“AZƏRBAYCANIMIZ”
Türkiyə iqtidarı,
müxalifəti və mediası haqq
savaşında ölkəmizin yanındadır
Tarixin sınaqlarından daim üzüağ çıxmış Azərbaycan-Türkiyə münasibətləri ötən dövr ərzində daha da möhkəmlənərək iki ölkə arasında strateji bağların yeni səviyyəyə yüksəlməsini təmin edib. Müasir dünya reallığında hər iki ölkənin ətrafda gedən proseslərə vahid prizmadan yanaşmaları, xüsusən ərazi bütövlüyü kimi həssas məsələlərdə bir-birlərinin maraqlarını müdafiə etmələri mühüm əhəmiyyət kəsb edir.
Bu günlərdə təmas xəttində erməni təxribatı nəticəsində baş verən hərbi əməliyyatlar qardaş ölkənin diqqət mərkəzində yer alıb. Haqq savaşında Azərbaycan qarşısında Ermənistanın böyük uğursuzluğa düçar olacağını bildirən Türkiyə iqtidarı və müxalifət nümayəndələri sosial şəbəkələrdə paylaşımlar edib, onlarca teleşirkət, yüzlərlə qəzet və internet portalı xəbərlər yerləşdirib.
Türkiyə iqtidari Azərbaycanın yanında olduğunu bəyan edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkələrdəki səhifəsində etdiyi paylaşımda bildirib ki, Azərbaycana qarşı yeni hücumlar edən Ermənistan bölgədə sülhün və sabitliyin qarşısında ən böyük təhlükə olduğunu bir daha göstərdi. Türk milləti hər zaman olduğu kimi, bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır.
Türkiyə Parlamentinin sədri Mustafa Şentop "Twitter” sosial şəbəkəsində paylaşımında qeyd edib ki, mülki vətəndaşlara qarşı son hücumlar göstərir ki, Ermənistan, sadəcə, Azərbaycana qarşı bir təhdid deyil, bütün bölgədə sülh baxımından düzəlməyəcək bir terror dövlətidir və baş verəcəklərə görə yalnız o məsuliyyət daşıyır. Türkiyə bütün gücü ilə Azərbaycanın yanında olmağa davam edəcək.
Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın təcavüzkar Ermənistanın hərbi təxribatları əsasında yaranmış gərgin vəziyyətlə bağlı sosial şəbəkədəki paylaşımında yazıb ki, Türkiyə bu hücumlara qarşı Azərbaycanın yanındadır. Hücum nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da sosial şəbəkə hesablarında etdiyi paylaşımda yazır ki, Ermənistan yenə də həddini aşıb. Bu dəfə cavabını meydanda alır. Meydanda və masa arxasında Can Azərbaycanla birlikdəyik.
Türkiyənin Maliyyə naziri Berat Albayrak "Twitter” hesabındakı paylaşımla Ermənistanın Azərbaycana hücumlarını şiddətlə pisləyib: "Bölgədə barışdan uzaq hər cür addımın qarşısında, Can Azərbaycanın yanındayıq. Hücum nəticəsində həyatını itirən qardaşlarıma Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”.
Türkiyə Respublikasının Gənclik və İdman naziri Mehmet Muharrem Kasapoğlu sosial şəbəkədəki paylaşımında bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarına qarşı hüquqazidd və təxribat xarakterli hücumlarını şiddətlə qınayır, həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Can Azərbaycanımızın yanındayıq!
Qardaş ölkənin səhiyyə naziri Fahrettin Koca təcavüzkar Ermənistanın hərbi təxribatları nəticəsində yaranmış gərgin vəziyyətlə bağlı sosial şəbəkədəki paylaşımında yazıb: "Ermənistan Azərbaycana xaincəsinə hücum etdi. Ağır bombardmanlar nəticəsində dinc əhali arasında çox sayda yaralı və həlak olanlar var. Dövlətçilik ləyaqəti və insan dəyərlərinə uyğun olmayan bu hücumu qınayırıq. Qanuni cavab üçün tədbir görən qardaş Azərbaycanın yanındayıq”.
Türkiyə
müxalifəti Ermənistanın
işğalçılıq siyasətini pisləyir
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu sosial media hesabındakı paylaşımında yazıb ki, Ermənistan tərəfindən beynəlxalq hüquqa zidd olaraq pozulan atəşkəs rejimini və mülki vətəndaşların ölümünə səbəb olan hücumları qınayırıq. Şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyirik.
Türkiyənin
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri
Dövlət Baxçalı deyib ki, yeganə məqsədi
türklərə qarşı düşmənçilik olan
Ermənistan və onun muzdlu silahdaşlarının türk
milləti qarşısında dayanma ehtimalı yoxdur:
"Qarabağ türkündür, türk vətənidir. Heç kim bu möhkəm və müstəsna həqiqəti
dəyişdirə bilməyəcək. Yeganə məqsədi
türklərə qarşı düşmənçilik olan Ermənistan və onun
muzdlu silahdaşlarının türk millətinin qarşısında dayanma ehtimalı yoxdur.
Qanımızla, canımızla, varlığımızla Azərbaycanın
yanındayıq”.
Türkiyənin
İYİ Partiyanın sədri Meral Akşener sosial şəbəkələrdə
paylaşımında Ermənistanın Azərbaycana
qarşı hücumlarının qəbuledilməz
olduğunu bildirib. Qeyd edib ki, Türkiyə hakimiyyətini,
beynəlxalq ictimaiyyəti və Minsk qrupunu erməni işğalının aradan qaldırılması və problemin həlli üçün
təcili addım atmağa
çağırıram. Hər zaman olduğu kimi haqlı
davasında can Azərbaycanımızın
yanındayıq.
Türkiyənin "Gələcək” partiyasının sədri Əhməd Davudoğlu Azərbaycan ordusunun işğal olunmuş ərazilərin azad edilməsi əməliyyatını dəstəkləyən bəyanat verib. Qeyd edib ki, Azərbaycan yalnız deyildir və Qarabağ mütləq şəkildə azad olacaqdır! Ermənistanın Azərbaycana qarşı hücumunu şiddətlə qınayıram: "Şəhidlərimizə Allahdan rəhmət, yaralıların tezliklə sağalmalarını arzulayıram. Dəyərli qardaşım Prezident İlham Əliyev və Can Azərbaycanın yanındayıq”.
Türkiyənin Böyük Qurtuluş Partiyasının rəhbəri Mustafa Destici deyib ki, Ermənistanın hücumları davam edərsə, Türkiyə Böyük Millət Məclisi (TBMM) bu ölkəyə qarşı Azərbaycanla birgə döyüşmək üçün qoşun göndərməsi barədə qərar qəbul etməlidir. Məsələ müzakirəyə çıxarılmalı, türk hərbçiləri Azərbaycana getməli və ermənilərə həddini bildirməlidirlər.
Türkiyənin "Səadət” partiyasından olan deputat Əbdülqədir Karaduman deyib ki, zülmə qarşı qardaşlarımızın yanındayıq: "Ermənistanın Azərbaycanın mülki yaşayış məntəqələrinə atəş açmasını pisləyirəm. Azərbaycanın mülki şəxslərindən həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”.
Türkiyə
KİV: "Tək ürək, qardaşa
tam dəstək”
"Sabah” qəzeti "İşğalçı Ermənistana Azərbaycan şilləsi” başlıqlı xəbərində yazır ki, Azərbaycana qarşı yeni hücumlar edən Ermənistan bölgədə sülhün və sabitliyin qarşısında ən böyük təhlükə olduğunu bir daha göstərdi. Türk milləti hər zaman olduğu kimi, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadı.
"Milliyət” qəzeti "Türk milləti yanınızdadır” başlıqlı xəbərində yazır ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. Bildirilir ki, beynəlxalq miqyasda Ermənistanın işğal siyasəti davamlı olaraq pislənir, onun təcavüzkarlığına qarşı çıxanların sayı artır. Bununla bağlı müxtəlif beynəlxalq qurumlar tərəfindən çoxsaylı qərarlar, qətnamələr, eləcə də digər sənədlər qəbul edilib.
"Hürriyət” qəzeti "Qarabağ atəşi” başlıqlı xəbərini manşetdən verib. Qeyd olunur ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub. Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib.
"Milat” qəzeti "Azərbaycanımız” başlıqlı xəbəri manşetdən verib. Azərbaycan Ordusu tərəfindən 7 kəndin işğaldan azad olunduğunun xüsusi vurğulandığı məqalədə bildirilir ki, beynəlxalq miqyasda Ermənistanın işğal siyasəti davamlı olaraq pislənir, onun təcavüzkarlığına qarşı çıxanların sayı artır. Bununla bağlı müxtəlif beynəlxalq qurumlar tərəfindən çoxsaylı qərarlar, qətnamələr, eləcə də digər sənədlər qəbul edilib.
"Karar” qəzeti "Türkiyə tək ürək, qardaşa tam dəstək” başlıqlı xəbəri manşetdən verib. Qeyd olunur ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir. Azərbaycan Ordusu hərbi təxribata cavab olaraq, əks-hücum əməliyyatı nəticəsində 7 kəndi işğaldan azad edib.
"Yeni akıt” qəzetinin "Qardaşımızın yanındayıq” başlıqlı xəbərində yazılır ki, işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı Türkiyədə diqqət mərkəzindədir. Prezident İlham Əliyevin "Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır” fikrinin yer aldığı məqalədə vurğulanır ki, ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər.
"Akşam” qəzetinin "Azərbaycanın yanındayıq” başlıqlı xəbərində Azərbaycanın haqq yolunda Türkiyə də yanındadır. Azərbaycan işğal edilmiş torpaqları işğalçılardan azad edəcək.
Türkiyənin "TRTHaber” kanalı "İlham Əliyev: Şəhitlərimizin qanı yerdə qalmayacaq” başlıqlı xəbərində bildirir ki, Azərbaycan Prezidentinin idarəçiliyi dönəmində daha da güclənən Azərbaycan buna paralel olaraq Ermənistanı olduqca zəif bir dövlətə çevirməyi, dünya erməniliyinə isə böyük zərbələr vurmağı bacarıb. Xəbərdə Prezident İlham Əliyevin "Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür” fikirləri daha çox ön plana çıxarılaraq Ermənistanın məkrli siyasətinin növbəti dəfə iflasa uğrayacağı qeyd olunub.
"NTV” kanalı da tamaşaçılara Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır”, bu, həqiqətdir” başlıqlı xəbər təqdim edib. Qeyd olunur ki, Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir.
Türkiyənin "Haber Global”, "TGRT Haber”, "Ahaber”, "Habertürk” kanalları, "Türkiye” və digər qəzetlər "İlham Əliyev: Şəhitlərimizin qanı yerdə qalmayacaq”, "Qarabağ, Azərbaycandır!”, "İlham Əliyev: Bu gün regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkin siyasətidir” və s. başlıqlı xəbərlərlə Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir və mülahizələri türkdilli oxuculara çatdırılıb.
Həmçinin
KİV Prezident İlham Əliyevin sadaladığı təcavüzkar
Ermənistanın işğalçılıq siyasətini
ifşa edən digər faktlardan - Azərbaycan ərazisinin iyirmi
faizinin işğalda saxlanılması, bir milyondan çox azərbaycanlının
öz yurdundan didərgin düşməsi və s. bəhs
edib.
Elçin CƏFƏROV
Azərbaycan.-2020.- 29 sentyabr.- S.10.