Hazırkı vaxtadək mülki əhalidən
33 nəfər müxtəlif dərəcəli xəsarətlərlə
xəstəxanalara yerləşdirilib
Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Riyakar və qeyri-konstruktiv siyasət aparan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 33 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.
Bundan başqa, düşmənin mülki obyektləri atəşə tutması nəticəsində 65 ev, 5 mülki obyekt yararsız vəziyyətə düşüb, çoxlu sayda xırda və iribuynuzlu heyvan tələf olub.
"Dərin kədər hissi ilə qeyd edirik ki, düşmənin dinc əhalinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində sentyabrın 29-da saat 13 radələrində Ağdam rayonunun Qaradağlı kəndində tibb məntəqəsinə düşmüş top mərmisinin qəlpələrindən kənd sakini 1997-ci il təvəllüdlü Sarıyev Elməddin Hümbət oğlu həlak olub, məntəqənin binası dağılıb, ərazidəki sakinlər təxliyə edilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2-ci (təcavüzkar müharibəni aparma),186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub.
Azərbaycan
Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif
cinayətlər törətmiş Ermənistan silahlı
qüvvələrinin hərbi qulluqçularının beynəlxalq
hüquq normaları çərçivəsində
məsuliyyətə cəlb olunaraq cəzalandırılmalarını
təmin etmək məqsədilə zəruri olan tədbirlər həyata keçirilir.
Azərbaycan.-
2020.-30 sentyabr.- S.9.