2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 4 yanvar 2020-ci il tarixli 57 saylı müraciətə baxılmasına dair

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 5/34

 

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 71 saylı Masallı kənd seçki dairəsindən Ərkivan bələdiyyəsi üzrə qeydə alınmış namizəd Cahangirov Afər Nadir oğlu 4 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) ərizə ilə müraciət edərək həmin seçki dairəsinin 1, 2, 3, 4, 5, 6, 37, 38, 41 və 42 saylı seçki məntəqələrində səsvermə günü qanun pozuntularının araşdırılması barədə dairə seçki komissiyasının qəbul etdiyi 28 dekabr 2019-cu il tarixli 40/458 saylı qərarını mübahisələndirmiş, baş verilmiş qanun pozuntularının aradan qaldırılmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Ərizəçi müraciətdə 1, 2, 3, 4, 5, 6, 37, 38, 41 və 42 saylı seçki məntəqələrində səsvermədən və səslərin hesablanmasından sonra məntəqə seçki komissiyasının protokolunun surətini onun müşahidəçilərinin almadıqlarını bildirmiş və şikayətinə bir ədəd videodisk və müşahidəçilərinin ərizələrini əlavə etmişdir.

Araşdırma prosesində müraciət etmiş qeydə alınmış namizəd A.N.Cahangirovla əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, digər hüquqlarının olması izah edilmiş, ona iclasın vaxtı barədə məlumat verilmişdir.

Həmçinin, dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir.

71 saylı Masallı kənd seçki dairəsinin dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, səsvermə günü seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddia olunanlar dairə seçki komissiyasına ünvanlanmış müraciətdə öz əksini tapmadığından tələb aydın olmamışdır. Elə bu səbəbdən də qeydə alınmış namizəd A.N.Cahangirovun müraciəti əsassız olduğundan təmin edilməmişdir.

Araşdırma zamanı müəyyən edilmişdir ki, səsvermə günü 71 saylı Masallı kənd seçki dairəsinin 1, 2, 3, 4, 5, 6, 37, 38, 41 və 42 saylı seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyasının səsvermənin nəticələrinə dair yekun protokolu Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Belə ki, səsvermə günü baş verməsi iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamış və bu hal səslərin sayılmasını müşahidə etmiş, səsvermənin nəticələrinə dair protokolun surətini almış müşahidəçilər F.B.Ağayevin, Z.Ə. Əsədovun, N.F.Cəbrayılovun, T.N. Bağırovanın, R.M.Məmmədovun, Q.K.Əliyevin, E.T.Salayevin, F.C.Burhanlının, İ.S.Həsənovun, T.M.Səmədovun, A.M.Ağayevin, A.A.Aliyevin, A.A.Nuralıyevin, E.A.İbrahimlinin, A.H.Bağırovun, İ.S.Əyyubovun, R.İ.Həmidovun, X.M.Həmidovun, qeydə alınmış, lakin seçilməyən namizədlər S.L.Şiriyevin, N.Ə.Əliyevin və məntəqə seçki komissiyaları sədrlərinin izahatları ilə təsdiq olunur.

Həmçinin səsvermə günü qeydə alınmış namizəd A.N.Cahangirovun maraqlarını 2 saylı məntəqədə təmsil edən müşahidəçi S.F.Məmmədovun, 5 saylı məntəqədə müşahidəçi N.B.Atakişiyevin, 37 saylı məntəqədə V.Y.Əbilovun, 38 saylı məntəqədə R.B.Cəbiyevin, 42 saylı məntəqədə H.C.Həmidovun verilmiş izahatlarından görünür ki, seçki günü hüquq pozuntuları baş verməmiş, səslərin sayılmasından sonra səsvermənin nəticələrinə dair protokolun surətinin verilməsində heç bir maneə olmamışdır.

Müraciətə əlavə olunmuş videodiskdəki görüntülərdə qeydə alınmış namizəd A.N.Cahangirovun vətəndaşlarla görüş keçirməklə seçkiqabağı təşviqat apardığı əks olunmuşdur ki, həmin görüntülərin səsvermə günü mübahisələndirilən qanun pozuntuları ilə hər hansı bir əlaqəsinin olması öz təsdiqini tapmamışdır.

Araşdırma nəticəsində şikayətin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır və 71 saylı Masallı kənd seçki dairəsi dairə seçki komissiyasının 28 dekabr 2019-cu il tarixli 40/458 saylı qərarı seçki qanunvericiliyinin tələblərinə uyğun qəbul edilmişdir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci hissələrinə əsasən qərara alır:

1. 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 71 saylı Masallı kənd seçki dairəsindən Ərkivan bələdiyyəsi üzrə qeydə alınmış namizəd Cahangirov Afər Nadir oğlu 4 yanvar 2020-ci il tarixli 57 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 28 dekabr 2019-cu il tarixli 40/458 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

07.01.2020

 

Azərbaycan.- 2020.- 8 yanvar.- S.5.