Azərbaycan və Özbəkistan deputatları
arasında videokonfrans keçirilib
Sentyabrın 23-də Milli Məclisin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Özbəkistan Ali Məclisinin Azərbaycanla əməkdaşlıq üzrə dostluq qrupunun üzvləri ilə birgə videokonfrans keçiriblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə videokonfransın təşəbbüskarı olan Özbəkistan Ali Məclisinin təmsilçisi – Qanunvericilik Palatasının Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Dilorom Fayziyeva ölkələrimiz və xalqlarımız arasında mövcud olan tarixi, ədəbi, mədəni, iqtisadi əlaqələrdən söz açdı. O, dövlət müstəqilliyi dövründə bu əlaqələrin daha da genişlənərək yeni keyfiyyət qazandığını, möhkəmləndiyini vurğuladı, xalqlarımızın bir-birinə dostluq və qardaşlıq münasibətləri bəslədiyini qeyd etdi.
Parlamentlərarası əlaqələrin intensivləşməsinin, qanunvericilik sahəsində təcrübə mübadiləsinin, beynəlxalq qurumlarda əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirən Dilorom Fayziyeva vurğuladı ki, beynəlxalq təşkilatlarda Azərbaycanın güclü və müstəqil yeri var.
Sonra Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov videokonfrans formatında onlayn görüş imkanına görə özbək həmkarlarına təşəkkürünü çatdırdı. O, iki ölkənin qanunverici orqanları arasındakı əlaqələrdən, qarşılıqlı səfərlərdən, dostluq qruplarının fəaliyyətindən söz açdı, indiyədək işçi qrupların üzvləri arasında 10-dan çox görüş keçirildiyini vurğuladı. Deputatlarımızın İslam Əməkdaşlıq Təşkilatı, MDB, GUAM, BMT, ATƏT, TÜRKPA, AŞPA və digər beynəlxalq qurumlarda yaxından əməkdaşlıq etdiyini, bir-birinin mövqeyini dəstəklədiklərini bildirdi.
Eldar İbrahimov məmnunluqla qeyd etdi ki, Özbəkistan ardıcıl olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə siyasi həllinə tərəfdar çıxır. Bildirdi ki, indiyədək ölkələrimiz arasında 100-dən çox dövlətlərarası və hökumətlərarası müqavilə imzalanıb. Çoxtərəfli əməkdaşlığın inkişaf edib genişlənməsində dövlət başçılarının, həmçinin parlament sədrlərinin qarşılıqlı səfərlərinin və beynəlxalq sammitlərdəki görüşlərinin xüsusi rolu var. Bu il Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur.
Sonra videokonfransda Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi perspektivlərinə dair fikirlərini açıqladılar, təkliflərini diqqətə çatdırdılar.
Videokonfransda Azərbaycan parlamentinin deputatları Azay Quliyev və Ziyad Səmədzadə, Özbəkistan parlamentinin deputatları Adxan Şadmanov, Oydin Abdullayeva və Abdullo Aslonov fikirlərini bölüşdülər. Qarşılıqlı maraq doğuran bir sıra təkliflər irəli sürüldü.
Təkliflərdə vurğulandı ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin artırılması, iqtisadi əlaqələrin güclənməsi, investisiyaların təşviqi, biznes forumların təşkili, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və digər sahələrdə geniş perspektivlər var.
Bütün çıxışlarda pandemiyanın tezliklə bitməsi və canlı görüşlərin keçirilməsinə imkan yaranması arzusu səsləndi.
Videokonfransda Milli
Məclisin deputatlarından Özbəkistanla parlamentlərarası
əlaqələr üzrə işçi
qrupunun üzvləri Musa
Quliyev, Elman Nəsirov
və Cavanşir Paşazadə, həmçinin
Özbəkistan parlamenti tərəfdən
Azərbaycanla dostluq qrupunun
üzvləri Farxod Bokiyev
və Odiljon İminov
da iştirak edirdilər.
Azərbaycan.-
2020.-24 sentyabr.- S.6.