Erməni hakerlər Tarix İnstitutunun araşdırmalarını dərc
edən Qırğızıstan KİV-lərinə hücum ediblər
Erməni hakerlər Azərbaycan
Milli Elmlər Akademiyası Tarix İnstitutunun araşdırmalarını
rus dilində dərc edən Qırğızıstanın
kütləvi informasiya vasitələrinə (KİV) hücum
ediblər.
Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu barədə "Dünya azərbaycanlıları və digər türkdilli xalqların ittifaqı”nın və "Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun prezidenti Nüsrət Məmmədov məlumat verib.
Nüsrət Məmmədov Mərkəzi Asiya respublikalarında Azərbaycan həqiqətlərinin yayılmasında mühüm rol oynayır və o, Tarix İnstitutu alimlərinin erməni saxtakarlarını ifşa edən fundamental araşdırmalarının Qırğızıstanda fəaliyyət göstərən turktoday.info və nazarnews.org saytlarında dərcinə yardım edir. İnstitut alimlərinin Qırğızıstandakı saytlarda indiyədək bu məqalələri dərc edilib: "Ermənilərin Qacarlar İranından Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, "Saxtakarların yalançı elmi, yaxud ermənisayağı "tarix”, "Ermənilərin Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, "İrəvan və ətrafındakı Azərbaycan torpaqları ermənilərə hansı şərtlərlə verilib?”, "Ermənilər Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmişlər”, "Real tarix və "böyük Ermənistan” uydurması”. Azərbaycan alimlərinin arxiv sənədlərinə əsaslanan məqalələri erməni millətçilərində ciddi narahatlıq doğurub. Ona görə də erməni hakerlər Qırğızıstan KİV-lərinə bir neçə dəfə hücum edərək, onları dağıdıblar. Hazırda isə N.Məmmədovun ciddi səyləri nəticəsində bu saytlar bərpa olunub və yenidən fəaliyyətə başlayıb.
Xatırladaq
ki, Qırğızıstanın
paytaxtı Bişkek şəhərində
"Türkdilli dövlətlərin siyasətinə
dəstək fondu” tərəfindən Tarix İnstitutu alimlərinin
"Ermənilərin Azərbaycan torpaqlarında törətdiyi
vəhşiliklər tarixi faktlarla”
və "Azərbaycan XVIII-XIX əsrlərdə” kimi fundamental tədqiqatları
(rus dilində) nəşr
olunub.
Azərbaycan.-
2020.-20 sentyabr.- S.4.