Ermənistan ordusunda
özbaşınalıq hökm sürür
Ermənistanın təxribatçı fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinə əsas maneə olaraq qalır. Xüsusən baş nazir Nikol Paşinyanın təxribatçı açıqlamaları ilə danışıqların formatını və mahiyyətini dağıtması məsələni daha mürəkkəb müstəviyə yönəldib. Bunun səbəblərindən biri faktiki olaraq Ermənistanda inqilabi diktatura quran, müxalifət nümayəndələrinin, hər hansı əks fikir söyləyən şəxslərin susdurulması və şantaj edilməsi ilə daxili problemləri artıran Paşinyanın cəmiyyətin diqqətini yayındırmaq cəhdləridir.
Digər tərəfdən Paşinyan iqtidarının koronavirusa qarşı apardığı mübarizənin iflasa uğraması göz qabağındadır. Çaşqın vəziyyətə düşən baş nazir erməni cəmiyyətinin diqqətini yayındırmaq üçün təxribatçı və ziddiyyətli açıqlamalar verir. Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi məlumatda da deyilir ki, Ermənistanda hakimiyyətə gəlməsindən 2 il ötən Paşinyan bu günə kimi 30 təxribatçı fəaliyyət həyata keçirib. Bunlar həm də onun təsdiqidir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ondan olan gözləntiləri puça çıxaran Paşinyan sələflərinin ilhaqçı siyasətini təkrarlayır.
Xatırladaq ki, ötən ilin mart ayında Ermənistanın müdafiə naziri Davit Tonoyan Nyu Yorkdakı erməni icması ilə görüşündə "sülh üçün ərazilər” yanaşmasının tətbiq olunmayacağını bildirmiş, "yeni ərazilər üçün yeni müharibə” fikrini söyləmişdi. Göründüyü kimi, Paşinyanın rəhbərliyi altında Ermənistanın "yeni ərazilər üçün yeni müharibə”ni nəzərdə tutan və danışıqlar prosesində bu ölkənin strateji məqsədinin müharibənin nəticələrini qoruyub saxlamaqdan ibarət olduğunu müəyyən edən hərbi strategiya qəbul etməsi Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həllini qaçılmaz edir.
Azərbaycan buna hazırdır, amma Ermənistanda əks vəziyyətdir.
Ermənistan ordusundakı özbaşınalıq getdikcə daha geniş vüsət alır və hər halda baş verən son olaylar da qeyd edilənləri təsdiq edir. Belə ki, Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən hərbi qulluqçular mülki şəxsə qarşı cinayət törətdiyi üçün istintaqa cəlb olunub. Erməni mediasının yazdığına görə, Tərtər rayonunun işğal olunmuş Kiçik Qarabəy kəndində yaşayan Artuş Avakyan Ermənistan Müdafiə Nazirliyinin "qaynar xətt”inə zəng edərək hərbi qulluqçular tərəfindən daim incidildiyini, hədə-qorxulara məruz qaldığını, eləcə də pulunun və əmlakının zorla əlindən alındığını bildirib.
Daha bir məlumata əsasən, Azərbaycanın işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində xidmət edən hərbi qulluqçular arasında kütləvi dava baş verib. Nəticədə beş nəfər xəsarət alıb. Artilleriya divizionunda xidmət edən gənc əsgərlərlə müqavilə əsasında xidmətdə olan hərbçilər arasında baş verən mübahisə sonradan davaya çevrilib. Hərbi qulluqçular Hayk Martirosyan, Aram Papikyan, Narek Torosyan, Tiqran Aseryan, Artik Musoyan müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb məntəqəsinə yerləşdiriliblər. Komandanlıq hadisəni ört-basdır etməyə çalışıb. Lakin davada xəsarət alanlardan birinin vəzifəli qohumu bu hadisədən xəbər tutduqdan sonra hərbi hissə komandiri hərbi prokurorluğa məlumat verməyə məcbur olub.
Amma insidentlər təkcə bununla bitmir. Yaşanan
qanunsuzluqlar hərbçilərin
özünü də
cana gətirib.
Hətta
zabit Tsolak Xaçatryan müddətsiz
aclıq aksiyası keçirir. Xaçatryan bildirib ki, hökumət
onun konstitusion hüquqlarını pozur.
O, illik məzuniyyətinin
ödənilməyən hissəsinin
kompensasiyasının nəzərdə
tutulduğundan az olduğunu bildirir.
Bunlara etiraz olaraq əsgər
valideynləri etiraz aksiyası keçiriblər. Onlar bildirirlər
ki, Ermənistan ordusundakı korrupsiya və özbaşınalıq
yüksək templə
artır. Orduda problemlər
dözülməz həddə
çatıb. Təmas xəttində
əsasən kasıb
insanların övladları
ölür. Əsgərlər komandirlərin və özlərindən rütbəcə
yüksək olanların
pis davranışları
ilə üz-üzə
qalırlar.
Yerli medianın yazdığına
görə, Ermənistan
hakimiyyəti bütün
vasitələrdən istifadə
edərək ordudakı
neqativ halları və ölüm faktlarını gizlədir. Hərbi hissələrdə
əsgərlərin valideynləri
ilə əlaqə saxlaması üçün
yaradılan internet otaqlarını
isə məlumatların
sızmasının qarşısını
almaq üçün
bağlayıblar. Bütün bu
qadağalara baxmayaraq,
sosial şəbəkələrdə
və açıq mənbələrdə yayılan
məlumatların təhlili
göstərir ki, Ermənistan ordusunda vəziyyət təsəvvür
edildiyindən də qat-qat ağırdır.
Etirazçılar davamlı şəkildə
hökumət əleyhinə
şüarlar və bəyanatlar səsləndirir,
valideynlər övladlarının
ölüm səbəbinin
onlara açıqlanmasını
tələb edirlər.
Elçin CƏFƏROV
Azərbaycan.- 2020.-27 sentyabr.- S.1; 8.