orkestri üçün iki fantaziyası, xalq mahnı işləmələri, eləcə də bir sıra mahnılari, kantataları ilə zənginləşdirdi. Və...
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi
- "Koroğlu”
Dünya klassik operaları sırasında layiqli yer tutan bu əsər üzərində Üzeyir Hacıbəyli 1932-1936-cı illərdə işləyib. Mübariz ruhlu sənətkar xalqın qəhrəman oğlu Koroğluya layiqli qiymətini vermək, onu doğru baxımdan tanıtmaq niyyətindəydi. "Koroğlu” operasının libretto müəlliflərindən biri M.S.Ordubadi öz xatirələrində yazırdı: "Bir gün Üzeyir bəy mənim yanıma gəldi. Nədənsə o, çox tərəddüdlü görünürdü. Nəhayət, o, öz qəlbini açıb dedi:
- "Koroğlu” dastanı əsasında bir opera yazmaq xəyalındayam. Sən bilirsən ki, Koroğlunun qəhrəmanlıq siması müxtəlif variantlar içərisində itib getmişdir. Koroğlu kimi səbatlı bir üsyançını orta əsrlərə məxsus bir çapqın və eşqbaz kimi qələmə verirlər. Buna görə də biz Koroğlu epoxasının siyasi və ictimai mündəricəsini yazdığımız operada aydınlaşdırmalıyıq. Xalqımız Koroğlunun möhkəm bir qəhrəman olduğunu, öz əsrinin məşhur üsyan təşkilatçısı kimi feodallara qarşı mübarizə apardığını səhnədə görməlidir.
Üzeyir bəy bu sözlərdən sonra mənə bir daha müraciət etdi:
- Demək ki, biz bunu qərara alırıq! - dedikdə, mən də əlimdəki çay stəkanını yerə qoyub: - Bəli, qərarlaşdıq, - deyə cavab verdim”.
"Koroğlu”ya qədər Üzeyir Hacıbəyli böyük yaradıcılıq yolu keçmişdi. O, bu əsəri uzun illər topladığı yaradıcılıq təcrübələri, dünya musiqi mədəniyyətini dərindən əxz etməsi və müqayisəyəgəlməz istedadının qüdrətilə yazmışdı. Üzeyir bəy bildrirdi: "Müasir musiqi mədəniyyətinin nailiyyətlərindən istifadə edərək qarşımda formaca milli opera yazmaq məsələsi qoymuşdum... Belə bir vəzifəni yerinə yetirmək üçün bəstəkardan ciddi nəzəri hazırlıq tələb olunmaqla bərabər, xalq yaradıcılığını, musiqi folklorunu dərindən öyrənmək, musiqi dilini mənimsəmək, xalq ilə onun anladığı dildə danışmaq istedadını kompozitora verən sadəlik və aydınlığı dərk etmək tələb olunur”.
"Koroğlu” beşpərdəli operadır. Bu opera Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi hesab edilir. Üzeyir bəy ilk dəfə "Koroğlu”da klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri yaratdı.
Əsərin ilk tamaşası 1937-ci il aprelin 30-da M.F.Axundzadə adına Azərbaycan Dövlət Opera və Balet Teatrında oldu. "Koroğlu” operasının librettosu H.İsmayılov və M.S.Ordubadi tərəfindən yazılıb. Əsərə rejissor İsmayıl Hidayətzadə quruluş verib. Tərtibatçı-rəssam isə R.Mustafayev idi. Dirijor pultu arxasında Üzeyir bəy özü dayandı.
Koroğlu
rolunun ilk
ifaçısı unudulmaz sənətkarımız
Bülbül idi. Nigar rolunu isə Gülarə
İsgəndərova ifa edirdi.
Digər rolların ifaçıları X.Haqverdiyev,
M.Bağırov, Ə.Zülalov, Q.Hüseynov, B.Mustafayev, M.Paşayeva oldu. Rəqslərə
Qəmər Almaszadə quruluş verdi.
"Koroğlu” elə premyerasından tamaşaçıları ovsununa sala bildi. O gün mədəniyyət tariximizdə bayrama çevrildi.
Üzeyir Hacıbəyli öz əsəri barədə yazırdı: "Koroğlu” operasında bilavasitə xalq yaradıcılığından götürülmüş əsl xalq melodiyaları yoxdur. Mən xalqdan hazır nəğmələr almamışam, yalnız xalq yaradıcılığının əsaslarını öyrənmişəm. Operadakı ariya, duet, reçitativ, ansamblları Azərbaycan musiqi ladlarında, Azərbaycanın musiqi folkloru əsasında qurmuşam. Koroğlunu aşıqlar tərənnüm etmiş və ona görə də operada üstün gələn stil aşıq stilidir”.
Ə.Bədəlbəyli xatirələrində Üzeyir Hacıbəylinin əsər üzərində dörd il çalışdığını yazırdı: "Lakin əsərin bəzi musiqi parçalarının melodikasının müəllifin zehnində çox-çox əvvəllərdən nəqş bağladığı da məlumdur. Böyük bəstəkar əsərinin hər səhifəsini, hər parçasını dönə-dönə cilalayır, lazım gəldiyi halda tamamilə yenidən bəstələyirdi. Burada həm mətn, həm də musiqi büsbütün yeni şəkildə, yeni biçimdə yaradılırdı”.
"Koroğlu”ya görə Üzeyir Hacıbəyli "Stalin” mükafatına layiq görüldü.
1938, 1959-cu illərdə Moskvada Azərbaycan musiqi incəsənəti ongünlüyündə, 1975-ci ildə isə "Zaqafqaziya musiqi baharı” festivalında "Koroğlu” böyük uğur qazandı.
1941-ci ildə
Azərbaycan teatrı
operanı İranda göstərdi. Tamaşa tamaşaçılar tərəfindən böyük
rəğbətlə qarşılandı.
"Koroğlu” Aşqabadda (1939, türkmən
dilində), Daşkənddə
(1950, özbək dilində)
tamaşaya qoyuldu.
Azərbaycan Opera və Balet
Teatrının qastrol
tamaşaları zamanı
"Koroğlu” Təbriz,
Tiflis, Kiyev, Peterburq və başqa şəhərlərdə göstərildi.
İllər ötür. Azərbaycan musiqi sənəti addım-addım irəliləyir, sərhədləri aşır, dinləyiciləri heyran edir. Yeni istedadlar gəlir, onlar öz əsərləri ilə musiqi sənətimizi zənginləşdirirlər. Azərbaycan musiqi sənətinin ön sırasında isə əbədi olaraq bir ad, bir imza var. O, Üzeyir Hacıbəylidir...
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2020.-18 sentyabr.- S.6.