Azərbaycan
gücündən istifadə edərək ərazi
bütövlüyünə nail olacaq
İlham
Əliyev ölkəmizin qətiyyətli mövqeyini bir daha
dünya ictimaiyyətinin diqqətinə çatdırdı
Ermənistan işğal siyasətini
davam etdirməklə Cənubi Qafqazda ciddi təhdidlər
yaradır. İşğalçı ölkə beynəlxalq
hüquqa qarşı olduğunu da nümayişkaranə
şəkildə meydana qoyur. Beynəlxalq qurumların isə
məsələ ilə bağlı müvafiq addımlar
atmaması vəziyyəti daha da kəskinləşdirir,
BMT-nin qərarlarının kağız üzərində
qalması təhlükənin miqyasını artırır.
Azərbaycan hələlik beynəlxalq hüquqa sadiq qalaraq Ermənistanla
olan problemin danışıqlar yolu ilə həllini istəyir.
BMT Baş Assambleyasının 75-ci
Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə
həsr edilmiş Yüksək Səviyyəli iclasında Azərbaycan
Prezidenti İlham Əliyev bu xüsusda deyib: "Təcavüzkar
ritorika və təxribatlar Ermənistanın Azərbaycana
qarşı yeni təcavüzə hazırlaşdığını
nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti
Ermənistanın növbəti hərbi təcavüzdən
çəkindirilməsinə dəvət edirik. Təxribatların
baş verməsinə və gərginliyin
artırılmasına görə məsuliyyət Ermənistanın
hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
və BMT Təhlükəsizlik Şurasının qətnamələri
əsasında həll edilməlidir”.
Bununla Prezident İlham Əliyev
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
ölkəmizin qətiyyətli mövqeyini bir daha dünya
ictimaiyyətinin diqqətinə çatdırdı.
Digər tərəfdən, həm
Ermənistana, həm də onun havadarlarına mesaj verdi ki, Azərbaycan
bundan sonra da qətiyyətli mövqeyindən geri çəkilməyəcək,
beynəlxalq hüququn yaratdığı bütün
imkanlardan istifadə edərək ərazi
bütövlüyümüzün təmininə nail olacaq.
Azərbaycan danışıqlar
prosesində həmişə ədalətli, prinsipial və
beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş
etdirib. Bu dəyişməz mövqeyi Prezident İlham
Əliyev xarici ölkələrə səfərlərində,
eləcə də ölkəmizə gələn nüfuzlu
beynəlxalq təşkilatların və dövlətlərin
rəhbərlərinin diqqətinə dəfələrlə
çatdırıb. Rəsmi Bakı münaqişənin məhz
beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların
qərar və qətnamələri əsasında həllinin
tərəfdarı kimi çıxış edir.
İşğal faktı ilə
barışmayacağını hər zaman bəyan edən Azərbaycan
danışıqların sonadək nəticəsiz
qalacağı təqdirdə münaqişənin həllində
güc yoluna əl atacağını gizlətmir.
Ermənistan və Azərbaycan
arasında 1994-cü il mayın 12-də atəşkəs
rejiminin tətbiqini nəzərdə tutan Bişkek müqaviləsinin
imzalanmasından 26 il keçsə də, Yerevanın
qeyri-konstruktiv, təcavüzkar siyasəti üzündən
münaqişəni dinc yolla tənzimləmək cəhdləri
hələ ki fayda verməyib. Keçən illərdə
ATƏT-in Minsk qrupunun həmsədrlərinin (ABŞ, Fransa,
Rusiya) vasitəçiliyi ilə aparılan
danışıqlar prosesi bir neçə dəfə problemin
real həlli müstəvisinə yönəlsə də, Ermənistan
rəhbərliyinin aşkar siyasi cığallığı və
siyasi qətiyyətsizliyi üzündən sülhə gəlmək
mümkün olmayıb. Ermənistanın təcavüzkar
dövlət olmasına, işğalçılıq siyasəti
yürütməsinə açıq-aşkar göz yumulur.
Bu, bir yana, "demokratiya carçıları” Azərbaycandakı
müsbət meyillərə kölgə salmağa
çalışdıqları halda, təcavüzkar dövlətin
daxilində cərəyan edən antidemokratik proseslərə,
dövlətin antihumanist, insanlığa qarşı yönəlmiş
zorakı addımlarına da göz yumurlar.
Beləliklə, Prezident İlham
Əliyevin çıxışı bir daha beynəlxalq ali
tribunadan Ermənistanın işğalçılıq siyasətinin
ifşa edilməsi kimi xarakterizə oluna bilər. Eləcə
də dövlət başçısı hazırkı mərhələdə
yeni torpaqların işğalı üçün hərbi-siyasi
hazırlıq içərisində olan Ermənistanda Azərbaycana
münasibətin nifrət üzərində qurulduğunu
bildirərək qeyd etdi ki, təcavüzkar ritorika və təxribatlar
Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə
hazırlaşdığını nümayiş etdirir.
Təbii ki, Ermənistanın istənilən
addımı cavabsız qalmayacaq. Bu baxımdan Prezident
İlham Əliyev həm də işğalçıya xəbərdarlıq
etdi. Əl atacağı istənilən hərbi təxribata
görə Ermənistan böyük fəlakət
yaşayacaq.
Elçin
CƏFƏROV
Azərbaycan.- 2020.-24 sentyabr.- S.1; 4.