Azərbaycanın ərazi bütövlüyü
heç vaxt danışıqlar mövzusu olmayıb və
olmayacaqdır
Sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümumi debatlarda videoformatda çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
Cənab Sədr.
Cənab Baş katib.
Hörmətli dövlət və hökumət başçıları.
Mən BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri cənab Volkan Bozkırı bu vəzifəyə seçilməsi münasibətilə təbrik edirəm. Qardaş Türkiyənin nümayəndəsinin belə mötəbər vəzifəyə seçilməsi bizi məmnun etdi. Sizi əmin etmək istəyirəm ki, bu məsuliyyətli və şərəfli işinizdə Azərbaycan sizi dəstəkləməkdən ötrü səylərini əsirgəməyəcək.
Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinə əsasən, "sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan isə sülh mümkün deyil”. Dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalıdır. Beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməlidir.
Azərbaycan ərazisinin təqribən 20 faizi 30 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq etmiş, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etmişdir. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bütün azərbaycanlı əhali işğal edilmiş ərazilərdən qovulmuşdur. Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir. Torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaratmışdır.
1992-ci ildə Ermənistan Xocalı soyqırımını törətmişdir ki, onun nəticəsində Xocalının 106-sı qadın və 63-ü uşaq olmaqla 613 dinc sakini qətlə yetirilmişdir. Ondan artıq ölkə Xocalı soyqırımını tanımışdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır.
Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır. Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur.
Qeyri-qanuni məşkunlaşdırma 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, müharibə cinayətidir. Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz.
Bugünkü Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni miras dağıdılmış və talan edilmişdir. Ermənistan işğal edilmiş ərazilərimizdə də Azərbaycanın tarixi və dini abidələrini dağıtmışdır. Məqsəd isə orada azərbaycanlıların bütün izlərini silməkdir.
Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz olaraq təbii ehtiyatları istismar edir və süni ekoloji böhran yaratmaq məqsədilə su ehtiyatlarından istifadə edir. Azərbaycanın işğal altında olan ərazilərində qızıl və digər qiymətli metal və minerallar hasil edən Ermənistan onları beynəlxalq bazarlara ixrac edir. Bu, qanunsuz biznes fəaliyyəti və çirkli pulların yuyulması sxemidir.
Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismar edən beynəlxalq şirkətlər qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmadıqları halda onlar hüquqi məsuliyyətlə üzləşəcəklər. Azərbaycan işğal edilmiş ərazilərimizdə təbii ehtiyatlarımızın qanunsuz istismarı ilə məşğul olan şəxs və şirkətlərə qarşı artıq hüquqi addımlar atmağa başlayıb.
Ermənistan təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyu mülki vətəndaşları məqsədyönlü şəkildə hədəfə alır və təxribatlar törədir.
2016-cı ilin aprel ayında Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum həyata keçirmişdir. Həmin hücum nəticəsində biri uşaq olmaqla, 6 dinc sakin qətlə yetirilmiş, 26 mülki vətəndaş isə yaralanmışdır. Azərbaycan Silahlı Qüvvələri əks-hücum tədbirləri həyata keçirmiş və işğal olunmuş torpaqların bir hissəsini azad etmişdir.
2017-ci ildə Ermənistanın məqsədyönlü hücumu nəticəsində 2 yaşlı Zəhra Quliyevə və onun nənəsi qətlə yetirilmişdir.
2020-ci il iyulun 12-də Ermənistan dövlət sərhədi istiqamətində növbəti təxribata əl atmışdır. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə tutulması nəticəsində hərbçilərimiz və 76 yaşlı mülki vətəndaşımız həlak olmuş, mülki infrastruktura isə ciddi zərər dəymişdir.
Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi. Bununla yanaşı, onlar Ermənistanda artmaqda olan iqtisadi-sosial problemlərdən xalqın diqqətini yayındırmağa çalışdılar.
Lakin Azərbaycanın cavabı qətiyyətli oldu və Ermənistan heç bir məqsədinə nail ola bilmədi. Ermənistan növbəti dəfə hərbi məğlubiyyətə uğradı. Ermənistan hərbi dəstək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməklə məğlubiyyətini etiraf etmiş oldu.
Bu yaxınlarda erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etmişdir. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı azərbaycanlı hərbçilər tərəfindən yaxalanmışdır. O, dəstənin azərbaycanlı hərbçi və mülki vətəndaşlara qarşı terror aktlarının planlaşdırdığını etiraf etmişdir.
Ermənistan hökuməti Azərbaycan tərəfinin əsirlərin "hamının-hamıya” prinsipi əsasında mübadiləsi təklifini rədd etmişdir. Azərbaycanlı mülki vətəndaşlar Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altındakı ərazilərdə valideynlərinin məzarlarını ziyarət edərkən əsir götürülmüş və işgəncəyə məruz qalmışlar. Onlar 6 ildən çoxdur ki, əsirlikdədirlər.
Cari ilin mart ayında Azərbaycanın işğal olunmuş torpaqlarında təşkil edilmiş qondarma "seçkilər” növbəti təxribat idi. Həmin dırnaqarası "seçkilər” əvvəlkilər kimi, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı, Avropa İttifaqı, Avropa Parlamenti və digərləri tərəfindən kəskin şəkildə qınanıldı və rədd edildi.
Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilən sülh prosesini pozmağa cəhd edir. Ermənistanın məqsədi işğalla bağlı hazırkı status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun "Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. Onun qəbuledilməz "yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.
Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Ermənistanın müdafiə naziri "yeni ərazilər uğrunda yeni müharibəyə” çağırır. Ermənistan Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna - Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir.
Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Ermənistan Azərbaycana qarşı 30-dan artıq terror aktı törədib. Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var.
Erməni terrorçuları
24 türk diplomatını qətlə yetirib. Paris şəhərinin
Orli hava limanında terror aktı törədərək
müxtəlif ölkələrin vətəndaşlarını
qətlə yetirən ASALA terror təşkilatının Varujan
Karapetyan adlı üzvü daha sonra Ermənistana ekstradisiya
olunmuş və Ermənistan prezidenti tərəfindən əfv
edilmişdir. Həmin terrorçu Ermənistanda
qəhrəman kimi qəbul edilir.
Ermənistan bu yaxınlarda təcavüzkar
və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik
strategiyası qəbul edib. Milli təhlükəsizlik
strategiyasında irqçi, şovinist və "Azərbaycanofob”
fikirlər əks olunub.
Nasizmin şöhrətləndirilməsi
Ermənistanın dövlət siyasətidir. Mənfur
nasist general Qaregin Njde "milli qəhrəmana” çevrilib.
İkinci Dünya müharibəsindən sonra o,
həbs olunaraq 25 illik azadlıqdan məhrum edilmiş və həbsxanada
ölmüşdür. Ermənistanın
paytaxtının mərkəzində Njdenin xatirəsinə 6
metrlik abidə ucaldılıb. ASALA kimi bir
sıra digər terror təşkilatlarının üzvləri
də bu ölkədə şöhrətləndirilir.
Ermənistan rəhbərliyinin
düşməncəsinə verilən Azərbaycanofob bəyanatları
və edilən təxribatlar Ermənistanın Azərbaycana
qarşı yeni müharibəyə
hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və
beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi
təcavüzdən çəkindirməyə dəvət
edirik.
Təxribatların baş
verməsinə və gərginliyin artmasına görə məsuliyyət
tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin
üzərinə düşür.
Təəssüf ki,
ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti
heç bir nəticə verməmişdir. Danışıqlar
imitasiya naminə aparılmamalı, nəticəyönümlü
və məzmunlu olmalıdır.
ATƏT-in Minsk qrupunun həmsədr
ölkələri - Rusiya, Fransa və ABŞ prezidentlərinin
bəyanatlarında status-kvonun qəbuledilməz olduğu
vurğulanmışdır. Biz həmin bəyanatları
alqışlayırıq, lakin bəyanatlar kifayət etmir.
Bizim real addımlara ehtiyacımız var.
Otuz ilə yaxın
danışıqlar prosesində iştirakımız sülhə
sadiqliyimizin bariz nümunəsidir. ATƏT-in Minsk qrupunun
bütün 11 üzvü prosesdə fəal iştirak etməlidir.
BMT Təhlükəsizlik
Şurasının 853 saylı qətnaməsinə əsasən,
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
işğal edilmiş ərazilərindən
çıxarılmasının yenilənmiş zaman qrafiki tərtib
edilməlidir.
BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin icrasına və azərbaycanlı
məcburi köçkünlərin doğma torpaqlarına
qayıtmasına töhfə verməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin
vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr
icra edilənə qədər qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin
təhrif olunması isə qəbuledilməzdir.
Ermənistan-Azərbaycan
münaqişəsi Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
edilməlidir.
Azərbaycanın ərazi
bütövlüyü heç vaxt danışıqlar
mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın
suverenliyi və ərazi bütövlüyü tam şəkildə
bərpa edilməlidir. Dağlıq
Qarabağ qədim və tarixi Azərbaycan
torpağıdır. Qarabağ Azərbaycandır!
Biz Ermənistana artmaqda olan
silah təchizatından ciddi narahatıq. Xüsusilə
də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan
tərəfindən törədilmiş hərbi təxribatdan
sonra. Dövlət sərhədindəki
toqquşmaların qaynar fazası iyulun 16-da sona
çatmışdır. Növbəti
gün - iyulun 17-dən etibarən sentyabr ayına qədər
biz hərbi yük təyyarələri ilə Ermənistana
min tondan artıq hərbi avadanlığın
daşınmasının şahidi olduq. Ermənistanın
dünyanın ən yoxsul ölkələrindən biri
olduğunu və silahlara milyardlarla dollar xərcləmək
imkanına malik olmadığını nəzərə alsaq,
silahların ona pulsuz verildiyi qənaətinə gələ
bilərik.
Etnik təmizləmə
aparmış işğalçı ölkənin silahlarla təchiz
edilməsi sülh danışıqlarını ciddi şəkildə
sarsıdır və işğalçı dövləti yeni
hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada
biz bütün ölkələri Ermənistana silah təchizatından
çəkinməyə çağırırıq.
Azərbaycana qarşı təcavüz
səbəbindən Ermənistan dərin demoqrafik, sosial və
iqtisadi böhranla qarşılaşmaqda davam edir. Ermənistanda iki il bundan əvvəl rejim dəyişikliyi
baş vermişdir, lakin uğursuz dövlətin faşist
ideologiyası dəyişməz olaraq qalmışdır.
Ermənistanda insan
hüquqları geniş şəkildə pozulur. Hakimlər təzyiq
və şantaja məruz qalır, jurnalistlər, müxalifət
fəalları və siyasi opponentlər despotik rejim tərəfindən
həbs edilir. Ermənistanda faktiki olaraq
diktatura qurulub.
Ölkənin iki sabiq
prezidentinə qarşı cinayət işləri
açılıb. Toxunulmazlığa sahib olmaqlarına
baxmayaraq, parlament deputatları saxlanılır.
Erməni jurnalist və siyasətçi
Mher Yeqizaryan 2019-cu ilin yanvar ayında həbsxanada elan etdiyi
aclıq nəticəsində ölmüşdür. Lakin vəzifələri
dünyada demokratiya və insan hüquqlarının
müşahidə edilməsindən ibarət olan beynəlxalq
təşkilatlar buna reaksiya vermədilər. "Human
Rights Watch”, "Amnesty International”, "Freedom House” və digərləri
Ermənistandakı despotik rejimin zorakı və qeyri-insani hərəkətlərinə
göz yumurlar. Buna səbəb dünyada insan haqları ilə
məşğul olan bir çox dırnaqarası
qeyri-hökumət təşkilatlarına sponsorluq edən
Sorosun Paşinyan rejimini də maliyyələşdirməsi və
dəstəkləməsi ola bilər.
Bu ölkədə siyasi
münasibətlər böhran həddinə
çatmışdır. Ölkə 20 ildən
artıq idi ki, səhra komandirləri tərəfindən idarə
olunurdu. Hazırkı siyasi rəhbərlik
isə əvvəlki rejimlərin təcrübəsini davam
etdirir. Azərbaycana qarşı hərbi təcavüzün
nəticələri aradan qaldırılmayana qədər Ermənistan
inkişaf perspektivlərindən məhrum qalacaqdır.
Azərbaycan tərəfindən
irəli sürülmüş və BMT Baş
Assambleyasının COVID-19 ilə mübarizəyə həsr
olunmuş Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə
qarşı çıxış edən yeganə dövlət
Ermənistan olmuşdur. Halbuki Ermənistanda koronavirusla
bağlı vəziyyət çox acınacaqlıdır.
Ermənistan bu təşəbbüsün əleyhinə
yalnız onun Azərbaycan tərəfindən irəli
sürüldüyünə görə çıxış
etmişdir. Belə bir təşəbbüsə
etiraz irrasional düşüncənin məhsuludur. Bu, Ermənistanda hökm sürən və hökumət
tərəfindən təşviq edilən Azərbaycanofobiyanın
növbəti təzahürüdür. Ermənistanda
gənc nəslə Azərbaycan xalqına nifrət
aşılanır.
Ermənistanın
işğalının səbəb olduğu çətinliklərə
baxmayaraq, Azərbaycan sabit, müasir, demokratik və
multikultural dövlət yaratmağa müvəffəq
olmuşdur. Demokratiyanın inkişafı və insan
hüquqlarının qorunması hökumətimizin
başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən
ifadə azadlığı, media azadlığı,
toplaşma azadlığı, dini etiqad azadlığı və
vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə
təmin edilir. Bir neçə ay əvvəl
biz geniş siyasi dialoq təşəbbüsünü
başlatmışıq. Bütün əsas
siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib.
Uğurla başlayan bu siyasi dialoq bizim siyasi
sistemimizi gücləndirəcək və Azərbaycanın
dayanıqlı inkişafına xidmət edəcək.
Son 17 ildə Azərbaycanın
iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi
daxili məhsul 3 dəfə artmışdır. Ötən 17 il ərzində Azərbaycanda yoxsulluq 49 faizdən
5 faizə enmişdir. Son 17 ildə ölkəmizdə
3700-dən artıq məktəb yenidən tikilmiş və ya
əsaslı təmir edilmişdir. Ölkəmizdə
savadlılıq səviyyəsi 100 faizə yaxındır.
"Dayanıqlı İnkişaf Məqsədləri”nin
icrasında böyük tərəqqi əldə etmiş Azərbaycan
qısa vaxt ərzində BMT-yə iki dəfə
könüllü milli hesabat təqdim edən azsaylı
ölkələrdən biridir. "2020-ci il üzrə
Dayanıqlı İnkişaf Hesabatı”nda yer almış
"Dayanıqlı İnkişaf Hədəfləri
İndeksi”nə görə, Azərbaycan 166 ölkə
arasında 54-cü yerdədir.
Azərbaycan Şərq-Qərb,
Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri
kimi regional bağlantı layihələrində fəal
iştirak edir, Avrasiyanın mühüm və etibarlı nəqliyyat-logistika
mərkəzlərindən birinə çevrilib. Biz Bakı-Tbilisi-Qars
dəmir yolu və 25 milyon ton yükaşırma qabiliyyətinə
malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanını
istifadəyə vermişik. Davos İqtisadi Forumunun
2019-cu il üçün dərc etdiyi "Qlobal Rəqabətlilik
İndeksi”nə görə Azərbaycan dəmir yolu xidmətlərinin
səmərəliliyinə görə 141 ölkə
arasında 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə
görə 12-ci, dəniz limanı xidmətlərinin səmərəliliyinə
görə 25-ci və yol infrastrukturunun keyfiyyətinə
görə 27-ci yerdədir.
Azərbaycan beynəlxalq
kosmik klubun üzvüdür. Bizim 3 peykimiz var - ikisi
telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi
üçün. Əhalimizin 80 faizi
internet istifadəçisidir.
Biz iqlim dəyişikliyi səbəbindən
yaranmış içməli su qıtlığı
probleminin həlli üçün səmərəli tədbirlər
həyata keçiririk. Azərbaycan Paris Sazişini ratifikasiya etmiş, baza ili - 1990-cı illə müqayisədə
2030-cu ilə istilik effekti yaradan qazların
emissiyalarının səviyyəsində 35 faiz azalma ilə
bağlı öz üzərinə könüllü öhdəlik
götürmüşdür. Azərbaycanda
elektrik enerjisinin istehsalı üçün ekoloji cəhətdən
təmiz təbii qaz və hidroelektrik enerji stansiyalarından
istifadə olunur.
Multikulturalizm Azərbaycan
xalqının həyat tərzidir. Biz dünyaya
dözümlülük və birgəyaşayış
nümunəsini təqdim edirik. 2008-ci ildə
Azərbaycan tərəfindən başladılmış
"Bakı Prosesi” müsəlman dünyası və Avropa
arasında dialoq və əməkdaşlığın
möhkəmləndirilməsi məqsədini
daşıyır, həmçinin BMT tərəfindən dəstəklənir.
İki ildən bir Azərbaycanda keçirilən
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
BMT Baş Assambleyasının qətnamələri ilə
"mədəniyyətlərarası dialoqun təşviqi
üçün əsas qlobal platforma” kimi
tanınmışdır.
2016-cı ildə BMT-nin
Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda
keçirilmişdir. Bundan əlavə, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarına
və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Həmin
idman yarışları da mədəniyyətlərarası
dialoqa mühüm töhfə olmuşdur.
2016-cı ildə Roma
Papası Azərbaycana səfər etmişdir. Bu ilin fevral
ayında mənim Vatikana səfərim baş tutmuş və
orada Papa Fransisklə görüşüm olmuşdur. Görüş zamanı Papa Fransisk Azərbaycanı
"əsl tolerantlıq nümunəsi”
adlandırmışdır.
Azərbaycan dini abidələrin
- məscid, kilsə və sinaqoqların bərpasına
çox böyük önəm verir. Biz müxtəlif
ölkələrdə belə dini və tarixi abidələrin
bərpası ilə bağlı birgə layihələr həyata
keçirmişik.
Koronavirus pandemiyası
dünyadakı vəziyyəti kökündən dəyişmiş,
nəticədə yeni reallıqlar meydana gəlmişdir. İlkin olaraq
virusun inkişafda olan ölkələrə təsir edəcəyi
gözlənilirdi. Lakin pandemiya inkişaf
etmiş ölkələrə də ciddi təsir etmişdir.
Bu, virusun sərhəd
tanımadığını bir daha sübut edir. Biz pandemiyanın öhdəsindən yalnız
qarşılıqlı dəstək və birgə səylərlə
gələ bilərik.
Azərbaycan virusun
yayılmasının qarşısını almaq
üçün zamanında zəruri addımlar
atmışdır. Azərbaycan tərəfindən "Minilliyin
İnkişaf Məqsədləri”nə nail olunması və
"Dayanıqlı İnkişaf Məqsədləri” istiqamətində
əldə edilmiş tərəqqi ona pandemiya ilə səmərəli
mübarizə aparmağa imkan vermişdir. Azərbaycanda
səhiyyə infrastrukturu əhəmiyyətli dərəcədə
inkişaf etmiş və yenidən qurulmuşdur, son 17 ildə
700-ə yaxın xəstəxana yenidən tikilmiş və ya
əsaslı təmir edilmişdir.
Görülmüş tədbirlər
nəticəsində ölkədə COVID-19 ilə
bağlı vəziyyət nəzarət altındadır. Pandemiyanın
iqtisadi çətinliklərinə baxmayaraq, vətəndaşlarımızın
həyatı və sağlamlığı bizim
üçün prioritet təşkil edir. İqtisadi sabitlik, makroiqtisadi və maliyyə
dayanıqlılığının təmin olunması, habelə
işsizliklə bağlı məsələlərin həlli
məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial
yardım paketi təqdim edilmişdir. Sosial
dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı,
yəni, ölkə əhalisinin yarısını əhatə
edir.
Ümumdünya Səhiyyə
Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı
nümunəvi ölkə adlandırmışdır. Biz iki bərabər
tranşla Ümumdünya Səhiyyə Təşkilatına
10 milyon dollar həcmində könüllü maliyyə
töhfələri etmişik. İkinci
tranş Qoşulmama Hərəkatına üzv dövlətlər
üçün nəzərdə tutulub. Azərbaycan
koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar
və maliyyə yardımı göstərib.
Azərbaycan Respublikası
2016-cı ildə 120 ölkənin yekdil qərarı ilə
Qoşulmama Hərəkatının sədri
seçilmişdir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının
dövlət və hökumət başçıları səviyyəsində
Bakıda keçirilmiş XVIII Zirvə toplantısında Azərbaycan
sədrliyi öz üzərinə
götürmüşdür. Zirvə
toplantısındakı çıxışımda qeyd
etdiyim kimi, Azərbaycan Qoşulmama Hərəkatının
üzvlərinin mənafelərinin qorunması naminə əlindən
gələni edəcəkdir. Azərbaycan ədaləti
və beynəlxalq hüququ müdafiə edəcəkdir.
Təşəbbüsümüz əsasında
2020-ci ilin may ayında Qoşulmama Hərəkatının
koronavirusa qarşı videoformatda Fövqəladə Zirvə
görüşü keçirildi. Mən Zirvə
görüşündə Qoşulmama Hərəkatı
adından BMT Baş Assambleyasının koronavirusa
qarşı mübarizə üzrə dövlət və
hökumət başçıları səviyyəsində
Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü
ilə çıxış etdim. Bu təşəbbüs
BMT-nin üzvü olan 130-dan çox ölkə tərəfindən
dəstəkləndi.
Hesab edirəm ki, Xüsusi
Sessiya pandemiyanın təsir etdiyi bütün sahələrin
kompleks şəkildə müzakirə olunmasında çərçivə
rolunu oynayacaq və onun yaratdığı fəsadların
aradan qaldırılması səylərinə töhfə verəcəkdir.
Beynəlxalq sülh və təhlükəsizlik,
pandemiyanın dünya dövlətlərinə təsiri
ölkələr arasında həmrəylik tələb edir. Bu mənada mən bir
neçə təklif irəli sürmək istəyirəm:
- Pandemiyadan sonrakı dövrdə
beynəlxalq təşkilatlar çərçivəsində
islahatların aparılması vacibdir və bu, zamanın tələbədir.
Bu baxımdan BMT-nin qlobal səviyyədə
rolunun və nüfuzunun artırılmasına, onun müasir
dövrün çağırışlarına daha adekvat
cavab vermək imkanına xüsusi diqqət yetirilməlidir.
- Təhlükəsizlik
Şurasının qətnamələrinin icra olunmaması
BMT-nin nüfuzunu sarsıdır. Təhlükəsizlik
Şurasının qətnamələrinin icrası mexanizmləri
yaradılmalıdır.
- Pandemiya dövründə
qaçqın və məcburi köçkünlər ən
həssas qrupa çevrilmişlər. Həmin həssas
qrupa daxil olanların təhlükəsiz qaydada və ləyaqətli
şəkildə doğma torpaqlarına qaytarılması məsələsinin
aktuallığı artır.
- Vaksinin əlçatanlığı
və ədalətli paylanılmasının təmin edilməsi
əhəmiyyətli məsələdir və ən az inkişaf etmiş ölkələr onu pulsuz
əldə etməlidir. Bu baxımdan burada əlavə
nəzarət mexanizmləri yaradılmalıdır.
- Müxtəlif ölkələr tərəfindən
"Dayanıqlı İnkişaf Məqsədləri”nin
icrasına pandemiyanın mənfi təsirinin əhatə dairəsi
diqqətlə təhlil edilməli və həll yolları
müəyyən olunmalıdır.
Diqqətinizə görə
sağ olun.
Azərbaycan.- 2020.-25 sentyabr.- S.1; 2.