Ermənistanın
hərbi təxribatı ilə bağlı hadisələrin gələcək
inkişafına görə məsuliyyət Ermənistanın
siyasi və hərbi rəhbərlərinin üzərinə
düşür
Azərbaycan
$g 2020.- 29 sentyabr.- S.2.Sentyabrın 27-də Fransa
Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng
etmişdir.
Emmanuel
Makron Ermənistan-Azərbaycan təmas xəttində
silahlı qarşıdurmanın baş verməsindən
ölkəsinin narahatlıq hissi keçirdiyini qeyd etmiş və
münaqişənin danışıqlar yolu ilə həll
olunmasının vacibliyini vurğulamışdır.
Dövlətimizin başçısı qeyd etmişdir ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin "Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danışıqlara ciddi zərbə vurub. "Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk Qrupunun rəhbərliyi tərəfindən də bildirilmişdir.
Telefon söhbəti zamanı dövlətimizin başçısı sentyabrın 27-də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən və davam edən hərbi təxribatla bağlı hadisələrin gedişi barədə məlumat verərək qeyd etmişdir ki, Ermənistanın Azərbaycan silahlı qüvvələrinin mövqelərini və cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya silahlarından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olmuş, Azərbaycan Silahlı Qüvvələri buna cavab olaraq uğurlu əks-hücum əməliyyatları həyata keçirir.
Azərbaycan Prezidenti bildirmişdir ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.
Telefon söhbəti
zamanı tərəflər diplomatik kanallar vasitəsilə təmasların həyata
keçirilməsi barədə razılığa gəlmişlər.
Azərbaycan.-2020.- 29 sentyabr.- S.2.