20 Yanvar faciəsinin
otuzuncu ildönümü ilə bağlı tədbirlər
planı təsdiqlənib
Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı
ilə "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə
bağlı tədbirlər planı" təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, tədbirlər
planı Azərbaycan Respublikası Prezidentinin 20 Yanvar faciəsinin
otuzuncu ildönümü haqqında 2019-cu il 13 dekabr tarixli Sərəncamına
əsasən hazırlanıb.
Plana əsasən respublikanın
şəhər və rayonlarında, idarə və təşkilatlarda
20 Yanvar gününün Azərbaycanın suverenliyi, müstəqilliyi
və ərazi bütövlüyü uğrunda mübarizənin
rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlər,
20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən
konfrans, toplantı və mühazirələr təşkil
ediləcək, mədəniyyət ocaqlarında faciəyə
həsr olunmuş tamaşalar, bədii və sənədli
filmlər nümayiş olunacaq. 20 Yanvar faciəsinin otuzuncu
ildönümü ilə bağlı tədbirlər kütləvi
informasiya vasitələrində geniş
işıqlandırılacaq.
Dünya ictimaiyyətinin diqqətini
bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın
xarici ölkələrdəki diplomatik nümayəndəlikləri
və icmaları vasitəsilə müvafiq tədbirlərin
keçirilməsi, dünyanın aparıcı kütləvi
informasiya vasitələrində, eləcə də televiziya
kanallarında və internet şəbəkələrində
20 Yanvar hadisələri barədə müxtəlif dillərdə
materialların hazırlanması, nəşri və
yayılmasının təmin olunması barədə
müvafiq qurumlara tapşırıqlar verilib.
Tədbirlər planına əsasən,
respublikanın bütün təhsil müəssisələrində
faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək,
20 Yanvar şəhidlərinin ailələrinə humanitar
yardımlar göstəriləcək, Şəhidlər
xiyabanı ərazisində lazımi işlər aparılacaq,
faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər
təşkil ediləcək.
Bundan başqa, paytaxt ictimaiyyətinin
yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin
təşkili, saat 12:00-da bütün ölkə ərazisində
şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla
yad edilməsi, respublikanın şəhər və
rayonlarında, kənd və qəsəbələrində 20
Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar
hüzn əlaməti olaraq Azərbaycanın dövlət
bayraqlarının endirilməsi və digər tədbirlər
planlaşdırılır.
Azərbaycan.- 2020.- 8 yanvar.- S.4.