Dünyanın neft tarixi
Azərbaycandan - Balaxanı və Bibiheybət mədənlərindən
başlanır
Dənizdən də
"qara qızıl”ı
ilk dəfə bizim neftçilər çıxarıb
Bütün dünya bilir ki, Azərbaycan neftin vətənidir. Bakının Balaxanı və Bibiheybət əraziləri tarixə ən qədim neft mərkəzləri kimi düşüb. Dünyada ilk neft quyuları burada qazılıb, neft hasilatına buradan başlanıb. Bu il sentyabrın 23-də Prezident İlham Əliyev Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olarkən bunları bir daha xatırladıb.
Dövlət başçısı hazırda həmin yerlərin ekoloji fəlakət zonasından ekoloji cənnət zonasına çevrildiyini qeyd edib. Bu işin insanların sağlamlığına, ümumiyyətlə, neft gəlirlərinin xalqımızın rifahına, daha xoş gələcəyinə xidmət etdiyini vurğulayıb: "Hələ Prezident kimi fəaliyyətə başlayanda ilk aylarda bunu demişdim ki, "qara qızıl”ı insan kapitalına çevirməliyik. Bax, budur, "qara qızıl” insan kapitalıdır. İnsanların rifah halı, sağlamlığı, rahatlığı, təhlükəsizliyi üçün biz neftdən gələn gəlirlərdən istifadə etdik. Deyə bilərəm ki, bu gün biz neftlə zəngin ölkələr sırasında bu siyasətə görə dünya miqyasında qabaqcıl yerlərdəyik. Aparıcı beynəlxalq maliyyə qurumları da qeyd edirlər ki, Azərbaycanda neft insanların rifah halının yaxşılaşmasına xidmət göstərir. Çünki indi yoxsulluğun, işsizliyin azaldılması bunun bariz nümunəsidir. Neftlə zəngin olan ölkələrdə bəzi hallarda işsizlik baş alıb gedir. Səfalət, sosial ədalətsizlik və digər problemlər o ölkələrin cəmiyyətlərində ciddi hal alır. Amma Azərbaycanda neft insanların rifahına, ölkəmizin inkişafına xidmət göstərir”.
İndi dünyanın bir çox dəniz akvatoriyalarındakı neft-qaz yataqlarında axtarış-kəşfiyyat işləri, eləcə də karbohidrogenlərin hasilatı həyata keçirilir. Dənizdə neftçıxarmanın tarixi də Xəzərdən - Xəzərin Azərbaycan sektorundan başlanıb. 71 il əvvəl burada polad estakadalar üstündə ilk dəniz mədəninin yaradılması dünya üçün tamamilə yeni bir hadisə olub.
Başqa sözlə, "Neft Daşları” adını alan həmin yataq ölkəmizi açıq dənizdə neftçıxarmanın vətəni kimi tanıdıb. "Neft Daşları”nın özünü isə "möcüzələr adası”, "dünyanın səkkizinci möcüzəsi” adlandırmağa başlayıblar.
"Neft Daşları” sonralar da bir çox ilklərə imza atıb. Yataq neft-qaz sənayesinin inkişafında yeni mərhələni - dəniz yataqlarının mənimsənilməsi təcrübəsini ortaya qoyub. Ötən illərdə burada meydançalarla birlikdə təxminən 300 kilometr estakada inşa edilib.
"Neft
Daşları” Azərbaycanda
neft hasilatının artmasına böyük təkan verib. Belə
ki, bu yataqda
ilk quyu fontan vurduğu vaxtdan bir il əvvəl - 1948-ci ildə
respublikada illik neft hasilatı 14 milyon ton olub. Sonrakı vaxtda hasilat getdikcə artaraq
1966-cı ildə 22 milyon
tona çatıb.
Dünya təcrübəsində ilk dəfə
olaraq dənizdə laylara suvurma metodu da məhz
"Neft Daşları”
yatağında tətbiq
edilib. İşlənmənin əvvəlindən bəri burada laylara 270 milyon kubmetrə yaxın su vurulub ki,
bu da quyuların
fontan üsulu ilə işləməsinin
müddətini xeyli uzadıb. Nəticədə layların neftvermə
əmsalı nəzərəçarpacaq
dərəcədə artıb.
Ən son yenilik isə odur ki, yaxın
gələcəkdə "Abşeron” qaz-kondensat yatağında quraşdırılacaq
hasilat platformasının
fəaliyyəti Neft Daşları ilə bağlı olacaq. Belə ki,
platformanı kənardan,
yəni Neft Daşlarında yerləşdirilən
moduldan idarə etmək üçün innovativ həll yolları işlənib hazırlanmışdır. Xəzərdə ilk dəfə olaraq
"boru içində
boru” texnologiyası tətbiq ediləcək.
Heydər Əliyev adına Bakı Dərin Özüllər
Zavodunda "Abşeron”
yatağının dəniz
əməliyyatlarının təməlqoyma mərasimində
iştirak etdikdən sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına,
İctimai Televiziyaya və "Real” Televiziyasına
verdiyi müsahibədə
bildirmişdir ki,
"Abşeron” yatağı
ilə bağlılıq
Neft Daşlarına yeni həyat verəcək.
Ulu Öndər Heydər Əliyev dəfələrlə
bu dəniz şəhərində olmuş,
onun qəhrəman neftçilərinin əməyini
yüksək qiymətləndirmişdir.
"Neft
Daşları XX əsrdən
XXI əsrə atılmış
körpüdür” demişdir.
Neft Daşları Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dəfələrlə dəniz neftçilərinin
görüşünə gələn
dövlət başçısı
onların fədakar əməyinin şahidi olmuş, qayğıları
ilə maraqlanmışdır.
Neftçilərin bir çoxunu
dövlət mükafatları
ilə təltif etmiş, həmçinin əmin olduğunu bildirmişdir ki, Neft Daşları hələ uzun illər Azərbaycan xalqına xidmət edəcək.
"Neft
Daşları” bu gün də nefti və qazı
ilə ölkə iqtisadiyyatına sanballı
töhfələr verir. SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib ki, hazırda
yataqda illik neft hasilatı 945-950 min
ton, qaz hasilatı 85 milyon kubmetr həcmindədir. İşlənmənin
əvvəlindən bu
vaxtadək isə
"Neft Daşları”
yatağından təxminən
176,4 milyon ton neft və 14 milyard kubmetr təbii qaz hasil edilib.
Akademik həmçinin xatırladıb
ki, Abşeron-Balaxanıyanı
qalxımından neft alınması sonradan
"Azəri-Çıraq-Günəşli”
kimi yataqların açılmasına da zəmin yaradıb. Dünyada
dəniz akvatoriyalarının
mənimsənilməsi epoxasının
əsasını qoymuş
"Neft Daşları”
yatağının kəşfi
təkcə keçmiş
SSRİ-də - Xəzər,
Oxot, Barens dənizlərində, Qara
dənizdə deyil, həm də dünyanın bir çox dəniz və okean akvatoriyalarında
- Meksika körfəzində,
Şimal dənizində
axtarış-kəşfiyyat işlərinin inkişafına
güclü təkan verib.
Beləliklə, "dəniz neftçisi” peşəsi də əslində Azərbaycanda
yaranıb. Yəni "Neft Daşları”
yatağı açıq
dənizdə işləmək
üçün təcrübəli
kadrların hazırlanmasında
əsl məktəb olub. Keçmiş
SSRİ-nin, həmçinin
dünyanın bir çox neft regionlarındakı həmkarları
həmin məktəbin
yetişdirdiyi mütəxəssislərimizin
bilik və təcrübəsindən bəhrələniblər.
Dünyada neft-qaz axtarışlarının
və hasilatının
böyük bir hissəsi dəniz akvatoriyalarının payına
düşür. Okean və dənizlərin
şelfində işlər
getdikcə daha da genişlənir. İndi suyun dərinliyi min metrdən çox olan sahələrdə karbohidrogen ehtiyatlarının
mənimsənilməsi prosesi
gedir. Bu böyük
prosesin təməlini
Azərbaycan neftçisi
yaradıb! Ümumiyyətlə,
neftin tarixi kimi dəniz neftinin də erası Azərbaycandan başlanıb!
Flora SADIQLI
Azərbaycan.- 2020.- 27 sentyabr.-
S.1; 4.