İslahatların
daha da dərinləşməsinin tərəfdarıyıq
Abutalıb Səmədov:
"Prezident İlham Əliyevin apardığı
düzgün siyasəti dəstəkləyirik”
Son dövrlər həyata
keçirilən islahatlar cəmiyyətimizin bütün
sferalarında pozitiv yeniliklərə gətirib
çıxarıb.
İslahatların həmçinin
siyasi sferada da yeni konfiqurasiyanın formalaşmasına səbəb
olması əsas reallıqlardan biridir. Bu baxımdan hakimiyyətlə
müxalifət arasında yeni dialoq mühitinin yaranması,
müxalifət təmsilçilərinin parlament idarəçiliyində
iştirakçılıq imkanlarının
artırılması respublikamızın siyasi həyatının
mühüm hadisələri kimi nəzərdən
keçirilir. Azərbaycan Naminə Alyans Partiyasının sədri
Abutalıb Səmədovla söhbətimiz də bu barədədir.
Bu,
iqtidar-müxalifət münasibətlərinin
inkişafına gətirib çıxaracaq
Abutalıb Səmədov öncə
onu bildirdi ki, Azərbaycanda siyasi sistemin yeni
konfiqurasiyasının formalaşdırılması ideyası
Prezident İlham Əliyevə və onun yeni
administrasiyasına məxsusdur: "Bu istiqamətdə ilk
addımlar atılsa da, koronavirus pandemiyası uğurlu
başlayan və cəmiyyətin böyük marağına səbəb
olan bu prosesi bir qədər ləngitdi. Yeni siyasi
konfiqurasiyanın mahiyyəti, formalaşmaqda olan düzənin
özəllikləri barədə ən düzgün, mötəbər
sözü şübhəsiz ki, Prezident İlham Əliyev və
administrasiyanın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti
ilə əlaqələr şöbəsinin müdiri Ədalət
Vəliyev deyə bilər.
Mənim düşüncəmə
görə, qarşıya qoyulan əsas məqsəd bir tərəfdən,
xarici qüvvələr tərəfindən idarə olunan
"5-ci kolon” siyasi partiyalarının siyasi proseslərin
normallaşmasına mane olan düşmənçilik fəaliyyətinin
qarşısını almaq, digər tərəfdən,
hakimiyyətə münasibətindən asılı olmayaraq
dövlətçilik naminə fəaliyyət göstərmək
istəyən partiyaların normal işləməsi, müxtəlif
sahələri əhatə edən islahatlarda daha aktiv
iştirakının təmin olunması üçün hər
cür şəraiti yaratmaqdır”.
Partiya sədri onu da qeyd etdi ki, son
dövrlər müxalif mövqedə dayanan bir neçə
siyasi partiyanın qeydiyyatdan keçirilməsi, administrasiyada
müxalifət liderləri ilə keçirilən müzakirələr
hakimiyyətin bu istiqamətə - siyasi partiyaların
islahatların keçirilməsində yaxından
iştirakının təmin olunmasına nə qədər
böyük əhəmiyyət verdiyini göstərir:
"Ümid edirəm ki, başlanan proseslər müvəffəqiyyətlə
başa çatacaq və bu addımlar iqtidar-müxalifət
münasibətlərinin daha yüksək səviyyəyə
qalxmasına, siyasi partiyaların siyasi sistemdə layiq
olduğu yeri tutmasına, müxtəlif istiqamətlərdə
keçirilən islahatların aparılmasında yaxından
iştirakına gətirib çıxaracaq”.
Təşəbbüs
və təkliflər ardıcıl olaraq Prezident
Administrasiyasına təqdim edilir
Bu prosesdə, ümumiyyətlə,
cəmiyyətin müasirləşən siyasi həyatında
Azərbaycan Naminə Alyans Partiyasının hansı təşəbbüslərlə
və təkliflərlə çıxış etməsinə
gəldikdə qeyd olundu ki, partiyanın kifayət qədər
yeni təşəbbüs və təklifləri var və
onlar ardıcıl olaraq Prezident Administrasiyasına təqdim
edilir: "Bu təkliflər içərisində proporsional
seçki sisteminin bərpasından tutmuş inzibati ərazi
quruluşunun dəyişdirilməsinə, yeni paytaxtın
salınmasına, Dağlıq Qarabağ probleminin həllinə
əhalinin yaxından cəlb olunmasına, kütləvi
informasiya vasitələrinin işinin yenidən təşkilinə,
internet televiziya kanalları sahəsində vəziyyətin təkmilləşdirilməsinə
qədər təşəbbüslər var”.
Abutalıb Səmədovun sözlərinə
görə, yeni siyasi konfiqurasiyanın formalaşması ilə
əlaqədar siyasi partiyaların yaxından təmsil
olunduğu Prezident yanında Məşvərətçi
Dövlət Şurasının yaradılması və bu
şurada dövlət həyatının ən mühüm məsələlərinin
müzakirə olunması bir tərəfədən dialoqdan
imtina edən və xarici qüvvələrin təsiri
altında olan partiyaların qaragüruh fəaliyyətinin
qarşısının alınmasına, digər tərəfdən
dövlətçilik mövqeyində dayanan partiyaların
nüfuzunun artmasına xidmət edərdi. "İnanıram
ki, karantin bitdikdən sonra bu istiqamətdə cəsarətli
addımlar atılacaq və dialoqun tanışlıq, xırda
problemlərin həlli mərhələsi ilə bitəcəyini
iddia edənlərin nə qədər yanlış
düşündüyü sübut olunacaq”, - deyə partiya sədri
bildirdi.
Abutalıb Səmədov Azərbaycan
Naminə Alyans Partiyasının iqtidara, onun fəaliyyətinə,
siyasətinə, apardığı islahatlara münasibətdə
hansı mövqedə olmasına da aydınlıq gətirdi.
Bildirdi ki, rəhbərlik etdiyi partiya 1994-cü ildə təsis
edilib və yarandığı gündən Ulu Öndər
Heydər Əliyevin siyasi kursunun ən aktiv müdafiəçilərindən
olub: "Partiyamız 1994-cü ilin oktyabr və 1995-ci ilin mart
dövlət çevrilişi cəhdlərinin
qarşısının alınması üçün əlindən
gələni edib. Biz bu gün də Heydər Əliyev siyasi
kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin
apardığı son dərəcə düzgün siyasəti
dəstəkləyirik və ona yardımçı olmaq
üçün əlimizdən gələni etməyə
çalışırıq. İslahatlara gəldikdə isə,
biz müxtəlif sahələri əhatə edən yeniləşmənin
daha da dərinləşməsinin tərəfdarıyıq.
Düşünürük ki, iqtisadi sahədə
sahibkarlığın inkişafı, bank sektorunun yenidən
qurulması, kənd təsərrüfatında daha yüksək
məhsuldarlığın təmin olunması və
regionların inkişafı üçün qətiyyətli
addımlar atılmalıdır. İnzibati-ərazi
bölgüsünə yenidən baxılmalı və idarəçilikdə
səmərəliliyin təmin olunması üçün
yeni inzibati-ərazi vahidi - vilayətlər yaradılmalı,
heç bir işlə məşğul olmayan aparat
işçiləri kəskin şəkildə ixtisar
olunmalıdır. Son dərəcə şişmiş mərkəzi
icra hakimiyyəti orqanlarında zəruri ixtisarlar
aparılmalı, nazirliklərin, dövlət komitələrinin
sayı azaldılmalıdır”.
"5-ci
kolon” partiyaları yavaş-yavaş sıradan
çıxır
Bu gün ən mühüm məsələlərdən
biri də müxalifətin yeniləşən siyasi sistemin
çağırışlarına cavab verə bilməsi ilə
bağlıdır. Bu barədə fikirlərini
bölüşən Abutalıb Səmədov dedi: "Hər
bir dövlətin siyasi sistemində müxalifət
mühüm yer tutur. Sevindirici haldır ki, özünü əsas
müxalifət hesab edən "5-ci kolon” partiyaları
yavaş-yavaş sıradan çıxır və onların
yerini dövlətçilik mövqeyində dayanan qüvvələr
tuturlar. Müxalifət iqtidarın alternatividir və onun əsas
işi alternativ proqramlar ortaya qoymaq, hakimiyyətin
yalnış hesab etdiyi addımlarını tənqid etmək
və konstruktiv təkliflər, ideyalar ortaya qoymaqdır. Son
zamanlar bu cür müxalifətin ortaya çıxma əlamətləri
hiss olunur. Ənənəvi müxalifət isə öz
işindədir. Hakimiyyətə gəlmək
üçün tələb olunan keyfiyyətlərə -
intellekt, xarizma, insanları öz arxasınca aparmaq
bacarığı, vətənpərvərlik və s.
olmadığına görə onlar xalqın vəziyyətinin
ağırlaşmasını, iqtisadi vəziyyətin çətinləşməsini,
koronavirusun böyük fəlakətlər gətirməsini
arzulayır və mövcud vəziyyəti, problemləri dəfələrlə
şişirdərək niyyətlərinə çatmağa
ümid edirlər. Bu qruplar dövlətçilik mövqeyində
dayanan, dövlətə qarşı deyil, hakimiyyətə
qarşı müxalifətdə olan siyasi partiyaları təhqir
edir, onları ləkələməyə, bütün vasitələrlə
yollarını kəsməyə çalışırlar. Bu
cür davranışı özünə rəva bilən
partiyaların və siyasi liderlərin bundan sonra dəyişəcəyinə
qətiyyən inanmıram, lakin onların tədricən
sıradan çıxacağına əminəm”.
Partiya sədri qeyd etdi ki,
özünü sağlam siyasi proseslərdən təcrid edən,
marginallaşan radikal müxalifət partiyaları və
qurumlar xarici qüvvələrin tam nəzarətindədir və
onların Azərbaycanda heç bir perspektivi yoxdur:
"Düşünürəm ki, koronavirus pandemiyası bu
partiyalara böyük zərbə vurdu və onların mahiyyətini
açıb xalqa göstərdi. Özünü
"Demokratik Qüvvələrin Milli Şurası”
adlandıran qurumun rəhbərliyinə daxil olan şəxslərin
video-konfrans formatında keçirdikləri "siyasi
müzakirələrin” respublika ictimaiyyətinə təqdim
olunan hissələrində söylənilən iyrənc
iddialar məni qətiyyən təəccübləndirmədi.
Mən, hakimiyyətə iddia edən, gecə-gündüz
Prezident İlham Əliyevi tənqid edən və ona "yol
göstərmək” həvəsinə düşən bu
"siyasi xadimlərdən” normal heç nə gözləmirəm.
Xalqın böyük əksəriyyəti də belə
düşünür və onların hay-küylə elan
etdikləri mitinqlərə insanların əhəmiyyət
verməməsi görünür bununla bağlıdır.
Gah "üzdəniraq”
adlandırdıqları azlıqların, gah da iribuynuzlu
mal-qaranın "cinsi məsələlərini” müzakirə
edən, siyasi liderlərə "badalaq vurmağın”, onlara
xidmət etməyən KİV-i sıradan
çıxarmağın "yollarını axtaran” şəxslərə
xalqın dəstək verməsi mümkün deyil”.
Əhalinin
sağlamlığını qorumaq üçün
görülən işlər öz bəhrəsini verdi
Partiya sədri ilə koronavirus
pandemiyasına qarşı aparılan mübarizə barədə
də söhbətləşdik. Abutalıb Səmədov dedi
ki, ilk günlərdən Azərbaycan dövləti Prezident
İlham Əliyevin rəhbərliyi altında vaxtında və
düzgün addımlar atdı: "Əhalinin
sağlamlığını qorumaq üçün
görülən işlər öz bəhrəsini verdi.
Bütün dünya, ilk növbədə, Ümumdünya Səhiyyə
Təşkilatı vətəndaşları qorumaq
üçün Prezidentimiz tərəfindən görülən
işlərə yüksək qiymət verdi, digər ölkələrə
nümunə göstərdi. Bundan sonra COVID-19-a qarşı
mübarizədə meydana gələn müsbət
tendensiyaları, vətəndaşlarımızın normal həyat
tərzinə qayıtmaq istəyini və bütün
dünyada yumşalma istiqamətində atılan
addımları nəzərə alan dövlət orqanları
karantin rejiminin yumşalması barədə qərar verdi.
Çox böyük təəssüf
hissilə qeyd etmək lazımdır ki, dövlət vətəndaşları
qorumaq üçün hər şeyi etsə də, vətəndaşlarımız
arasında COVID-19-un nə qədər təhlükəli
olduğunu anlamaq istəməyənlər, infeksiyadan qorunma tədbirlərinə
məhəl qoymayanlar hələ də var”.
Abutalıb Səmədovun sözlərinə
görə, dünya ölkələrinin daha çox
özünəqapanma yolu seçərək COVID-19 virusuna
qarşı mübarizə apardığı və beynəlxalq
təşkilatların fəallığının
aşağı düşdüyü məqamda Azərbaycan
Prezidentinin təşəbbüsü ilə Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının və Qoşulmama Hərəkatının
Sammitinin keçirilməsi dünyada mühüm hadisə
kimi qiymətləndirildi. Xüsusilə, Qoşulmama Hərəkatına
üzv ölkələrin ağır problemlərlə
üz-üzə olduqları bir zamanda Təmas Qrupuna daxil olan
dövlət rəhbərlərinin Prezident İlham
Əliyevin təşəbbüsünə yekdilliklə dəstək
verməsi Azərbaycanın və onun rəhbərinin beynəlxalq
miqyasda yüksək nüfuza malik olduğunu bir daha
nümayiş etdirdi. "Qoşulmama Hərəkatının
onlayn Zirvə görüşündə Prezident İlham
Əliyev çıxış edərək qlobal həmrəyliyin
daha yüksək səviyyədə nümayişinə
ehtiyac olduğunu xüsusilə vurğuladı. Onlayn iclasda
son dərəcə mühüm təşəbbüslə
çıxış edən dövlət
başçımız beynəlxalq həmrəyliyin nümunəsi
kimi pandemiya ilə mübarizə məqsədilə BMT
Baş Assambleyasının dövlət və hökumət
başçıları səviyyəsində videokonfrans vasitəsilə
xüsusi sessiyasının keçirilməsini təklif etdi.
Sessiyanın çağırılması üçün 97
ölkənin lehinə münasibət bildirməsi kifayət
etdiyi halda, Prezidentimizin təşəbbüsünə 130-a qədər
ölkənin dəstək verməsi və bu
sessiyasının keçirilməsi beynəlxalq ictimaiyyət
tərəfindən ölkəmizə və cənab İlham
Əliyevə olan böyük ehtimadın və hörmətin
növbəti göstəricisidir”, - deyə Abutalıb Səmədov
bildirdi.
Abutalıb Səmədovun ölkəmizdə
həyata keçirilən korrupsiyaya qarşı mübarizə
tədbirləri barədə fikirlərini də öyrəndik.
Partiya sədrinin sözlərinə görə, bir neçə
rayonun icra hakimiyyəti başçılarının həbsi,
ayrı-ayrı dövlət orqanlarında aparılan əməliyyatlar
Azərbaycan Prezidentinin icra strukturlarını iflic edən
korrupsiya hallarına qarşı ən kəskin addımlar
atmaq qətiyyətini nümayiş etdirdi: "Dövlət
başçısının vəzifəyə təyinat
zamanı verdiyi tövsiyələrdən, dəfələrlə
etdiyi xəbərdarlıqlardan nəticə
çıxarılmaması bu cür ağır qərarların
verilməsini məcburi etmişdir. Uzun müddət rəhbər
vəzifələrdə xidmət göstərən, dövlət
tərəfindən təltif olunan insanların həbs olunaraq
cinayət məsuliyyətinə cəlb edilməsi Prezident
İlham Əliyevin dövlətin, xalqın maraqlarını
hər şeydən üstün tutduğunu göstərdi.
Bütövlükdə, yüksək vəzifə tutan şəxslərin
həbs olunması göstərdi ki, Prezident İlham Əliyev
korrupsiyaya qarşı müharibə elan etmişdir. Bu vəziyyətdə
hər bir siyasi partiyanın borcu bu mübarizədə
dövlət başçısının yanında
olmaqdır”.
Ölkədə son vaxtlar iqtisadi
sferada atılan addımlara da toxunan partiya sədri bildirdi ki,
yeni iqtisadi islahatları dövlətimiz və xalqımız
üçün son dərəcə dəyərli hesab edir:
"İnanırıq ki, yaxın vaxtlarda bu istiqamətdə
atılan yeni addımlar öz bəhrəsini verəcək.
Bu kimi tədbirlər iqtisadi potensialımızın
artmasına, əhalinin sosial müdafiəsinin yüksək səviyyədə
təmin olunmasına gətirib çıxaracaq”.
Söhbəti
yazdı:
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-
2020.- 24 sentyabr.- S.1; 6.