Dövlətimiz gənclərin bilikli,
savadlı olmaları üçün
lazımi şərait yaradıb
Azərbaycan Prezidenti İlham Əliyevin yeni dərs ilinin başlanması və "Bilik Günü” münasibətilə müraciəti ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Müəllimlərə, tələbələrə və şagirdlərə xitabən deyilən bu müraciətdən göründüyü kimi, 2020-2021-ci tədris ili qarşısında yeni ümumtəhsil məktəblərinin istifadəyə verilməsi bir daha onu göstərir ki, pandemiya dövründə də təhsilə diqqət və qayğı prioritetliyini saxlayıb.
Ölkə rəhbəri müraciətində bildirmişdir: "Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Bunu nəzərə alaraq yeni dərs ili yeni formatda təşkil ediləcəkdir. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqını bu bəladan qoruyaq və qəbul edilmiş bütün qərarlar bu məqsədi güdür”.
Müraciətdə qeyd olunduğu kimi, pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərinin azalmasına baxmayaraq, ölkəmizdə ümumtəhsil və ali məktəb binalarının tikintisi davam etdirilmiş, nəzərdə tutulmuş sosial layihələrin biri də ixtisar edilməmişdir... Azərbaycanda hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam təmir olunmuş və ya yenidən tikilmişdir. Bununla yanaşı, karantin rejiminin çətinliklərinə baxmayaraq, ali məktəblərin korpuslarının tikintisi də davam etdirilmişdir. Gəncədə Dövlət Aqrar Universitetinin, ADA Universitetinin, eləcə də Azərbaycan Dövlət İqtisad Universitetinin Bakının Yasamal rayonunda yerləşən və yenidən inşa olunan tədris korpuslarının açılışında Prezident İlham Əliyev və ictimaiyyətin nümayəndələri də iştirak etmişlər.
Xatırladaq ki, Prezidentin fərman və sərəncamlarına uyğun olaraq, ölkədə ali təhsil sistemində xeyli islahatlar aparılıb. Tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində dövlət başçısı tərəfindən əhəmiyyətli qərarlar qəbul olunub. 2019-cu ildə dövlət hesabına təhsil alan tələbələrin sayı 66 faiz artıb. Belə ki, 2018-ci ildə 12 min 300 nəfər dövlət hesabına ali təhsil müəssisələrinə qəbul olunubsa, 2019-cu ildə bu rəqəm 20 min 500-ə çatdırılıb. Təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı sərəncama əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılıb. 2020-2021-ci tədris ilində isə təqaüd alan tələbələrin sayının 50 faizə çatdırılması nəzərdə tutulur.
Azərbaycanda təhsilin inkişafına, gənclərin sağlam və savadlı böyümələrinə hər cür diqqət və qayğı göstərən Prezident İlham Əliyev müraciətində cəmiyyətdə ictimai bəlaya çevrilə biləcək çox həssas bir məqama da toxunaraq demişdir: "Bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük - gənclərin beyni bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər. Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandı, hansı informasiya doğrudur. Ona görə müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumalı və onları müdafiə etməlidirlər. Belə olan halda Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək”.
Azərbaycanın milli müstəqilliyinin möhkəmlənməsində və inkişafında gənclərin dəstəyinə arxalanan ölkə rəhbəri onların elmli, bilikli, savadlı və müasir dünyagörüşə malik olmalarına xüsusi diqqət göstərir. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın qayğısı sayəsində son illər ölkəmizdə dünya standartlarına uyğun bir-birindən yaraşıqlı müasir tipli ümumtəhsil məktəbləri istifadəyə verilir, günün tələbləri baxımından yeni ixtisaslar nəzərə alınmaqla, institut və universitetlərin ərazisi genişləndirilir, əlavə korpuslar inşa olunur, peşə-texnikiyönümlü tədris mərkəzləri yaradılır. Belə təhsil ocaqlarından biri də "Bilik Günü” ərəfəsində açılışında Prezident İlham Əliyevin iştirak etdiyi "Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində yaradılmış Peşə Təhsil Mərkəzidir.
Xatırladaq ki, bu, Azərbaycanda ilk dəfə sənaye parkı ərazisində yaradılan peşə təhsili müəssisəsidir. 500 tələbənin təhsil alması üçün nəzərdə tutulan mərkəz 6 korpusdan ibarətdir. Burada 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati kabinet var. Mərkəzin təhsil proqramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizi Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində keçiriləcək. Burada təhsil alan tələbələr həm də gələcəkdə ixtisasları üzrə işlə təmin olunacaqlar.
Prezident İlham Əliyevin fərman və sərəncamları əsasında ölkəmizdə təhsil üzrə strategiya və proqramlar qəbul edilib. Təhsili millətin gələcəyi kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən ölkə rəhbəri son 17 ildə neft kapitalını insan kapitalına çevirmək istiqamətində atdığı addımları ilə təhsilin-elmin-iqtisadiyyatın birliyini yaratmış, yeni texnologiyaların ölkənin hərtərəfli inkişafında rolunu önə çəkmişdir. Bu səbəbdəndir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində müasir standartlara uyğun məktəblər tikilib, yaxud əsaslı təmir olunub, həmçinin müasir avadanlıqla təchiz olunublar. Ümumiyyətlə, son illər 3700-dən çox məktəb ya yenidən tikilib, ya da əsaslı təmir edilib.
Təhsilin keyfiyyətinin artırılmasında məktəb infrastrukturunun yenilənməsinə xüsusi diqqət göstərən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yeni məktəb binalarının tikintisinə, mövcud məktəblər üçün əlavə korpusların inşasına, onların əsaslı təmirinə, müasir avadanlıqlarla təminatına, ümumilikdə infrastrukturun tam yenilənməsinə göstərdikləri qayğı diqqətçəkəndir.
Dövlət başçısı tərəfindən neçə illər bundan öncə paytaxt və bölgələrdə qəzalı vəziyyətdə olan bütün məktəblərin tamamilə yenidən qurulması qarşıya əsas məqsəd kimi qoyulub. Görülən işlərlə yaxından tanış olmaq üçün Prezident həmin məktəblərdə olub, əksəriyyətinin açılışında iştirak edib. Ənənəyə uyğun olaraq, ölkə rəhbəri bu günlərdə Əmircan qəsəbəsindəki 154 nömrəli məktəbin açılışında iştirak edib. Xatırladaq ki, məktəbin binası yararsız vəziyyətdə olduğundan sökülərək yerində 58 sinif otağından ibarət 960 yerlik müasir bina inşa olunaraq şagirdlərin istifadəsinə verilib. Məktəb müasir avadanlıqlarla təchiz edilib. Şagirdlərin biliklərə yiyələnmələri üçün lazımi şərait yaradılıb.
Rəhman SALMANLI
Azərbaycan.- 2020.- 19 sentyabr.- S.1; 5.