Neft
məqsəd deyil, xalqın daha yaxşı yaşaması
üçün vasitədir
Müstəqillik
bizim əsas dəyərimizdir və biz nə qədər
güclü olsaq, nə qədər qüdrətli olsaq,
müstəqilliyimiz də o qədər möhkəm olacaq
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
19-da Heydər Əliyev adına Bakı dərin özüllər
zavodunda "Abşeron” yatağının dəniz əməliyyatlarının
təməlqoyma mərasimində iştirak edib.
AZƏRTAC xəbər
verir ki, Prezident İlham Əliyevə "Abşeron”
yatağında quraşdırılacaq dayaq blokları və
digər sualtı qurğular barədə məlumat verildi.
Bildirildi ki,
"Abşeron” yatağında quraşdırılacaq dörd
əsas dayaq bloku və digər sualtı qurğular
SOCAR-ın "BOS Şelf” şirkəti tərəfindən
tikilib. Tikinti işlərinə ümumi çəkisi 10 min
tona yaxın olan əsas və köməkçi dayaq
bloklarının, körpülərin, estakadaların, məşəl
sisteminin, sualtı qurğuların, boru xəttinin,
modulların inşası və quraşdırılması
daxildir. "Abşeron” layihəsi üzərində iş
zamanı "BOS Şelf” şirkəti Azərbaycanda ilk dəfə
bütün mühəndislik, təchizat, tikinti,
quraşdırma işlərini həyata keçirməklə
layihənin tam təminatla təhvil verilməsi üsulunu tətbiq
edib. Yataqdan qazın hasilatı üçün
quraşdırılacaq platforma öz növünə görə
nadirdir. Belə ki, platformanı kənardan, yəni, "Neft
Daşları”nda yerləşdirilən moduldan idarə etmək
üçün innovativ həll yolları işlənilib
hazırlanıb. "Abşeron” layihəsində Xəzərdə
ilk dəfə "boru içində boru” texnologiyası tətbiq
olunacaq.
Sonra "Abşeron”
yatağının dəniz əməliyyatlarının təməlinin
qoyulmasını bildirən düymə basıldı.
Qeyd edək ki, Xəzər
dənizinin Azərbaycan sektorunda suyun 500 metr dərinliyində
yerləşən "Abşeron” yatağının
ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində
qiymətləndirilir. Yatağın istismarı Azərbaycanın
təbii qaza artmaqda olan daxili tələbatının təmin
edilməsinə əhəmiyyətli töhfə verəcək.
Daha sonra Prezident İlham
Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və
Real Televiziyasına müsahibə verdi.
-Cənab
Prezident, bu gün ölkəmizin neft-qaz sektorunun
inkişafında növbəti mühüm hadisənin –
"Abşeron” yatağının dəniz əməliyyatlarının
təməlqoyma mərasiminin şahidi oluruq. Bu layihənin əhəmiyyətini
necə qiymətləndirirsiniz?
- Bu, doğrudan da
çox əhəmiyyətli hadisədir. Çünki bu
gün faktiki olaraq "Abşeron” qaz-kondensat
yatağının yeni mərhələsi başlayır və
əminəm ki, bu mərhələ də uğurlu olacaq. Beləliklə,
Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə,
önəmli addıma imza atacaqdır.
"Abşeron” yatağının
tarixi bir qədər fərqlidir. Çünki ilk dəfə
"Abşeron” qaz yatağı üzrə kontrakt xarici tərəfdaşlarla
hələ 1990-cı illərin sonlarında
imzalanmışdır. Mən o günləri
yaxşı xatırlayıram və bizim "Abşeron”
yatağı ilə əlaqədar böyük ümidlərimiz
var idi. Çünki bizim geoloqlarımız, xüsusilə
Xoşbəxt Yusifzadə tam əmin idi ki, bu yataqda kifayət
qədər böyük qaz ehtiyatları vardır. Bir də
ki, "Abşeron” yatağı üzrə kontrakt
"Şahdəniz” qaz-kondensat yatağı üzrə
kontraktdan sonra imzalanmışdır və əslində, bu,
onu göstərirdi ki, Azərbaycan artıq neft ölkəsindən
qaz ölkəsinə keçid alır.
Ancaq əfsuslar olsun ki,
müəyyən müddətdən sonra birinci kontrakta xitam
verildi. Onun da səbəbi ondan ibarət idi ki,
qazılan kəşfiyyat quyusu boş çıxdı.
Xatırlayıram, o vaxt bizim görkəmli geoloqumuz Xoşbəxt
Yusifzadə demişdi ki, quyunun yeri düzgün seçilməmişdir
və xarici tərəfdaşları inandırmağa
çalışırdı ki, onlar öz iş proqramına
bir qədər düzəlişlər etsinlər. Ancaq əfsuslar
olsun ki, onun sözünə baxmadılar. Halbuki Xəzər dənizini
Xoşbəxt Yusifzadə kimi tanıyan ikinci adam dünyada
yoxdur. Ancaq heç bir nəticə əldə olunmadı və
xarici şirkət bu yatağı tərk etdi. Yenə
də deyirəm, biz tam əmin idik ki, burada çox
böyük qaz ehtiyatları vardır. Şadam ki, "Total”
şirkəti eyni fikrə gəldi və SOCAR-la müvafiq sənədlər
imzalandı. Ondan sonra praktiki işlər aparıldı və
böyük qaz-kondensat yatağı aşkarlandı. Bu önəmli
hadisə - yatağın aşkarlanması ilə əlaqədar
ilk xəbəri mənə Xoşbəxt müəllim
vermişdir. Beləliklə, bizim neft-qaz
potensialımızın inkişafı üçün
çox böyük resurs əldə edildi. Bu yataqda 350-360
milyard kubmetr qaz ehtiyatları vardır. Amma mən hesab edirəm
ki, daha çox olacaq. Çünki artıq bizdə olan təcrübə
onu göstərir ki, ehtimal olunan resurslardan daha böyük
resurslar üzə çıxır və 100 milyon ton kondensat
- bu da xam neftə bərabər olan bir məhsuldur. Beləliklə,
Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı
olacaqdır. Onu da bildirməliyəm ki, "Abşeron”un
birinci mərhələsində çıxarılacaq qaz
daxili tələbatlara istiqamətləndiriləcək.
Çünki buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu
tələb edir. İkinci mərhələdə hasil olunacaq
qaz isə ixrac yolu ilə dünya bazarlarına
çıxarılacaq. Çünki artıq bu yatağın
tam işlənməsi mərhələli yollarla öz həllini
tapacaq.
Eyni zamanda, bizim neft
hasilatımızın sabit qalması üçün bu
yatağın böyük önəmi var. Çünki 100
milyon ton kondensat - bu da Bakı-Tbilisi-Ceyhan ixrac boru xətti ilə
dünya bazarlarına çıxarılacaq. Beləliklə,
"Azəri-Çıraq-Günəşli”də mövcud
olan və davam edən təbii hasilat tənəzzülünü
"Abşeron” yatağı bir qədər kompensasiya edəcək.
Ona görə bu, növbəti
böyük hadisədir. Bütün bu qurğular Azərbaycanda
istehsal olunub. Mən keçən ay burada olarkən
"Qarabağ” dayaq blokunun dənizə göndərilməsini
qeyd edirdim. Artıq bu blok burada bizim
qarşımızdadır, dənizdədir və bu gün
növbəti dayaq bloklarının dənizə göndərilməsi,
əlbəttə ki, çox əhəmiyyətli hadisədir.
Əminəm ki, qrafik üzrə iki ildən
sonra "Abşeron” yatağından ilk qaz və kondensat
çıxarılacaqdır.
-Cənab Prezident,
qarşıdan neftçilərin peşə bayramı gəlir.
Bu münasibətlə ürək sözlərinizi
eşitmək istərdik.
-Mən neftçiləri qarşıdan gələn
peşə bayramları münasibətilə təbrik etmək
və onlara yeni uğurlar arzulamaq istəyirəm. Neftçilər hər zaman Azərbaycanda
böyük hörmətə layiq insanlar olub. Bu gün də belədir və neftçilərin əməyi
əsl qəhrəmanlıqdır. Neftçi
peşəsi həm hörmətli peşədir, eyni zamanda,
riskli, təhlükəli peşədir və bir daha demək
istəyirəm ki, onların əməyi əsl qəhrəmanlıqdır.
Eyni zamanda, ölkəmizin uğurlu
inkişafında neftçilərin çox böyük rolu
vardır. Bu gün ölkə iqtisadiyyatının əsas
hissəsi neft-qaz sektoru ilə bağlıdır və bu,
bundan sonra uzun illər belə olacaq. Söhbət
ondan getmir ki, digər sektorlar inkişaf etmir, edir, ancaq nə qədər
inkişaf etsə də, yaxın gələcəkdə neft-qazdan
əldə olunan gəlirlərin yerini tuta bilməyəcək.
Eyni zamanda, bizim yeni layihələrimiz – bu
gün "Abşeron”, bir ay əvvəl "Qarabağ”, digər
layihələrin icrası bundan sonra da neft-qaz amilinin önəmli
rolunu təsdiqləyəcək. Ona görə
ölkəmizin uğurlu gələcəyi neftçilərin
peşəsindən, onların nailiyyətlərindən
böyük dərəcədə asılı olacaqdır.
Çox şadam ki, mənim də həyatımın 9 ili Azərbaycan Dövlət Neft Şirkətində
keçibdir. O illərdə əldə etdiyim təcrübə
mənim üçün çox qiymətlidir və çox
gözəl xatirələrim var. Əldə etdiyim təcrübə,
biliklər bu gün mənə kömək göstərir. Mən şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə
rəhbərlik edirdim və əsas kontraktların
hazırlanmasında, imzalanmasında fəal rol
oynayırdım. Çox şadam ki, mən
bizim görkəmli neftçilərimizlə bir yerdə
işləmişəm. Əfsanəvi
Neftçi Qurban - Qurban Abbasov, bax bu nəhəng kran gəmisi
onun adını daşıyır. Onunla
birlikdə işləmişəm. O, çox prinsipial
mövqeyi olan, çox bilikli, peşəkar və cəsarətli
adam idi. Belə adamla, sadəcə,
təmasda olmaq, bir yerdə işləmək böyük təcrübədir.
Biz müntəzəm olaraq Dövlət Neft
Şirkətinin şurasında görüşürdük, məsələləri
müzakirə edirdik. Mən söz
düşmüşkən deyə bilərəm və hesab
edirəm ki, Neftçi Qurban dünyada birnömrəli
neftçi sayılmalıdır.
Eyni zamanda, Xoşbəxt Yusifzadə ilə,
bizim əfsanəvi neftçi-geoloqla birlikdə işləmişik. Dövlət Neft Şirkətinin köhnə
binasında bizim iş otaqlarımız da yanbayan idi, ikimizin
bir qəbul otağımız var idi. Ona görə
hər gün görüşürdük və bu gün də
görüşürük. Şadam ki,
Xoşbəxt müəllim bugünkü mərasimdə
iştirak edir və bizimlə birlikdə düyməni
basıb. Çünki "Abşeron”
yatağının işlənməsində onun çox
böyük rolu var.
Bu gün neftçilər də
görürlər ki, onların əməyi Azərbaycan
xalqının maraqlarına xidmət edir və bu, onlar
üçün də çox önəmlidir. Çünki onlar bilirlər
ki, bu gün və bundan sonra ölkəmizin həm siyasi, həm
iqtisadi nailiyyətləri böyük dərəcədə
neft-qaz amilinə söykənir. Belə
olan halda, bu, onları daha da ruhlandırır. Bir daha demək
istəyirəm, mən hər zaman fəxr etmişəm ki, həyatımın
9 ili Dövlət Neft Şirkətində
keçib və neftçilərin həmkarı kimi onları
ürəkdən təbrik edirəm, yeni uğurlar
arzulayıram.
-Cənab Prezident, Azərbaycan
qədim neft diyarıdır. Ölkəmizdə uzun illər -
həm çar Rusiyası dövründə, həm Sovetlər
dövründə, həm də indiki müstəqillik
dövründə neft hasil olunub. O dövrlərdə və
müstəqillik dövründə neft amilinin rolunu necə
xarakterizə edərdiniz?
-Bəli, Azərbaycan o ölkədir ki,
XIX əsrin ortalarında ilk dəfə sənaye üsulu ilə
neft hasil edilibdir. XX əsrin ortalarında tarixdə
ilk dəfə dəniz yataqlarından neft Azərbaycanda hasil
edilibdir. Ancaq əgər biz tarixə baxsaq
görərik ki, o vaxt Azərbaycanda çıxarılan neft
Azərbaycan xalqının maraqlarına xidmət etmirdi.
Çünki çar Rusiyası dövründə
varlılar varlanırdı, amma kasıblar daha da ağır vəziyyətə
düşürdü, insanların əməyi çox
ağır idi. Bir daha deyirəm, Azərbaycanda
çıxarılan neft Azərbaycan xalqının
maraqlarına xidmət etmirdi.
Əgər biz o vaxt müstəqil ölkə
olsaydıq, mən tam əminəm ki, Azərbaycan
dünyanın ən zəngin ölkəsinə çevrilə
bilərdi. Ancaq biz müstəqil deyildik. Düzdür,
o vaxt zəngin neft maqnatları, onlar əldə etdikləri gəlirlərin
bir hissəsini xeyriyyəçiliyə sərf edirdilər,
xüsusilə Hacı Zeynalabdin Tağıyev, Muxtarov, Əsədullayev.
Tağıyev, bildiyiniz kimi, Bakıya Şollar
su kəmərini çəkdirmişdir, eyni zamanda, təhsilə
böyük əhəmiyyət verirdi. Çünki
görürdü ki, Azərbaycan gəncləri təhsildən
kənarda qalırlar və beləliklə, gələcəkdə
onların inkişafı və yüksək yerlərə
çıxması problemli ola bilər. Ona görə hesab edirəm ki, Azərbaycanın
neft maqnatları arasında onun xüsusi rolu vardır. Bizim ailəyə də onun köməyi dəymişdir.
Mənim babam Əziz Əliyev qədim Azərbaycan
torpağı olan İrəvan xanlığı ərazisində
kasıb ailədə doğulmuşdu və oxumaq istəyirdi.
Ancaq oxumaq üçün pulu yox idi. O
vaxt o, Hacı Zeynalabdin Tağıyevə məktub
ünvanlamışdı və xahiş etmişdi ki, ona maddi
kömək göstərsin. O, həkim olmaq istəyirdi. Təbii
ki, Tağıyev onu tanımırdı, ancaq bir vətənpərvər,
xeyirxah insan kimi ona pul göndərdi və o pul hesabına
Əziz Əliyev Sankt-Peterburq Hərbi Tibb Akademiyasına daxil
oldu, orada oxudu, gözəl həkim, görkəmli dövlət
xadimi oldu. Onu da bildirməliyəm ki, İkinci
Dünya müharibəsi zamanında o, Dağıstana birinci
katib vəzifəsinə göndərilmişdir və
müharibə illərində Dağıstana rəhbərlik
etmişdir. O vaxt dağıstanlıları da digər
Qafqaz xalqları kimi sürgün etmək üçün
planlar var idi. Demək olar ki, bu qərar artıq
sovet rəhbərliyi tərəfindən verilmişdi. Məhz
Əziz Əliyevin fəaliyyəti, onun çox cəsarətli
addımları nəticəsində dağıstanlılar bu
bəladan xilas ola bildilər. Bu gün onun xatirəsi Dağıstanda
yaşayır, onun şərəfinə abidə
ucaldılıb.
Yəni, o vaxt bizim bu zəngin neft
maqnatlarımız bu işləri görürdülər. Ancaq əlbəttə ki,
onlar hər bir insana kömək edə bilməzdilər.
Bir də ki, o vaxt Bakının neft maqnatları
arasında ermənilər də kifayət qədər
çox idi. Onlar da Azərbaycanda
qazanılan pulları bir çox hallarda Azərbaycan
xalqının maraqlarına zidd işlərə yönəldirdilər.
Beləliklə, çar Rusiyası
dövründə Azərbaycan xalqının neftdən gəliri
sıfır səviyyəsində idi.
Sovet dövründə - o vaxt əgər
1920-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini
əldən verməsəydi, hesab edirəm ki, yenə də ən
zəngin ölkələrin birinə çevrilərdi. Çünki o vaxt da Azərbaycanda
çıxarılan neft dünya neft bazarında əksəriyyət
təşkil edirdi. Ancaq 1920-ci ildə
müstəqillik əldən getdi və Azərbaycan nefti yenə
də Azərbaycan xalqına kömək etmirdi. O vaxt –
xüsusilə müharibə illərində neft mədənlərində
işləyən insanlar çox ağır şəraitdə
yaşayırdılar, gecə-gündüz
çalışırdılar. Bir rəqəmi
gətirə bilərəm ki, müharibə zamanı Azərbaycanda
rekord səviyyədə neft hasil edilmişdir – 23 milyon ton.
Yəni, cəmi bir-iki il ərzində neft
hasilatı təqribən iki dəfədən çox
artırıldı. O vaxt müasir texnologiyalar yox idi, bu
artım daha çox insan əməyinin istismarı nəticəsində
baş verirdi. Deyə bilərəm ki, bizim ailədə
də bu, öz təsirini göstərdi. Çünki
mənim digər babam Əlirza Əliyev pul qazanmaq
üçün Naxçıvandan Bakıya gəlirdi və
aylarla neft mədənlərində işləyirdi. Bu, onun səhhətinə çox mənfi təsir
göstərmişdi və məhz buna görə gənc
yaşlarında vəfat etdi.
Yəni, o vaxt Azərbaycan nefti istismar
edilirdi. İkinci Dünya müharibəsində sovet ordusunun
Qələbəsində Azərbaycan neftçilərinin
xüsusi, müstəsna əməyi vardır.
Çünki o vaxt Sovet İttifaqında yanacağın 80
faizi, sürtkü yağlarının 90 faizi Azərbaycan tərəfindən
təmin edilirdi, Azərbaycanda hərbi texnika istehsal olunurdu. Bu müharibədə 300 mindən çox Azərbaycan
nümayəndəsi həlak oldu. Ancaq görün, Sovet
İttifaqı dağılanda biz hansı vəziyyətlə
üzləşmişdik: dağılmış neft
infrastrukturu. Bu gün mənə edilən təqdimatda
göstərilir ki, "Neft Daşları”na yeni həyat veriləcək.
Çünki "Abşeron” yatağı "Neft
Daşları” ilə bağlı olacaq. Amma
"Neft Daşları” hansı vəziyyətdə idi o vaxt.
Mən xatırlayıram, "Neft Daşları”na Prezident kimi ilk dəfə 2004-cü ildə
gedəndə ağır vəziyyət idi. Bütün
platformalar çürümüşdü, dağılmışdı.
Burada işləmək böyük çətinlik,
böyük təhlükə yaradırdı. Bunu biz əldə etdik. Neft
hasilatı aşağı düşmüşdü, faktiki
olaraq qaz hasilatı ölkəmizin tələbatını
ödəmirdi. Bakının yarısı
qazsız qalmışdı, o ki qaldı, rayonlara, orada
ümumiyyətlə, qaz deyilən şey yox idi. Deməli, iqtisadi vəziyyət ağır idi.
Hələ Sovet İttifaqının son
illərində Azərbaycana qarşı böyük ədalətsizliklər
edildi. Xüsusilə Azərbaycan xalqının cəlladı
Qorbaçov və onun dəstəsi Azərbaycana nifrətlə
yaşayırdı. Nəinki azərbaycanlılara,
bütün müsəlmanlara, böyük nifrət hissi var
idi, mən bunu dəqiq bilirəm. Bunun nəticəsində
Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan
iki həftə sonra ermənilər Dağlıq
Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək
haqqında iddia qaldırdılar. Heydər
Əliyev amili imkan vermirdi ki, onlar baş qaldırsın.
Ancaq Qorbaçovun yaxın ətrafı demək
olar ki, ermənilərdən ibarət idi və bu əsassız
iddiaya qarşı lazımi addımlar atılmadı. Əksinə, o vaxt Qorbaçov hakimiyyəti 100 faiz
ermənilərin tərəfini tutdu və Dağlıq
Qarabağı Azərbaycandan ayırmaq üçün ilk
addımlar məhz o vaxt atıldı. Azərbaycanda
bəziləri yəqin ki, bunu xatırlamır, ya da bilmir, amma
bu tarixi bilmək lazımdır. O vaxt sovet rəhbərliyi
qərar qəbul etdi ki, Dağlıq Qarabağda xüsusi
komitə yaradılsın və o komitəyə Qorbaçovun
köməkçisi Volski təyin edildi. Volski
qatı ermənipərəst insan idi və orada işlədiyi
dövrdə əlindən gələni edirdi ki, Azərbaycanın
tarixi irsi Dağlıq Qarabağ ərazisindən silinsin.
Azərbaycanlılar o vaxt Dağlıq
Qarabağın bəzi yerlərindən zorla
çıxarıldı. Xankəndidə
ilk etnik təmizləmə siyasətinin təzahürləri
üzə çıxdı və demək olar ki, azərbaycanlılar
Xankəndidən qovuldular, Volski orada otura-otura. Yəni, beləliklə, Dağlıq
Qarabağın Azərbaycandan ayrılması
üçün imkan yaradıldı.
Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyi
o vaxt buna, sadəcə, tamaşaçı kimi
yanaşırdı, öz səsini ucaltmamışdı,
öz sözünü deməmişdi. Özünü çox
qorxaqcasına aparırdı, mərkəzlə münasibətləri
korlamaq istəmirdi. O vaxt Azərbaycana rəhbərlik edən
insanlar Azərbaycan xalqına xəyanət etmişdilər. Ondan sonra Qanlı Yanvar faciəsi. Cəllad Qorbaçov dinc insanlara meydan oxudu, Azərbaycan
xalqının qanı töküldü. Ondan
sonra Xocalı soyqırımı. Xocalı
soyqırımını vəhşi erməni dəstələri
ilə birlikdə törədən Sovet İttifaqının
366-cı alayı olmuşdur. Bəli, o
alayda xidmət edənlərin böyük əksəriyyəti
ermənilər idi. Ancaq bu, Sovet
İttifaqının alayı idi və azərbaycanlılara
qarşı etnik təmizləmə işlərində,
Xocalı soyqırımında, torpaqlarımızın
işğal altına düşməsində onların həlledici
rolu olmuşdur. Yoxsa ermənilər təkbaşına
bizim torpaqlarımızı işğal edə bilməzdilər.
Yəni, biz bütün bunları
gördük. Azərbaycan İkinci Dünya müharibəsində
Sovet İttifaqının Qələbəsinə əvəzolunmaz
töhfə vermişdir - həm burada – arxa cəbhədə,
həm də ön cəbhədə. Bu
yaxınlarda Rostov vilayətində Sambek yüksəkliklərinin
azad edilməsi mərasimi keçirilmişdir. Mən Rostov qubernatoruna çox minnətdaram ki, bu
hadisə zamanı azərbaycanlıların qəhrəman əməyi
və fədakarlığı orada qeyd edilmişdir. Eyni zamanda, Rusiyanın dövlət televiziyası –
"Rossiya-1” kanalı məndən bu məsələ ilə
bağlı müsahibə almışdı. Çünki Sambek yüksəkliklərini və
Rostov vilayətini faşistlərdən təmizləyən məhz
azərbaycanlılar olub - 416-cı Taqanroq diviziyası. O
diviziyada xidmət edənlərin sayı təqribən 12 minə
yaxın idi. Ancaq onların mütləq əksəriyyəti
– 11 mindən çoxu azərbaycanlılar idi. Diviziyanın tərkibi üç dəfə yenidən
formalaşdırılırdı, çünki həlak
olanlar həddindən artıq çox idi. Rostovu faşistlərdən təmizlədilər,
Mozdokda faşistləri Bakı tərəfə keçməyə
qoymadılar. Yoxsa ki, Bakını zəbt
edəcəkdilər. Bunu biz etmişik, qəhrəman
Azərbaycan xalqı. Azərbaycan zabiti Məcidov
Brandenburq qapısının üstünə Qələbə
bayrağını sancmışdır. Amma
tarixi kitablarda bu, var? Yoxdur. Kimdən soruşsan, mütləq əksəriyyət
bunu bilmir. Nə üçün? Çünki azərbaycanlıların qəhrəmanlığı
tarixdən silinirdi.
O vaxt Moskvada oturanlar - Mikoyanlar və ona
oxşar anti-Azərbaycan ünsürlər hər vəchlə
çalışırdılar ki, azərbaycanlıların qəhrəmanlığını
gizlətsinlər. Əfsanəvi partizan Mehdi Hüseynzadəyə
Sovet İttifaqı Qəhrəmanı adı müharibədən
neçə il sonra verildi, özü də
Azərbaycan tərəfinin təkidi ilə. Mən
Sloveniyada olarkən onun məzarını ziyarət etdim.
Orada böyük mərasim keçirdik. Orada onunla birlikdə vuruşan sloveniyalıları gördüm.
Onlar göz yaşları tökürdü.
Mən onlarla söhbət edirdim, çünki
onların təəssüratları çox maraqlı idi.
Deyirdilər ki, belə bir qəhrəman insan
dünyaya gəlməmişdi. Yəni, o,
gizlədilirdi, danılırdı şüurlu şəkildə.
Ona görə biz bunu Sovet İttifaqı
dağılanda gördük. İndi baxın, müstəqillik
dövründə, hələ 30 ili tamam
olmayıb, amma biz hansı işləri görürük. Bu gün Azərbaycan nefti tam şəkildə Azərbaycan
xalqının maraqlarına xidmət edir və nəinki nəhəng
neft-qaz layihələri, bütün başqa sahələr də.
İndi Azərbaycan bütün reytinqlərdə
ən qabaqcıl yerlərdədir. Azərbaycanda
aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin
icrası nümunə kimi göstərilir. Sovet vaxtında bizim dağ rayonlarımızda qaz xətləri
yox idi. Daşkəsən, Gədəbəy, Lerikə
ilk qaz xətlərini biz çəkdirdik. O vaxt Azərbaycan
qazı başqa respublikalara nəql edilirdi, ancaq
respublikanın bəzi yerlərində qaz yox idi. İndi qazlaşdırma 96 faizdir. Bu gün biz infrastruktur layihələrinin təhlilinə
verilən qiymətə görə dünyada qabaqcıl yerlərdəyik.
Davos Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı
sahələrində Azərbaycanı 11-12-ci yerlərə
layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə
görə dünyada 27-ci yerdəyik. Bizim
digər sosial infrastruktur layihələrimiz - müstəqillik
dövründə 3700 məktəb tikilib və təmir
edilib. Amma müstəqilliyə qədər
o məktəblər nə gündə idi. 700-dən çox xəstəxana tikilib və ən
müasir avadanlıqla təchiz edilib. Biz
kosmik dövlətə çevrildik, biz nəhəng neft-qaz
layihələri icra edirik. Təkcə
iqtisadiyyat və sənaye sahəsində yox, baxın, idman sahəsində,
Olimpiya Oyunlarında medalların sayına görə 14-cü
yerdəyik. Sovet dövründə bunu təsəvvür
etmək mümkün idimi? Əgər o
vaxt kimsə desəydi ki, bunların biri mümkündür, bəlkə
də ona gülərdilər. Budur,
müstəqilliyin üstünlüyü. Biz azad, müstəqil ölkədə
yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın
maraqlarına xidmət edir.
Biz neft gəlirlərini çox səmərəli
yollarla yerləşdirmişik, onları qoruyuruq və ordumuzu
gücləndiririk. Ona görə müstəqilliyin üstünlükləri
göz qabağındadır. Əgər
kimsə hansısa nostalgiyaya görə keçmiş
dövrləri məhəbbətlə xatırlayırsa, biz o
adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə
qarşı çıxan və onu aşağılamağa
çalışan hər bir fərd dövlətimizə xəyanət
edir. Müstəqillik bizim əsas dəyərimizdir
və biz nə qədər güclü olsaq, nə qədər
qüdrətli olsaq, müstəqilliyimiz o qədər də
möhkəm olacaqdır.
-Cənab Prezident, ölkəmizdə
neft hasilatı ciddi ekoloji problemlər meydana gətirmişdir.
Hazırda isə Sizin göstərişinizlə
ekoloji vəziyyətin yaxşılaşdırılması və
ətraf mühitin qorunması istiqamətində
genişmiqyaslı işlər həyata keçirilir. Bununla bağlı nə deyə bilərsiniz?
-Bəli, tamamilə haqlısınız. Bu, doğrudan da ciddi məsələdir. Çünki o vaxt Bakı, Abşeron
yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət
zonaları kimi təqdim edilirdi və faktiki olaraq ekoloji fəlakət
mövcud idi. İndi bir çox hadisələr
yaddan çıxır. Ancaq bizim neftlə
ən çox çirklənmiş ərazimiz Bibiheybət
buxtası idi. İndi Bibiheybət
buxtası gözəl parklar, istirahət zonalarına
çevrilib. Bibiheybət qəsəbəsi
indi faktiki olaraq yenidən qurulub. Yəni,
Bibiheybət buxtası ekoloji fəlakət zonası idi və
o görüntülər yəqin ki, bir çoxlarının
xatirindədir. Digər ekoloji fəlakət
zonası Balaxanı və onun neft mədənləri idi.
İndi baxın, Balaxanı gözəl bir qəsəbəyə
çevrilibdir və orada işlər artıq tamamlanmaq
üzrədir. Mən özüm gedib
baş çəkəcəyəm və baxıb görəcəyəm
ki, mənim göstərişlərim necə yerinə
yetirilir. Təkcə Balaxanı yox,
bütün qəsəbələr. Mən
demişəm, Bakının bütün qəsəbələri
abadlaşdırılmalıdır, orada insanlar
üçün daha yaxşı şərait
yaradılmalıdır, insanları narahat edən bütün
problemlər həll olunmalıdır və bu qəsəbələr
estetik cəhətdən müasir səviyyəyə uyğun
olmalıdır. Qəsəbələrdə
bütün tarixi abidələr bərpa edilməlidir və
biz bu qəsəbələrə yeni həyat verəcəyik.
Balaxanı zibilxanasını yadımıza
salaq. Oradan çıxan tüstülər
bütün şəhəri bürüyürdü və zəhər
idi. Mən bu məsələ ilə məşğul
olmağa başlayanda bəziləri deyirdilər ki, bunu
söndürmək mümkün deyil. Çünki
o, altdan yanır və orada qazlar əmələ gəlir,
çox təhlükəli yerdir, yaxın düşmək
olmaz. Bəziləri deyirdi ki, gəlin bunun
üstündə sarkofaq tikək. Yəni,
belə cəfəng təkliflər var idi. Amma biz bunun da yolunu tapdıq. Tamamilə
təmizləndi. İndi orada gözəl
park salınıb və zibilyandırma zavodu fəaliyyətə
başlayıb. Onun yanında növbəti
ekoloji fəlakət zonası – Böyükşor gölü
də, onun bir hissəsi təmizləndi. O da ekoloji fəlakət
idi, çünki açıq neft rezervuarı idi, eyni zamanda,
bütün kanalizasiya suları da oraya
axıdılırdı. Amma indi orada bulvar
salınıbdır və o gölə quşlar qonur.
Digər layihələr. İndi Qara şəhəri
yadımıza salaq. Artıq o
anlayış yoxdur, onun yerində Ağ şəhər var.
Ağ şəhər şəhərsalma layihəsini biz icra
edəndə orada təqribən ən azı iki metr torpaq
layı çıxarıldı. O da bütün neft
çöküntüləri idi, qudron idi, zəhər idi. Onun yanında "Azərneftyağ” neft emalı
zavodu yerləşir. Artıq onun da fəaliyyəti
başa çatmaq üzrədir. Çünki
iki ildən sonra Heydər Əliyev neftayırma zavodunda yenidənqurma
başa çatacaq, "Avro-5” benzin istehsal olunacaq. Beləliklə, havanı ən çox çirkləndirən
nəqliyyat vasitələri də təmiz benzinlə təmin
ediləcək və "Azərneftyağ” neft emalı zavodu
söküləcək. Bütün o
rezervuarlar, qurğular söküləcək, ora böyük
park olacaq. Həmçinin yod-brom zavodu.
Bəziləri bilmir, o da aeroport yolunda yerləşirdi,
o da bir zəhər idi. Biz oranı da
utilizasiya etdik, oradakı çöküntüləri poliqona
daşıdıq. Yaxud da ki, Sumqayıt
şəhərinin ekoloji vəziyyətinə baxın. Əvvəllər Sumqayıtın yanından
keçəndə hər kəs pəncərəni
bağlayırdı ki, o üfunət iyi, o zəhər girməsin
maşına. Amma bu gün Sumqayıt elə
bil ki, kurort şəhəridir. Sənaye
potensialı möhkəmləndirilməklə orada müasir
təmizləyici qurğular quraşdırıldı, sənaye
parkları yaradıldı. Sumqayıt Sovet
İttifaqında bəlkə də ən çirklənmiş
şəhər sayılırdı, bu gün ən təmiz
şəhərlərdən biridir. Bütün
bunları biz etmişik. Çünki bu,
bizim xalqımızın həyatıdır,
uşaqlarımızın, gələcək nəslin
sağlamlıdır. Amma çar
Rusiyası dövründə, sovet dövründə buna fikir
verilirdimi? Xeyr. Ancaq plan, ancaq hasilat,
ancaq istismar, neft ver, qaz ver. Bəs insanların həyatı,
onların yaşayışı, onların
sağlamlığı? Ona görə bizim
üçün bu, ön plandadır.
Mən Prezident seçiləndən sonra
demişdim, ilk bəyanatlardan biri idi ki, "qara
qızıl”ı insan kapitalına çevirməliyik,
insanlara xidmət etməliyik. Biz bu sahədə, ilk
növbədə, insan amilini nəzərə
almalıyıq. Çünki neft bizim
üçün məqsəd deyil, daha yaxşı həyat
yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı
şərait yaratmaq üçün vasitədir və bunu
edirik.
Ekoloji layihələr hələ ki, bitməyib,
hələ görüləsi işlər çoxdur. Hazırda Abşeron
yarımadasında neft gölməçələrinin təmizlənməsi
işi gedir. Mən tapşırıq vermişəm ki,
bütün neft mədənlərində təmizləmə
işləri aparılsın, orada ağaclar əkilsin, - necə
ki, burada, Bibiheybətdə. Biz ekoloji fəlakət
zonalarını ekoloji cənnət zonalarına çevirməliyik,
bunu edirik və edəcəyik.
-Cənab Prezident, neft-qaz
sektorunda ölkəmizdə həyata keçirilən layihələrin
icra vəziyyəti hansı səviyyədədir?
- Layihələrin icrası uğurla gedir.
Bizim əsas gəlir mənbəyimiz "Azəri”,
"Çıraq”, "Günəşli” yataqlarıdır.
Orada işlər plan üzrə gedir. İndi
orada "Mərkəzi-Şərqi Azəri” adlanan yeni layihə
icra edilir. Bu layihənin dəyəri təqribən
7 milyard dollara yaxındır. Bu layihənin
icrası nəticəsində yeni mənbələrdən
hasilat artacaq və təbii ki, enmənin kompensasiyasını
təmin edəcəkdir.
"Azəri”, "Çıraq”,
"Günəşli” yataqlarında hazırda 120-dən
çox quyu fəaliyyətdədir və eyni zamanda, bu
yataqların çox zəngin qaz ehtiyatları vardır. Ona şərti olaraq "dərin qaz”
deyilir və indi "dərin qaz”ın işlənməsi ilə
əlaqədar Dövlət Neft Şirkəti öz tərəfdaşları
ilə müvafiq işlər aparır. "Şahdəniz-2”
layihəsi icradadır. Artıq TANAP xətti
ilə Türkiyəyə ötürülən qazın həcmi
ildən-ilə artır. Əgər bir il
bundan əvvəl Türkiyə bazarında Azərbaycan
qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdəyik
və bu, həm bizim üçün, həm də Türkiyə
üçün çox önəmlidir. Çünki
qaz hər bir ölkənin enerji təhlükəsizliyini təmin
edir. Bu gün Türkiyəyə qaz qardaş
ölkədən gəlir və bu qazın həcminin
artırılması istiqamətində əlavə
addımlar atılacaq. "Abşeron”
yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti
ilə Türkiyəyə ötürüləcək və
digər bazarlara ötürülə bilər. Eyni zamanda, "Qarabağ” yatağının işlənilməsi
ilə əlaqədar işlər plan üzrə gedir. Hazırda burada gördüyümüz dayaq bloku dənizə
göndəriləcək və ümid edirəm ki, bir, iki ildən
sonra "Qarabağ” yatağından ilk neft hasil olunacaq. Bu yatağın özəlliyi odur ki, orada neft
ehtiyatları daha çoxdur və bizim hasilatımızın
sabit saxlanması üçün bunun böyük əhəmiyyəti
var. Digər çox perspektivli layihə "Dayazsulu
Abşeron” adlanır və bu layihənin də perspektivi
çox böyükdür. Bir neçə
aydan sonra o yataqlarda ilk qazma işləri aparılacaq. Ümid edirəm ki, biz orada da böyük neft
ehtiyatı aşkar edəcəyik. SOCAR-ın təkbaşına
iştirak etdiyi "Ümid”-"Babək” layihələrində
də işlər plan üzrə gedir. Onlar da
çox perspektivli layihələrdir və bizim
planımızda bu layihələrin investisiya tutumunu,
hasilatını artırmaqdır. Çünki
yenə də deyirəm, həm daxili tələbat
üçün bizə daim enerji resursları lazımdır
və ixrac potensialımız da təmin ediləcək. Digər layihələr də var, hansılar ki,
böyük ümidlər verir. Amma
bütövlükdə deyə bilərəm ki, baxmayaraq
"Əsrin kontraktı” 1994-cü ildə imzalanıb və
o vaxtdan bu günə qədər bir çox kontraktlar
imzalanıb və artıq 26 il keçib, Azərbaycanın
neft potensialına dünyada maraq azalmır, əksinə
artır.
Cənab Prezident, mənim
sualım Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlıdır. Danışıqların
hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
-Mən danışıqların
hazırkı vəziyyətini mənfi qiymətləndirirəm.
Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə
tam razıdır. Bilirsiniz, mən hər
zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti
demişəm və hesab edirəm ki, bu, yeganə
düzgün siyasətdir. Xalq bilməlidir
nələr baş verir, hansı yerdəyik, nədir bizim
siyasətimiz. Mən
çıxışlarımda və media nümayəndələri
ilə görüşlərimdə aktual məsələlərə
aydınlıq gətirirəm və hesab edirəm ki, bu,
çox vacibdir. Çünki vətəndaşlar
bilməlidirlər və düzgün təhlil aparmaq
üçün onlar düzgün məlumat əldə etməlidirlər.
Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə
danışıqlarda iştirak etməyəcəyik. O
demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o
deməkdir ki, biz Ermənistanın özünə görə
bic siyasətinə qoşulmaq istəmirik. Bu
görüntü naminə aparılan danışıqlarda
iştirakımız o görüntünün mahiyyətinə
uyğun olacaqdır. Faktiki olaraq Ermənistan
rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub.
Çünki onların cəfəng bəyanatları,
təxribat xarakterli addımları danışıqları mənasız
edir. Əfsuslar olsun ki, Ermənistanın
indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir. Onlar bu addımların nəyə gətirib
çıxara biləcəyini də düzgün təhlil edə
bilmirlər. Halbuki Ermənistanda rasional
düşüncəli insanlar, siyasətçilər var. O
siyasətçilər özləri artıq bu məsələni
qaldırırlar və Ermənistan ictimaiyyətinə öz
fikirlərini çatdırırlar ki, Ermənistanın
bugünkü rəhbərliyi Ermənistanı uçuruma
aparır. Siz bilirsiniz ki, iki il bundan əvvəl
Ermənistanda dövlət çevrilişi baş verəndə
Azərbaycan buna neytral qaldı. Yəni, biz vəziyyətdən
istifadə edib nəyisə əldə etmək fikrində
olmadıq. Biz hesab edirdik ki, bu, labüd
idi. Çünki Ermənistanın bundan əvvəlki
hakimiyyəti erməni xalqında ancaq nifrət hissləri
doğururdu və faktiki olaraq bu hərbi-kriminal rejim Ermənistanı
tamamilə bərbad vəziyyətə salmışdı.
Xüsusilə nəzərə alsaq ki, yeni
hakimiyyət hakimiyyətə gələndən sonra çox
ümidverici bəyanatlar verməyə
başlamışdır ki, bu məsələni həll etmək
istəyirlər, əvvəlki hakimiyyəti tənqid edirdi,
bizə qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi,
vaxt istəyirdi. Biz də ümidlərlə
yaşayırdıq ki, bəli, yeni hakimiyyət bütün
başqa sahələrdə də, bu sahədə də
yenilik gətirəcək və o əvvəlki yanlış
siyasətə düzəliş edəcək. Xüsusilə mənim Ermənistanın baş
naziri ilə Düşənbədəki məlum
görüşlərimdən sonra bu fikir daha da möhkəmləndi.
O vaxt məndən xahiş olundu ki, onlara vaxt verilsin, Ermənistanda
daxili vəziyyət ağırdır, çətindir,
keçmiş hakimiyyətin nümayəndələri
revanş almaq istəyirlər və bu da danışıqlar
prosesinə çox mənfi təsir göstərəcək.
Onlar danışıqlara meyillidir, məsələni
həll etmək istəyirlər və xahiş edilirdi ki, atəşkəs
rejimi möhkəmlənsin. Mənim isə
sözüm o idi ki, biz ciddi danışıqlar
aparmalıyıq və o təqdirdə, əlbəttə, atəşkəs
rejimi daha da möhkəm olacaqdır. O görüşdən
sonra hər iki tərəf razılıq əsasında
ayrı-ayrı açıqlamalar verdi. Açıqlamaların əsas mahiyyəti ondan ibarət
idi ki, biz görüşdük, yəni, qeyri-formal, qeyri-rəsmi
görüş keçirdik, razılaşdıq ki,
danışıqlar prosesi sürətləndirilsin və atəşkəs
rejimi möhkəmləndirilsin. Çünki
bu iki mövqe daim vəhdət təşkil etməlidir.
Əks təqdirdə, bu, status-kvonun möhkəmləndirilməsi
demək olacaqdır, buna isə biz heç vaxt razı ola bilmərik. Müəyyən
müddət ərzində Minsk qrupunun həmsədrləri də
ümidlərlə yaşayırdılar və gəlib gedəndə,
görüşlər əsnasında ümidlərlə dolu
fərziyyələr irəli sürürdülər.
Ancaq keçən il Ermənistan baş
nazirinin səsləndirdiyi cəfəng fikirlər
danışıqlar prosesinə ciddi zərbə vurdu. "Qarabağ Ermənistandır” deməklə nəinki
o yalanı bütün dünyaya yaydı və bu da davam edir,
eyni zamanda, danışıqlar prosesini mənasız edir.
Əgər o hesab edir ki, Qarabağ Ermənistandır,
onda nə barədə danışmaq olar? Əgər o, belə hesab edir ki, Qarabağ Ermənistandır,
- halbuki bütün dünya bu cəfəng fikri rədd edib,
- onda hansı sülh müqaviləsindən söhbət gedə
bilər. Yəni, bu, siyasi təxribat idi.
İkinci siyasi təxribat o idi ki, Azərbaycan
Ermənistanla yox, Dağlıq Qarabağla
danışıqlar aparmalıdır. Bu da formatı dəyişdirmək deməkdir
və buna əlbəttə ki, biz heç vaxt razı ola bilmərik. Çünki bu oyuncaq kriminal
xunta rejimi ilə heç bir təmaslarımız ola bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədrləri
də buna əlbəttə ki, heç vaxt razı ola bilməzdilər. Düzdür,
onlar diplomatdırlar və çalışırlar ki,
diplomatik leksikonu dilə gətirsinlər, ancaq hesab edirəm,
Ermənistan tərəfinə artıq deyildi ki, bu kimi
açıqlamalar ziyanlıdır və onların özləri
üçün də problemlər yaradır. Faktiki olaraq bu açıqlamalar onu deməyə əsas
verir ki, Ermənistan danışıqlardan çıxıb,
biz yox, Ermənistan. Belə olan halda, biz
duraq deyək ki, gəlin danışıqlara başlayaq, yaxud
da davam edək, bu, sadəcə, məsuliyyətsizlik olar.
Özümüz-özümüzü
aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq.
Danışıqlar getmir və bu, pandemiyaya
görə baş vermir. Əlbəttə,
pandemiya müdaxilə edib, amma pandemiyasız da
danışıqlar getmir. Siyasi cəhətdən
bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar
üçün yer qoymur. İndi
baxın, onların digər addımlarına. Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma
aparılır. Bu, bütün beynəlxalq
konvensiyalara ziddir. Onların ağlı
çatmır, təcrübəsi, bilikləri yoxdur – onlar
bunu nümayişkaranə göstərirlər. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir, bu,
cinayətdir. İşğal edilmiş
torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq
cinayətdir. Bunu Paşinyan rejimi
şüurlu şəkildə edir. Bu, təxribatdır,
bizi təxribata çəkirlər. İnternetdə
göstərirlər ki, Livandan hansısa erməni ailəsi gəlibdir,
orada hansısa iş görür. Ondan başqa,
bizim qədim tarixi şəhərimiz Şuşada o qondarma
rejimin qondarma, dırnaqarası rəhbərinin guya andiçmə
mərasimini keçirirlər. Bu, növbəti
təxribatdır. Bu, bizə qarşı
açıq təhqirdir. Onlar hesab edirlər
ki, biz buna dözəcəyik? Bunu, bu təxribatı kim edir? Onlar edir. Biz heç bir təxribat etmirik. Biz
öz mövqeyimizdə dayanmışıq. Ermənistanın baş naziri bizə 7 şərt
qoyur. Birincisi, sən kimsən ki, bizimlə
şərt dilində danışırsan. Əgər biz onunla şərt dili ilə
danışmaq istəsək, onun siyasi ömrü çox
çəkməyəcək. Mən demişəm
ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar bizim
torpaqlarımızdan qeyd-şərtsiz və tam
çıxmalıdırlar, necə ki, bu, BMT Təhlükəsizlik
Şurasının qətnamələrində öz əksini
tapır. Orada hansısa komediya tipli təlimlər
keçirirlər. Yəni, hər bir
addım bizə qarşı açıq təxribatdır.
İyul təxribatı. O da artıq
silahlı təxribatdır və heç kimə sirr deyil ki,
bunu Ermənistan başlayıb. Artıq Minsk
qrupunun həmsədr ölkələrinin birinin yüksək
vəzifəli rəsmisi bunu açıq bildirib. Mən
o vaxt da demişəm, bu gün də deyirəm, bizim Ermənistan
ərazisində heç bir hərbi hədəfimiz yoxdur və
əgər istəsəydik, biz Ermənistan ərazisinə
keçə bilərdik, bizim tam hərbi imkanlarımız var
idi. Amma biz bunu etmədik. Çünki
bizim hərbi siyasət konsepsiyamızda bu, yoxdur, əgər
bizə qarşı ciddi təxribat törədilməsə.
Əgər törədilərsə, onda bizim
üçün heç bir məhdudiyyət olmayacaq, bunu hər
kəs bilsin, heç bir məhdudiyyət. Əgər onlar beynəlxalq hüququ yerə
vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik,
biz də yerə vuracağıq, amma axırı pis olacaq
onlar üçün. İyul təxribatından
sonra avqust təxribatı. Mülki vətəndaşlara
qarşı terror aktları, hərbçilərimizə
qarşı hərbi təxribat törətmək
üçün diversiya qrupu göndərildi və o diversiya
qrupunun başçısı tutuldu. O, ifadələr
verir, etiraf edir, adlar çəkir, kim
göndərib, necə göndərib. Yəni,
bu, çoban deyil, bu, yolunu azmış hansısa uşaq
deyil. Yoxsa onlar bütün
casuslarını çoban və dəli adlandırırlar.
Bizdə onlardan artıq 5-6-sı var.
Hamısı da dəli, hamısı da çoban? Belə çıxır ki, yəni, Ermənistanda
çobanlar və dəlilər əksəriyyət təşkil
edir? Buna da çoban demək istəyirdilər,
amma daha deyə bilmirlər. Bu təxribatı kim edir? Bizmi diversiya qrupu göndərmişik?
Yox, onlar göndəriblər. Bizmi iyul hadisələrini törətmişik?
Yox, onlar. Bizmi onların vətəndaşlarını
öldürmüşük? Yox, onlar.
Ermənistan tərəfində mülki şəxslər
arasında bir dənə də qurban yox idi. Amma bizim 76
yaşlı ağsaqqal həlak oldu, nə qədər ev dağıldı. Ona görə
bu təxribatlar faktiki olaraq o siyasətin məntiqi nəticəsidir.
Məqsəd danışıqları pozmaq,
ondan sonra bizi ittiham etmək və status-kvonu dəyişməz
saxlamaqdır. Budur, onların məqsədi.
Ona görə hesab edirlər ki, bunu edə biləcəklər,
hesab edirəm ki, səhv edirlər. Nə
qədər bunu tez anlasalar, onlar üçün bir o qədər
yaxşı olacaqdır.
-Cənab Prezident, Ermənistan
iyul ayında dövlət sərhədində hərbi təxribat
törətdi və Azərbaycan Ordusu tərəfindən
layiqli cavabını aldı. İşğalçının
təxribatları bu gün də davam etməkdədir. Sizcə Ermənistanın bütün bunları
törətməkdə məqsədi nədir?
-Hesab edirəm ki, bu təxribatın məqsədlərindən
biri haqqında mən öz fikirlərimi ətraflı
söylədim. Digər məqsəd ondan ibarət
idi ki, Paşinyan çevriliş nəticəsində hakimiyyətə
gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı
keçirildi. Günnüt əməliyyatı
onların növbəti məğlubiyyəti idi. Düzdür o vaxt, sözün düzü, əməliyyat
artıq keçiriləndən sonra mən göstəriş
verdim ki, bu əməliyyat haqqında geniş məlumat verməyin.
Çünki biz erməni rəhbərliyindən
fərqli olaraq piar üçün yox, mahiyyət
üçün işləyirik. Bizə
mahiyyət lazımdır. Biz o əməliyyatı
keçirdik. Naxçıvan Əlahiddə
Ümumqoşun Ordusu çox böyük məharətlə,
peşəkarlıqla bir itki vermədən önəmli
strateji yüksəklikləri aldı, mövqelərimizi
möhkəmləndirdik. Ermənilər
ayılıb gördülər ki, biz artıq oradayıq.
Cürət etmədilər, qorxdular ki, bizi
oradan çıxarmağa cəhd etsinlər. Artıq Ermənistandan Dağlıq Qarabağa gedən
yol da bizim gözümüzün qabağındadır. Onlar bunu unutmasınlar. Biz
görürük, hansı maşınlar keçir, necə
keçir. Onlar bunu gizlədirdilər.
Çünki Paşinyan təzə gəlmişdi
və gələn kimi belə acı məğlubiyyət,
alçaldıcı məğlubiyyət. Onlar da gizlədirdilər. Mən
də hesab edirdim ki, gizlədirlər, biz də gizlədək.
Birincisi, nəyə lazımdır? Biz istədiyimizə
nail olmuşuq. İkincisi, yenə də deyirəm
biz istəmədik ki, bu yolla əvvəlki hakimiyyətin əlinə
bir arqument verək. Çünki o vaxt Ermənistanda
vəziyyət lap ağır idi, indi də sabit deyil.
Əgər o vaxt bu, dərhal bilinsəydi, ola
bilər ki, hansısa daxili revanş hissləri üzə
çıxa bilərdi. Amma sonra ondan əvvəlki
hakimiyyətin jurnalistləri gəldilər gördülər
ki, onların kəndinin başında Azərbaycan əsgərləri
oturublar və onlara baxırlar. Yavaş-yavaş
başladılar bu mövzunu istismar etməyə. Sonra
artıq bu, üzə çıxanda mən də dedim ki,
indi açıqlama verin nə etmişik, qoy, hamı bilsin. Oraya çəkiliş qrupu da getdi, çəkilişlər
etdi. Siz də orada olmusunuz,
görmüsünüz.
Yəni, ikinci məqsəd Paşinyan
üçün hər hansı bir qələbənin
qazanılması idi. İyul hadisələrini onlar məhz belə
planlaşdırmışdılar. Çünki
onlar bilirdilər ki, bizim dövlət sərhədinin
böyük hissəsində sərhəd qoşunları yerləşib.
Bu da bizim niyyətimizi göstərir. Onu göstərir ki, bizim artıq o sərhəddə
ordu yox, sərhədin böyük hissəsində sərhədçilər
yerləşir. Hesab edirlər ki, onlar
rahatlıqla oradan keçib hansısa torpağı zəbt edə
bilərlər. Ondan sonra belə raportlar
verə bilərlər ki, onlar Azərbaycan torpağını
işğal ediblər. Necə ki,
onların müdafiə naziri demişdi ki, yeni ərazilər
uğrunda yeni müharibə olacaq. O da təxribatın
bir təzahürüdür. Amma o da alınmadı.
Bir santimetr belə girə bilmədilər.
Biz onlara sarsıdıcı zərbələr
endirdik. O zərbələrin bəziləri internetdə
göstərildi. Dəqiq atəşlə
onların dayaq məntəqələri məhv edildi. Bir daha demək istəyirəm ki, artıq Ermənistan
ərazisinə keçmək üçün bizə
heç bir hərbi maneə yoxdur. Mənə
gün ərzində dəfələrlə məlumat
verilirdi. Mənim bir sözümlə Azərbaycan
Ordusu keçib oturacaqdı Ermənistanın ərazisində.
Amma getmədik. Biz məsuliyyətli
ölkəyik. Bu, birincisi. İkincisi, bizim hələ ki, Ermənistan ərazisində
hər hansı bir məqsədimiz yoxdur. Ancaq
əgər bu təxribatlar davam etsə, əlbəttə ki,
biz öz siyasətimizə yenidən baxacağıq.
Bu da alınmadı. İndi də onlar o məğlubiyyəti
qələbə kimi qələmə vermək istəyirlər.
Amma sual olunur, əgər bu, qələbədirsə,
haradadır bu qələbə? Nədir
onda bu qələbə? Bu, birincisi. İkincisi, əgər bu qələbədirsə,
onda siz niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatına (KTMT) müraciət edirsiniz? Niyə hay-küy qaldırırsınız? Niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatını cəlb etmək istəyirsiniz? Hesab edirəm ki, onların təxribatının səbəblərindən
biri məhz zondaj aparmaq idi ki, Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatında onların müttəfiqlərinin
reaksiyası nə olacaq? Çünki
onlar yeni böyük müharibəyə
hazırlaşırlar. Bizdə operativ kəşfiyyat
məlumatı var. Biz bilirik ətrafımızda nələr
baş verir. Bilirik və bilməliyik.
Bizim xüsusi xidmət orqanları çox səmərəli
işləyirlər. Bu qədər deyə
bilərəm. Bundan artıq deyə bilmərəm.
Ona görə Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini
bu işlərə cəlb etmək üçün zondaj
aparılır. O da alınmadı. Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatı heç bir bəyanat da
vermədi, bir şərh verdi. Ondan sonra gördülər ki, onların səyləri
puça çıxdı və çəkildilər kənara.
İndi yenə də əfsanələr uydururlar
ki, onlar böyük qələbə qazanıblar. Amma reallıq bundan ibarətdir.
Bu, bir daha onu göstərir ki, Ermənistan
təcavüzkar dövlətdir. Onların Azərbaycana, azərbaycanlılara
qarşı olan nifrəti bax, bu çirkin siyasətdə də
özünü göstərir. Bir daha demək
istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm
ki, əgər öz çirkin planlarından əl çəkməsələr,
onlar üçün nəticələr çox ağır
olacaq. Onlar yeni müharibəyə
hazırlaşırlar. Onların təmas
xəttinə yaxın qüvvələrinin cəmləşməsi
baş verir. Biz hər şeyi
görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik.
Əlbəttə ki, özümüzü
müdafiə edəcəyik. Necə ki,
Tovuzda özümüzü müdafiə etdik, bütün
başqa istiqamətlərdə özümüzü
müdafiə edəcəyik. Onlar
üçün Tovuz hadisələri növbəti dərs
oldu. Əgər yeni dərs almaq istəyirlərsə,
biz buna hazırıq.
-Cənab Prezident, iyul
ayında törədilən bu təxribat zamanı və ondan
sonrakı dövrdə yerli və xarici mətbuatda
Rusiya və Serbiyadan Ermənistana silah göndərilməsi
barədə məlumatlar yayıldı. Bu məsələ ilə
bağlı bir daha Sizin münasibətinizi
öyrənmək istərdik.
-Birincisi, bir daha demək istəyirəm
ki, Ermənistan bizim üçün daim təhlükə mənbəyidir.
Ona görə Ermənistanla əlaqədar olan
bütün hadisələri biz izləməliyik və bilməliyik.
Sual yarana bilər, biz haradan bilmişik ki, Serbiyadan
və Rusiyadan onlara silahlar göndərildi. Xüsusilə Serbiyadan göndərildi. Bunu biz, əlbəttə ki, etibarlı mənbələrdən
öyrənmişik. O ölkələrə bu məsələ
ilə bağlı diplomatik kanallarla siqnallar göndərildi. Eyni zamanda, hər iki ölkənin prezidentləri ilə
də mənim telefon söhbətim oldu və mən
narahatlığımı ifadə etdim. Onu
bildirdim ki, Azərbaycan cəmiyyətində bu, bir çox
suallar doğurur. Xüsusilə bu yüklərin
daşınmasının intensiv xarakter alması, eyni zamanda,
toqquşmaların dayandırılmasından dərhal sonra baş
verməsi və iyul ayından sentyabr ayına qədər
davam etməsi. Artıq bu da faktdır.
Ona görə məsuliyyətli ölkə kimi
mən hesab etdim ki, bu məsələni mütləq
aydınlaşdırmalıyam. Mən,
ümumiyyətlə, hesab edirəm ki, əgər hansısa
problem, sual, narahatlıq varsa, niyə biz bunu gizlətməliyik.
Biz bunu dilə gətirməliyik və bunu da
etdik. Telefon danışıqları ilə
əlaqədar Prezidentin Mətbuat Xidməti müvafiq
açıqlamalar dərc etdi. Hesab edirəm
ki, oradakı məlumat kifayətdir.
Əlbəttə ki, bu, bizi çox narahat
edir. Çünki Ermənistan Azərbaycana qarşı
hərbi təcavüz edib. Ermənistan
terrorizmə sponsorluq edən ölkədir. Silahların göndərilməsinin intensiv xarakter
alması əlbəttə ki, bizi ciddi narahat edir. Çünki bu silahlar bizə qarşı istifadə
olunur. Bu silahlarla bizim uşaqlarımız,
insanlarımız vurulur, həlak olur. Ona
görə bu məsələ, hər bir başqa məsələ
kimi, diqqət mərkəzindədir. Biz
bundan sonra da vəziyyətə nəzarət edəcəyik.
Söz düşmüşkən onu da
bildirməliyəm ki, mən bu hadisələrdə
Gürcüstan hökumətinin fəaliyyətini yüksək
qiymətləndirmək istəyirəm. Bilirsiniz ki, Gürcüstan
öz ərazisindən Ermənistana silahların
daşınmasına imkan vermədi. Məhz
buna görə Xəzəryanı ölkələrin əraziləri
və hava sahələri vasitəsilə yük təyyarələri
Ermənistana silahlar daşıyır. Gürcüstan
özünü çox etibarlı tərəfdaş kimi
apardı. Ona görə mən
Gürcüstan hökumətinə təşəkkürümü
bildirirəm. Deyə bilərəm ki, Gürcüstan
hökumətinin simasında biz etibarlı tərəfdaş
və dost görürük. Hökumətlərarası
əlaqələr gündən-günə möhkəmlənir.
Bir çox önəmli layihələr icra
edilir. Bu yaxınlarda bizim Xarici İşlər
nazirimiz Gürcüstana rəsmi səfər edəcək.
Bu, onun Xarici İşlər naziri kimi
Gürcüstana ilk səfəri olacaq. İndi
səfərin proqramı hazırlanır. Bir
çox məsələlər var. Bizi həm tarixi əlaqələr
bağlayır, həm ortaq maraqlar. Bu
gün Gürcüstan və Azərbaycan arasındakı əlaqələr
və inkişaf edən əməkdaşlıq hər iki
ölkənin maraqlarına xidmət edir. Mən
bir daha demək istəyirəm ki, Gürcüstan Hökuməti
və Azərbaycan Hökuməti bir-birilə sıx təmasdadır
və bu, davam edəcəkdir.
Ancaq o da həqiqətdir ki, Ermənistan və
Gürcüstanda yaşayan ermənilər, eyni zamanda,
gürcü familiyaları altında gizlənən etnik ermənilər
hər vəchlə çalışırlar ki,
Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə
vursunlar.
Gürcüstanda keçən il baş
vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi
də dünya erməniliyidir. Onların əsas
məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini
pozmaqdır. Amma buna nail olmayacaqlar. Çünki yenə də deyirəm, biz etibarlı
tərəfdaşıq və bütün məsələləri
açıq şəkildə müzakirə edirik. Azərbaycan hər zaman Gürcüstanın
yanında olub. Mən indi bu tarixi
faktları sadalamaq istəmirəm. Ancaq Azərbaycan
hər zaman Gürcüstanda inkişafın, rifahın,
sabitliyin tərəfdarı olubdur. Amma
baxın, Ermənistan özünü necə aparır? Gürcüstanda yaşayan bəzi yerli ermənilər
Ermənistan rəhbərliyinin təhriki ilə orada
qızışdırıcı fəaliyyətlə məşğuldurlar.
Onlar separatizmə meyil göstərirlər.
Orada altdan-altdan təxribat xarakterli işlər görürlər,
ideoloji iş aparırlar. Amma Ermənistan
Gürcüstana qarşı səmimi münasibət göstərir?
Xeyr, göstərmir. Onlar
gürcü kilsələrinə əsassız iddialar edirlər.
Ermənilərin yaşadıqları bölgədə
tarixi abidələri erməniləşdirirlər. Orada Gürcüstanın dövlət rəmzlərinə
lazımi hörmət göstərmirlər. Eyni zamanda, Ermənistan BMT və digər beynəlxalq
təşkilatlarda həmişə Gürcüstanın əleyhinə
səs verib. Ərazi
bütövlüyü məsələlərində həmişə
Gürcüstanın əleyhinə olub. Necə ola bilər? Sən bu ölkənin
ərazi bütövlüyünü tanımırsan. Eyni zamanda, əminəm, gürcü xalqı
unutmayıb ki, Abxaziyada gedən müharibədə erməni
Baqramyan batalyonu hansı vəhşilikləri törətmişdir,
kimin tərəfindən vuruşub və bu gün kimin tərəfindədir?
Abxaziyada yaşayan və hakimiyyətin artıq
böyük hissəsini zəbt etmiş ermənilər.
Azərbaycan isə bütün dövrlərdə
Gürcüstanın yanında olub. Bütün
beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi
bütövlüyü ilə əlaqədar birmənalı
mövqe göstərib və göstərəcəkdir.
Fərq bundadır. Əlbəttə, bu
gün Gürcüstan xalqı hesab edirəm ki, yaxşı
bilir kim onun dostudur, kim onun düşmənidir.
-Bildiyimiz kimi, Ermənistan
bir sıra müsəlman ölkələri ilə sıx təmas
qurmaq istiqamətində addımlar atır və bu, haqlı
olaraq Azərbaycan ictimaiyyətində kəskin reaksiya
doğurur. Hətta bu yaxınlarda Misir rəhbərliyi
bu ölkədə səfərdə olan Ermənistanın
xarici işlər nazirini də qəbul etdi. Bütün bunlar müsəlman həmrəyliyinə
nə dərəcədə mənfi təsir göstərir?
-Çox mənfi təsir edir. Azərbaycan ictimaiyyəti haqlı olaraq öz
narahatlığını ifadə edir. Biz
dövlət səviyyəsində də bu
narahatlığı ifadə edirik. Bildiyiniz
kimi, Azərbaycan İslam həmrəyliyi işində həmişə
çox fəal olub, ölkəmizdə bir çox tədbirlər
keçirilib. Biz həmişə
çalışmışıq ki, müsəlman ölkələrinə
kömək göstərək, beynəlxalq təşkilatlarda
həmişə müsəlman ölkələrinin
maraqlarını müdafiə etmişik, həm səsvermə
zamanı, eyni zamanda, əgər hansısa beynəlxalq təşkilata
müsəlman ölkəsi öz namizədliyini irəli
sürübsə, həmişə onu dəstəkləmişik.
Yəni, bu həmrəylik sözdə yox, əməldə
olmalıdır. Biz o ölkələrdənik
ki, əməldə İslam həmrəyliyinə daim öz
xarici siyasətimizdə böyük yer
ayırmışıq. Mənim xarici siyasət
istiqamətləri ilə çıxışlarımda siz
bunu görə bilərsiniz. Əsas
prioritetlərdən biri müsəlman ölkələri ilə
əlaqələrdir. Çünki biz
müsəlman dünyasının bir hissəsiyik. Bizi BMT-də ən çox dəstəkləyən
ölkələr də müsəlman ölkələridir.
İslam Əməkdaşlıq Təşkilatı
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı həmişə düzgün mövqe sərgiləyir.
Bir çox qətnamələr qəbul edilib.
Tovuz təxribatı ilə əlaqədar da, həmçinin.
Ona görə müsəlman ölkələrinin
Ermənistanla hər hansı yaxınlaşmasına biz həmişə
çox həssas yanaşırıq. Çünki
Ermənistan bizim torpağımızı zəbt edib. Eyni zamanda, müsəlman ölkələri də
bilməlidirlər ki, Ermənistan işğal edilmiş
torpaqlarda müsəlman dini abidələrinə qarşı
soyqırımı törədib. Baxın,
bizim məscidlərimiz nə gündədir? Məgər müsəlman ölkələrində
bilmirlər ki, ermənilər bizim
yarıdağılmış məscidlərdə heyvan, donuz,
inək saxlayırlar. Bu, müsəlman aləminə
edilən təhqir deyilmi? Ona görə hər
bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni
rəsmisinin Azərbaycan xalqının qanına batmış
əlini sıxanda bu görüntüləri göz
önünə gətirsin. Eyni zamanda, mənə
verilən məlumata görə, Ermənistanın xarici
işlər naziri Misirdə hansısa dini liderlə
görüşüb. Yaxşı, o dini
liderə deyən olmadı ki, bu adamlar müsəlman məscidlərini
təhqir edib, bütün müsəlman dünyasını təhqir
edib. Biz dəqiq bilirik, erməni rəsmiləri
Avropada olarkən avropalıların yenə də bunlara
münasibətinin müsbət olması üçün
onların əsas arqumenti o olur ki, biz müsəlmanların əhatəsində
yaşayırıq. Bizim üç
qonşumuz müsəlman ölkələridir. Biz burada, bu bölgədə xristianlığı
qoruyan xalqıq. Bizim ətrafımızda
olan müsəlman ölkələri düşməndir.
Bəli, Türkiyəni və Azərbaycanı
Ermənistan düşmən sayır. Ancaq
İranla əlaqələrində həmişə
riyakarcasına dostluq haqqında danışır. Bəs
necə ola bilər? Belə də
dostluq olar? Müsəlman məscidlərini
dağıdırsan, sökürsən, orada inək, donuz
saxlayırsan, təhqir edirsən, müsəlmanların
heysiyyətinə toxunursan, sonra isə gəlib deyirsən ki,
biz dost olaq? Mən belə dostluğu başa
düşmürəm. Mən dəfələrlə
müsəlman ölkələrinin rəhbərlərinə
həm ikitərəfli formatda, həm çoxtərəfli
formatda, həm də rəsmi çıxışlarımda
müraciət etmişəm və demişəm ki, onlar bu məsələni
nəzərə alsınlar.
Yenə də deyirəm, Ermənistan
sıradan olan ölkə deyil. Ermənistan o ölkədir
ki, islamofobiya onların dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı
nifrət ruhunda yetişdirirlər, bu ideologiyanı uşaqlara
aşılayırlar.
Ona görə biz öz prinsipial
mövqeyimizdə qalacağıq. Bu məsələni həmişə
diqqətdə saxlayacağıq. Bütün
müsəlman ölkələrinin rəhbərlərinə
bir daha demək istəyirəm, Ermənistan sizin dostunuz deyil.
İkincisi, Ermənistanda hansı maraqlar ola
bilər? Bu ölkə uğursuz ölkədir.
Bunun bir beynəlxalq adı da var - "Fail state”. Uğursuz ölkədir. İqtisadiyyat
çöküb, bazar məhdud, əhali azalır, hər hansı
bir investisiya üçün cəlbedici deyil. Heç bir ölkəyə investisiya qoymur. Nəqliyyat dalanıdır bu ölkə.
Hansı marağı ola bilər? Hansısa vəziyyətə görə, kiməsə
acıq vermək üçün əgər belə
addımlar atılırsa, bunlar ancaq təəssüf
doğurur.
-Ermənistanın
Azərbaycana qarşı iyul ayında törətdiyi təxribatla
bağlı Türkiyə birmənalı şəkildə
haqlı mövqeyimizi müdafiə etdi və həmişə
olduğu kimi, bu dəfə də Azərbaycanın yanında
olduğunu bildirdi. Bundan sonra Azərbaycan-Türkiyə birgə
hərbi təlimləri keçirildi və bu, Ermənistanda
böyük qorxu, bəzi ölkələrdə isə
narahatlıq doğurdu. Bununla bağlı nə
deyə bilərsiniz?
-İlk növbədə, mənim əziz
qardaşım Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğana bir daha təşəkkürümü bildirmək
istəyirəm. Tovuz hadisələrindən sonra onun birmənalı,
açıq və kəskin açıqlamaları bizi
çox məmnun etdi, Azərbaycan xalqını sevindirdi.
Bir daha göstərdi ki, Türkiyə hər
zaman Azərbaycanın yanındadır. Bu,
növbəti Türkiyə-Azərbaycan birliyinin,
qardaşlığının təzahürü idi. Eyni
zamanda, digər rəsmi şəxslər - Türkiyə
Böyük Millət Məclisinin sədri, Türkiyənin
Müdafiə naziri, Xarici İşlər naziri, bizim digər
qardaşlarımız Azərbaycana dəfələrlə həmrəylik,
dəstək nümayiş etdirmişlər. Bu,
bir daha onu göstərir ki, Türkiyə ədalətin,
haqqın, öz qardaşlarının tərəfindədir.
Biz də həmişə Türkiyənin
yanındayıq və bütün məsələlərdə,
- bunu artıq Türkiyədə də bilirlər, Azərbaycanda
da bilirlər, dünyada da bilirlər, - Türkiyənin
yanında olacağıq, bir yerdə olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər,
din, dil, mədəniyyət birləşdirir. Bu, böyük sərvətdir. Biz
bu sərvətin təməli üzərində möhkəm
əlaqələr qurmuşuq, bütün sahələrdə
- siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət, hərbi
sahələrdə. Məhz buna görə
son vaxtlar bizim aramızda ticarət dövriyyəsi sürətlə
artır. Azərbaycan xarici ölkələr arasında ən
çox investisiyanı Türkiyəyə qoyub, Türkiyə
də ən çox xarici investisiyanı Azərbaycana qoyub və
bu proses davam etdirilir. İnsanlar arasındakı
əlaqələr ən yüksək səviyyədədir.
Ona görə bu hadisələr bir daha bu
reallıqları bütün dünyaya göstərdi. Onsuz da həm Türkiyədə, həm də Azərbaycanda
biz bunu bilirdik. Hər il bizim əlaqələrimiz
möhkəmlənir, hər il bu ikitərəfli formata əlavə
mövzular daxil edilir. Bu gün elə bir sahə
yoxdur ki, biz orada birgə işləməyək və
bir-birimizə dəstək göstərməyək.
O ki qaldı, təlimlərə, onu da deməliyəm
ki, bu təlimlər müntəzəm olaraq keçirilir. Hər
il Azərbaycan hərbçilərinin
xarici ölkələrlə birgə keçiriləcək təlimlər
planı təsdiq edilir. Bütün bu təlimlər plan əsasında
həyata keçirilir. Deməliyəm ki, son illər
ərzində Prezident Rəcəb Tayyib Ərdoğanın və
mənim birgə göstərişimizlə təlimlərin
sayı ciddi şəkildə artmışdır.
Keçən il 10-dan çox birgə təlim
keçirilmişdir, həm Türkiyədə, həm Azərbaycanda,
o cümlədən "TurAz Qartalı” təlimi birinci dəfə
keçirilmir. Hər zaman "TurAz Qartalı”
keçiriləndə Türkiyədən "F16”lar Azərbaycana
gəlirdi və bizim təyyarələrlə,
pilotlarımızla birlikdə birgə təlimlər
keçirirdik. Naxçıvanda təlimlər
keçirilmişdir və təlimlərin birində Türkiyənin
Müdafiə naziri iştirak etmişdir. Yəni,
burada qeyri-adi bir şey yoxdur. Bəli, bu,
Tovuz hadisələrinə təsadüf edib. Bu, təsadüfidir, ya təsadüfi deyil Ermənistan
özü baş çıxarsın. Amma
bu təlimlər bir daha birliyimizi göstərir. Əlbəttə, Ermənistan rəhbəri də
yaxşı bilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin
Naxçıvan istiqamətindən İrəvana təqribən
70-80 kilometr məsafə var. Bunu onlar bilirlər və bu,
onları qorxuya salır. Hesab edirəm ki,
onlar bu qorxudan psixoloji stres keçirirlər. Çünki bizdə olan məlumata görə,
daha qapı qalmayıb döyməsinlər ki, vay bunlar təlim
keçirirlər, biz necə olacağıq? Yəni, öz acizliyini, necə deyərlər,
öz gücsüzlüyünü göstərməklə.
Prinsip etibarilə, onların siyasətinin əsas
qayəsi özlərini alçaltmaqdır, özlərindən
məzlum, yazıq xalq imici düzəltməkdir,
ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə,
qrant, kömək qoparmaqdır. Artıq
bu, insanların psixologiyasına da müdaxilə edilib. Bu da onu göstərir ki, bu ölkə müstəqil
deyil, ləyaqətli siyasət apara bilmir, asılı vəziyyətdədir.
Ona-buna nökərlik etmək heç kimə,
necə deyərlər, yaraşıq gətirmir. Müstəqillik Ermənistanda formal xarakter
daşıyır. Sən necə müstəqil
ölkəsən ki, öz qərarını qəbul edə
bilmirsən. Necə müstəqil ölkəsən
ki, səni idarə edən Sorosdur. Paşinyan
Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda
söz sahibi Sorosdur. Baxın,
Paşinyanın hakimiyyət komandasının tərcümeyi-halına.
Hamısı ya Sorosdan, ya "Transperensy”dən,
ya da ki, o biri insan hüquqları təşkilatlarındandır.
Onlar bu gün Ermənistanda baş vermiş
despotik hərəkətlərə göz yumurlar. Ermənistanda bir jurnalist aclıq edib həbsxanada
ölüb, heç bir təşkilat məsələ
qaldırmayıb. İndi Ermənistanda iki
prezident məsuliyyətə cəlb edilib, cinayət işi
açılıb, iki keçmiş prezident, sırf onların
siyasi fəaliyyətlərinə görə, bunu hər kəs
bilir, buna göz yumulur. Əsas müxalifət
partiyasının liderinin deputat toxunulmazlığı
götürülüb, buna heç bir reaksiya vermirlər.
Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər
niyə susurlar? "Freedom House”, "Human Rights Watch”,
"Amnesty International” niyə susur? Sorosa görə.
Soros Ermənistanın
başçısıdır. Soros həmin
bu dırnaqarası hüquq müdafiəsi təşkilatlarının
sponsorudur. Onların sponsoru birdir.
Beləliklə, bu təlimlərə
qayıdarkən bir daha demək istəyirəm ki, təlimlər
keçirilir və nə qədər lazımdır
keçiriləcək. Bu təlimlər
bizə lazımdır, Türkiyəyə lazımdır,
regional sabitliyə lazımdır. Çünki Ermənistan
regional sabitlik üçün təhdiddir. Ermənistan
Türkiyəyə qarşı ərazi iddiası irəli
sürüb. Onların konstitusiyasında bu, öz əksini
tapıb, təsbit edilibdir. Ermənistan indi Sevr müqaviləsini
canlandırmaq istəyir. Halbuki ağlı
başında olan hər bir tarixçi, siyasətçi qətiyyən
buna imkan verməz. Çünki onların sonu olacaq. İndi sən
burada səfalət içində, özü də
özünə aid olmayan yerlərdə dövlət
qurmuş balaca bir ölkə Türkiyə boyda ölkəyə
qarşı necə iddia qaldıra bilərsən, necə
ittiham edə bilərsən. Sən heç olmasa öz
potensialına və Türkiyənin potensialına bax. Amma
onların Azərbaycana və Türkiyəyə, bizim xalqımıza
olan nifrəti, o irrasional düşüncəni, necə deyərlər,
təhlükəli məcraya istiqamətləndirir.
Beləliklə, bizim
Türkiyə ilə sıx əlaqələrimiz bundan sonra da
inkişaf edəcək - ulu öndər Heydər Əliyev
demişkən, "Bir millət, iki dövlət” prinsipi əsasında.
Bütün məsələlərdə bir yerdəyik, hər
bir məsələdə bir-birimizin yanındayıq.
-Cənab Prezident, Siz
"Qarabağ” yatağının dayaq blokunun dənizə
yola salınması mərasimində qeyd etmişdiniz ki,
"necə ki, bu gün biz vaxtilə tərk edilmiş
"Qarabağ” yatağına qayıdırıq, eyni qaydada
biz doğma Qarabağ torpağımıza da
qayıdacağıq”. Əminik ki, o gün uzaqda deyil.
-Bəli, biz mütləq
öz torpaqlarımıza qayıdacağıq. Dağlıq
Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi
Azərbaycan torpağıdır. 1990-cı illərin əvvəllərində,
o vaxt Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti,
satqınlığı nəticəsində biz Dağlıq
Qarabağı müvəqqəti olaraq itirdik. Mən
bugünkü müsahibədə müstəqilliyə qədər
bəzi məqamları dilə gətirdim ki, Azərbaycan
ictimaiyyəti bu hadisələri unutmasın, gənc nəsil
də bunu bilsin. Dağlıq Qarabağ bizim qədim, tarixi
torpağımızdır və biz mütləq o torpaqlara
qayıdacağıq. Dağıdılmış bütün
tarixi abidələri, evləri bərpa edəcəyik.
Küçələrə Azərbaycan adlarını verəcəyik,
adları dəyişdirilmiş kəndlərə öz əsl
adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik.
Çünki haqq-ədalət bizim tərəfimizdədir.
Bizim başqa ölkələrin torpağında
gözümüz yoxdur, öz torpağımızı da
heç kimə verən deyilik. Bu gün mövcud olan Ermənistan
tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Bu haqda
kifayət qədər tarixi sənədlər var. İkinci
erməni dövlətinin yaradılmasına biz heç vaxt
imkan verməyəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Sağ olun.
Azərbaycan.-
2020.-20 sentyabr.- S.1-3.