Aşkarlanmış qədim yaşayış yeri turistlərin marağına səbəb olacaq

 

Dünyada analoqu olmayan təbii-müalicəvi Naftalan nefti ilə tanınan eyniadlı şəhər təkcə təbii sərvəti ilə deyil, həm də arxeoloji abidələri ilə diqqəti cəlb edir. Böyük turizm potensialı olan Naftalan şəhərində arxeoloji tədqiqatların aparılması abidələrimizin tədqiqi və təbliği baxımından çox əhəmiyyətlidir. Xüsusilə dünyada nadir sayılan böyük ölçülü kurqanların şəhər ətrafında mövcudluğu onların tədqiq edilərək yerüstü muzey kimi qorunmasına zərurət yaradır.

AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun Naftalan arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar zamanı bu yaxınlarda şəhərin Qaşaltı-Qaraqoyunlu kəndinin ərazisində çoxtəbəqəli yaşayış yeri aşkar edilmişdir. Bu da bir daha bu yerin qədimliyini sübut edir.

Yaşayış yerinin yerləşdiyi təpənin ümumi sahəsi 5 hektara yaxın, hündürlüyü isə 10 metrdən artıqdır. Qədim yaşayış yeri təpənin, demək olar ki, bütün ərazisini əhatə edir. Abidənin əsas təbəqəsi Eneolit dövrünə aiddir. Bu dövrə aid mədəni təbəqənin qalınlığı 2 metrdən artıqdır. Eneolit dövrünə aid təbəqədən V minilliyə aid oval, dairəvi quruluşda çiy kərpicdən tikinti qalığı, qazma evlər, saxsı qab hissələri və daş əmək alətləri aşkar edilmişdir. Yaşayış yerinin üzərində Son Tunc-İlk Dəmir dövründə torpaq qəbirlərin, Antik dövrdə isə küp qəbirlərin salındığının şahidi oluruq. Abidənin mərkəzi və şimal-qərb hissəsində eneolit təbəqəsinin üzərində orta əsrlərdə məskunlaşma olmuşdur. Orta əsrlər dövrünə aid mədəni təbəqədən tikili qalıqlarına, dulus kürəsinə, ocaq yerlərinə, təndirlərə, təsərrüfat quyularına, üzəri şirəli və sadə üsulla hazırlanmış zəngin saxsı məmulatına rast gəlinmişdir. Yaşayış yeri əlverişli təbii-coğrafi mövqedə yerləşməsinə və sahəsinin böyüklüyünə görə diqqəti cəlb edir. Söz yox ki, bu cür qədim abidələrin aşkar edilməsi arxeoturizmlə tibbi turizmin sintezinə öz töhfəsini verəcək.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2020.- 23 sentyabr.- S.6.