Regional əməkdaşlığa mühüm
əhəmiyyət verən Azərbaycan pandemiya
zamanı da təchizat axınını
dayandırmayıb
Sentyabrın 23-də Xarici
İşlər naziri Ceyhun Bayramov Açıq dənizə
çıxışı olmayan inkişaf etməkdə olan
ölkələrin videokonfrans formatında keçirilən
illik Nazirlər görüşündə iştirak edib.
AZƏRTAC xəbər verir ki, açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupuna sədrlik edən Qazaxıstanın təşəbbüsü ilə "COVID-19 dövründə Vyana Fəaliyyət Proqramının sürətləndirilmiş şəkildə həyata keçirilməsi və Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə davamlı inkişafa nail olmaq üçün tərəfdaşlıq” mövzusunda keçirilən görüşün açılış sessiyasında Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi, BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır və BMT-nin Baş katibi Antonio Quterreşin çıxışları dinlənilib.
Nazirlər görüşünün ümumi müzakirələrində 28 ölkə və beynəlxalq təşkilatın nümayəndəsi iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov COVID-19 ilə mübarizə çərçivəsində Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər, eləcə də bu xüsusda qlobal müstəvidə səylərin gücləndirilməsi üçün Azərbaycanın verdiyi töhfələr barədə danışıb. Pandemiya zamanı Azərbaycanın regional əməkdaşlığa mühüm əhəmiyyət verərək təchizat axınını dayandırmadığı vurğulanıb.
Nazir Ceyhun Bayramov tərəfindən Azərbaycanın bölgədaxili və bölgələrarası nəqliyyat əlaqələndirmə layihələri, o cümlədən Avrasiya məkanı boyunca tranzit imkanlarını artırmağı hədəf alan əsas infrastruktur layihələri, eləcə də ölkəmizdə nəqliyyat infrastrukturunun modernləşdirilməsi barədə məlumat verilib.
Çıxışının sonunda nazir Ceyhun Bayramov tədbir iştirakçılarının diqqətini Ermənistanın cari ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədində hərbi təxribatına cəlb edərək, bu ölkənin silahlı qüvvələrinin Azərbaycanın mühüm enerji və nəqliyyat infrastrukturunu hədəf aldığını vurğulayıb. Bu infrastrukturun yalnız Azərbaycanın iqtisadi davamlılığı üçün deyil, geniş Avrasiya bölgəsi üçün əhəmiyyət kəsb etdiyi iştirakçıların nəzərinə çatdırılıb. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupu sözügedən ölkələrin səmərəli tranzit əməkdaşlığını təşviq etmək, bununla da onların dünya iqtisadiyyatına inteqrasiyasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına töhfə vermək məqsədilə yaradılıb. Qrupda Azərbaycan da daxil olmaqla, 32 ölkə təmsil olunur.
Azərbaycan.- 2020.- 24 sentyabr.- S.3.