Ceyhun Bayramovun Antonio
Quterreşə məktubu BMT Baş
Assambleyasının və Təhlükəsizlik
Şurasının sənədi kimi dərc
olunub
Azərbaycan Respublikasının
Xarici İşlər naziri Ceyhun Bayramovun bu ilin 31 avqust tarixində
Ermənistanın aqressiv ritorikası və Azərbaycanın
işğal olunmuş ərazilərində həyata
keçirdiyi qeyri-qanuni fəaliyyətinə dair BMT-nin Baş
katibi Antonio Quterreşə ünvanlandığı məktub
BMT Baş Assambleyasının və Təhlükəsizlik
Şurasının sənədi kimi dərc olunaraq
yayılıb.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Məktubda Xarici İşlər naziri bu ilin 12-16 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində silahlı hücum cəhdi nəticəsində siyasi və hərbi məqsədlərinə nail olmayan Ermənistanın son dərəcə təxribatçı bəyanatları və fəaliyyəti ilə təcavüzkar siyasətini davam etdirdiyinə diqqəti yönəldir.
Burada Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərini, eləcə də Mingəçevir Su Elektrik Stansiyası və digər mühüm əhəmiyyətli mülki infrastrukturları vurmaqla hədələmək, beləliklə də azərbaycanlı mülki əhalini terrorizə etmək siyasəti, Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik vəziyyəti dəyişmək siyasəti və bu xüsusda Livan ermənilərinin bu ərazilərdə qeyri-qanuni məskunlaşdırılması, eləcə də işğal olunmuş ərazilərdə işğalçı ölkə tərəfindən yaradılmış oyuncaq qurumun bəzi qondarma "strukturlarını” Xankəndidən Şuşaya köçürmək niyyəti, işğal olunmuş ərazilərdə infrastruktur dəyişiklikləri, o cümlədən Azərbaycanın işğal olunmuş əraziləri ilə Ermənistanı birləşdirən yeni yolun çəkilməsi, habelə işğalçı ölkənin ekoloji terror siyasəti və azərbaycanlı mülki əhalini sudan məhrum etməsi kimi konkret faktlar əsasında Ermənistanın ATƏT-in Minsk qrupunun rəhbərliyi ilə həyata keçirilən danışıqlar prosesindən sui-istifadə etdiyi və ilhaqçı siyasəti həyata keçirdiyi BMT Baş katibinin diqqətinə çatdırılır.
Xarici İşlər naziri Ceyhun Bayramov BMT-nin Baş katibini Ermənistanı aqressiv təxribatçı ritorikadan çəkindirmək, işğal olunmuş ərazilərin fiziki, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsinə yönəlik fəaliyyətlərini dayandırmaq, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrini çıxarmaqla beynəlxalq hüquq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün bütün lazımi addımları atmağa çağırır.
Sənədlə
https://undocs.org/a/74/1003 ünvanında tanış olmaq olar.
Azərbaycan.-
2020.- 19 sentyabr.- S.3.