Azərbaycan bu dəfə də birincilərdən olacaq
Ötən ilin sonundan etibarən
dünyaya sürətlə
yayılan koronavirus infeksiyasına görə
yaranmış pandemiya
əksər ölkələrin
səhiyyə və iqtisadiyyatını böhran
vəziyyətinə salıb. Pandemiya davam
etdiyi müddətdə
bir çox sərt karantin tədbirləri və müalicə metodları tətbiq edilsə də, güclü mübarizə sistemləri
hələ hazır deyil.
Yoluxdurucu xəstəliklərə səbəb
olan digər viruslardan fərqli olaraq, COVID-19 mutasiya olur, yoluxdurucu gücü artır. Epidemioloji vəziyyətə
nəzarət edə bilmək üçün
isə yumşaq karantin tədbirləri davam etdirilir, əhalinin hədəf qruplarının vaksinasiyası
aparılır.
Aylardır bəşəriyyət bu
təhlükəli bəladan
qurtulmaq üçün
bütün ümidlərini
peyvəndə bağlayıb.
Hazırda bir sıra ölkələr vaksinlər üzərində
iş aparır və ön sifarişlər qəbul edirlər. Lakin vaksinlərə olan
tələbatın onların
istehsal potensialından
çox olmasını
nəzərə alaraq,
növbəti sifarişləri
tezliklə tam təmin
etməkdə çətinlik
yarana bilər.
COVID-19 ilə mübarizədə
vaksin istehsalını
sürətləndirmək məqsədilə bir müddət əvvəl Qlobal Peyvəndlər Alyansı (GAVI), Epidemiyaya Hazırlıq İnnovasiyalar
Alyansı (CEPI) və
Ümumdünya Səhiyyə
Təşkilatı (ÜST) tərəfindən COVAX platforması
yaradılıb. COVAX, geniş sayda peyvənd namizədlərini
müxtəlif texnologiyalar
vasitələrilə qiymətləndirərək
təhlükəsiz COVID-19 peyvənd təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir. COVAX bütün ölkələr
üçün effektiv
peyvənd axtarışını
sürətləndirən, dünyada COVID-19-a qarşı
peyvəndlərə sürətli,
ədalətli və bərabər əlçatanlığı
təmin etmək üçün hazırlanmış
bir mexanizmdir. Onun məqsədi 2021-ci ilin sonunadək normativ təsdiqlənmə və
ya ÜST-nin prekvalifikasiya mərhələsindən
keçmiş iki milyard doza miqdarında
təhlükəsiz və
effektiv peyvəndin paylanmasıdır.
Sentyabrın 18-də İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI təşkilatı arasında
imzalanmış sazişə
əsasən, ÜST tərəfindən
təsdiqlənmiş və
tələblərə cavab
verən peyvənd istehsal olunduqda tez bir zamanda
təşkilatın başqa
üzv ölkələri
ilə bərabər Azərbaycan da təsdiqlənmiş peyvəndlə
təmin olunacaq.
ÜST-nin
Azərbaycan nümayəndəliyi
rəsmi Bakının
COVAX mexanizminə qoşulma
təşəbbüsünü alqışlayıb. ÜST-nin Azərbaycan nümayəndəliyindən
bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI arasında bağlanan sazişə görə, ÜST-nin prekvalifikasiya mərhələsindən
keçmiş COVID-19 əleyhinə
peyvənd istehsal olunduqda Azərbaycan peyvəndi ilk əldə edən ölkələrdən
biri olacaq.
TƏBİB İdarə
Heyətinin sədri Ramin Bayramlı bu barədə danışarkən bildirib
ki, vaksinasiya üçün ölkənin
tələbi üzrə
hesablamalar əhalinin ilkin olaraq 20 faizinə peyvəndin vurulmasının epidemioloji
vəziyyətə effektiv
nəzarət etmək
üçün kifayət
edə biləcəyini
göstərir. Lakin vaksinlər
üzrə vacib tələblər də mövcuddur. Belə ki,
onlar effektiv və təhlükəsiz,
kənar mənfi təsirləri minimum səviyyədə
və virusa qarşı ən azından 50-70 faiz qoruyuculuq qabiliyyətində
olmalıdır.
R.Bayramlının sözlərinə görə,
Azərbaycan əhalisinin
10 faizə qədəri
üçün peyvəndin
COVAX çərçivəsində alınması nəzərdə
tutulub. Sazişə əsasən, vaksinin ümumi dəyərinin bir hissəsi, yəni 3 milyon 235 min 840 dolları avans məbləği şəklində
indi ödənilməlidir.
Vaksinin
tam təhlükəsizliyi ilə
bağlı sınaqlar
başa çatdıqdan
sonra alacağımız
vaksinin məbləğinin
digər hissəsi ödənilməlidir. Hökumətin qərarına əsasən,
bu sazişin icrasından irəli gələn məsələlərin,
yəni COVAX platforması
çərçivəsində ÜST tərəfindən təsdiq
olunmuş vaksinlərin
alınaraq Azərbaycana
gətirilməsinin maliyyə
xərcləri Koronavirusla
Mübarizəyə Dəstək
Fondundan ödəniləcək.
Mart ayında
COVID-19 xəstəliyinin Azərbaycanda
yarada biləcəyi təhlükənin qarşısının
alınmasını, profilaktik
və təxirəsalınmaz
tədbirlərin operativ
həyata keçirilməsini,
əhalinin həyat və sağlamlığının
qorunmasını təmin
etmək məqsədilə
Prezident İlham Əliyevin fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək
Fondu yaradıldı. Həmin vaxt xalqımızın milli həmrəyliyi və dəstəyi ilə fonda milyonlarla
manat vəsait toplandı. Dövlət başçısı İlham
Əliyev və Birinci xanım Mehriban Əliyeva bir illik əməkhaqlarını
fonda ianə
etdilər.
Fondun vəsaitinin sərəncamçısı
Nazirlər Kabinetidir. Baş Nazirin
apreldə imzaladığı
qərarla fondda toplanmış vəsaitdən
istifadə zamanı şəffaflığın təmin
edilməsi və vəsaitdən istifadə
barədə ictimaiyyətin
mütəmadi məlumatlandırılması
məqsədilə Nazirlər
Kabineti yanında İctimai Nəzarət Şurası yaradılıb.
Fondun fəaliyyətində tam şəffaflığın
təmin edilməsi çərçivəsində bütün ianələr
və onları edən fiziki və hüquqi şəxslər barədə
fondun rəsmi internet səhifəsində məlumat
yerləşdirilir.
Azərbaycan dövləti koronavirus infeksiyasına qarşı
mübarizəni ardıcıl
davam etdirir və əhalinin sağlamlığının qorunması
üçün bütün
mümkün üsullardan
istifadə edir, bu məsələdə maksimum şəffaflıq
və ictimai nəzarət təmin olunur. Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaiti də son qəpiyinə qədər
xalqımızın sağlamlığına,
COVID-19 pandemiyasından xilas
olmasına xərclənəcək.
Qabaqlayıcı və qadağanedici tədbirlər, eləcə
də insanların karantin qaydalarına əməl etməsi, məsuliyyətli davranması
sayəsində hazırda
respublikamızda epidemioloji
vəziyyət tam nəzarət
altındadır, virusa
kütləvi yoluxmanın
qarşısı alınıb,
gündəlik statistika
sayı sabitləşib. Lakin bu,
heç də koronavirusun təsir gücünün azalması
kimi qəbul edilməməlidir. Nəzərə
alsaq ki, məktəblərin, iş
yerlərinin açılması,
nəqliyyat vasitələrinin
tam gücü ilə
fəaliyyət göstərməsi
insanlar arasında təmasların artması
deməkdir. Təmasların sayı artdıqca
isə yoluxmaların da çoxalması labüd haldır. Belə olan halda qarşımızda
duran əsas vəzifə karantin qaydalarına daha ciddi riayət etməkdir. Unutmayaq ki, hazırda
həyatımız məhz
bu sadə qaydalardan asılıdır.
Xəyalə MURADLI,
Azərbaycan.- 2020.- 27 sentyabr.- S.1; 4.