Azərbaycan Milli Məclisinin və
Pakistan Senatının sədrləri
arasında telefon
danışığı olub
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova ilə Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani arasında telefon danışığı olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, telefon danışığı zamanı Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar müzakirə olunub.
Spiker bildirib ki, 27 sentyabr tarixində səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması işğalçı ölkə və onun hərbi-siyasi rəhbərliyi tərəfindən qəsdən və hədəflənmiş şəkildə həyata keçirilmiş təxribatdır.
Milli Məclisin
Sədri mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananların olduğunu
pakistanlı həmkarının diqqətinə
çatdırıb. Spiker xüsusi
olaraq qeyd edib ki, vəziyyətin gərginləşməsinin
məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin
üzərinə düşür.
Azərbaycan.- 2020.-30 sentyabr.- S.4.