Dağlıq Qarabağ bölgəsinin
azərbaycanlı icması Beynəlxalq Sülh
Günü ilə bağlı bəyanat
yayıb
Bu gün BMT tərəfindən 1981-ci ildə dünyada sülh və birlik ideallarını gücləndirmək üçün təsis edilmiş Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Təəssüflər olsun ki, COVID-19 pandemiyası səbəbindən artan qlobal təlatümlər fonunda bu dəyərləri gücləndirmək əvəzinə, onsuz da zəifləmiş beynəlxalq təhlükəsizliyi təhdid altına alan sülh defisitinin şahidi oluruq. BMT-nin baş katibinin qlobal atəşkəs çağırışı etdiyi, dünyanın dörd bir tərəfindəki müharibə edən tərəfləri vahid düşmənə - koronavirusa qarşı birlikdə mübarizə aparmağa, silahlarını yerə qoymağa səslədiyi bir dövrdə Ermənistan bu çağırışa məhəl qoymadan öz işğalçı planlarını həyata keçirmək cəhdlərini davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının 21 sentyabr - Beynəlxalq Sülh Günü ilə bağlı bəyanatında yer alıb.
Bəyanatda daha sonra deyilir: “2020-ci il iyulun 12-də pandemiya dövründə Ermənistan Azərbaycanın həyati əhəmiyyətli kommunikasiya xətlərinin keçdiyi yeni ərazilərini ələ keçirmək üçün hücuma başladı. Bu, son 30 ildə Ermənistanın Azərbaycana qarşı bitməyən təcavüzünün davamıdır. Məhz bu təcavüz nəticəsində Azərbaycan ərazisinin beşdəbiri Ermənistanın işğalı altındadır və yurdlarından didərgin salınmış bir milyona yaxın azərbaycanlı əhali öz əzəli torpaqlarına, ata-baba yurdlarına geri dönə bilmirlər.
Təcavüzkar Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində möhkəmlənmək üçün, bu ərazilərdə qanunsuz yaşayış məskənləri salır. Hətta, bu yaxınlarda Beyrut limanında baş verən dəhşətli partlayışdan belə öz mənfur əməlləri üçün sui-istifadə edərək, bir sıra erməni ailələrinin Livandan işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsinə başlayıb. Bu cəhdlər beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, çox ciddi müharibə cinayətləridir.
Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyan bir yandan riyakarcasına sülh çağırışları edərkən, digər tərəfdən işğal olunmuş Azərbaycan ərazilərində erməni qadınları üçün hərbi təlim keçirir. Buradan belə bir sual doğur: Ermənistanın “sülhsevər” baş nazirinin “sülhsevər” xanımı başqa bir ölkənin ərazisində hərbi forma geyinərək, o ölkənin xalqına silah yönəldərək nəyə nail olmaq istəyir?
Ermənistanın siyasi rəhbərliyinin riyakar yanaşmasından fərqli olaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin etnik təmizləməyə məruz qalmış azərbaycanlı əhalisi kimi, biz keçən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarı olmuşuq. İcmamızın münaqişənin həlli üçün konstruktiv dialoq çağırışlarına, təəssüflər olsun ki, Ermənistan tərəfi hər zaman etnik nifrət, hiddət və inkarçılıqla qarşılıq verib.
Sülh şəraitində
birgə yaşayışın mümkünlüyünə
inandığımızı bəyan edərək,
işğalçı qüvvələrini Azərbaycan ərazilərindən
geri çəkmək və bizim öz əzəli yurdumuza dönüşümüzə şərait
yaratmaq məqsədilə beynəlxalq
ictimaiyyəti Ermənistana təzyiq göstərməyə
çağırırıq.
Çağırışımızın həyata keçməsi,
sülhsüz keçirdiyimiz
Sülh Gününün
əsl mahiyyətini həyatımızda hiss
etməyə bizə imkan verərdi”.
Azərbaycan.- 2020.-22 sentyabr.- S.4.