Azərbaycanın Baş Prokurorluğu Ermənistan silahlı qüvvələri bölmələrinin təxribatları ilə bağlı məlumat yayıb

 

Ermənistan yeni təxribat planları hazırlayaraq əsl niyyətinin münaqişənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlarının qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirməkdədir. Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatlar və cinayətlər işğalçı ölkənin nəinki danışıqlar aparmağa, əksinə kəsin eskalasiya yaratmaq niyyətindən xəbər verir.

AZƏRTAC xəbər verir ki, bu barədə işğalçı Ermənistanın son təxribatları ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Məlumatda bildirilib ki, işğalçı ölkənin silahlı qüvvələrinin təxribat xarakterli hücumları, atəşkəs rejimini pozması və Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına qarşı törətdiyi cinayətlər sülh prosesinin üzərindən xətt çəkməklə beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına qarşı açıq hörmətsizlik xarakteri daşıyır.

Təcavüzkar əməllərini həyata keçirməklə, sülh və insanlıq əleyhinə olan cinayətlər törətməyi davam etdirən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq 2020-ci il sentyabrın 20-də saat 17 radələrində Tovuz rayonunun Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılıb. Nəticədə əsgər Qurbanov Qurban Azad oğlusağ çiyin nahiyəsinin kor qəlpə yarası” xəsarəti alıb.

Faktla bağlı Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni aparma) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələri təcavüzkar niyyətini nümayiş etdirməyə davam edərək sentyabrın 21-də saat 09 radələrində Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutub. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olub.

Faktla bağlı Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni aparma) və 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məhkəmə məsuliyyətinə verilmələri məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri və institusional tədbirlər görüləcək.

 

Azərbaycan.- 2020.-22 sentyabr.- S.4.