2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə
seçkilərində 6 yanvar 2020-ci il tarixli 66 saylı
müraciətə baxılmasına dair
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹
6/39
2019-cu il dekabrın 23-də
keçirilmiş bələdiyyə seçkilərində
51 saylı Qusar seçki dairəsindən Mucuq bələdiyyəsi
üzrə qeydə alınmış namizəd Rəhimxanov
Alik Süvləddin oğlu 6 yanvar 2020-ci ildə Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi
Seçki Komissiyası) ərizə ilə müraciət edərək
həmin seçki dairəsinin 41 və 42 saylı seçki məntəqələrində
səsvermə günü qanun pozuntularının
araşdırılması barədə 51 saylı Qusar
seçki dairəsi dairə seçki komissiyasının
(dairə seçki komissiyası) qəbul etdiyi 28 dekabr 2019-cu
il tarixli 24/128 saylı qərarını mübahisələndirmiş,
həmin seçki məntəqələri üzrə
seçkilərin nəticələrinin ləğv
olunmasını xahiş etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi)
112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
ekspert qrupunun üzvü tərəfindən
araşdırılmış, bu barədə müvafiq rəy
verilmiş və komissiyanın iclasında
baxılmışdır.
Ərizəçi müraciətdə
41 və 42 saylı seçki məntəqələrində səsvermənin
və səslərin hesablanmasının qanunauyğun
aparılmadığını, onun maraqlarını təmsil
edən müşahidəçilərə lazımi şəraitin
yaradılmamasını, daşınan seçki qutusu ilə
səsvermənin təşkil olunmamasını bildirmiş və
şikayətinə bir ədəd elektron məlumat
daşıyıcısı əlavə etmişdir.
Araşdırma prosesində
müraciət etmiş qeydə alınmış namizəd
A.S.Rəhimxanovla əlaqə saxlanılmış,
araşdırma və iclasda iştirak etmək, digər
hüquqlarının olması izah edilmiş, ona iclasın
vaxtı barədə məlumat verilmişdir.
Həmçinin, dairə
seçki komissiyasının mübahisələndirilən qərarı
və digər sənədlər araşdırma
materiallarına əlavə edilmişdir.
Dairə seçki komissiyası qərarını
onunla əsaslandırmışdır ki, səsvermə
günü seçki məntəqələrində baş
verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı
iddia olunanlar səsvermənin keçirilməsi və ya səsvermənin
nəticələrinin müəyyənləşdirilməsi
zamanı 41 və 42 saylı seçki məntəqələri
üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə
imkan verməyən qanun pozuntuları olmadığından
qeydə alınmış namizəd A.S.Rəhimxanovun
müraciəti əsassız olduğundan təmin edilməməlidir.
Araşdırma zamanı müəyyən edilmişdir ki, səsvermə günü 51 saylı Qusar seçki dairəsinin 41 və 42 saylı seçki məntəqələrində seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, səslərin sayılması prosesi düzgün aparılmış, məntəqə seçki komissiyasının səsvermənin nəticələrinə dair protokolu Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Belə ki, səsvermə günü baş verməsi iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamış və bu hal səslərin sayılmasını müşahidə etmiş, 41 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokolun surətini almış müşahidəçilər D.E.Aslanovun, F.V.Abdıyevin, A.Ə.Əmirəliyevin, B.D.Rzayevin, Z.M.Niftiyevin, M.M.Mövlanovun, 42 saylı seçki məntəqəsi üzrə isə müşahidəçilər N.G.Əliyarovanın, P.D.Baloğlanovanın, K.A.Dadaşovun, qeydə alınmış, lakin seçilməmiş namizədlər A.N.Nurmətovun, Ş.S.Muradovun, həmçinin məntəqə seçki komissiyaları üzvlərinin izahatları ilə təsdiq olunur.
Həmçinin
müəyyən edilmişdir ki, seçicilərin səsvermə
otağından kənarda səs vermələri barədə
adıçəkilən məntəqələrə
seçicilər tərəfindən müraciət daxil olmamış və daşınan seçki qutusundan səsvermə
üçün istifadə edilməmişdir.
Müraciətə əlavə
olunmuş elektron məlumat daşıyıcısında olan
səs yazısındakı məlumatların səsvermə
günü mübahisələndirilən qanun pozuntuları ilə
hər hansı bir əlaqəsinin olması öz təsdiqini
tapmamışdır.
Göstərilənlərə əsasən şikayətin təmin edilməsi və dairə seçki komissiyasının 28 dekabr 2019-cu il tarixli 24/128 saylı qərarının ləğv olunması üçün hüququ əsaslar müəyyən edilmədiyindən müraciət əsassız hesab olunaraq təmin edilməməli və dairə seçki komissiyasının həmin qərarı dəyişdirilmədən saxlanmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci hissələrinə əsasən qərara alır:
1. 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 51 saylı Qusar seçki dairəsindən Mucuq bələdiyyəsi üzrə qeydə alınmış namizəd Rəhimxanov Alik Süvləddin oğlunun 6 yanvar 2020-ci il tarixli 66 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 28 dekabr 2019-cu il tarixli 24/128 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə
Muxtarova
Katib Mikayıl
Rəhimov
08.01.2020-ci il
Azərbaycan.- 2020.- 9 yanvar.-
S.7.