Gözəlləşən Balaxanı qəsəbəsinin
yeni dövrü başlayır
Bax, budur, "qara qızıl” insan kapitalıdır
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində
aparılan abadlıq işləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki,
Prezident İlham Əliyevə və birinci xanım Mehriban
Əliyevaya Balaxanı qəsəbəsində aparılan
abadlıq işləri barədə məlumat verildi.
Bildirildi ki, burada görülən işlər qəsəbənin qədim və XX əsrin əvvəllərinə aid olan hissəsini əhatə edir. Qəsəbədəki tarixi memarlıq abidələrinin bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb. Qəsəbədəki Mirzə Ələkbər Sabir adına park da bərpa olunub.
Diqqətə çatdırıldı ki, Balaxanıdakı Şah Səfi karvansarayı 1635-1636-cı illərdə inşa olunub. Bu tarixi abidə yerli əhəng daşı materiallarından tikilib və əhali arasında Xacə Ruhulla imarəti kimi tanınıb.
Qeyd edək ki, Balaxanı Bakının ən qədim yaşayış yerlərindən biridir. XX əsrin əvvəllərindəki neft bumuna qədər Balaxanı Böyük İpək Yolunun üstündə yerləşdiyindən strateji mövqeyə sahib idi. Uzun əsrlər boyu bu yer Çindən İspaniyaya qədər uzanan karvan yolunun əsas məntəqələrindən biri olub.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qəsəbədəki Hacı Şəhla Məscidi və Şakir ağa türbəsinin bərpası barədə də məlumat verildi. Bildirildi ki, Hacı Şəhla Məscidi XIV əsr memarlıq abidəsidir. Şakir ağa türbəsi Balaxanı abidələrinin ən qiymətlilərindən hesab olunur.
Qəsəbədəki Ovdan XIV əsrdə inşa olunub. Ovdanın mənbəyindən su götürmək üçün 40 pilləkən aşağı enmək lazımdır. Keçmişdə ovdan vasitəsilə Balaxanının içməli suya olan tələbatı ödənilib.
Balaxanının "Qum hamamı” bir-biri ilə əlaqəli 3 hissədən ibarətdir. Bu hamam da qəsəbənin tarixi tikililərindən hesab olunur. Onun inşası XIV əsrə təsadüf edir.
Məlumat verildi ki, Balaxanı qəsəbəsində vaxtilə 18 hamam olub. Demək olar ki, hər məhəllədə hamam inşa edilib və onlar həm adlarına, həm də memarlıq üslubuna görə bir-birindən fərqlənib.
Dövlətimizin başçısı və birinci xanım əncir dərdilər, göyərçinlərə tamaşa etdilər.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı sakinləri ilə görüşdülər.
Sakinləri salamlayan Prezident İlham
Əliyev dedi:
-Balaxanı kəndinin yeni
dövrü başlayır. Mən bu münasibətlə
sizi təbrik edirəm. Bilirsiniz ki, Balaxanıya mənim
xüsusi diqqətim var. Hələ bir neçə il bundan əvvəl məşhur Balaxanı
zibilxanasının təmizlənməsi, aradan
qaldırılması artıq burada görülən ekoloji işlərə
start verdi. Çünki bu, həm Balaxanı
sakinlərinə böyük əziyyət verirdi, həm də
əlbəttə ki, bütövlükdə Bakı şəhərinin
sakinlərinə çox mənfi təsir edirdi. O
zibilxanadan qalxan tüstülər faktiki olaraq havanı
böyük dərəcədə çirkləndirirdi və
insanların sağlamlığı üçün də
bunun böyük ziyanı olmuşdur. Mən bu yaxınlarda həmin
o layihə ilə bağlı televiziyalara müsahibəmdə
öz sözlərimi dedim, təkrar etmək istəmirəm,
vaxtilə zibilxana olmuş yer indi gözəl bir poliqona
çevrilib və iş yerləri yaradılıb. Burada sənaye parkı, zibilyandırma zavodu fəaliyyət
göstərir. Eyni zamanda, onun yanında
yerləşən Böyükşor gölünün
böyük hissəsi də artıq təmizlənib və
gölün üzərindən yol da çəkilib. Ona görə indi gediş-gəliş
üçün də yaxşı imkanlar yaradılıb.
O ki qaldı, işlərin bu mərhələsinə,
o da göz qabağındadır. Bütün
işlər böyük məhəbbətlə, zövqlə
görülübdür. Həm infrastruktur layihələri,
kanalizasiya, insanların rahatlığı üçün
yaradılmış şərait, elektrik xətləri,
binaların təmiri, dam örtükləri, yollar,
küçələr, estetik görünüş -
bütün bunlar bir məqsədlə edilir ki, burada
yaşayan insanlar özlərini rahat hiss etsinlər, onlar
üçün yaxşı şərait yaradılsın.
Eyni zamanda, iş yerləri
yaradılıbdır. Mənə verilən məlumata
görə, burada yaşayan vətəndaşlar işlərə
cəlb olunub. Onlar ağaclar, güllər,
kollar yetişdirirlər və eyni zamanda, digər yerlərdən
də gəlib burada işləyənlər var.
Bütövlükdə bu abadlıq işlərində minə
yaxın insan işlə təmin edilib.
Bu, işlərin birinci mərhələsidir. Hələ
işlər başa çatmayıb. İşlərin
böyük hissəsi başa çatıb. Ancaq hələ görüləsi işlər
çoxdur və biz bunları da tədricən edəcəyik.
Bir daha demək istəyirəm ki, əsas məqsəd
Balaxanıda – bizim bu qədim yaşayış yerində,
ölkəmizin qədim yaşayış məskənində
insanlar rahat yaşasınlar, daha yaxşı yaşasınlar,
işlə təmin olunsunlar, ekoloji vəziyyət
yaxşı olsun, hava təmiz olsun, su təmiz olsun.
Əlbəttə ki, tarixi
abidələrin bərpası və aşkarlanması da məqsədlərdən
biri idi. Bu gün mənə göstərilən tarixi abidələrin
bəziləri yerin altında idi. O cümlədən
"Qum hamamı”, digər abidələr, XIV əsrdə
inşa edilmiş abidələr, sovet vaxtında tikilmiş
abidələr - onlar da bizim milli sərvətimizdir. Bu abidələr bir daha onu göstərir ki, bu kəndin
çox qədim tarixi, qədim mədəniyyəti var.
Çünki ancaq yüksək mədəniyyətə sahib
olan insanlar belə tikililər inşa edə bilərdilər.
O cümlədən ovdan, hamam - bu, mədəniyyət deməkdir.
Əlbəttə ki,
Balaxanının gələcək inkişafı ilə
bağlı fikirlər var. Artıq həm Bakı, həm də
digər şəhərlərin sakinləri buraya gəlirlər,
istirahət edirlər, gəzirlər, şəkil çəkdirirlər. Mənə
verilən məlumata görə, xarici mətbuatda Balaxanı
ilə bağlı materiallar dərc edilir. Avropada, Rusiyada televiziya kanallarında, internet
saytlarında buraya maraq böyükdür. Əlbəttə ki, turistlərin axını daha
böyük olacaq. Bu da qəsəbə sakinləri
üçün yeni imkanlar yaradacaqdır. Yaxşı olardı ki, qəsəbə sakinləri
turizmlə bağlı məsələlərdə fəal
olsunlar və bu imkanlardan istifadə etsinlər, turizm xidmətlərini
qonaqlara təqdim edə bilsinlər. İndi
inkişaf etmiş bir çox ölkələrin şəhərlərinin
kiçik qəsəbələrində belə turizm, tarixi
yerlərdə yerli sakinlər bütün ümumi işlərə
qoşulurlar, həm pul qazanırlar, həm öz tarixi, mədəniyyəti
haqqında məlumat verirlər, eyni zamanda, turistlər
üçün də gözəl şərait yaradırlar.
Ona görə bu, artıq insanların özlərindən
asılı olacaq. Təbii ki, dövlət
də lazımi kömək göstərəcək. Burada ictimai iaşə obyektləri, kafelər,
çayxanalar turistləri cəlb edə biləcək digər
obyektlər zövqlə yaradılsın ki, həyat fəal
olsun, insanlar daha yaxşı yaşasınlar və xaricdən
gələn qonaqlar bu gözəlliyi görə bilsinlər.
Mən bunu demişəm, siz
Balaxanı sakinləri də bunu yaxşı bilirsiniz ki,
Balaxanının çox böyük tarixi var. Ancaq bu tarix bir
növ kənarda qalmışdı. Çünki burada həm
ekoloji vəziyyətin pis olması, yolların bərbad vəziyyəti
və digər problemlər imkan vermirdi ki, hətta Azərbaycan
vətəndaşları da Balaxanı haqqında dolğun məlumata
malik olsunlar. İndi isə Balaxanı, necə
deyərlər, dünya mətbuatında özünə yer
tapıb və bu, hələ başlanğıcdır.
Mən demişdim ki, özüm gəlib baş çəkəcəyəm,
görülən işlərlə tanış
olacağam. Biz Mehriban xanımla elə buna
görə gəlmişik. İşlərin
böyük hissəsi artıq görülüb. Görüləcək işlər Balaxanının
inkişafına daha da böyük təkan verəcəkdir.
Sizi bir daha təbrik edirəm.
Sakinlər: Çox sağ
olun, cənab Prezident.
Əlihəsən
Vəliyev: Cənab
Prezident, hörmətli Mehriban xanım, qəsəbəmizə
göstərdiyiniz qayğıya görə bir ağsaqqal
kimi, sakinlərimiz adından Sizə dərin minnətdarlığımızı
bildiririk. Sağ olun, var olun.
Prezident İlham
Əliyev:
Sağ olun.
Birinci xanım Mehriban
Əliyeva:
Çox sağ olun. Burada
istedadlı rəssamlar var. Siz rəssamsınız?
Emin Ələkbərov:
Bəli.
Birinci xanım
Mehriban Əliyeva: Çox gözəl. Bəzi əl işlərinizə
baxdım, çox gözəldir, böyük zövqlə
yaradılıb.
Emin Ələkbərov:
Çalışmışıq ki,
bacardığımızı edək. Yerli sakin
olaraq çoxdankı arzularımızı həyata
keçirdik, çalışdıq ki, öz
potensialımızı göstərək.
Prezident İlham
Əliyev: Biz də
o şəkillərin önündə şəkil çəkdirdik.
Emin Ələkbərov: Təşəkkür
edirik, Sizinlə qürur duyuruq. Mən
Balaxanıda olan bütün sənətkarlar, elm adamları,
ziyalılar, incəsənət, mədəniyyət xadimləri
adından Sizə təşəkkürümü bildirirəm
ki, bu cür gözəllikləri yaratmaqda bizə dəstək
olmusunuz. Bir daha təşəkkür edirəm.
Prezident İlham
Əliyev: Əlbəttə
ki, bizim planlarımızda digər qəsəbələrdə
görüləcək işlər var, artıq müvafiq
göstərişlər verilib. İlkin mərhələdə
təqribən 7-8 qəsəbədə buna oxşar layihələr
icra ediləcək. Ancaq əlbəttə
ki, bunun yüz faiz surəti olmayacaq. Hər
bir qəsəbənin özünəməxsus memarlıq
üslubu var, tarixi var, tarixi görünüşü var. Ona
görə hər bir qəsəbədə aparılan
abadlıq işləri gərək yerli sakinlərlə də
müzakirə olunsun. İlk növbədə,
sakinləri narahat edən problemlər, necə ki, burada
infrastruktur – kanalizasiya, dam örtükləri, binaların təmiri,
elektrik xətləri, insanların gündəlik
qarşılaşdığı digər məsələlər
həll olunur. Eyni zamanda, təmir-bərpa
işləri də mütləq yerli sakinlərin
iştirakı və ağsaqqalların tövsiyəsi ilə
aparılmalıdır. Çünki
ağsaqqallar bu kəndlərin tarixini yaşadırlar, o
tarixin canlı şahidləridir. Eyni
zamanda, gənc nəsil də buna qoşulur ki, hər bir kəndin
özünəxas görüntüsü olsun.
Vüsalə Səlimova:
Çox sağ olun, cənab Prezident. Balaxanı
kəndi dünya mətbuatında neftlə
tanınırdı. Bundan sonra isə
dünya mətbuatında bu gün Sizin köməyiniz, diqqətiniz
nəticəsində aparılan bu gözəl abadlıq
işləri ilə, məhz bu gözəlliklərlə
tanınacaq. Buna görə də Sizə
Balaxanı camaatı adından təşəkkürümüzü
bildiririk.
Elçin Rikabov: Şahidi olduğumuz
bütün bu gözəlliklərə görə mən də
bir Balaxanı sakini kimi Sizə dərin təşəkkürümü
bildirirəm.
Prezident İlham
Əliyev:
Balaxanının mer-meyvəsi də gözəldir. Əncirdən dərdik, dadına baxdıq.
Birinci xanım
Mehriban Əliyeva: Mənim yadıma düşdü, uşaq olanda
Pirşağıda bizim bağımız var idi. Əncir tam o
əncirdəndir, yaşıl, amma şirin.
Prezident İlham
Əliyev: Mən
dedim, o meyvələri də gərək
qoruyasınız. Abşeronun üzüm
növləri – "Şanı”, "Ağ şanı”,
"Qara şanı” - indi bunlar azalıb, bəzi hallarda yoxa çıxıb.
Amma onlar bal kimi şirin idi, özü də
salxımlar qumun üstünə sallanırdı. Gərək biz o növləri unutmayaq, itirməyək.
Onlar Abşerona xas olan gözəl nemətlərdir.
Ona görə bu da nəzərə
alınmalıdır.
Emin Ələkbərov:
Çalışırıq bütün bu deyilənləri
yerinə yetirək. Sözsüz ki, burada olan sənətkarlar
milli dəyərlərimizi, köklərimizi
yaşatmalıdırlar. Siz bizim keramika
nümunələrimizi gördünüz. Bizim
xalçaçılıq müəssisələrimiz var,
burada gənc nəsil iş yerləri ilə təmin olunur. Yəni, gənc nəsil açılan bu yerlərdə
artıq öz potensialını tətbiq edir və
sözsüz ki, onlardan bəhrələnir.
Prezident İlham
Əliyev: Elədir.
Mən dəfələrlə demişəm, hələ
Prezident kimi fəaliyyətə başlayanda ilk aylarda bunu
demişdim ki, "qara qızılı” insan kapitalına
çevirməliyik. Bax, budur, "qara
qızıl” insan kapitalıdır. İnsanların
rifah halı, sağlamlığı, rahatlığı, təhlükəsizliyi
üçün biz neftdən gələn gəlirlərdən
istifadə etdik. Deyə bilərəm ki,
bu gün biz neftlə zəngin ölkələr
sırasında bu siyasətə görə dünya
miqyasında qabaqcıl yerlərdəyik. Aparıcı
beynəlxalq maliyyə qurumları da qeyd edirlər ki, Azərbaycanda
neft insanların rifah halının yaxşılaşmasına
xidmət göstərir. Çünki indi
yoxsulluğun, işsizliyin azaldılması bunun bariz nümunəsidir.
Neftlə zəngin olan ölkələrdə bəzi
hallarda işsizlik baş alıb gedir. Səfalət,
sosial ədalətsizlik və digər problemlər o ölkələrin
cəmiyyətlərində ciddi hal alır. Amma Azərbaycanda neft insanların rifahına, ölkəmizin
inkişafına xidmət göstərir.
Balaxanı və Bibiheybət
dünyanın ən qədim neft mərkəzidir. Dünyada neft
hasilatı buradan başlayıb. İndi
Bibiheybət qəsəbəsində də oxşar layihə
icra edilir. Biz orada, ilk növbədə,
Bibiheybət buxtasını təmizlədik. Yadınızdadır nə gündə idi? Adam baxanda dəhşətə gəlirdi - qapqara,
bütün torpaq qara, dəniz qara, o buruqlar, o dirəklər
hamısı qara və elə bil ki, ekoloji fəlakət
zonası idi. Amma indi orada park
salınıb. Biz Avropa Oyunlarının bəzi
yarışlarını orada keçirdik. İndi marafon oradan başlayır. Orada incəsənət və idman şəhərcikləri,
ölkəmizin ən böyük Su İdmanı Sarayı,
bulvar yaradılıb. İkinci mərhələdə
isə Bibiheybət qəsəbəsinin
abadlaşdırılmasıdır. Orada da
işlər gedir. Nə yerdərdir işlər?
"Bakı Abadlıq Xidməti”
MMC-nin baş direktoru Bünyad Qasımov: Cənab Prezident,
Bibiheybət sözsüz ki, miqyas nöqteyi-nəzərdən
buradan balacadır. Qəsəbənin
yarısından çox hissəsi artıq
abadlaşdırılıb. Hazırda bir
küçəmiz qalıb. Orada da
kanalizasiya işləri görülüb, bütün elektrik
xətləri yerin altına salınıb.
Prezident İlham
Əliyev: Ora da
hazır olanda mənə deyin, gedib baxarıq. Bəli,
Balaxanı və Bibiheybət dünyanın ən qədim
neft mərkəzləridir. O vaxt Bibiheybətdə mən
göstəriş verdim, dedim bütün dünya bilməlidir
ki, birinci neft quyusu burada qazılıb. Amma bunu əks
etdirən hər hansı bir abidə var, yoxdur? Ona görə təklif etdim ki, orada qədim əşyalardan,
tikinti materiallarından abidə kimi neft buruğunun maketi
yaradılsın. İndi xaricdən gələn
qonaqlar görürlər ki, dünyanın ən qədim neft
quyusu harada qazılmışdır, əlbəttə ki, bu
yerdə. Mən bu yaxınlarda demişəm, əgər
o vaxt Azərbaycan müstəqil olsaydı, əgər o vaxt o
neft bizim xalqımıza çatsaydı, bu gün biz
dünyanın ən zəngin ölkəsi ola
bilərdik. Amma biz müstəqilliyimizi bərpa edəndə
Balaxanı, Bibiheybət ekoloji fəlakət şəraitində
idi və bizim xalqımıza nə verdi? Bu, artıq ritorik sualdır. Ona
görə bu gün biz bu yerləri ekoloji fəlakət
zonalarından ekoloji cənnət zonalarına çevirməliyik
və bunu edirik.
Ağsaqqal, xahiş edirəm,
mənim salamlarımı bütün ağsaqqallara
çatdırın. Siz də bütün gənclərə,
bütün qadınlara, Balaxanının bütün sakinlərinə
salamlarımı çatdırın. Bir
daha demək istəyirəm, şadam ki, bu işlər
artıq başa çatmaq üzrədir. Sağ olun.
Elçin Rikabov: Səmimi qəlbdən Sizə
minnətdarıq. Cəmiyyət arasına
çıxırıq, balacasından böyüyünədək
hamısı deyir ki, Allah Sizə cansağlığı
versin. İnanın, hər biri bu sözləri
özünə uyğun ləhcədə deyir, rəsmi yox.
Birinci xanım
Mehriban Əliyeva: Bütün sakinlərə bizim dərin hörmətimizi
və salamlarımızı çatdırın. Sağ olun.
Sakinlər: Sağ olun, minnətdarıq.
Azərbaycan.- 2020.- 24 sentyabr.- S.1; 2.