İlkin olaraq əhalinin 20 faizinə peyvənd vurulması epidemioloji vəziyyətə effektiv nəzarət üçün kifayət edər

 

"Ötən ilin sonundan etibarən dünyaya sürətlə yayılan SARS-CoV-2 virusuna görə yaranmış pandemiya əksər ölkələrin səhiyyə iqtisadi sistemlərini böhran vəziyyətinə salıb.

Pandemiya davam etdiyi müddətdə bir çox sərt karantin tədbirləri və müalicə metodları tətbiq edilsə də, güclü mübarizə sistemləri hələ hazır deyil. Yoluxucu xəstəliklərə səbəb olan digər viruslardan fərqli olaraq SARS-CoV-2 virusu gec mutasiya olur, lakin yoluxdurucu gücü artır. Bu vəziyyətdə epidemioloji vəziyyətə nəzarət edə bilmək üçün daha yumşaq karantin tədbirləri və əhalinin hədəf qruplarının vaksinasiyası vacib olur”.

AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olunan iclasında deyib.

Onun sözlərinə görə, vaksinasiya üçün ölkənin tələbi üzrə hesablamalar göstərir ki, əhalinin ilkin olaraq 20 faizinə peyvəndin vurulması epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə bilər. Lakin vaksinlər üzrə vacib tələblər də mövcuddur. Belə ki, vaksinlər effektiv və təhlükəsiz olmalıdır. Vaksin virusa qarşı ən azından 50-70 faiz qoruyuculuq qabiliyyətində olmalıdır. Həmçinin vaksinin kənar mənfi təsirləri minimum səviyyədə olmalıdır.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, vaksinlərin əldə edilməsi üçün iki istiqamət mümkündür. Birinci istiqamət vaksinlərin Azərbaycanda istehsalıdır. Vaksinlərin qısa müddət ərzində hazırlanaraq Azərbaycanda istehsal edilməsi imkanı faktiki olaraq mümkün deyil. İkinci istiqamət istehsalçılarla ikitərəfli danışıqlar və çoxtərəfli platformalarda iştirakdır. Əhalinin 20 faizinin vaksinasiya edilməsi üçün yaranan tələbin həm istehsalçılarla ikitərəfli əlaqələr, həm də çoxtərəfli platformalarda iştirak vasitəsilə qarşılanması məqsədəuyğundur.

TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva GAVI CEPI və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yaradılmış COVAX təsisatının əsas məqsədinin COVID-19-la mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və əlçatanlıq imkanı yaratmaq olduğunu bildirib. Ən son məlumatlara əsasən, hazırda dünya əhalisinin 2/3 hissəsini əhatə edən 172 ölkə bu təşəbbüsə qoşulub. Onlardan 85 ölkə daha yüksək gəlir səviyyəsinə sahib özünü maliyyələşdirə bilən ölkələrdir. COVAX Təsisatının portfelində hazırda 9 vaksin layihəsi mövcuddur. Bu namizədlərdən 8-i hazırda klinik sınaq mərhələsindədir.

İşçi qrupun üzvü Samir Vəliyevin sözlərinə görə, COVAX təsisatında iştirak üçün iki variant təklif olunur. Həmin variantlar hüquqi mahiyyət baxımından oxşar olsalar da, ilkin ödəniş, satış şərtləri və alıcının üzərinə məcburi satınalma yükünün qoyulması baxımından fərqlənir. Öhdəlikli satınalma alıcının üzərinə vaksinlərin mütləq alınması öhdəliyi qoysa da, daha az ilkin ödəniş tələb olunur. Seçim imkanlı satınalma isə alıcıya vaksinin alınmasında seçim imkanı versə də, ilkin ödəniş, maliyyə zəmanəti və s. kimi digər şərtlər irəli sürülür. Azərbaycan tərəfindən COVAX Təsisatında iştirak üçün öhdəlikli satınalma müqaviləsi seçilib. Müqavilə üzrə Azərbaycan əhalisinin 10 faiz hissəsinin çoxtərəfli formatla vaksinlər əldə etməsi razılaşdırılıb. GAVI tərəfindən bir doza vaksinin orta qiyməti 1.60 ABŞ dolları kimi proqnozlaşdırılır. Hər bir doza üçün isə hər şey daxil olmaqla cəmi məbləğ 10,55 ABŞ dolları kimi hesablanıb. 10 milyon 112 min nəfər əhalinin 10 faiz hissəsi üçün iki dozalıq vaksin sifarişi üzrə yekun ödəniş 21 milyon 336 min 320 ABŞ dollarıdır. Öhdəlikli satınalma variantında ilkin ödəniş daha azdır. Müqavilə şərtlərinə görə, hökumət və ya Mərkəzi Bank tərəfindən maliyyə təminatı verilməlidir.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvləri vaksinasiya məsələlərinə dair təqdimatı yüksək qiymətləndirib və ayrılan vəsaitlərin kifayət qədər əsaslı olduğunu bildiriblər. Onlar təqdimatda risklərdən qorunma məsələlərinin də öz əksini tapdığını vurğulayıblar. Şuranın üzvləri vaksinlərin alınması üçün vəsaitin ayrılmasını dəstəkləyiblər.

 

Azərbaycan.- 2020.- 24 sentyabr.- S. 7.