İlham Əliyev "İrəli" əmri verdi!
Azərbaycan Ordusu müqəddəs
missiyasının icrasına başladı
ƏSİR KƏNDLƏR, XARABA YURDLAR BİZİ
ÇAĞIRIR
Səbrin hüdudu olur!
İnsan dözümü də sərhədsiz deyil!
Aydın məsələdir ki, torpağı işğalda olanlar düşmənin "sülhə gəlmək insafını” sonsuzadək gözləyə bilməzlər!
ATƏT-in Minsk qrupunun on illərlə davam edən mənasız səfərlərini, səmərəsiz danışıqlarını, həmsədr dövlətlərinin heç nə ifadə etməyən standart bəyanatlarını çox gördük, eşitdik.
Torpaqların sülh yolu ilə azad ediləcəyinə ümidimizi itirsək də, yenə də dünyada ədalətin mövcudluğuna, beynəlxalq qurum və təşkilatların, nəhayət, ikili standartlardan əl çəkəcəyinə inanmaq, bəlkə də özümüzü inandırmaq istədik!
Hər dəfə erməni tərəfinin şıltaqlığını, sülh danışıqlarından nümayişkaranə, ərköyüncəsinə yayındığını görəndə, nəhayət, onlara sanksiya tətbiq ediləcəyinə, "kreativ”, "predmetli”, "səmərə verən” danışıqların başlanması üçün ATƏT aradüzəldənlərinin insafa gələcəyinə bel bağlamağa çalışdıq!
HEYHAT!!!
Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağı və yeddi rayonu işğal edən Ermənistana bircə dəfə də "işğalçısan” deyən olmadı!
İşğalçı Ermənistanla işğala məruz qalan Azərbaycana fərq qoyulmadı, əksinə, hər dəfə aralarına bərabərlik işarəsi yazmağa çalışdılar və yazdılar!
Müxtəlif adlar və bəhanələrlə yardımlar göstərdilər!
Çox halda gizli, yarıgizli, yaxud elə aşkar, birbaşa, pullu, pulsuz silahlandırdılar!
Ermənistanın işğal altındakı torpaqları özününküləşdirməsinə, məskunlaşdırmasına, Azərbaycana məxsus təbii sərvətləri çapıb-talamasına, həyasızcasına Azərbaycan tərəfinə meydan oxumasına rəvac verdilər, özlərini keyliyə və bilməzliyə qoyaraq gözlərini və qulaqlarını yumdular!
Azərbaycan xalqını işğalla barışdırmaq, sülh gözləyə-gözləyə torpaqların erməniyə verilməsinə alışdırmaq yolunu tutdular!
Torpağı işğalda olan xalqa və dövlətə müharibəni qadağan etməyə, tutuquşu kimi "münaqişənin yalnız bircə həlli yolu var - o da sülh yoludur” söyləməklə məsələnin uzanmasına, bəlkə də unudulmasına açıq-aşkar cəhdlər göstərdilər.
Hətta bəzi "din qardaşlarımız” düşmənə dəstək vermək, silah satmaq kimi addımlar belə atdılar!
Harınlamış düşmən isə dinc dayanmadı, Mingəçevir Su Anbarını, Gəncə şəhərini raketlə vurub dağıdacağı barədə təhdidlər etməyə başladılar.
"Yeni müharibə, yeni torpaqların zəbti” çağırışı ilə hədə-qorxu gəldi!
2016-cı ilin aprelində təxribat yolu ilə hərbi əməliyyata başladı.
2020-ci ilin iyulunda dövlət sərhədini pozaraq yeni əraziləri tutmaqla Azərbaycana məxsus transmilli boru kəmərlərini və dəmir yolu xəttini dağıtmağa, ələ keçirməyə can atdı.
Dözdük, gözlədik, "sülh yolu”na inanmaq istədik!
Qaradan artıq rəng olmur!
Cəzasız qalacağına, işğal etdiyi torpaqları geri qaytarmayacağına əmin olan düşmən təhdid və hədələrini növbəti dəfə reallaşdırmaq üçün 27 sentyabr saat 06.00-da silaha əl ataraq bütün istiqamətlərdə Azərbaycan ərazisini, yaşayış məskənlərini və mülki obyektləri artilleriya atəşinə tutdu!
Bu, düşmən tərəfindən atəşkəsin ciddi şəkildə pozulması və hərbi əməliyyatların başlanması demək idi!
Beləliklə, cavab vermək zorunda qalan Azərbaycan xalqı Qarabağı azad etmək uğrunda Vətən müharibəsinə başladı!
Ali Baş Komandan xalqımızın və ordumuzun çoxdan gözlədiyi "İrəli” əmrini verdi!
***
Azərbaycan əsgəri, indi söz sənindir!
Azərbaycan xalqına nəyə qadir olduğunu göstərmək, müqəddəs Vətən torpaqlarını murdar ləpirlərdən təmizləmək zamanıdır!
Səbri qəzəblə, kini, nifrəti mərmi və güllə ilə əvəz etmək məqamıdır!
Əsir torpaqlar, xaraba yurdlar bizi çağırır!
Diplomatların bacarmadıqlarını sən etməlisən!
İndiyədək dözməyinin, gözləmək məcburiyyətində qalmağının əvəzini çıxmalısan!
Daha bundan o yanası yoxdur!
Hər birimiz müsəlləh əsgərə
çevrilməliyik!
Ali Baş Komandanın, ordunun ətrafında yumruq kimi bir olmalıyıq!
ÜMİD
SƏNƏDİR ANCAQ...
Biz torpaq uğrunda döyüşlərdə
qanlar tökmüşük,
qanımızı axıtmışıq!
Biz iyirmi min şəhid vermişik!
Biz Xocalı, Qaradağlı, Bağanis
Ayrım soyqırımlarını
yaşamışıq!
Biz yayda isti, qışda soyuq çadırlarda, qaçqın şəhərciklərində
zülm və əziyyət çəkmişik,
bəzən qeyri-insani
şəraitdə yaşamışıq!
Ancaq nə doğma yurd-yuvanı unutmuşuq, nə də dədə-baba torpaqlarını erməniyə
güzəştə getmək
barədə düşünmüşük!
Prezident İlham
Əliyevə bütün
varlığımızla inanmışıq,
onun, yalnız onun bizi doğma
el-obaya qaytaracağına
əmin olmuşuq!
***
Ali Baş Komandanımız bu ümidi və inamı doğrultmaq üçün yorulmadan,
gecə-gündüz çalışdı!
Bir çox istiqamətlərdə mübarizə
apardı, işlər
gördü:
* sülh
danışıqlarının səmərəli və nəticəli olması üçün çox çabalar göstərdi;
* xalqımızın
ədalətli mübarizəsini
dünyaya çatdırdı,
beynəlxalq qurum və təşkilatlarda dövlətimizin maraqlarını
əzmlə müdafiə
etdi;
* hücum
diplomatiyasına start verərək
bu sahədə uğurlarımızın təşkilatçısı
oldu;
* vətənpərvər
əsgər və zabitlərdən ibarət
yüksək təlim
görmüş, peşəkar,
dünyanın əlli
ordusu sırasında yer alan milli
ordu yaratdı;
* Azərbaycan Ordusunun bütün ehtiyaclarını qarşıladı,
daim kifayət qədər vəsait ayırdı, ən yeni texnologiyalara əsaslanan silahlarla silahlandırdı;
* dünyada
özünəxas yeri,
sözü və mövqeyi, imici olan müasir, qüdrətli Azərbaycan
dövləti formalaşdırdı;
* düşmən
dövləti və onun uğursuz başçısını bütün
parametrlər üzrə
ifşa edərək Azərbaycanın beynəlxalq
hüquqa əsaslanan mövqeyini və haqq işini beynəlxalq ictimaiyyətə
çatdırdı;
* ən
nəhayət, yeni torpaqların işğalı
iştahası ilə
Azərbaycanla yenidən
müharibəyə hazırlaşan
Ermənistanı əks-hücumla
darmadağın etməyin
əsasını qoydu!
Beləliklə, düşmənin
"yeddi şərti”nə
bir şərtlə -
"Ermənistan qeyd-şərtsiz
Azərbaycanın bütün
ərazilərini tərk
etməlidir” şərtilə
cavab verərək
"təmizləmə əməliyyatı”na
başladı!
İlham Əliyev
xalqımızın inam
və etibarını
daim doğruldub, onun bütün arzu və istəklərini
mərhələlərlə həyata keçirib!
Bu gün söz onun yaratdığı
Azərbaycan Ordusunundur!
Ümid sənədir
ancaq, Ali Baş Komandanımız!
Ümid sənədir
ancaq, Azərbaycan əsgəri!
Xalq sizə və sizlərin bizə bəxş edəcəyi qələbəyə
- böyük həsrət
və səbirsizliklə
gözlədiyimiz QƏLƏBƏYƏ
lap qısa zamanda qovuşacağına inanır!
Allah sizləri qorusun!
QARABAĞ
AZƏRBAYCANDIR!
Bəxtiyar SADIQOV
Azərbaycan.
- 2020.-30 sentyabr.- S.1; 6.