2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi
Seçki Komissiyasına daxil
olmuş 5 yanvar 2020-ci
il tarixli 8 saylı
müraciətə baxılması barədə
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹
6/35
2020-ci il fevralın 9-na təyin
edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə
(Milli Məclis) seçkilərdə 45 saylı Abşeron
seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü
ilə irəli sürülmüş Həsənov Samir Qəzənfər
oğlu 5 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyasına (Mərkəzi
Seçki Komissiyası) yazılı müraciət edərək
namizəd kimi qeydə alınmasından imtinaya dair 45 saylı
Abşeron seçki dairəsi dairə seçki
komissiyasının (dairə seçki komissiyası) 31 dekabr
2019-cu il tarixli 35/465 saylı qərarını mübahisələndirmiş,
müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş
hüquqlarının bərpa olunmasını xahiş
etmişdir.
Şikayət Azərbaycan
Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi)
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”a
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
ekspert qrupunun üzvü tərəfindən icraata qəbul
edilmiş, araşdırılaraq bu barədə rəy
verilmiş və komissiyanın iclasında
baxılmışdır.
Namizəd S.Q.Həsənov
müraciətində qeyd etmişdir ki, 2020-ci il fevralın
9-na təyin edilmiş Milli Məclisə seçkilərdə
45 saylı Abşeron seçki dairəsi üzrə namizədliyi
öz təşəbbüsü ilə irəli
sürülmüş, həmin seçki dairəsinin ərazisində
seçicilərin imzası toplanaraq imza vərəqələri
və ona əlavə edilmiş digər seçki sənədləri
dairə seçki komissiyasına təqdim edilmiş,
mülkiyyət hüququ əsasında namizədə məxsus
əmlak barədə məlumatı düzgün təqdim etmədiyinə
görə dairə seçki komissiyasının müvafiq qərarı
ilə namizəd kimi qeydə alınmasından imtina
edilmişdir.
Araşdırma ilə əlaqədar
ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma
və iclasda iştirak etmək, həmçinin digər
hüquqlarının olması izah edilmiş, onun iclasda
iştirakı təmin olunmuşdur.
Dairə seçki komissiyası
S.Q.Həsənovun namizədliyinin qeydə alınmasından
imtina barədə qərarını namizədin öz əmlakı
barədə düzgün məlumat verməməsi ilə əsaslandırmışdır.
Araşdırma ilə əlaqədar müvafiq sənədlər dairə seçki komissiyasından tələb edilmiş və müəyyən olunmuşdur ki, namizəd S.Q.Həsənov mülkiyyət hüququ əsasında ona məxsus olan daşınmaz əmlakı barədə məlumatı dairə seçki komissiyasına verməmişdir. Bununla əlaqədar Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupunun 2020-ci il 7 yanvar tarixli rəyindən müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş arayışa əsasən namizəd S.Q.Həsənova məxsus daşınmaz əmlak dövlət qeydiyyatına alınmışdır.
Namizəd S.Q.Həsənovun ona məxsus daşınmaz əmlak barədə dairə seçki komissiyasına düzgün məlumat verməməsi Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən namizədin qeydə alınmasından imtina üçün əsasdır.
Göstərilənlərə əsasən şikayət təmin edilməməli, S.Q.Həsənovun namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 31 dekabr 2019-cu il tarixli 35/465 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 148-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 45 saylı Abşeron seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Həsənov Samir Qəzənfər oğlunun 5 yanvar 2020-ci il tarixli 8 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 31 dekabr 2019-cu il tarixli 35/465 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
08.01.2020-ci il
Azərbaycan.- 2020.- 9 yanvar.-
S.7.