Adil Əliyev: “Sumqayıt Kimya Sənaye Parkı unikal
bir layihədir”
Bugünkü əmək bazarının dəyişən tələb və meyillərinə uyğun olaraq ölkəmizdə peşə təhsilinə qarşı maraq artır və bu təhsil sahəsinin modernləşdirilməsi prosesi sürətlə davam edir.
AZƏRTAC xəbər verir ki, bu fikri Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.
Adil Əliyev deyib ki, hələ 2016-cı ildə iqtisadiyyatın və əmək bazarının dəyişən tələblərə cavab verməsinin təmin edilməsi istiqamətində peşə təhsilinin inkişafı prioritet sahələrdən biri elan edildi. Onun genişləndirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edildi. Gənclər arasında peşə təhsilinə marağın artırılması və ixtisaslı işçi qüvvəsinin formalaşması sahəsində bu Strateji Yol Xəritəsi qarşıya qoyulmuş əsas tələblərdən birinə çevrildi. Əmək bazarında özəl sektorun peşə təhsilli işçilərə marağını nəzərə alaraq, işəgötürənlərin də peşə təhsili olan kadrlara tələbini sürətləndirmək əsas hədəf olaraq müəyyən edildi.
Artıq bu sahənin inkişafı ilə bağlı PPP (Public Private Partnership) proqramları əsasında peşə təhsilinin inkişafında dövlət və özəl sektorun əməkdaşlığı başlanıb. Peşə təhsilində inkişafın təmin edilməsi ilə bağlı Bakı, Sumqayıt və Gəncə şəhərlərində, eləcə də digər rayonlarda yerləşən peşə təhsili müəssisələrinin rasionallaşdırılması, müasirləşdirilməsi və əmək bazarının tələblərinə uyğun olaraq formalaşdırılması bu sahədə həyata keçirilən islahatların tərkib hissəsidir.
Peşə təhsilinə marağın artması fonunda Cənubi Koreya ilə birlikdə KOİCA proqramına uyğun olaraq 38 milyon manat nizamnamə fondu olan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi quruldu. Peşəyə uyğun marağın artması baxımından əyaniliyi artırmaq üçün mərkəz yeni model avadanlıqlarla təmin edilib. Təhsilin formal, qeyri-formal olmasından asılı olmayaraq, burada əsas gələcək işçinin ixtisaslı olmasıdır. Burada ən əsas şərt isə gənclərin gələcəkdə fəaliyyət göstərəcəyi sahənin növündən asılı olmayaraq ixtisaslı mütəxəssis olaraq yetişdirilməsidir.
Bu yaxınlarda ölkəmizdə peşə təhsilinə olan marağın artmasının əyani bir nəticəsini gördük. İlk dəfə olaraq Sumqayıt Kimya Sənaye Parkının daxilində Peşə Təhsil Mərkəzi yaradıldı. Bu da bir neçə strateji hədəfə nail olunması deməkdir. Birincisi, tələbələr müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri öyrənir. İkincisi, tələbələrin praktik təcrübə toplamaq məqsədilə ayrı-ayrı müəssisələrə göndərilməsinə ehtiyac qalmır. Üçüncüsü, tədris və təcrübə prosesində iştirak edən gənclər gələcəkdə Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində iş yeri əldə etmək imkanı qazanırlar.
Sumqayıt Kimya Sənaye Parkı olduqca unikal bir layihədir. Belə ki,
Park yaradıldıqdan sonra
bir çox istehsal müəssisələri
parkın daxilində fəaliyyətə başlayıb.
Təbii
ki, sənaye parklarının yaradılmasında
məqsəd, ilk növbədə,
ölkənin idxala olan tələbatının
ilkin mərhələdə
qarşısının alınması,
yerli tələbatı
ödədikdən sonra
ixrac potensialının
qiymətləndirilməsi, rentabelli hesab edildikdə ixracın təmin olunmasıdır.
İxrac
həm də ona görə mühümdür ki, bu sahədən əldə edilən gəlir tədiyyə balansını müsbət
səviyyədə saxlamaq
üçün əsasdır.
İxracın nəticəsində ölkəmizə xaricdən
əlavə valyuta gəlir, hansı ki, bu gün
tədiyyə balansının
müsbət səviyyədə
saxlanması daha çox neft-qaz sektorunun üzərinə
düşür.
“Hesab edirəm ki, bu sahələrin inkişafında sahibkarlar
da fəaliyyətlərini
genişləndirməlidirlər. Xüsusilə, xaricdə
yaşayan azərbaycanlı iş adamları mövcud
vəziyyəti qiymətləndirməli və Azərbaycana vəsait
qoymalıdırlar. Təkcə ona
görə yox ki, Azərbaycan
onların vətənidir və hər zaman
da doğma ölkələrinin
dəstəyini hiss edirlər, həm də
ona görə ki,
ölkəmizdə onlar üçün
kifayət qədər cəlbedici və gəlirli sahələr
var. Öz ölkələrinə
investisiya qoymaq da vətənpərvərlik hissinin
yüksək əlamətlərindən biridir”,
- deyə Milli Məclis Sədrinin müavini qeyd edib.
Azərbaycan.-
2020.- 19 sentyabr.- S.2.