Prezident İlham Əliyev: “Bu gün Azərbaycandakı
enerji layihələrinin inkişafında yeni bir mərhələyə
şahidlik edirik”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power” şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyanı və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahini qəbul edib.
AZƏRTACxəbər verir ki, qonaqları salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Sizi enerji sektorunda, xüsusilə bərpa olunan enerji resursları sektorunda aparıcı şirkətlər olan "ACWA Power” şirkəti və "Masdar” şirkəti ilə bu gün imzalanmış çox mühüm İcra Müqaviləsi münasibətilə təbrik etmək istərdim. Bu müqavilə Azərbaycanda enerji layihələrinin inkişafında yeni səhifə açacaq. Çünki bərpa olunan enerji bu gün bizim üçün enerji sektorunda prioritetlərdən biridir. Azərbaycan artıq özünün elektrik enerjisi ehtiyaclarını təmin edir və həm də elektrik enerjisi ixrac edir. Lakin bizim hədəfimiz bərpa olunan enerji sektoruna investorlar cəlb etməkdir və bu İcra Müqaviləsinin əhəmiyyəti ondan ibarətdir ki, külək və Günəş elektrik stansiyaları investorların vəsaiti hesabına tikiləcək. Beləliklə, siz Azərbaycanda işləməyə maraq göstərirsiniz. Biz bunu ölkəmizə, gələcəyimizə olan etimad hesab edirik. Çünki bu, çox böyük investisiyadır. Mənə məlumat verildi ki, bu gün İcra Müqaviləsinin imzalanmasından sonra digər müqavilələrin hazırlanması üçün bir qədər vaxt var və ümidvarıq ki, bu il biz Günəş və külək elektrik stansiyalarının təməlqoyma mərasimində iştirak edəcəyik. Bu, bizim üçün çox mühüm layihədir.
Qeyd etdiyim kimi, Azərbaycan elektrik enerjisi sektoruna çoxlu investisiya yatırıb və elektrik xətləri bizi qonşularımızla birləşdirir. Biz elektrik enerjisinin istehsalına çoxlu investisiya yatırmışıq. Bu gün bizim 1000 meqavat əlavə elektrik enerji gücümüz var və biz bunu ixrac edirik, bizim ixrac bazarlarımız var. Həmçinin sizə bildirmək istərdim ki, bizim bu sektordakı investisiyalarımız aparıcı beynəlxalq institutlar tərəfindən, xüsusilə Davos Dünya İqtisadi Forumu tərəfindən qeydə alınır. Onlar elektrik enerjisinin əlçatanlıq indeksinə görə Azərbaycanı dünyada ikinci yerə layiq görüblər. Bütün ölkəmiz elektrik xətləri ilə təmin olunub və qeyd etdiyim kimi, bu gün Azərbaycan ixracatçıya çevrilib. Həmçinin bu yaxınlarda, bir aydan bir qədər çox bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə mühüm qaz kəməri layihəsi olan və artıq Avropa İttifaqının sərhədlərinə çatan TANAP-ı tamamladıq. Biz Günəş və küləkdən nə qədər çox enerji əldə etsək öz ehtiyaclarımıza və ixrac üçün təbii qaza bir o qədər qənaət edəcəyik. Ona görə də mən bugünkü mərasimə çox böyük əhəmiyyət verirəm. Bu, bizim doğru yolda olduğumuzu göstərir. Bu, həmçinin onu göstərir ki, Azərbaycan investorlar üçün çox yaxşı şərait yaradıb.
Sizin investisiyalarınız
yüz milyonlarla dollar məbləğində olacaq. Elektrik
enerjisinin ümumi həcmi 440 meqavat olacaq. Bu,
həqiqətən Azərbaycanda bərpa olunan enerji
baxımından böyük dəyişiklik olacaq. Həmçinin şadam ki, bu layihələrdə
sizin şirkətləriniz tərəfdaş olaraq
seçiliblər. Hesab edirəm ki, bu,
gözlənilməz deyil. Çünki mənə
məlumat verilib ki, "ACWA Power”in ümumilikdə 30 min
meqavatdan çox elektrik enerjisi var və bərpa olunan enerji
sahəsində də 8 min meqavat elektrik enerjisi hasil edir. "Masdar” 4 min meqavat bərpa olunan elektrik enerjisi
istehsal edir. Beləliklə, siz bu sahədə
çox təcrübəli və aparıcı şirkətlərsiniz.
Buna görə də sizi görməkdən
çox məmnunam. Əminəm ki, bizim əməkdaşlığımız
uzunmüddətli olacaq, bütün layihələr və
texniki məsələlər vaxtında həll ediləcək.
Biz bu iki iri layihəni başlayacağıq və
bu layihələr Azərbaycana gələcəkdə digər
investisiyaları, digər investorları da cəlb etmək
imkanı verəcək. Çünki bizim
ölkə küləklə və Günəşlə zəngindir.
Bəzən külək hansısa narahatlıq
yaradır, lakin, eyni zamanda, havanı təmizləyir. Ancaq indi külək və Günəş bizim
enerji istehsalımıza xidmət edəcək və bunun sayəsində
daxili istifadə və ixrac üçün çoxlu təbii
qaza qənaət olunacaq. Bir daha xoş gəlmisiniz
və bir daha Azərbaycanda investor olmaq qərarınıza
görə sizə təşəkkürümü bildirmək
istəyirəm.
***
Səudiyyə Ərəbistanı
Krallığının "ACWA Power” şirkətinin idarə
heyətinin sədri Mohammad
ABUNAYYAN dedi:
- Cənab Prezident, icazə verin Sizə
təşəkkürümü və hökumətimizin,
Kralın, Vəliəhdin salamlarını
çatdırım. Səudiyyə Ərəbistanının
hökuməti ilə, bizim rəhbərlərlə artıq
qurduğunuz bu möhtəşəm münasibətləri
örnək göstərmək olar. Səudiyyə
Ərəbistanının şirkətinə göstərdiyiniz
etimad sayəsində biz indi Azərbaycanda bərpa olunan enerji
ilə bağlı Sizin
planlarınızı artıq həyata keçirə biləcəyik.
Sərmayələrə, iqtisadi və sosial dəyərlərə
gəldikdə, bərpa olunan enerjinin bizim layihələrə
cəlb edilməsi nöqteyi-nəzərindən Sizin gözləntilərinizi
gerçəkləşdirə biləcəyik. Azərbaycanın resurslarını fərqli enerji
generasiyasında istifadə etməyə yönəldəcəyik.
Azərbaycan üçün ən yaxşı
optimallaşdırılmış iqtisadi həll yoluna nail
olmaq üçün yanacaq balansını təkmilləşdirəcəyik.
Mən çox şadam və Sizə həqiqətən
minnətdaram ki, Siz bizi seçdiniz. Çünki
bu, Səudiyyə Ərəbistanı ilə münasibətlərə
göstərdiyiniz etimadı əks etdirir. Sizin tətbiq etdiyiniz müfəssəl
proqramınız bizə həddən çox müsbət təsir
bağışlamışdır. Həqiqətən
prosesdə - texniki, kommersiya, müqavilə proseslərində
də ən yaxşı təcrübədən istifadə
edilmişdir. Bizim digər ölkələrlə
necə işlədiyimizə dair və bərpa olunan enerji
proqramlarını necə başlamağımızla
bağlı geniş təcrübəmiz var. Lakin Azərbaycan
nadirliyi ilə seçilir. Çünki
siz artıq proqrama başlamısınız. Siz ən yaxşı şirkətləri rəqabət
aparmaq üçün çox peşəkar və şəffaf
şəkildə cəlb etmisiniz. Siz, həmçinin
çox nadir rəqabətlilik dəyərləri tətbiq
etmisiniz.
Cənab Prezident, bu investisiya bizim
yüksək səviyyədə olan siyasi münasibətlərimizə
uyğun olacaq. Habelə Vəliəhd Şahzadəmizin
həmişə qeyd etdiyi kimi, siyasi münasibətləri dəstəkləyən
güclü iqtisadi əlaqələri də görmək istəyirik.
Cənab Prezident, bu, Səudiyyə
Ərəbistanı tərəfindən müxtəlif sahələri
əhatə edəcək investisiya qoyuluşunun
başlanğıcıdır.
Cənab Prezident, bildiyiniz kimi, bizim
münasibətlərimiz yüksək səviyyədədir.
Sosial sahəyə gəldikdə, ötən il
ərzində Azərbaycanda 100 mindən çox turistimiz olub.
Hər il turistlərin sayında 20-30 faiz
artım müşahidə olunur. Bu, onu göstərir
ki, bu gün münasibətlər siyasi, sosial sahələrlə
yanaşı, həm də iqtisadi sahəni əhatə edir.
Müsbət məqam ondan ibarətdir ki, bunlar
artıq Azərbaycanda baş verir.
Cənab Prezident, biz bu layihələri
sizin baxışınızı reallaşdırmaq
üçün birlikdə həyata keçiririk.
İqtisadi, sosial dəyərlərə gəldikdə isə
biz buradakı insanlara təlimlər keçəcəyik,
"know–how” biliklərini ötürəcəyik. "ACWA Power” şirkətində bizim səhmdarlarımız,
idarə heyətimiz tərəfindən belə qərar qəbul
edilib ki, Azərbaycanı region üçün platforma olaraq
istifadə edək. Bilirsiniz ki, bu, təkcə
Azərbaycan üçün deyil. Bizim
ofisimizin aprel ayından burada tam fəaliyyətə
başlayacağının səbəbi də budur. Biz insan kapitalının inkişafı
üçün təlimlərin keçirilməsi ilə məşğul
olacağıq. Çünki Sizin rəhbərliyinizlə
bu ölkədə çox böyük insan kapitalı
yaranıb və biz bundan beynəlxalq səviyyədə
istifadə etməyə çalışacağıq. Bəli, bu, bizim Azərbaycanda inkişaf etdirməyə
çalışdığımız layihə
üçün olacaq. Lakin, eyni zamanda,
dünya miqyasında rəqabət qabiliyyətliliyimizi və
potensialımızı artırmaq üçün insan
kapitalından istifadə edəcəyik. Biz
öhdəliklərimizə sadiqik və mən hökumətimizin
salamlarını Sizə çatdırıram. Lakin biz, eyni zamanda, bu layihədə sağlamlıq
və əməyin təhlükəsizliyi, vaxt, keyfiyyət,
etibarlılıq baxımından üzərimizə öhdəlik
götürürük. Bu layihə 200
milyon dollar dəyərindədir. Eyni
zamanda, biz burada istər bərpa olunan enerji mənbələri
ilə, istərsə də yüksək səmərəliliklə
qazın, yanacağın istehsalı ilə bağlı
uzunmüddətli əməkdaşlığa sadiqik. Biz burada olmaqdan çox şadıq. Bəli, biz səudiyyəliyik, lakin yerli şirkət
kimi fəaliyyət göstəririk və göstərəcəyik.
Çünki biz Sizin sistemin, Azərbaycandakı
və regiondakı inkişafın bir parçası olmaqdan
qürur duyuruq. Sizinlə görüşmək
mənim üçün həqiqətən şərəfdir.
Çox xoşbəxtəm ki, Sizinlə
görüşmək üçün bizə böyük
imkan yaratmısınız. Mən çox
məmnunam. Sizin iş cədvəlinizin gərgin
olduğunu bilirəm. Bu böyük imkanı
bizə yaratdığınız üçün Sizə minnətdarıq.
Təşəkkür edirəm, cənab
Prezident.
***
Prezident İlham
ƏLİYEV dedi:
–Ölkəmiz haqqında dediyiniz
xoş sözlərə görə sizə təşəkkür
edirəm. Mənim şəxsi salamımı və
ən xoş arzularımı Əlahəzrət Kral Salmana, Vəliəhd
Şahzadəyə çatdırmağınızı sizdən
xahiş edirəm. Qeyd etdiyiniz kimi, Səudiyyə Ərəbistanı
və Azərbaycan arasında əlaqələr çox
yüksək səviyyədədir və biz çox yaxın
dost, tərəfdaş və qardaş ölkələrik. Mən bu əlaqələri qardaşlıq əlaqələri
adlandırardım. Biz beynəlxalq
institutlarda bir-birimizi dəstəkləyirik. Biz BMT-də, İslam Əməkdaşlıq Təşkilatında
birgə fəaliyyət göstəririk. Bildiyiniz
kimi, bu yaxınlarda Azərbaycan Qoşulmama Hərəkatına
sədrliyi qəbul etdi. Biz bu təşkilata üç
il müddətində sədrlik edəcəyik.
Sizin və Birləşmiş Ərəb
Əmirliklərindən olan dostların dəstəyi ilə
bu təşkilatın sədri kimi çox fəal olmaq, təşkilatın
üzvlərini və onların maraqlarını dəstəkləmək
və bu qurum daxilində daha güclü vəhdət yaratmaq
istəyirik. Əlbəttə ki, bunu həmişə
dostlarımla, ölkənizin rəhbərləri ilə
müzakirə edərkən bildirdiyimiz kimi, Səudiyyə
Ərəbistanı ilə Azərbaycan arasındakı əlaqələrə
bu gün iqtisadi dəstək lazımdır. Buna görə də biz həmişə iqtisadi əməkdaşlığın
siyasi əməkdaşlığın səviyyəsinə
necə çatdırılması barədə
danışırdıq. Bu, asan deyil, lakin
bu gün biz çox vacib bir addım atdıq. Həqiqətən də bu, bir çox digər
investorlar üçün yol açır. Onlar "ACWA
Power” və "Masdar”ın burada olduqlarını, yüz
milyon dollarlıq investisiyalar qoyduqlarını, bizim gələcəyimizə
etibar etdiklərini görəcəklər. Buna
görə bir çox digər investorlar da sizin arxanızca gələcəklər.
Həmçinin tərəfdaşların
seçilməsi prosesində biz artıq bu sahəyə
marağın olduğunu gördük. Bu
maraqları yaradan bir çox amillər var. Birincisi, Azərbaycandakı
siyasi sabitlik, proqnozlaşdırma, iqtisadi inkişaf, həmçinin
şaxələndirilmiş infrastruktur, ixrac imkanları.
Qeyd etdiyim kimi, bu gün biz təkcə neft və
qazı yox, həm də elektrik enerjisini ixrac edirik. Böyük potensial var, xüsusilə bərpa olunan
enerji sektorunda. Beləliklə, bu layihə
bizim üçün çox vacibdir. Sizə
bu qərarı verdiyiniz üçün minnətdarlığımı
bildirmək istəyirəm. Bilirsiniz ki, bu
cür böyük qərarlar hökumətin dəstəyi ilə
verilir. Bilirik ki, Səudiyyə Ərəbistanının
hökuməti bu qərarı dəstəkləyir və buna
görə çox minnətdarıq. Bu,
bizim aramızdakı yaxın dostluq əlaqələrimizin
daha bir əlamətidir.
***
Birləşmiş Ərəb
Əmirliklərinin "Masdar” şirkətinin icraçı
direktoru Mohammed Jameel Al RAMAHİ
dedi:
-Cənab Prezident, icazə verin
hökumətim, Birləşmiş Ərəb Əmirlikləri
və "Masdar” şirkətinin səhmdarları adından
bizə bu imkanı yaratdığınız üçün
Sizə təşəkkür edim. Karbonsuzlaşdırma
dövrü istiqamətində planlarınızda iştirak
etmək, onları dəstəkləmək öhdəliyini
üzərimizə götürmüşük. Dünyanın gələcəyi
karbonsuzlaşdırma istiqamətində ənənəvi
enerji istehsalı üsullarından asılılığı
azaldaraq daha təmiz gələcəyə doğru gedir.
"Masdar” şirkəti olaraq biz diqqətimizi
dayanıqlı şəhər icmalarına, bərpa olunan
enerji və gələcək texnologiyalara yönəldirik.
Cənab Prezident, bu prosesdə iştirak etmək və Sizin tərəfdən seçilmək böyük şərəfdir. Bilirik ki, Sizin dəstəyiniz, aydın təlimatınız, Sizin baxışınız olmasaydı, biz burada önünüzdə əyləşməyəcəkdik.
Bir daha çox sağ
olun, cənab Prezident. Ölkənin və dünyanın
qürur duyacağı bir nəticəyə nail olmaq məsələsində
bizə etibar edə bilərsiniz, inşallah.
***
Prezident İlham
ƏLİYEV dedi:
-Çox sağ
olun. Bu gün Azərbaycandakı enerji layihələrinin
inkişafında yeni bir mərhələyə şahidlik
edirik. Bu ili – 2020-ci ili belə bir
mühüm hadisə ilə başlamaqdan çox məmnunam.
Bunun yaxşı gələcəyi olacaq,
ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq.
Səudiyyə Ərəbistanından olan turist
qonaqları qeyd etdiniz. Zənnimcə, Birləşmiş
Ərəb Əmirliklərindən olan turistlərin sayı
da buna bərabərdir. Sizin ölkələrinizə
səyahət edən azərbaycanlıların da sayı
artır. Bu, sadəcə, turistlərə
təklif etdiklərimizlə bağlı deyil. Bunun səbəbi
insanların burada özünü rahat hiss etməsidir. Azərbaycanlılar
sizin ölkələrinizə, sizin vətəndaşlarınız
da Azərbaycana səyahət edərkən özlərini
öz evlərindəki kimi hiss edirlər. Bu
İcra Müqaviləsinin imzalanması mərasimi də ölkələrimiz
arasındakı əlaqələri gücləndirəcək.
Azərbaycan.-2020.- 10 yanvar- S. 1-2.