2019-cu ildə qarşıya qoyulan bütün vəzifələr
uğurla icra edildi
Prezident
İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə Azərbaycan
xalqına təbriki
-Əziz həmvətənlər.
2019-cu il arxada qalır. Bu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz inkişaf yolu ilə uğurla gedib.
2019-cu ildə ölkəmiz sabitlik, əmin-amanlıq şəraitində yaşamışdır. Dünyada gedən proseslər göz qabağındadır. Dünyanın müxtəlif yerlərində, bizim yerləşdiyimiz regionda, postsovet məkanında, Avropada, Asiyada, Latın Amerikasında münaqişələr, müharibələr, qanlı toqquşmalar, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının tapdalanması geniş vüsət almışdır. Azərbaycan isə sabitlik məkanıdır, inkişaf məkanıdır. Bu, bizim böyük nailiyyətimizdir. Azərbaycan xalqı 2019-cu ildə təhlükəsizlik şəraitində yaşamış, qurmuş, yaratmışdır.
Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. İl ərzində 40-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfər etmişdir. Bizim ikitərəfli əlaqələrimiz böyük dərəcədə genişlənmişdir, çoxtərəfli formatda uğurla əməkdaşlıq edirik, ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Onların arasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşünü qeyd etməliyəm. Zirvə Görüşü nəticəsində Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməyə başlamışdır. Qoşulmama Hərəkatının Zirvə Görüşü Azərbaycanda keçirilmişdir və 120 ölkənin yekdil qərarı ilə Azərbaycan bu böyük təsisata 3 il ərzində sədrlik edəcəkdir. Bu, bizə göstərilən böyük etimaddır. Bu, onu göstərir ki, dünya birliyinin böyük əksəriyyəti Azərbaycanı dəstəkləyir və bizə böyük hörmətlə yanaşır.
Bu il Bakıda Dünya dini liderlərinin Zirvə görüşü keçirilmişdir, 70 ölkədən gəlmiş dini liderlər Azərbaycanda gedən proseslərə çox müsbət qiymət vermişlər. Azərbaycan multikultural, öz ənənələrinə, milli, dini dəyərlərinə sadiq ölkə kimi özünü bu Zirvə görüşündə təqdim etdi.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bütün aparıcı beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərarlar, qətnamələr qəbul etmişlər, öz mövqeyini ortaya qoymuşlar. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir, orada açıq-aydın göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış "Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına böyük dəstək ifadə edilmişdir. Beləliklə, həm tarixi baxımdan, həm beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
İl ərzində münaqişə ilə bağlı Ermənistandan çox ziddiyyətli, bir-birini təkzib edən və cəfəng bəyanatlar səslənirdi. Gah deyirdilər ki, qondarma "Dağlıq Qarabağ respublikası” müstəqil dövlətdir və Azərbaycan bu dırnaqarası müstəqil dövlətlə danışıqlar aparmalıdır. Bu, yalandır, Dağlıq Qarabağ müstəqil dövlət deyil, heç bir ölkə bu qanunsuz qurumu tanımayıb, o cümlədən Ermənistan da tanımayıb və bu il ərzində danışıqlar prosesi Ermənistan və Azərbaycan arasında aparılmışdır. Beləliklə, bu cəfəng tezis tamamilə darmadağın edilmişdir. Gah deyirdilər ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Belə populist bəyanatlar vermək olar, amma bu populist bəyanatların arxasında dayanmaq mümkün deyil. Bu da yalandır, Dağlıq Qarabağ Ermənistan deyil, bütün dünya bilir və mən bunu bir daha bəyan etmişəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi.
Əminəm ki, bizim ardıcıl, düşünülmüş siyasət münaqişənin həllinə gətirib çıxaracaq. İqtisadi gücümüz, hərbi gücümüz, siyasi gücümüz, demoqrafik artım - bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Əminəm, gün gələcək ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq və bu istiqamətdə bu il böyük addımlar atılmışdır.
2019-cu il
tarixdə dərin islahatlar ili kimi qalacaq. Siyasi islahatlar,
kadr islahatları, struktur islahatları, iqtisadi, siyasi və sosial sahələrdə aparılan
islahatlar bizim gücümüzü artırmışdır.
Bu il iqtisadiyyat
artmışdır, iqtisadiyyatın
qeyri-neft sektoru 3 faizdən çox artmışdır. Bizim xarici
dövlət borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu da
dünya miqyasında
9-cu göstəricidir və
bundan sonrakı illərdə xarici borcumuz daha da
aşağı düşəcək.
Bizim valyuta ehtiyatlarımız bu il 4,5 milyard
dollar artmışdır və
rekord həddə - 50
milyard dollara çatmışdır. Bizim valyuta
ehtiyatlarımız xarici
dövlət borcumuzdan
5 dəfədən çox
artıqdır. Yəni, bu,
ölkəmizin iqtisadi
və maliyyə imkanlarının dayanıqlılığını
ifadə edir. Sənaye istehsalı artmışdır,
xüsusilə qeyri-neft
sektorunda sənaye artımı 14 faiz təşkil etmişdir.
Kənd təsərrüfatında 7 faiz
artım vardır.
Yəni,
bütün əsas istiqamətlər üzrə
ölkəmizin uğurlu
inkişafı reallıqdır.
Biz Beynəlxalq
İnkişaf Assosiasiyasının
hesabatında donor ölkəyə
çevrildik. Biz indi borc alan
yox, borc verən ölkəyik. Bütün bunlar düşünülmüş
siyasətin təzahürüdür.
Bütün bu uğurlu
nailiyyətlər imkan
verir ki, biz sosial sahəyə daha böyük həcmdə vəsait ayıraq və bunu etdik. Bu il də
bu baxımdan çox yaddaqalan il olmuşdur. Çox geniş, hərtərəfli
sosial paket təqdim edildi və bu sosial
paket 4 milyon 200 min əhalini əhatə etdi. Bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 100 faiz,
yəni, 2 dəfə
artmışdır. Minimum
əməkhaqqı 2 dəfə,
minimum pensiya 70 faiz artmışdır. Minimum pensiyanın alıcılıq
qabiliyyətinə görə
biz bu gün MDB məkanında birinci yerdəyik. Bizim sosial siyasətimiz
bir daha onu göstərir və mən dəfələrlə bəyan
etmişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşı dayanır.
Əminəm ki, gələcək
illərdə iqtisadi imkanlarımız genişləndikcə
sosial sahəyə bundan da böyük
diqqət göstəriləcək.
Şəffaflıq baxımından
bu il
çox uğurlu il olmuşdur. Vergi və gömrük
orqanları xəzinəyə
plandan əlavə 1 milyard manatdan çox vəsait daxil etmişlər və əlbəttə, bu, imkan verir
ki, - əminəm, bu meyil gələn
il də
müşahidə olunacaq,
- biz daha geniş miqyasda sosial və infrastruktur layihələri icra edək.
Məcburi köçkünlərin problemləri
həll olunur. Bu il 5 mindən çox məcburi köçkün ailəsi,
800-ə yaxın şəhid
ailəsi üçün
yeni mənzillər, evlər tikilmişdir. Zəlzələdən əziyyət
çəkmiş Şamaxı,
İsmayıllı, Ağsu
rayonlarının sakinləri
üçün minlərlə
ev tikilmişdir.
Bu böyük zəlzələnin fəsadlarının
mütləq əksəriyyəti
cəmi 10 ay ərzində
aradan qaldırıldı.
Bu da unikal
məsələdir, çünki
bu, bizim niyyətimizi, gücümüzü
göstərir. Azərbaycan dövləti
və rəhbərlik
bir daha göstərdi ki, hər zaman vətəndaşların yanındadır.
Bu il
TANAP layihəsi istismara
verildi, bu, tarixi layihədir. TANAP artıq Avropa
İttifaqı sərhədinə
çatdırıldı. Biz bu tarixi hadisəni bu ilin noyabr ayında
böyük təntənə
ilə qeyd etmişik. TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Cənub Qaz
Dəhlizi 4 layihədən
ibarətdir və onlardan 3-ü – "Şahdəniz-2”, Cənubi Qafqaz Qaz Kəməri və TANAP artıq reallığa çevrildi.
Dördüncü layihə - TAP, o da
artıq uğurla icra edilir və
bu layihənin icra səviyyəsi 90 faizi ötübdür.
Biz Avropanın, Avrasiyanın energetika və nəqliyyat xəritəsini yenidən
cızırıq. Biz bu layihənin təşəbbüskarı olmuşuq.
Biz əsas yükü
- həm maliyyə, həm texniki məsuliyyəti öz üzərimizə götürmüşük
və tərəfdaşlarla
birlikdə bu nəhəng və böyük əhəmiyyət
kəsb edən layihəni uğurla icra edirik.
Bu il
turizm sahəsində rekord il olmuşdur.
Bizim apardığımız
siyasət, ölkəmizin
inkişafı, ölkəmizdə
hökm sürən təhlükəsizlik, əmin-amanlıq,
Azərbaycanda keçirdiyimiz
böyük mötəbər
tədbirlərin nəticəsində
bu il
tarixdə ilk dəfə
olaraq 3 milyondan artıq turist Azərbaycana səfər etmişdir.
Bu il
10 milyonuncu vətəndaş
dünyaya gəldi. Bu da böyük
tarixi hadisədir.
Müstəqillik dövründə bizim əhalimiz 3 milyondan çox artmışdır. Bu, bizim həm gücümüzü, həm
də məsuliyyətimizi
artırır. Çünki artan əhali böyük üstünlükdür,
eyni zamanda, iqtisadi artım artan əhalini daim qabaqlamalıdır.
Artan əhali o deməkdir ki, yeni məktəblər, yeni uşaq bağçaları, yeni xəstəxanalar tikilməlidir,
yeni iş yerləri yaradılmalıdır.
Beləliklə, Azərbaycanın əhalisi artdıqca gücü də artır. Bu il
dünyaya gələn
gözəl Mehriban balamız bizim hamımızı sevindirdi.
Allah onu xoşbəxt
eləsin, Allah bütün
uşaqlarımızı xoşbəxt
eləsin, Allah bütün
balalarımızı qorusun.
Bu gün,
eyni zamanda, Dünya Azərbaycanlılarının
Həmrəylik Günüdür. Mən fürsətdən
istifadə edərək,
dünyada yaşayan bütün azərbaycanlılara
öz səmimi salamlarımı çatdırıram.
Onlar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb.
Əziz həmvətənlər,
mən sizi Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
və Yeni il münasibətilə
ürəkdən təbrik
edirəm, sizə cansağlığı, xoşbəxtlik
arzulayıram.
Bayramınız mübarək
olsun!
Azərbaycan.-
2020.- 8 yanvar.- S. 1- 2.