Prezident İlham Əliyevin ardıcıl qələbələri

 

Ermənistanın siyasi və hərbi rəhbərliyi təşviş içindədir

 

Hazırda Azərbaycanla Ermənistan arasında münasibətlər son dərəcə gərgindir. Səbəb işğalçı dövlətin son dövrlər həyata keçirdiyi daha aqressiv siyasətlə bağlıdır.

Nikol Paşinyanın "Qarabağ Ermənistandır” bəyanatı faktiki olaraq danışıqları pozdu. Bununla yanaşı, sərhədin Tovuz istiqamətində mövqelərimizə hücum etməklə yeni ərazilərimizi işğal etmək istədi. Lakin Azərbaycan Ordusu tərəfindən endirilən sarsıdıcı zərbələr nəticəsində böyük itkilər verərək geri çəkildi.

Avqust ayında isə bunun heyfini çıxmaq üçün cəbhənin Goranboy istiqamətində ölkəmizə qarşı təxribat törətmək istədi. Bu hadisənin qarşısı da ordumuzun sayıqlığı sayəsində alındı. Üstəlik, təxribatçı qrupun komandiri əsir götürüldü. Ermənilər həmişə kəşfiyyatçı-diversantları yolu azmış "dəli” və ya "çobankimi qələmə verirlər.

Yenə belə bir hiyləyə cəhd etsələr də, bu, baş tutmadı. Çünki əsir götürülən komandir Ermənistan vətəndaşıdır. O, Dağlıq Qarabağ ərazisində "çoban”lıq etmirdi. Özü Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupunun komandiri olduğunu etiraf etdi. Yeri gəlmişkən, qeyd edək ki, hazırda Azərbaycanda tutulub saxlanılan 5-6 "çoban” və "dəli” var. Belə çıxır ki, Ermənistanda olan "çoban” və "dəli”lər mütləq Azərbaycan ərazisinə keçməlidirlər.

Ermənistan cəmiyyəti indi qorxu içindədir. Səbəb Prezident İlham Əliyevin sentyabrın 19-da yerli televiziyalara müsahibə verərkən dediyi sözlər olub. Dövlət başçısı Ermənistan müdafiə nazirinin "yeni ərazilər uğrunda yeni müharibə” fikrinə qarşı bildirib ki, əgər onlar belə bir avantüraya əl atsalar, biz öz siyasətimizə yenidən baxacağıq. Beləliklə, Prezident açıq şəkildə bəyan etdi ki, Tovuz hadisələri zamanı onun bir sözü ilə Azərbaycan Ordusu döyüşləri Ermənistan ərazisində apara bilərdi. Orduya Ali Baş Komandanın əmri lazım idi. Ancaq Azərbaycan tərəfi bunu etmədi. Ancaq bu, belə olmaya bilər.

Bəli, indi ermənilər qorxu içindədirlər. Yaxşı bilirlər ki, hazırda Ermənistanda məsuliyyətsiz adamlar hakimiyyətdədir. Əgər növbəti bir avantüraya getsələr, bu, onlar üçün baha başa gələcək. Çünki Ermənistanda qəbul edilən yeni qanuna görə döyüşlər başlasa, xəstə, qoca, qadın orduda xidmət etməyə məcburdur. Heç bir hərbi təlim keçməyən yaşlı və xəstə adamların döyüşlərdə iştirakı erməniləri dəhşətə gətirir. Onlar dünyanın heç bir yerində belə sərsəm qanunun qəbul olunmadığını da yaxşı bilirlər.

Erməniləri narahat edən başqa bir səbəb isə illərdir aldadıldıqlarının üzə çıxmasıdır. Belə ki, erməni təbliğat maşını onları inandırmışdır ki, Ermənistan ordusu güclüdür, Azərbaycan Ordusuna qarşı istənilən sarsıdıcı zərbəni endirə bilər. İndi məlum olur ki, Ermənistanda belə bir ordu yoxdur, baş verən demoqrafik proseslər nəticəsində onu əsgərlə təmin etmək də çətindir.

Bu üzdən Ermənistanın müdafiə nazirinin və digər siyasətçilərin "qorxma” deməsinə baxmayaraq, erməni cəmiyyətində bir qorxuxof hökm sürür. Hamı başa düşür ki, Ermənistan rəhbərliyinin atacağı yanlış addım nəticəsində yaxşı silahlanmış, yüksək döyüş qabiliyyətinə malik Azərbaycan Ordusunun vuracağı zərbədən sonra bu ölkə bir daha ayaq üstə dura bilməz.

Ermənilər təkcə cəbhədə deyil, siyasət və diplomatiya meydanında da uduzur. Prezident İlham Əliyevin apardığı uğurlu, çevik və qətiyyətli siyasət sayəsində Ermənistan yaxın müttəfiqləri tərəfindən belə, açıq şəkildə müdafiə olunmur. Çünki apardığı aqressiv siyasət diplomatik həmlələrlə ifşa edilir. İndi "işlər”i ötən əsrin

90-cı illərindəki kimi getmir. Məsələn, həmin dövrdə bizi şərləyib Azərbaycanla ABŞ arasındakı münasibətləri məhdudlaşdıran 907-ci düzəlişi qəbul etdirə bilmişdi. Bu il isə həmin ABŞ Konqresi tərəfindən Ermənistanı işğalçı ölkə kimi tanıdan sənəd qəbul edildi. Ermənistanın və erməni diasporunun, həmçinin ermənipərəst konqresmenlərin bütün cəhdlərinə baxmayaraq, bu sənəd Konqresdə imzalandı. Bu faktın özü Azərbaycan diplomatiyasının qələbəsi sayılır.

Prezident İlham Əliyev Ermənistana növbəti diplomatik zərbəni sentyabrın 21-də BMT-nin Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr olunmuş Yüksək Səviyyəli İclasda vurub. Dövlət başçısı bu mötəbər tədbirdə iki hissədə - Qoşulmama Hərəkatının sədri və Azərbaycan Prezidenti kimi çıxış etdi. Prezident 120 ölkəni özündə birləşdirən nüfuzlu beynəlxalq təşkilat adından dünyanı narahat edən problemlər barədə danışaraq təkliflərini verdi.

Qoşulmama Hərəkatının sədri kimi BMT-nin tribunasından çıxış edən Prezident İlham Əliyev demişdir: "Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqan kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq”.

Dövlət başçısı nitqinin ikinci hissəsinə "İndi isə mən Azərbaycan adından çıxış edirəm” deyə başladı. Prezident müstəqillik illərində ölkəmizin dövlət quruculuğu, iqtisadi islahatlar, sosial problemlərin həlli sahəsində böyük nailiyyətlər qazandığını bildirdi. Bununla yanaşı, Ermənistanın işğalçılıq siyasətini bir daha BMT-nin ali tribunasından ifşa edərək bildirdi ki, qonşu dövlət BMT-yə qəbul olunarkən Nizamnaməyə görə üzərinə götürdüyü öhdəlikləri - hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini kobud şəkildə pozaraq Azərbaycan torpaqlarını işğal edib.

Prezident İlham Əliyev Ermənistanın çirkin işğalçılıq siyasəti sayəsində ölkəmizin ərazisində törədilən vəhşilikləri qeyd edərək demişdir: "Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanımışdır. Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixidini abidələri məhv edib”.

Dövlət başçısı Ermənistanda Azərbaycana qarşı yeni təcavüz və əraziləri işğal etmək üçün on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış könüllü dəstələrin yaradılması faktını dünya ictimaiyyətinə çatdırdı. Ermənistan müdafiə nazirinin "yeni ərazilər uğrunda yeni müharibə” bəyanatının növbəti toqquşmalara səbəb olacağını bildirdi. Çünki ermənilər ölkəmizə qarşı aqressiv siyasətlərindən əl çəkmirlər.

Prezident İlham Əliyevin bu çıxışı sadəcə olaraq beynəlxalq ictimaiyyəti məlumatlandırmaq kimi də görünə bilər. Əslində dövlət başçısı bu barədə ətraflı məlumat verməklə növbəti siyasidiplomatik gediş etdi. Belə ki, Azərbaycan ermənilərin növbəti təcavüzünə tutarlı cavab verdi. Biz ərazilərimizi işğaldan azad edərkən onların yalançı göz yaşlarına heç kəsin inanmamasının təməlini qoyduq. Axı onlar bugünə qədər özlərini zavallı, yazıq və məzlum millət kimi təqdim ediblər. Dövlət başçısı onların bu maskalarını üzlərindən çıxararaq yırtıb kənara atdı və hamıya göstərdi ki, düşmənimiz nə qədər məkrli və yalançıdır.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2020.-27 sentyabr.- S.1; 3.