Qlobal böhranla effektiv mübarizə
Azərbaycanın koronavirusa qarşı tədbirləri
müsbət nəticələr verir
COVID-19 pandemiyasının
yaratdığı böhran davam etməkdədir. Koronavirus hələ
də sağlamlığımız üçün bir
nömrəli təhlükə olaraq qalır. Hətta bəzi ekspertlər koronavirus
epidemiyasının artıq nəzarətdən
çıxdığını bildirirlər. Ümumdünya Səhiyyə Təşkilatı
(ÜST) isə Avropada COVID-19 infeksiyasının
yayılması ilə bağlı vəziyyətin
ağırlaşmağa başladığı barədə
açıqlama yayıb. Hazırda Avropada
gündəlik yoluxma hallarının sayı mart
ayındakı statistikanı üstələyib. Virusa yoluxanlar arasında gənc və orta
yaşlı şəxslərin üstünlük təşkil
etməsi isə vəziyyətin daha təhlükəli şəkil
almasına səbəb olub. Mütəxəssislər
bunu qitədə virusun yeni dalğası kimi qiymətləndirirlər.
Həmçinin bəzi tibb mütəxəssisləri
yeni dalğanın bütün ölkələri əhatə
edəcəyi ilə bağlı həyəcan təbili
çalırlar.
Azərbaycan peyvəndlə
bağlı saziş imzaladı
Belə bir durumda
çoxları ümidini vaksinə bağlasa da, hazırda
pandemiyanın qarşısını alacaq, gözləntiləri
doğruldacaq vaksin əldə edilməyib. Klinik
sınaqlar fazasında olan 30 vaksindən cəmi 6-sı
3-cü klinik fazada sınaqlardan keçirilir. Tədqiqatlar davam etdiyindən vaksinlərin
effektivliyi və təhlükəsizliyi haqqında hələ
fikir söyləmək mümkün deyil. Lakin
bilinən odur ki, indiki şəraitdə epidemioloji vəziyyətə
nəzarət etmək üçün ən effektiv vasitə
həssas əhali qruplarının vaksinasiyasıdır.
Hesablamalar göstərir ki, əhalinin ilkin
olaraq 20 faizinə peyvənd vurulması epidemioloji vəziyyətə
nəzarət etmək üçün kifayət edər.
Azərbaycan COVID-19-a qarşı
vaksinin alınması ilə əlaqədar fəal iş
aparır. Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyinin məlumatına görə,
sentyabrın 18-də İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı
arasında saziş imzalanıb. Sazişə
görə, ÜST tərəfindən təsdiqlənmiş
və tələblərə cavab verən peyvənd istehsal
olunduqda tez bir zamanda təşkilatın başqa üzv
ölkələri ilə bərabər, Azərbaycan da həmin
peyvəndlə təmin olunacaq.
Xatırladaq ki, Prezident İlham
Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin
koronaviruslu xəstələrin müalicəsi
üçün nəzərdə tutulan modul tipli növbəti
hospitalının açılışında
respublikamızın peyvənd əldə edən birinci
ölkələr sırasında yer alacağına ümidvar
olduğunu bildirmişdi: "Ancaq burada əsas şərt bu
peyvəndin bütün sınaq mərhələlərindən
keçməsidir. Həkimlər yaxşı bilirlər
ki, istənilən yeni peyvənd bir neçə mərhələdən
keçir və yalnız ondan sonra bazara
çıxarılır, insanların vaksinasiyası
üçün istifadə olunur. Ona
görə bütün mərhələlər, şirkətlərin
apardığı bütün araşdırmalar öz nəticəsini
verəndən, bütün sınaq testləri və beynəlxalq
sertifikatlaşdırma aparılandan sonra biz bu peyvəndi
ölkəmizə gətirəcəyik və ümid edirəm
ondan sonra demək olacaq ki, bu dəhşətli vəziyyət
arxada qalıb. Hesab edirəm ki, biz o vaxta qədər
öz addımlarımızı mövcud vəziyyətə
uyğun atmalıyıq”.
Dövlət
koronavirusla mübarizədə qətiyyətli addımlar
atır
Azərbaycan hökumətinin
qlobal böhranla hərtərəfli mübarizəsi davam edir. Dövlətimiz
koronavirusla mübarizədə qətiyyətli addımlar
atır və əldə olunan müsbət nəticələr
iki aya yaxındır ki, qorunub saxlanılır. İyul ayının sonundan ölkəmizdə təhlükəli
infeksiyaya yoluxmanın dinamikasında müsbət tendensiya
müşahidə edilir. Dövlət
başçısının birbaşa nəzarəti ilə
həyata keçirilən preventiv tədbirlər, eləcə
də əhalinin tətbiq olunan karantin və gigiyena
qaydalarına ciddi və məsuliyyətlə əməl etməsi,
dövlət-vətəndaş həmrəyliyi sayəsində
yoluxma hallarının kəskin azalmasına nail olunub. Xəstəxanalarda
müalicə alan və reanimasiyada olan
koronaviruslu xəstələrin sayı xeyli azalıb.
Sanitar-epidemioloji vəziyyət qənaətbəxş
olduğundan və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti
nəzərə alınaraq Nazirlər Kabineti yanında
Operativ Qərargah tərəfindən karantin rejiminin mövcud
olduğu şəhər və rayonlarda, eləcə də
ölkə üzrə mərhələli şəkildə məhdudiyyətlər
aradan qaldırılıb və müəyyən
yumşalmalar təmin edilib. Eyni zamanda 2020-2021-ci
tədris ilində dərslərin həm əyani, həm də
distant formada tədrisi qərarı verilib. Bakı,
Sumqayıt şəhərlərinin və Abşeron rayonunun
ümumi təhsil müəssisələrinin fəaliyyəti
əyani olaraq həftədə 2 dəfə, digər şəhər
və rayonlarda isə əyani formada həftədə 3 dəfə
uyğunlaşdırılmış tədris planları əsasında
təşkil edilir.
Dərs ili başlayandan bəri 121 nəfərdə
COVID-19 aşkarlanıb
Təhsil Nazirliyindən verilən məlumata
görə, ümumilikdə ibtidai təhsil səviyyəsi
(I-IV siniflər) üzrə 625 394 şagird təhsil alır
ki, onlardan 7868 nəfərin (1,26 faiz) valideyni
övladının tədris prosesində əyani şəkildə
iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi
imzalayıb.
Onu da qeyd edək ki, respublika
ərazisində fəaliyyət göstərən məktəblərin
binasına daxil olan bütün şəxslərin hərarəti
yoxlanılır, temperaturu 37.1-dən yuxarı olan şagirdlər
və ya işçi heyəti məktəbə
buraxılmır. Dərs ili başlayandan 21 sentyabr tarixinədək 95
şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə
koronavirus aşkarlanıb. Həmin şagirdlərin
əksəriyyəti yuxarı siniflərdə təhsil
aldıqları üçün ümumi təhsil müəssisələrinə
gəlməyib. Bu şəxslər
ümumilikdə 346 nəfərlə təmasda olublar.
Respublika ərazisində cəmi
bir məktəbdə - Quba rayonu Qamqam kənd orta məktəbində
8 müəllimiin virusa yoluxması səbəbindən əyani
formada tədris dayandırılıb, distant formaya
keçilib. Müəllimlər arasında kütləvi
yoluxmanın səbəbi isə sosial məsafənin
qorunmaması və şəxsi gigiyena vasitələrindən
istifadə edilməməsidir.
Bakıda müəllim və
şagirdlərdə koronavirusun aşkar edildiyi
üçün 4 sinfin fəaliyyəti distant formaya
keçirilib.
Ötən günlər ərzində
şagirdlər arasında məktəbdaxili yoluxma halına
rast gəlinməyib. Qeydə
alınmış yoluxmaların ailədaxili şəraitdə
baş verməsi müəyyən edilib.
Təhsil Nazirliyi
bütün şagirdləri, valideynləri, müəllimləri
və işçi heyətini sosial məsafəni qorumağa,
şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq
istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl
etməyə çağırır.
Uşaqlar virusu
digərlərinə də yoluxdururlar
Azərbaycan Radioloji və
Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti
Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev məktəbli
uşaqların virusu yüngül keçirməsi və bu səbəbdən
də digərlərini yoluxdurmaması ilə bağlı
iddiaları əsassız hesab edir və bunun heç bir elmi əsası
olmadığını deyir. Onun sözlərinə
görə, son tədqiqatların birində 900 uşaqdan 68-də
anticism tapılıb, yəni virusu keçirdikləri təsdiqlənib.
Müəyyənləşib ki, bu
uşaqların 50 faizi virusu simptomsuz keçirib. Digər
qrup uşaqlarda bu simptomlar olub: 31 faiz uşaqda qızdırma,
19 faiz uşaqda isə mədə-bağırsaq sistemi
şikayətləri - ürəkbulanma, qarın
ağrısı və ishal, 18 faiz uşaqda isə baş
ağrıları: "Amma mədə-bağırsaq sistemi
şikayətləri uşaqlarda digər viruslu xəstəliklər
zamanı da rast gəlindiyinə görə ümumi vəziyyəti
çətinləşdirə bilər. Ona
görə də bu məsələdə valideynlərin,
müəllimlərin və həkimlərin də üzərinə
ciddi məsuliyyət düşəcək”.
Tibb elmləri doktoru
vurğulayıb ki, uşaqlarda COVID-19 zamanı burun axması
bu günlərdə elmi arenada ən çox diskussiya edilən
mövzudur. Lakin bunun tam elmi təsdiqi hələ ki mövcud
deyil. Həkim tövsiyə edir ki, valideynlər
burnu axdığı üçün uşaqları bir
gün evdə saxlayıb ümumi vəziyyəti qiymətləndirməli,
boğaza və qulağa baxmalıdırlar. Ondan sonra məktəbə
davam edib-etməmək qərarını vermək olar:
"Almaniyada burnu axan və pediatra gələn 1000 uşaqla
elmi tədqiqat işlərinə başlanacaq və onlardan
neçəsinin COVID-19-a yoluxmasını dəqiqləşdirmək
nəzərdə tutulub. Bunu Azərbaycanda da etmək
mümkündür”.
Pandemiya
qaydalarına hökmən riayət edilməlidir
ÜST-ün mətbuat katibi Marqaret
Harris xəstəliyin simptomlarının, eləcə də
sağalma prosesinin insanlarda fərqli olduğunu deyib: "Tədricən
daha çox insanın uzunmüddətli COVID-19 xəstəliyindən
əziyyət çəkdiyini görürük. Xəstəliyin simptomları fərqlidir. Bəzi insanlarda saçların tökülməsi,
ciddi yorğunluq halları baş verir. Buna
ortamüddətli simptomlar deyilir. Enerjili
insanlar əvvəlki kimi enerjili olmadıqlarını bildirirlər.
Bəzi insanlar isə pilləkənləri
qalxarkən təngnəfəs olmalarından, həmçinin
başağrısı, depressiya, psixoloji yorğunluq, görmə
qabiliyyətinin zəifləməsindən, yataqdan
çıxa bilməmələrindən şikayətlənirlər.
Bütün bunlar müşahidə olunan
simptomlardır. Aparılan tədqiqatlar nəticəsində
məlum olub ki, xəstəliyi simptomsuz keçirənlərdə
də müəyyən izlər qalır. Xəstəlikdən
sağalma prosesi çox çətindir. Xüsusilə
xəstəliyin kəskin dövründə onunla mübarizə
aparmaq çətinləşir. Heç
kimin bu virusa yoluxmasını istəmirik. Ona
görə də hamıya yoluxmanın
qarşısını almaq üçün əllərindən
gələni etmələrini tövsiyə edirik”.
M. Harris vurğulayıb ki,
qış fəsli Avropada soyuq keçir. Bu
şəraitdə insanlar qapalı yerlərdə daha sıx
toplaşırlar. Belə olan halda
yoluxmanın qarşısını almaq çətin olur.
Odur ki, qapalı yerlərdən, yaxın
ünsiyyətdən və kütləvi tədbirlərdən
qaçmaq lazımdır. Mütəxəssislər
də payız-qış mövsümündə müxtəlif
respirator xəstəliklərin fəallaşdığını
nəzərə alaraq, pandemiya qaydalarına maksimum şəkildə
riayət etməyi məsləhət görürlər.
Bu qaydalar isə çox sadədir - tibbi maska
taxmaq, gigiyena qaydalarına əməl etmək və sosial məsafə
saxlamaq. Hazırda infeksiyadan
qorunmağın yeganə və ən səmərəli yolu
budur.
Xəyalə
MURADLI
Azərbaycan.-
2020.- 23 sentyabr.- S.7.