Yüksək siyasi nüfuzun
və beynəlxalq etimadın göstəricisi
İlham Əliyev BMT-nin 75 illiyinə həsr
edilmiş Yüksək Səviyyəli
İclasında həm də 120 ölkəni birləşdirən
Qoşulmama Hərəkatını
layiqincə təmsil etdi
Qlobal məsələlərin müzakirəsində fəal iştirak edən Azərbaycanın beynəlxalq miqyasda mövqelərini möhkəmləndirməsi müasir tariximizin əsas reallıqlarından biridir. Respublikamız öz təşəbbüsləri və layihələri ilə dünyada aktuallıq kəsb edən problemlərin həllində fəallıq göstərir, sülhə, təhlükəsizliyə, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa layiqli töhfələr verir.
Uğurlu siyasəti Azərbaycanı dünyada
söz sahibinə və aparıcı
dövlətə çevirib
Dövlətin yüksək nüfuzu, qlobal miqyasda söz sahibinə çevrilməsi onun rəhbərinin siyasi keyfiyyətlərindən əhəmiyyətli dərəcədə asılıdır. Siyasi tarix bunu ayrı-ayrı dövlətlərin təcrübəsində sübuta yetirib. 1993-cü ildən sonra Azərbaycanda başlanan siyasət də güclü rəhbərin dövlətin beynəlxalq mövqelərinin möhkəmlənməsindəki mühüm rolunu təsdiq edir. Ümummilli Lider Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin bu gün lider qətiyyəti ilə həyata keçirdiyi siyasi xətt Azərbaycanı dünyada söz sahibinə, bölgədə isə aparıcı dövlətə çevirib.
Xüsusən son illərdə Azərbaycanın yüksək beynəlxalq nüfuzunu təsdiq edən bir çox hadisələr tariximizə həkk olunub. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasındakı çıxışı da dövlətimiz üçün mühüm siyasi hadisə oldu. Çünki Azərbaycan Prezidenti İlham Əliyev bu iclasda həm də dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatının (QH) sədri kimi çıxış etdi.
Azərbaycanın bir sıra dövlətlərin soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi QH-yə qoşulması bir neçə il əvvələ təsadüf edir. Hərəkat 1961-ci ildə təsis olunub, Azərbaycan isə 9 il əvvəl - 2011-ci ildə təşkilata üzv qəbul olunub. Lakin respublikamız öz xarici siyasəti ilə qısa müddətdə təşkilat daxilində böyük etimad qazanıb. Təsadüfi deyil ki, Azərbaycanın QH-yə üzv olması həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin daha çox dəstək qazanmasına yol açıb. Təşkilatın yekun sənədlərində problemin respublikamızın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinin və bu kontekstdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyi birmənalı şəkildə ifadə olunub.
Qoşulmama Hərəkatında iştirak ölkəmizin digər maraq və mənafelərinin də beynəlxalq müstəvidə təmin edilməsində əlverişli imkanlar yaratdı. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyini qazanmaqla BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində QH ölkələrinin səsinin mühüm rol oynaması bu platformaya qoşulmaqla bağlı verilmiş siyasi qərarın nə qədər uzaqgörən bir addım olduğunu göstərdi.
İlham Əliyevin QH-yə uğurlu sədrliyi göz önündədir. Məhz Azərbaycan Prezidenti öz dəyərli təşəbbüsləri ilə qurumun qlobal problemlərin müzakirəsində iştirakını gücləndirir. Ən mühümü odur ki, Prezident İlham Əliyev QH-nin sədri kimi BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına mühüm töhfə verir. Azərbaycan Prezidentinin QH-nin sədri kimi BMT Baş Assambleyasının koronavirus pandemiyasına həsr olunmuş Xüsusi sessiyasının çağırılmasına nail olması bunu təsdiq edir.
BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında İlham Əliyev QH adından BMT-ni öz fəaliyyətini daha da gücləndirməyə çağıraraq dedi: "Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq”.
Ali tribunadan Ermənistanın
işğal siyasəti
ifşa edildi
Prezident İlham Əliyev ölkəmizin mövqeyini
bütün platformalarda
ən yüksək səviyyədə və qətiyyətlə dünyaya
çatdırır. BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli
İclası da bu baxımdan mühüm əhəmiyyət
kəsb etdi. Cənab Prezidentin çıxışında
diqqətçəkən əsas
məqam növbəti
dəfə Ermənistanın
və onun rəhbərliyinin işğalçı
siyasətinin ifşa edilməsi oldu. Cənab İlham Əliyev Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsinin həlli
barədə ölkəmizin
qəti və ədalətli mövqeyini,
beynəlxalq hüququn
tələblərini və
Ermənistanın beynəlxalq
təşkilatlar tərəfindən
münaqişəyə dair
qəbul edilmiş sənədlərə əməl
etmədiyini bir daha dünya ictimaiyyətinə çatdırdı:
"Bütün üzv
dövlətlər BMT Nizamnaməsinə
qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və
ərazi bütövlüyünə
qarşı güclə
hədələməkdən və gücün tətbiqindən çəkinmək
öhdəliyini götürmüşlər.
Lakin Ermənistan öz öhdəliklərini kobud
şəkildə pozmuş
və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının
1993-cü ildə qəbul
edilmiş dörd qətnaməsi Ermənistan
silahlı qüvvələrinin
işğal edilmiş
Azərbaycan torpaqlarından
tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını
tələb edir.
Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə
məhəl qoymamaqda davam edir”.
Dağlıq Qarabağ probleminin indiyədək həll olunmamasının səbəbi
Ermənistanda hakimiyyətdə
kimin olmasından asılı olmayaraq işğalçılıq siyasətinin
yürüdülməsi olub. Bu da əslində forpost ölkə olan Ermənistanın daxilindəki ziddiyyətlərlə
bağlıdır. Bu ölkədə istər
20 ilə yaxın hakimiyyətdə olmuş
hərbi xunta, istərsə də bu gün demokratiya
pərdəsi altında
yeni avtoritar rejim qurmuş N.Paşinyan həm diqqəti siyasi-iqtisadi problemlərdən yayındırmaq,
həm də iqtidarda qala bilmək üçün
işğal siyasətindən
əl çəkməyiblər.
Bu ilin iyulunda Tovuz istiqamətindəki təxribat,
avqustda Goranboydakı diversiya cəhdi Ermənistanın işğalçı
dövlət olduğunu
təsdiqləyən növbəti
hadisələr oldu. Beynəlxalq
cinayət sayılan Livan ermənilərinin işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlara yerləşdirilməsi,
həmçinin cəbhə
xəttində hərbi
fəallığın artırılması,
könüllü hərbi
birliklərin yaradılması
kimi təcavüzkar ritorika göstəriciləri
Ermənistanın Azərbaycanla
müharibəyə hazırlaşmaq
niyyətindən xəbər
verir.
BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında
Prezident İlham Əliyev Ermənistanın işğalçı dövlət olduğunu diplomatik məharətlə,
baş vermiş hadisələrə nəzər
salmaqla bir daha beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırdı, gərginliyin
artmasına görə
məsuliyyətin bu ölkənin hərbi-siyasi
rəhbərliyinin üzərinə
düşdüyünü bəyan etdi.
Bundan sonra baş verəcək istənilən
hərbi toqquşma Ermənistanın faciəsinə
və fəlakətinə
səbəb olacaq. Prezident İlham
Əliyevin dediyi kimi, əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr,
onlar üçün
nəticələr çox
ağır olacaq.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2020.-25 sentyabr.- S.1; 5.