“Made in Azerbaijan” brendinin coğrafiyası genişlənir
Yaxud, "Malın
mal olunca, bazarın bazar olsun”
Bu atalar sözü ilk baxışdan
sadə məntiqə
söykənsə də,
bazarın bazar olması üçün
müasir dünyada oturub gözləmək yox, əksinə, çalışmaq, sistemli
tədbirləri həyata
keçirmək lazımdır. Əks halda
bazarın da batar, malın da.
Azərbaycanın kənd təsərrüfatı
məhsulları dünyanın
digər ölkələrində
yetişdirilən meyvə-tərəvəzdən
həm tamına, həm də tərkibindəki mikroelementlərin
bolluğuna görə
ciddi seçilir. Bizim məhsullarımız
qida kimi faydalı olduğu qədər də insan orqanizmi üçün müalicəvi
xassələrə malikdir.
Bircə narı götürək: gilələri
min bir dərdin dərmanıdır, toxumları
dünya kosmetologiyasında
cavanlaşdırıcı preparat kimi istifadə
olunur, atılmalı qabığı da bir neçə xəstəliyi müalicə
edir.
Ona görə də bu gün Azərbaycan
brendinin mükəmməl
cilalanması və dünya bazarında layiqli təqdimatının
təşkil edilməsi
xüsusi aktuallıq kəsb edir.
Bu məsələ
dövlət səviyyəsində
qanunvericilik baxımından
tənzimlənir. Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması
məqsədilə 2016-cı ildə Prezident İlham Əliyev tərəfindən "Qeyri-neft
məhsullarının ixracının
təşviqi ilə bağlı əlavə tədbirlər haqqında”
fərman imzalanmışdır.
Nazirlər Kabineti isə
bu fərmanın icrasını təmin etmək üçün ixrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının
xarici iqtisadi fəaliyyətin mal nomenklaturası
üzrə siyahısını
və ixrac təşviqinin baza məbləğinə tətbiq
olunacaq əmsalları
təsdiq etmişdir.
Artıq
xeyli vaxtdır ki, sahibkarlar qeyd olunan siyahıdakı
məhsulları ixrac edərkən ixrac gömrük bəyannaməsində
nəzərdə tutulan
gömrük dəyərinin
3 faizini baza məbləği olaraq dövlət vəsaiti hesabına geri alırlar. Bu isə sahibkarların xarici bazarlara çıxışını xeyli stimullaşdırır.
Azərbaycanda İxracın
və İnvestisiyaların
Təşviqi Fondunun
(AZPROMO) rəhbəri vəzifəsini
icra edən Yusif Abdullayev son illər qeyri-neft sektorunun inkişafı istiqamətində həyata
keçirilən islahatlar,
qeyri-neft məhsullarının
ixracı və dəstəklənməsi, "Made in
Azerbaijan” brendinin xarici
ölkələrdə tanıdılması
və xarici investisiyaların təşviqi
istiqamətində zəruri
addımların atıldığını bildirərək qeyd edir ki, xarici
bazarlara çıxış
və Azərbaycan brendinin nüfuzunun gücləndirilməsi istiqamətində
atılan addımlar çoxşaxəlidir.
Ən çox diqqət ayrılan sahələrdən
biri də Azərbaycanın ənənəvi
bazarlarda nüfuzunun bərpa edilməsidir. Yeni bazarlara
çıxışın müxtəlif istiqamətləri
üzərində işlər
aparılsa da, ənənəvi bazarlardakı
mövqelərimiz də
diqqət mərkəzindədir.
Məsələn, sentyabrın
22-də Rusiyanın paytaxtı
Moskvada açılan
"Worldfood Moscow 2020” beynəlxalq
sərgisində Azərbaycanın
nar şirəsi, fındıq, şərab
və digər spirtli içkiləri, meyvə və tərəvəz, mineral sular,
qənnadı və
un məmulatları, çay,
mürəbbə, meyvə
quruları, kompot, limonad və digər məhsulları
"Made in Azerbaijan” vahid ölkə
stendində nümayiş
etdirilmişdir.
Ümumiyyətlə, Azərbaycan istehsalı olan qeyri-neft məhsulları indiyədək
Rusiyada keçirilmiş
bir sıra beynəlxalq sərgilərdə
geniş təqdim olunmuşdur. Həmin sərgilərdə sahibkarlarımız
rusiyalı iş adamları ilə ixraca dair müzakirələr
aparmış, müəyyən
razılıqlar əldə
etmişlər. Bu onu deməyə əsas verir ki, Rusiya istehlakçıları
bizim məhsullarımızın
üstün cəhətlərinə
yaxşı bələddirlər.
Ona görə də zamanında və lazımi məkanda keçirilən təqdimat
həmişə müsbət
nəticə verir.
Hələ ötən
il Rusiyada təşkil olunmuş 2 beynəlxalq sərgi çərçivəsində Azərbaycan şirkətləri
müxtəlif növ
meyvə-tərəvəz, meyvə şirələri
və konsentratları,
şərab və digər spirtli içkilər, fındıq
ləpəsi və digər məhsulların Rusiyaya ixracına dair 11,1 milyon manat dəyərində müqavilə bağlamışdır.
İndiyədək bu
müqavilələr üzrə
artıq 10,7 milyon manatlıqdan artıq məhsul ixrac edilmişdir.
Bu ilin əvvəlində isə
Moskvada təşkil edilmiş "Prodexpo 2020”
beynəlxalq ərzaq sərgisində 30-dan çox
Azərbaycan şirkətinin
çoxsaylı çeşiddə
məhsulları "Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunmuşdur. Sərgi çərçivəsində
Azərbaycan məhsullarının
ixracına dair 14 milyon manat dəyərində
müqavilə imzalanmış
və artıq 10 milyon manatlıqdan çox məhsul ixrac edilmişdir. Bağlanılan müqavilələrin məbləğinin ildən-ilə
artması belə qənaətə gəlməyə
əsas verir ki, Azərbaycan ənənəvi Rusiya bazarında ildən-ilə
mövqeyini gücləndirir.
Əlbəttə ki, bu, sevindirici haldır.
Dünyada pandemiya ilə bağlı iqtisadiyyatın
əksər sahələrində,
o cümlədən aqrar
sektorda gərginliklər
müşahidə olunur,
qiymətlərin qeyri-müəyyən,
bəzən də xaotik dəyişməsi baş verir. Gözlənilməz çətinliklər, həlli
mümkünsüz problemlər
dünyanın aqrar sektorunda bir sıra fəsadlara rəvac versə də, Azərbaycanda kənd təsərrüfatı
məhsullarının fasiləsiz
istehsalı üçün
ciddi tədbirlər görülür. Bu səbəbdən
2020-ci ilin 7 ayı ərzində meyvə-tərəvəz
ixracı 359,6 milyon, pambıq lifi ixracı 71,6 milyon, pambıq ipliyi ixracı 10,6 milyon, şəkər ixracı
9,3 milyon, bitki, heyvan mənşəli piy və yağların
ixracı 13,7 milyon, çay ixracı 5,5 milyon dollar dəyərində
olmuşdur. Faktiki olaraq Azərbaycan
məhsullarının ixracının
artması, ölkə
iqtisadiyyatına xarici
investisiyaların cəlb
edilməsi, "Made in Azerbaijan” brendinin təşviqi istiqamətində ilboyu görülən işlər
müsbət nəticəsini
vermişdir.
Cari ilin əvvəlində Azərbaycan
şirkətləri Almaniyada
"Beynəlxalq Yaşıl
Həftə 2020”, Rusiyada
"Prodexpo 2020”, BƏƏ-də "Gulfood 2020” sərgilərində də
iştirak etmişdir.
Həmin
sərgilərdə Azərbaycan
məhsulları "Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunmuşdur. Onu da qeyd edək ki, şirkətlərimız
artıq bir neçə dəfədir
ki, bu sərgilərdə
öz məhsullarını
nümayiş etdirirlər.
Göründüyü kimi, Azərbaycanın beynəlxalq sərgilərdə
iştirakı yalnız
Rusiya ilə kifayətlənmir. Yeri gəlmişkən bildirək ki, 2020-ci ilin sonunadək yerli şirkətlərimizin
Şanxayda keçiriləcək
"3-cü Çin beynəlxalq
idxal” ərzaq sərgisində iştirakı
nəzərdə tutulur.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2020.- 26 sentyabr.- S.1; 5.