Türkiyə Konstitusiya Məhkəməsinin
sədri Ermənistanın Azərbaycana qarşı növbəti
hərbi təxribatını pisləyib
Sentyabrın 29-da Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə telefonla zəng edib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı Zühtü Arslan Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatını pisləyərək, Türkiyə Konstitusiya Məhkəməsinin kollektivi adından qardaş Azərbaycanın Vətən uğrunda şəhid olmuş əsgərlərinin, dinc əhalinin erməni işğalçıları tərəfindən qətlə yetirilməsindən kədərləndiyini bildirib və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, Türkiyənin daim Azərbaycan xalqının yanında olduğunu vurğulayıb.
Sədr Fərhad Abdullayev türkiyəli həmkarına təşəkkürünü bildirərək, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqların Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı ordusu tərəfindən tezliklə azad olunacağına, insanlığa qarşı törədilmiş cinayətlərə görə erməni separatçılarının beynəlxalq hüquqa əsasən məsuliyyət daşıyacaqlarına və azad ediləcək ərazilərdə Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bərpa ediləcəyinə əminliyini bildirib.
Sədr Zühtü Arslan
Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğan və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin birgə səyləri nəticəsində
bölgədə ədalətin zəfər
çalacağına və qardaş
ölkənin ərazi bütövlüyünün
tezliklə bərpa olunacağına Türkiyə Konstitusiya Məhkəməsinin bütün hakim korpusunun inamını ifadə edib.
Azərbaycan.-
2020.-30 sentyabr.- S.5.