Yaponiyanın nüfuzlu “Asahi shimbun” qəzetində
Ermənistan ordusunun təxribatları ilə
bağlı analitik məqalə dərc olunub
Yaponiyanın nüfuzlu “Asahi shimbun” qəzeti son aylarda Ermənistan ordusunun Azərbaycanla sərhəddə törətdiyi təxribatlarla bağlı böyük analitik məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, xanım Miyuki Çikauçinin müəllifi olduğu “Keçmiş Sovet İttifaqının uzaq bölgəsində baş vermiş münaqişənin tarixçəsi və Yaponiya” sərlövhəli məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilir, Ermənistan ordusu tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionu da daxil olmaqla ətraf yeddi rayonun işğal edilməsi, münaqişə nəticəsində 30 min insanın həlak olması və bir milyondan çox azərbaycanlının ata-baba yurdlarından didərgin düşməsindən bəhs olunur. Qeyd edilir ki, cari ilin iyulunda iki dövlət arasındakı sərhəddə baş verən silahlı toqquşma yalnız qonşuluqda yerləşən dövlətləri deyil, eyni zamanda, ABŞ-ı və Avropa İttifaqı ölkələrini də narahat edib. Müəllifin mövqeyinə görə, buna səbəb döyüşlərin baş verdiyi regionun Avropa ölkələrinin enerji təminatında mühüm əhəmiyyət malik olan nəhəng neft və qaz xətlərinə yaxın olmasıdır. Buna görə də enerji resurslarına malik olmayan Yaponiya da bu məsələdə xüsusi mövqe nümayiş etdirməli və bu regiona diqqətlə yanaşmalıdır.
Münaqişənin tarixinə ekskurs edən müəllif vurğulayır ki, 1994-cü ildə Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs barədə razılıq əldə olunsa da, Ermənistan Azərbaycana məxsus Dağlıq Qarabağ regionunu və ona bitişik yeddi rayonu işğal altında saxlamaqda davam edir.
Məqalədə iyulun 12-dən başlayaraq iki ölkənin sərhədində baş verən toqquşma barədə ətraflı məlumat verilərək bu ərazinin Dağlıq Qarabağdan 300 kilometr şimalda yerləşməsinə xüsusi diqqət yönəldilir. Bildirilir ki, məhz bu məqam yalnız münaqişənin həllinə çalışan ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya və ABŞ-la yanaşı, Avropa İttifaqını da tərəfləri təmkin nümayiş etdirməyə, atəşi təcili şəkildə dayandırmağa çağırış etməsinə səbəb olub.
Hadisələr zamanı Türkiyənin mövqeyinə xüsusi diqqət çəkən müəllif qeyd edir ki, yalnız bu ölkənin parlamenti, iqtidar və müxalifət partiyaları bəyanat verərək həmişə Azərbaycanın yanında olduqlarını bildiriblər. Vurğulanır ki, Ermənistanı işğalçı siyasətdə ittiham edən Türkiyə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün lazım olan bütün addımları atacağını bəyan edib. Bunun səbəbi kimi isə, bu iki ölkənin bir-birinə qardaş münasibəti və “bir millətin iki dövləti” olması qeyd edilir.
Eyni zamanda, döyüşlərin başladığı Tovuz rayonunda Rusiyadan yan keçərək Gürcüstan vasitəsilə Türkiyəyə istiqamətlənən qaz və neft borularının keçdiyi xüsusi qeyd edilir. Bildirilir ki, enerji ehtiyatlarının idxalına ehtiyac duyan Türkiyənin iqtisadi maraqları üçün bu əsas məqamlardan biridir. Məhz Avropa İttifaqının da iki ölkə arasında münasibətlərin gərginləşməsinə kəskin reaksiya verməsinin kökündə də bu səbəb dayanır. Qeyd edilir ki, uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə Xəzərin təbii qazının Gürcüstandan Türkiyəyə və Yunanıstandan keçməklə İtaliyaya çatdırılması nəzərdə tutulur. Bu boru xəttinin inşasının cari ilin payızında yekunlaşacağı qeyd edilir.
Əlavə olaraq vurğulanır ki, Ermənistanın işğalçı siyasəti onu regionda həyata keçirilən nəhəng layihələrdən kənarda qoyub. Eyni zamanda, Ermənistanın Türkiyəyə qarşı I Dünya müharibəsi vaxtı əsassız olaraq irəli sürdüyü “erməni soyqırımı” məsələsinə də toxunulur. Bildirilir ki, Avropa və ABŞ-da olan güclü diasporun köməyi ilə hər il aprelin 24-də qərb ölkələrinin parlamentlərində qabardılan bu məsələ Türkiyə tərəfindən rədd edilsə də, əsaslı narahatlığa səbəb olur. Ermənistan dövlətinin məhz bu siyasəti həm Türkiyə, həm də Azərbaycanla diplomatik münasibətlərin bərpasına ciddi əngəl törədir.
Məqalədə Ermənistana Rusiya tərəfindən müntəzəm şəkildə göstərilən dəstək məsələsinə də toxunulur. Qeyd edilir ki, Qafqazın üç dövləti arasında Rusiyanın daha çox Ermənistanı dəstəkləyən siyasəti, Türkiyə ilə sərhəddə Rusiya hərbi bazasının yerləşməsi həm Azərbaycanın, həm də Türkiyənin narazılığına səbəb olur.
Yazıda müəllif Türkiyənin son illər Rusiyadan enerji asılılığını azaltmaq istiqamətində siyasətinə də toxunur. Bildirilir ki, əgər 2011-2017-ci illərdə Türkiyə istehlak etdiyi təbii qazın 50 faizini Rusiyadan alırdısa, son illər bu istiqamətdə həyata keçirilən şaxələndirmə siyasəti nəticəsində bu göstərici 30 faizə enib. Bununla yanaşı, Azərbaycandan idxal edilən enerji daşıyıcılarının həcmi son 10 ildə ilk dəfə Rusiyadan idxalı 20 faiz, cari ilin mayından isə 2,5 dəfə üstələyib.
Müəllif qeyd edir ki, Türkiyənin hazırda enerji daşıyıcılarının şaxələndirilmiş şəkildə idxalı istiqamətində atdığı addımlar, eyni zamanda, Aralıq dənizinin şərqində dənizin dibinin müstəqil tədqiqi üçün apardığı araşdırmalar regionda böyük enerji ehtiyatlarına malik Rusiya dövrünün başa çatdığını deməyə əsas verir.
Məqalədə Yaponiyanın Qafqaz regionundakı siyasəti məsələsinə də toxunulur, müəllif təəssüf hissi ilə bu mövzunun ölkə mətbuatında kifayət qədər işıqlandırılmadığını qeyd edir. Eyni zamanda, bildirir ki, son illər Yaponiya Avropa və Asiyanın qovuşağında yerləşən Qafqaz ölkələrində iştirakını artırmağa çalışır. Belə ki, Yaponiya şirkətlərinin Azərbaycanın enerji sektoruna və Gürcüstandan keçərək Qara dənizədək olan 460 kilometr uzunluğunda beynəlxalq avtomagistralın inşasına investisiyalar ayırdığı qeyd edilir. 2018-ci ildə Yaponiyanın Xarici İşlər naziri Taro Kononun üç Qafqaz ölkəsinə səfəri, həmin səfər zamanı insan ehtiyatlarının və infrastrukturun inkişafına yönələn “Qafqaz təşəbbüsü”nün elan olunduğunu xatırladır.
Digər tərəfdən, enerji ehtiyatları ilə zəngin olmayan Yaponiyanın enerji təminatında regionun oynaya biləcəyi rola da məqalədə xüsusi diqqət yetirilir.
Məqaləyə müəllifin 2017-ci ilin avqustunda Azərbaycana səfəri zamanı çəkdiyi fotolar da əlavə edilib.
Azərbaycan.- 2020.-27 sentyabr.- S.3.