Təhsil dövlət
siyasətinin vacib strateji istiqamətlərindəndir
Prezident İlham
Əliyev: "Müasir dünyada hər bir ölkənin
uğurlu inkişafını onun intellektual potensialı müəyyən edəcək”
Koronavirus
pandemiyası ilə əlaqədar martın 3-dən Azərbaycanda
bütün təhsil müəssisələri fəaliyyətini
dayandırandan bəri müəllim və şagirdləri, eləcə
də valideynləri maraqlandıran bir sual vardı - dərslər
sentyabrda açılacaqmı? Əslində, 2020-2021-ci tədris
ilinin necə başlayacağı bütün dünya
gündəminin ən vacib müzakirə mövzusuna
çevrilmişdi.
Çünki
heç kəsə sirr deyildi ki, pandemiya bütün həyatımızı,
yaşam tərzimizi dəyişdiyi kimi, təhsil sahəsinə
də təsirsiz ötüşməyərək adət
etdiyimiz məktəb vərdişlərini alt-üst etdi.
Artıq xəyalımıza belə gətirə bilmədiyimiz
üsulla, məsafədən təhsillə
qarşı-qarşıya qaldıq.
Lakin
distant ənənəvi təhsili üstələyə bilmədi.
Hər kəs yeni dərs ilinin əvvəlki, öyrəşdiyimiz
və sevdiyimiz qaydada açılmağını intizarla
gözləyirdi. Nəhayət, bir neçə aylıq
ayrılıqdan sonra bütün təhsil müəssisələri
karantin qaydalarına riayət etməklə
qapılarını təhsil- alanların üzünə
açdı. Sentyabrın 15-də bütün məktəblərimizdə
həsrətlə gözlədiyimiz ilk zəng müəllim
və şagirdləri məktəbə səslədi.
Azərbaycanın
COVID-19-la mübarizədə uğurlu fəaliyyəti, qlobal
təhlükənin yayıldığı ilk günlərdən
operativ, çevik addımlar ataraq xalqımızı
böyük bəladan qurtara bilməsi, ölkə ərazisində
virusu nəzarətolunan səviyyəyə salması təhsil
ictimaiyyətinin intizarına son qoymağa imkan yaratdı. Təlim-tədris
müəssisələrimizin pandemiyanın şərtlərinə
uyğunlaşdırılmış şəkildə fəaliyyətinə
qərar verildi. Bu il pandemiya dövründə yeni dərs ili
yeni şəraitdə və formatda təşkil edildi. İlk
olaraq ibtidai sinif şagirdləri dərslərə
başladı. Yuxarı sinif şagirdləri
üçünsə ənənəvi təhsil oktyabrın
1-dən bərpa ediləcək. Yeni dərs ilinin yeni formatda təşkil
edilməsinin əsas məqsədi şagirdləri, təhsil
işçilərini və ümumilikdə, vətəndaşlarımızı
pandemiyadan qorumaqdır.
Ölkəmizin
mövcud pandemiya dövründə olmasına baxmayaraq,
şagirdlərin təhsildən kənarda qalmaması
üçün dövlətimiz tərəfindən
mühüm addımlar atılıb, virtual və teledərslər
təşkil edilib. Yaranan çətin vəziyyətə
baxmayaraq, təhsil sistemi öz işini uğurla davam etdirib,
şagirdlər öz səyləri, bilikləri sayəsində
lazımi bal toplayaraq arzusunda olduqları ixtisasa yiyələnmək
üçün tələbə adını qazanıblar.
17 ildə 3700 məktəb
Elm
və təhsil hər bir dövlətin davamlı
inkişafında mühüm rol oynayır. Azərbaycan
Respublikasında təhsilin, insan kapitalının inkişaf
etdirilməsi dövlət siyasətinin mühüm istiqamətidir.
Müstəqil Azərbaycanın təhsilində
islahatların bilavasitə təşəbbüskarı olan
Ümummilli Lider Heydər Əliyevin bu sahənin
inkişafına göstərdiyi diqqət və qayğı
bu gün dövlət başçısı tərəfindən
də uğurla davam etdirilir. Prezident İlham Əliyevin
qayğısı, Heydər Əliyev Fondunun həyata
keçirdiyi layihələr Ulu Öndərin təhsil siyasətinin
ugurlu davamının göstəricisidir. Dövlət
başçısının təhsilin inkişafına
göstərdiyi diqqət və qayğı onu təsdiqləyir
ki, bu mühüm amil dövlət siyasətinin vacib, strateji
istiqamətlərindən biridir.
Hər
il ölkəmizin bütün bölgələrində beynəlxalq
standartlara cavab verən yeni məktəb binaları tikilir, ali
təsil ocaqları yaradılır. Azərbaycanın ən
ucqar kəndlərində belə yeni məktəblərin
istifadəyə verilməsi, günün tələblərinə
cavab verən orta məktəb binalarının inşası,
təhsil müəssisələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi, infrastrukturun
tamamilə yenilənməsi dövlətin bu sahənin
inkişafına qayğısının bariz nümunəsidir.
Son
17 il ərzində bütövlükdə Azərbaycanda 3700-ə
qədər məktəb tikilib və əsaslı şəkildə
təmir olunub. Bu, ölkənin məktəb fondunun
böyük əksəriyyətini təşkil edir.
Çünki Azərbaycanda hazırda 4500-ə qədər məktəb
var, onların 3700-ü tam yeni görkəm alıb və yenidən
inşa edilib.
Pandemiyanın
fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərinin
azalmasına baxmayaraq, ölkədə təhsil
ocaqlarının tikintisi bu il də davam etdirilib, heç bir
sosial layihə ixtisar olunmayıb. 2020-ci ildə 147 məktəbin
tikintisi nəzərdə tutulur. Onlardan 45-i Heydər Əliyev
Fondunun təşəbbüsü ilə inşa edilib.
Artıq 17 ildir ki, Azərbaycanın Birinci vitse-prezidenti,
UNESKO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondu bu sahədə çox böyük işlər
görür. Azərbaycanda yeni məktəblərin tikintisinin
geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən
başlanmış "Yeniləşən Azərbaycana yeni məktəb”
proqramı çərçivəsində həll olunur. Təhsil
infrastrukturunun yenilənməsi istiqamətində Heydər
Əliyev Fondunun həyata keçirdiyi işlər xüsusi
qeyd edilməlidir. Fondun dəstəyi ilə xeli sayda məktəblərin
maddi-texniki bazası yaxşılaşdırılıb, təhsilin
keyfiyyətinin yüksəldilməsi kimi məsələlərə
nail olunub.
Ali təhsil müəssisələrinin
inkişafına xüsusi diqqət yetirilir
Prezident
İlham Əliyevin müvafiq sərəncamları ilə
indiyədək respublikamızın 45 bölgəsində,
ümumilikdə, 293-dən çox modul tipli məktəb
quraşdırılıb. Cari ilin sonuna
kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək.
Beləliklə, modul tipli məktəblərin
quraşdırılması ilə bölgələrdə,
xüsusilə ucqar kəndlərdə qəzalı və
istismar müddəti başa çatan məktəblərin
problemi tamamilə aradan qaldırılacaq.
Ölkəmizdə
ali təhsil müəssisələrinin inkişafına,
maddi-texniki bazasının genişləndirilməsinə də
xüsusi diqqət yetirilir. Bu il ali məktəblərin
korpuslarının tikintisi təmin edilib. İyun ayında
dövlət başçısının iştirakı ilə
Gəncədə Dövlət Aqrar Universitetinin yeni tədris
korpusu istifadəyə verildi. Sentyabrın əvvəllərində
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın ADA Universitetinin iki yeni korpusunun, eləcə
də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
yenidən inşa olunan 3 saylı tədris korpusunun
açılışı oldu.
Son illər ölkədə
təhsilin inkişafı istiqamətində mühüm
addımlar atılmaqdadır. Azərbaycanın bütün
bölgələrində istər orta məktəblərdə,
istərsə də universitetlərdə təhsilin dünya
standartlarına uyğun qurulması üçün dövlət
səviyyəsində ciddi işlər aparılır. Bu sahədə
mövcud olan problemlərin aradan qaldırılması və
respublikamızda dünyanın inkişaf etmiş ölkələrinin
təcrübəsinə uyğun təhsil
strategiyasının gerçəkləşdirilməsi məqsədilə
əhəmiyyətli tədbirlər həyata keçirilir. Azərbaycan
Prezidenti tərəfindən ölkəmizin gələcəyi
olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə
xüsusi qayğı göstərilir. Yüzlərlə azərbaycanlı
gənc dünyanın müxtəlif ölkələrində
ən tanınmış universitetlərdə dövlət
hesabına təhsil almağa göndərilir.
Gələcəyimiz bugünkü şagirdlərin, tələbələrin
əlində olacaq
Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata
keçirilən təhsil siyasətinin çox mühüm
strateji hədəflərindən biri "qara qızıl”ın
intellektual kapitala çevrilməsidir. 2004-cü ildə bəyan
edilmiş "qara qızıl”ı insan
kapitalına çevirmək strategiyasında elmin və təhsilin
oynadığı başlıca rol daim diqqət mərkəzində
saxlanılır. Bu istiqamətdə Azərbaycanda həm təhsilin
maddi-texniki bazasının möhkəmləndirilməsi, həm
də yüksəkkeyfiyyətli tədris prosesinin həyata
keçirilməsi mühüm yer tutur. Məktəblilər
beynəlxalq olimpiadalarda yüksək yerlər qazanırlar.
Ali təhsil müəssisələrinə qəbul
imtahanlarında yüksək bal toplanılır, müəllimlərin
əməkhaqları artırılır, diaqnostik qiymətləndirmədən
keçənlər yüksək maaşla təmin olunurlar.
Son illər təhsil
sahəsində həyata keçirilən uğurlu islahatlar təhsil
işçilərinin həyat səviyyəsinin əhəmiyyətli
dərəcədə yaxşılaşmasına təsir
göstərib. Prezident İlham Əliyev yeni dərs ilinin
başlanması və Bilik Günü münasibətilə
müraciətində müəllim peşəsinə
marağın bərpa olunmasını bununla əlaqələndirib.
Dövlət başçısı qeyd edib ki, bu sahəni
seçən gənclərimizin sayı hər il
artmaqdadır. Qəbul imtahanlarında yüksək bal
toplamış bir çox gəncimiz müəllim olmaq istəyirlər.
Çünki müəllimlərin iş şəraiti
yaxşılaşıb, gözəl məktəblərdə,
ali məktəblərdə dərs deyirlər, əməkhaqları
artırılıb və diaqnostik qiymətləndirmədən
keçən müəllimlərimiz yüksək maaş
alırlar: "Əlbəttə ki, bu, gənclərimizin
müəllim olmaq istəyini əsaslandırır, eyni zamanda
müəllim peşəsi bütün dövrlərdə Azərbaycanda
ən hörmətli peşələrdən biri olmuşdur. Mən
çox şadam ki, bu gün biz bu peşənin prestijini bərpa
edirik və bu, eyni zamanda gələcəkdə Azərbaycanda
bilikli, savadlı insanların sayının artmasına gətirib
çıxaracaq. Çünki müasir dünyada hər bir
ölkənin uğurlu inkişafını onun intellektual
potensialı müəyyən edəcəkdir, bu, şübhəsizdir”.
Ölkəmizdə
son illərdə təhsilin inkişafı ilə bağlı
həyata keçirilən islahatlar onu deməyə əsas
verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı
və inamlı görmək əzmindədir. Dövlət rəhbəri
müraciətində də vurğulayıb ki, gələcəkdə
ölkəmizi idarə etmələri üçün gənclərimiz
bilikli, savadlı olmalıdırlar: "Bizim gələcəyimiz
bu gün məktəblərdə, ali məktəblərdə
oxuyan uşaqların, şagirdlərin, tələbələrin
əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə
ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək.
Eyni zamanda onu da xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz,
uşaqlarımız vətənpərvərlik ruhunda, milli
ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri
əsasında tərbiyə almalıdırlar”.
Dövlət rəhbərinin
də qeyd etdiyi kimi, burada ailələrin rolu müstəsna əhəmiyyət
kəsb edir. Lakin müəllimlər də şagirdləri
milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə
etməlidirlər: "Mən şadam ki, bu gün Azərbaycanda
yetişən gənclər məhz bu yüksək meyarlara
cavab verir. Əminəm ki, bu müsbət meyillər davam edəcək
və bizim uşaqlarımız, gənclərimiz bilik, savad əldə
edərək, gələcəkdə Vətənə dəyərli
vətəndaşlar kimi xidmət edəcəklər və
ümumi inkişafımıza öz töhfələrini verəcəklər”.
Xəyalə MURADLI
Azərbaycan.-
2020.- 20 sentyabr.- S.1; 7.