13 səfər, 22 yeni obyektin açılışı
Regionların sosial-iqtisadi inkişafı 2019-cu ildə də
Prezident İlham Əliyevin fəaliyyətinin prioritetlərindən
olub
Yola
saldığımız 2019-cu il ölkəmizin tarixində dərin
islahatlar ili, həm də bölgələrin sosial-iqtisadi inkişafında
uğurlu illərdən biri kimi yadda qaldı. Həyata
keçirilən mütərəqqi islahatlar dövlətin
gücünü və potensialını artırdı.
İqtisadi göstəricilərə nəzər yetirdikdə
görərik ki, ötən il iqtisadiyyatın qeyri-neft sektoru
3 faizdən çox artıb. Dövlətin xarici borcu
ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Ölkənin valyuta
ehtiyatları bu il 4,5 milyard dollar artaraq rekord həddə - 50
milyard dollara çatıb. Sənaye istehsalı, xüsusilə
də qeyri-neft sektorunda sənaye artımı 14 faiz təşkil
edib. Kənd təsərrüfatında isə 7 faiz artım
var. Yəni bütün əsas istiqamətlər üzrə
ölkəmizin uğurlu inkişafı real göstəricilərlə
təsdiqlənir.
Prezident
qayğısı, səmimi görüşlər, problemlərin
həlli, tapşırıq və tövsiyələr
Ümumiyyətlə, son 16 illik yola nəzər
salsaq görərik ki, Prezident İlham Əliyevin bölgələrə
çoxsaylı səfərləri və vətəndaşlarla
söhbətləri bu sahədə çox gözəl bir ənənə
yaradıb. Dövlət başçısı mütəmadi
olaraq regionlara səfər edir, vətəndaşlarla səmimi
görüşlər keçirir, onların problemləri ilə
maraqlanır və yeni-yeni müəssisələrin, sosial
iaşə obyektlərinin açılışında
iştirak edib xeyir-duasını, tövsiyələrini verir.
Keçirilən səmimi
görüşlərdə Prezident hər kəsi dinləyir,
vətəndaşların məktublarını alır və
tapşırıqlarını verir. Vətəndaşların
təklifləri mütləq nəzərə alınır və
bölgələrdə bir çox layihələr məhz
onların təklifləri əsasında reallaşır.
Hər il olduğu kimi, 2019-cu ildə
də cənab İlham Əliyev regionlara səfərlər edərək
verdiyi tapşırıqların icrası ilə maraqlanıb,
görülən işlərlə yerində tanış olub,
müxtəlif sosial infrastrukturların
açılışını edib və əhali ilə
görüşərək səmimi söhbətlər edib.
Statistik göstəricilərə nəzər
yetirsək görərik ki, ötən il Prezident 5 iqtisadi
rayon üzrə 8 şəhər və rayona 13 dəfə səfər
edib:
Abşeron iqtisadi rayonu üzrə -
Sumqayıt (4 dəfə - 16 yanvar, 18 fevral, 21 noyabr, 26 dekabr);
Aran iqtisadi rayonu üzrə - Beyləqan
(13 fevral); Ağdaş (28 oktyabr);
Şəki-Zaqatala iqtisadi rayonu
üzrə - Qəbələ (28 oktyabr);
Dağlıq Şirvan iqtisadi rayonu
üzrə - Ağsu (6 mart), Şamaxı (3 dəfə - 7
fevral, 7 mart, 5 dekabr) və Qobustan (7 may);
Quba-Xaçmaz iqtisadi rayonu üzrə
- Qusar (27 dekabr).
Açılan
müəssisələr, yeni iş yerləri, sosial problemlərin
həlli
Ölkədə innovativ və
yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli
sənayenin, həmçinin qeyri-neft sektorunun davamlı
inkişafını təmin etmək və əhalinin məşğulluğunu
artırmaq məqsədilə nəhəng sənaye
parkları və məhəllələri, zavod və fabriklərin
yaradılması prosesi uğurla davam etdirilir.
Regionlarda sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli
istifadə etməklə sənaye sahələrinin
inkişafı, istehsal prosesinin təşkilində infrastruktur
xərclərinin azaldılması baxımından bu cür sənaye
parklarının və məhəllələrinin müstəsna
əhəmiyyəti var.
Ötən il bölgələrə
səfərləri zamanı Prezident 22 mühüm
sosial-iqtisadi və müxtəlif iaşə obyektlərinin,
reallaşan içməli su və kanalizasiya layihələrinin,
yol infrastrukturu obyektlərinin açılışını
edib:
Sumqayıt - "SOCAR karbamid” və
"SOCAR Polymer”in yüksəksıxlıqlı polietilen
zavodu; Muğam Mərkəzi, "Nizami” kinoteatrının
yeni binası.
Şamaxı - Şəhriyar qəsəbəsində
yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq
bağçası; sayca 16-cı "ASAN Həyat” kompleksi;
Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxı
rayonu ərazisindən keçən 101-117-ci kilometrlik hissəsi.
Beyləqan - Olimpiya İdman Kompleksi,
Tarix-Diyarşünaslıq Muzeyi, "Beyləqan-1” elektrik
yarımstansiyası, "N” saylı hərbi hissəsi.
Ağdaş - Biyan Sənaye Parkı,
elektrik yarımstansiyası, "Şəbəkə” Xidmət
Mərkəzi, şəhərin içməli su təchizatı
və kanalizasiya sistemləri layihəsi, yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı
avtomobil yolu.
Qobustan - Mərkəzi Xəstəxana,
"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin
Qobustan filialı və "Azərxalça” ASC-nin Qobustan
regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi.
Qəbələ - "Azərxalça”
ASC-nin Qəbələ regional filialı, Qəbələ
şəhərinin içməli su təchizatı və
kanalizasiya sistemləri layihəsi; Böyük Əmili-Bılıx-Əmirvan
avtomobil yolu.
Şamaxı, Ağsu və
İsmayıllı rayonları üzrə zəlzələdən
zərər, çəkənlərə 580 fərdi
yaşayış evi tikilib təhvil verildi. Bundan başqa
Şamaxıda 4 mərtəbəli 44 mənzilli, 5 mərtəbəli
20 mənzilli və 5 mərtəbəli 110 mənzilli
yaşayış binaları tikildi.
Hər zaman vətəndaşın
yanında
İlin əvvəlində
respublikanın şimal bölgəsində baş verən zəlzələ
bir qədər üzücü xəbər olsa da, təbii fəlakətin
fəsadlarının aradan qaldırılması ilə
bağlı Ağsu, Şamaxı və İsmayıllıda
qısa zamanda görülən işlər hər kəsdə
sevinc-qürur hissi yaratdı.
Prezident İlham Əliyevin zəlzələdən
dərhal sonra bölgəyə səfəri, çarəsiz
durumda qalan sakinlərin yanında olub təskinlik verməsi tək
onları deyil, bütün ölkə əhalisini sevindirdi. Hər
kəs bir daha əmin oldu ki, verdiyi vədlərə sadiqliyi
ilə hər zaman xalqın sevimli liderinə çevrilən
cənab İlham Əliyev xoş gündə olduğu kimi,
dar gündə də vətəndaşın
yanındadır. Bu, dövlət
başçısının prinsipial iş tərzidir.
Fevralın 5-6-da şimal bölgəsində
baş verən təbii fəlakət Şamaxı, Ağsu və
İsmayıllı rayonlarına ciddi ziyan vurdu. Ölkə rəhbəri
zəlzələnin fəsadlarının qısa bir zamanda
aradan qaldırılması ilə bağlı sərəncam
imzaladı və bir gün sonra, fevralın 7-də
Şamaxıya səfər edərək evi qəzalı duruma
düşən insanlara böyük təsəlli verdi.
Dövlət başçısı
həmin səfərində Saray nənənin
dağılmış evinə baş çəkib ağbirçək
ana ilə söhbətləşdi və söz verdi ki, bir aya
ona əvvəlkindən də möhtəşəm ev tikiləcək.
Hər zaman verdiyi vədlərə əməl etdiyini təsdiqləyən
dövlət başçısı bir ay sonra, mart ayında
yenidən Şamaxı və Ağsuya gələrək bir
neçə rayon sakininin yeni mənzilinə baş çəkdi.
Saray nənə ilə yeni mənzilində
görüşdü və hal-əhvalı ilə
maraqlandı.
Prezident zəlzələdən zərər
çəkən sakinlər üçün hündürmərtəbəli
binaların tikilməsi ilə bağlı sərəncam
imzaladı.
Ağsuda vətəndaşların
şikayətlərini dinləyən cənab İlham Əliyev
qəbul etdiyi bütün məktubların diqqətlə nəzərdən
keçiriləcəyini söylədi. Bu proseslər dövlət
başçısının bir daha dar gündə xalqın
yanında olduğunu, onun problemlərinin həlli
üçün daim çalışdığını təsdiqlədi.
Dekabrın 5-də 3-cü dəfə
Şamaxıya səfər edən Prezident zəlzələ nəticəsində
ziyan çəkmiş ailələr üçün yeni
inşa edilmiş 44 mənzilli yaşayış binasında
yaradılmış şəraitlə tanış oldu.
Hər səfərində əhali ilə
səmimi görüşlər keçirən, insanları səbir
və təmkinlə dinləyən, şəkil çəkdirən
dövlət başçısı Beyləqan səfərində
vətəndaşlarla birgə "Azərbaycanım”
mahnısını da ifa etdi.
Sumqayıta səfəri zamanı Dənizkənarı
parkda cənab İlham Əliyevin vətəndaşlarla bir
yerdə olması, onlara arxalanması, xalqın arzu və təkliflərinə,
istəklərinə vaxtında cavab verməsi hər kəsi
bir daha qürurlandırdı.
Bütün bunlar bir daha təsdiqləyir
ki, vətəndaşlarla birbaşa təmaslara
üstünlük verən, özünəməxsus təmkin
və həssaslıqla onların problemlərini dinləyən
və dərhal həlli üçün qəti
tapşırıqlar verən Prezident İlham Əliyevin bu addımları
ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir,
xalqın Prezidentinə olan inamını, etimadını daha
da artırır. Çünki hər kəs şahiddir ki, Azərbaycan
Prezidentinin fəaliyyəti xalqa və dövlətə layiqli
xidmət prinsipi üzərində qurulub.
Bölgələrin
inkişafı - rekord turist axını
Respublikamızın bölgələrinə
səfərləri çərçivəsində cənab
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir
sıra tədbirlərdə də iştirak ediblər.
Şamaxıya səfəri zamanı onlar Azərbaycanın
filosof şairi İmadəddin Nəsiminin 650 illik yubileyi
münasibətilə mütəfəkkirin anadan olduğu bu
rayonda keçirilən ağacəkmə aksiyasına
qatılıblar. Eyni zamanda Şamaxıda Şahxəndan
türbəsinin ətrafında aparılan abadlıq işləri
ilə tanış olublar.
Sumqayıta səfəri çərçivəsində
cənab Prezident şəhərin 70 illiyinə həsr
olunmuş tədbirdə iştirak edərək müasir
Sumqayıtın sürətli inkişafı, şəhərdə
həyata keçirilən möhtəşəm layihələr,
açılan yeni iş yerləri, vətəndaşların
sosial rifah halının yaxşılaşdırılması
istiqamətində görülən işlərdən
danışıb və qarşıdakı layihələr barədə
geniş məlumat verib.
Prezident, həmçinin
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni
avtomobil yolunun tikintisi ilə tanış olub. Qeyd edək ki,
Prezident İlham Əliyevin imzaladığı sərəncamlara
əsasən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət
sərhədi yeni avtomobil yolunun Sumqayıt şəhəri
H.Z.Tağıyev qəsəbəsindən başlayaraq
inşası ölkəmizdə yol infrastrukturunun müasir səviyyəyə
çatdırılması istiqamətində icra olunan işlərin
davamlı xarakter aldığını göstərir.
"Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi”nin tərkib
hissəsi olan bu yolun inşası sürətlə və
yüksək keyfiyyətlə davam etdirilir. Yeni avtomobil yolunun
tikilməsi nəqliyyat xidmətlərinin daha da
yaxşılaşdırılması ilə yanaşı,
bölgədə turizmin inkişafına əlavə təkan
verəcək, "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi”
ilə yük və sərnişin daşımalarında əsas
rol oynayacaq. Həmçinin yük həcminin
çoxalmasına və gəlirlərin artmasına, ölkəmizin
nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin
açılmasına, ümumilikdə respublikamızın iqtisadi
inkişafına töhfə verəcək.
"Şahdağ” Turizm Mərkəzində
görülən işlər də diqqəti çəkir.
Dekabrın 27-də dövlət başçısı,
birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva
bu mərkəzə baş çəkərək yeniliklərlə
maraqlanıblar. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə
yerləşən "Şahdağ” Turizm Mərkəzinin təməli
2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin
iştirakı ilə qoyulub. Azərbaycanda və ümumiyyətlə,
dünyada ən mükəmməl layihələrdən olan
"Şahdağ” Turizm Mərkəzi oxşar istirahət məkanlarından
bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət
göstərmək iqtidarındadır. Bu layihənin
reallaşdırılması Azərbaycanda dağ-xizək və
digər qış idman növlərinin inkişafı
üçün hərtərəfli imkanlar açır.
Onu da xüsusi olaraq vurğulayaq ki,
ötən il Azərbaycanda turizm sahəsində rekord il olub.
Aparılan böyük mötəbər tədbirlərin nəticəsində
ötən il tarixdə ilk dəfə olaraq 3 milyondan artıq
turist Azərbaycana səfər edib.
IV Dövlət
Proqramı və regionların dəyişən siması
Artıq uzun müddətdir ki, Azərbaycanın
iqtisadi inkişaf mərkəzi paytaxt Bakıdan regionlara
keçib. Genişmiqyaslı dövlət proqramlarının
həyata keçirilməsi regionlarda istehsal və sosial
infrastruktur obyektlərinin yaranması, yeni iş yerlərinin
açılması ilə nəticələnib.
Ümumiyyətlə, son 16 il ərzində
regionların sosial-iqtisadi inkişafına dair dövlət
proqramlarının icrası nəticəsində əldə
edilmiş nailiyyətlərə nəzər yetirdikdə
görürük ki, həqiqətən Azərbaycan tarixi
uğurlara imza atıb. Hazırda ölkədə
regionların sosial-iqtisadi inkişafına dair IV Dövlət
Proqramı icra olunmaqdadır. Dövlət proqramında kənd
təsərrüfatı və sənaye istehsalı xüsusi
yer tutur. Çünki həyata keçirilən infrastruktur
layihələrinin böyük hissəsi başa
çatdığı üçün iqtisadiyyatın real
sektoru kənd təsərrüfatı, sənaye
potensialının gücləndirilməsi əsas məsələlərdən
biridir.
Bununla yanaşı, kənd təsərrüfatının
subsidiyalaşdırılması və vergilərdən azad
olunması, texnika və gübrələrin güzəştli
şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili,
investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın
təkmilləşdirilməsi, yoxlamaların
dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək
uzadılması bu sahəyə necə diqqət göstərildiyini
bir daha təsdiqləyir.
İlkin hesablamalara görə,
"Azərbaycan Respublikası regionlarının
2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın icrası üçün ən
azı 17 milyard manatdan çox vəsait nəzərdə
tutulur. Bunun 4,6 milyard manatı özəl sektor tərəfindən
indi icra edilən və hazırlığı gedən layihələrə
investisiya şəklində qoyulacaq. Dövlət tərəfindən
təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir.
Regionların inkişafını özündə ehtiva edən proqramların vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal sahələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, aqrar sektorda islahatların sürətləndirilməsinə yol açıb. Bölgələrdə aqrar sektorun inkişafına töhfə verəcək çoxlu sayda yeni müəssisələr fəaliyyətə başlayıb.
Bir sözlə, uğurla icra edilən dövlət proqramları ölkəmizin inkişafında mühüm rola malik olmaqla yanaşı, vətəndaşlarımızın sosial rifahının yüksəlişində də əsaslı yer tutur. Hər kəsə məlumdur ki, həyata keçirilən dövlət proqramları regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin açılmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayır.
Əminliklə deyə bilərik ki, bu il də Azərbaycanın hər bir şəhərində, rayonunda, qəsəbə və kəndində quruculuq-abadlıq işləri davam edəcək. Yeni qəbul olunan dövlət proqramına uyğun regionların daha da inkişafı istiqamətində mühüm işlər görüləcək ki, bu da bölgələrin yüksəlişinə səbəb olacaq.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2020.-
8 yanvar.- S. 1; 3.