Fransanın “Radio Courtoisie”
radiosunda Azərbaycanda
aparılan islahatlardan
danışılıb
Fransanın "Radio Courtoisie” radiosunda Azərbaycan Respublikası
Prezidentinin köməkçisi
- Prezident Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyevin müsahibəsi
yayımlanıb.
AZƏRTAC xəbər
verir ki, birbaşa yayımda Hikmət Hacıyev Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdə
həyata keçirilən
hərtərəfli islahatlar,
iqtisadiyyat, məhkəmə-hüquq
sistemi və dövlət idarəçiliyinin
daha da təkmilləşdirilməsi
istiqamətində görülən
işlər haqqında
geniş məlumat verib. O, həmçinin Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin
tarixi köklərindən,
iki ölkə arasında son dövrlərdə
aparılan danışıqlar
prosesindən, Ermənistanın
qeyri-konstruktiv mövqeyindən,
onun ziddiyyətli bəyanatlarla danışıqlar
prosesini pozmasından söz açıb. Azərbaycanın sülh mövqeyi
tutduğunu vurğulayaraq
onun münaqişənin
danışıqlar yolu
ilə həllinə çalışdığını bildirib. Qeyd edib ki, problemi öz adı ilə çağırmaq lazımdır.
İşğal amili var, 1 milyondan çox azərbaycanlı öz doğma yurdundan didərgin salınıb və onlar qaçqın
və məcburi köçkün statusunda
yaşayırlar. Bu insanların doğma torpaqlarında yaşamaq və öz mülkiyyətindən istifadə
etmək hüququ var.
Minsk qrupunun həmsədrləri
və beynəlxalq ictimaiyyət diplomatik-siyasi
təsirlərini artırmalı
və Ermənistandan işğal olunmuş ərazilərdən öz
qoşunlarını çıxarmağı
tələb etməlidirlər.
XXI əsrdə gücdən istifadə edərək dövlətlərin
tarixən tanınan sərhədləri dəyişdirilə
bilməz.
Hikmət Hacıyev Azərbaycanın
xarici siyasətinə
də toxunub. O, ölkəmizin
Fransa ilə ikitərəfli münasibətlərindən
danışaraq Birinci
vitse-prezident Mehriban Əliyevanın bu münasibətlərin inkişafında
rolunu və ona verdiyi töhfələri
xüsusi qeyd edib. Əməkdaşlığın daha da dərinləşdirilməsi üçün
böyük potensialın
olduğunu diqqətə
çatdıran Prezidentin
köməkçisi Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinin təminatında
rolu, TANAP və TAP kəmərləri haqqında
məlumat verib.
Prezident Administrasiyasının rəsmisi
yayım zamanı dinləyicilərin suallarını
da cavablandırıb.
Azərbaycan.- 2020.- 10 yanvar.- S.2.