Ziyalı ömrü
Elm xadimləri
Elə insanlar var ki, onlar haqqında düşünəndə özündən asılı olmayaraq ürəyin işıqla dolur. Bu şəxslərin çöhrəsindəki ziyadan qəlbinə pay düşür. Elə bu qəbil insanların ümumi nişanəsinə çevrilmiş ziyalı kəlməsi də öz sirrini, mənasını bu məqamdan açmağa başlayır.
Ziyalılıq bir vəzifə
deyil, taledir. Bu taleyi heç kəs özü seçmir. Tutduğu yol, yaşadığı həyat,
başqalarının münasibəti insanın ziyalı
taleyini müəyyənləşdirir. O da insanların
qayğılarına, düşüncələrinə
yaxınlığı ilə ziyalı taleyinin seçdiyi
insanlardandır.
Professor Alış
Qasımovu ilk dəfə tanıyanda o, hələ xeyli gənc
idi. Elmdə, pedaqoji fəaliyyətində ona uğur gətirən
nailiyyətlərin çoxu hələ irəlidə idi.
Bir çox yüksək titullar, rəsmi təltiflər
də ad və soyadına ömrün növbəti dönəmlərində
əlavə olunacaqdı.
Antik yunan filosofu Platon yazırdı
ki, kamilliyə can atan insanlar üçün ən gərəklisi
qanunlar haqqında elmdir. Ədalətə, haqqa, qanuna
bağlılıq bəşər sivilizasiyasının qədim
dövrlərindən həqiqətən də
insanlığı səciyyələndirən, onu
dünyanın ən ali
varlığına, zinətinə çevirən ülvi
keyfiyyət sayılıb. Yaşadığı
zaman və məkandan asılı olmayaraq daxilindəki
işığa doğru üz tutan, ədalətə
tapınan insanlar bütün cəmiyyətlərdə
sevilib-seçiliblər. Parlaq şəxsiyyətləri,
yüksək mənəvi idealları ilə tanınan belə
ziyalı şəxsiyyətlərin həyat amalı, ilk
növbədə, onların cəmiyyətə fayda verən
fəaliyyətində real təcəssümünü
tapıb.
Ömrün indi 60-cı zirvəsinə
ucalan Alış Qasımov da həyatının hər bir
anında məhz belə olmağa çalışıb. Zəhməti, haqqı nahaqqın
ayağına verməmək əzmini, yüksək məsuliyyəti,
xalqımız, dövlətimiz üçün faydalı
olmaq məqsədini bir an da özündən
uzağa buraxmayıb.
Onun ömür yolu 1960-cı il yanvarın 10-da Beyləqan rayonunun Milabad kəndindən
başlanır. Orta təhsilini doğulub
böyüdüyü kənd məktəbində alıb.
Elə o illərdən dərslərə
marağı, çalışqanlığı, eşitdiyi və
mütaliə etdiyi hər mətnin məzmununu, məqsədini
dərindən qavraması ilə seçilirdi. Bütün bunlar onun istedadından və
işıqlı gələcəyindən xəbər verirdi.
Orta məktəbin son siniflərinə doğru
qət etdi ki, hüquqşünas olacaq. 1977-ci
ildə orta məktəbi bitirib Bakıya gəldi. Burada
iki il fəhlə işlədi. Qarşıda əsgəri xidmət vardı.
İki il də ordu sıralarında xidmətdə
keçdi. Əsgərlikdən
qayıtdıqdan sonra yenidən
çalışdığı əmək kollektivinə
qayıtdı. Hüquqşünas olmaq arzusu bir an da olsun onu tərk etmirdi. Gecə-gündüz
imtahanlara hazırlaşırdı. 1982-ci
ildə Azərbaycan Dövlət Universitetinin Hüquq
fakültəsinə qəbul olundu. Axşam
şöbəsində oxuyur, gündüzlər işləyirdi.
Universiteti uğurla başa
vurub hüquqşünas ixtisasına yiyələndikdən
sonra Bakının Əzizbəyov rayon xalq məhkəməsində
çox kiçik bir vəzifədə işləməyə
başladı və pillə-pillə irəlilədi. 1989-cu ildə həyat yolu
artıq müəyyən iş təcrübəsi
toplamış cavan hüquqşünası yenidən məzunu
olduğu BDU-ya gətirdi. Burada o, Hüquq
fakültəsi dekanlığının metodisti kimi fəaliyyətə
başladı. Həmin vaxtdan üzübəri
- artıq 30 ildən çoxdur Alış Qasımov şərəfli
müəllim ömrü yaşamaqdadır. O, metodistlikdən
başlayaraq baş metodist, müəllim, baş müəllim,
dosent, dekan müavini kimi vəzifələrdə
çalışıb. 2002-ci ildən Mülki proses, əmək
və ekologiya hüququ kafedrasının müdiri olub. 2011-ci ildən isə Əmək və ekologiya
kafedrasının müdiridir.
1994-cü ildə o,
"Əmək və bəzi mülki hüquq münasibətlərindən
əmələ gələn əvəzli və əvəzsiz
əmlak səlahiyyətlərinin qarşılıqlı əlaqə
sistemi” mövzusunda dissertasiya işini uğurla müdafiə
edərək hüquq üzrə fəlsəfə doktoru elmi
dərəcəsinə layiq görülüb. 2003-cü ildə
isə hüquqşünas-alim "Azərbaycan
Respublikasının əmək hüququnda qarşılıqlı
maddi məsuliyyət” mövzusuna həsr olunmuş doktorluq
işini müvəffəqiyyətlə müdafiə etməklə
hüquq elmləri doktoru elmi dərəcəsi alıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali
Attestasiya Komissiyası Alış Qasımova 1997-ci il yanvarın 13-də dosent, 2010-cu il fevralın
5-də professor elmi adlarını verib. Ötən
bu illər ərzində professor Alış Qasımov öz
sahəsinin peşəkar mütəxəssislərindən
biri kimi hüquqşünas alimlərin yetişdirilməsində
böyük rol oynayıb. Onun elmi rəhbərliyi
ilə onlarla gənc tədqiqat sahəsində uğurlar
qazanaraq elmi dərəcələr alıb. Professor Alış Qasımov hazırda 10-dan
çox doktorant və dissertantın elmi rəhbəridir.
Tələbələri onu
çox sevirlər. Bu sevginin mənbəyi həm də
Alış Qasımovun uzunmüddətli müəllimlik təcrübəsi
ilə auditoriyalarda oxuduğu yaddaqalan mühazirələr, tələbələrlə
səmimi ünsiyyət qurmaq bacarığı, onlara diqqət
və qayğısıdır. Onun pedaqoji fəaliyyətinin
əhatə dairəsi təkcə "Əmək hüququ”,
"Əmək hüququnun müasir problemləri”,
"Əmək mübahisələri və onların həlli
qaydası”ndan oxuduğu mühazirələrlə məhdudlaşmır.
Professor Alış Qasımov tələbələrin
bilik mənbələrinə olan ehtiyaclarını nəzərə
alaraq mütəmadi şəkildə yeni dərsliklər, dərs
vəsaitləri, monoqrafiyalar, elmi məqalələr yazır.
Öz əsərlərində əmək
hüququ elminin müasir tendensiyalarına xüsusi diqqət
yönəldir. Təsadüfi deyil ki, o, 360-dan çox
elmi əsərin, o cümlədən 3 dərsliyin, 13 dərs
vəsaitinin, 10 monoqrafiyanın, 233 elmi məqalənin, 13
kitabın, 4 metodik vəsaitin, 17 tezisin, 150-dən artıq qəzet
məqaləsinin müəllifidir. 80-ə
yaxın tədris proqramı tərtib edib.
Amma hələ bütün
bunlar da professor Alış Qasımovun elmi-yaradıcı fəaliyyətinin
yalnız müəyyən bir hissəsidir. Görkəmli
alim indiyədək 103 əsərin elmi redaktoru, 75 elmi əsərin
rəyçisi olub. Onun əsərlərinin
bir çoxu xarici ölkələrdə nəşr olunub və
alimə ölkə hüdudlarından kənarda da nüfuz
qazandırıb. Qələmə
aldığı istənilən əsərlə ilk
tanışlıq anlarından bunların nə qədər gərgin
zəhmət hesabına başa gəldiyini, əsl peşəkar
əməyinin nəticəsi kimi ortaya
çıxdığını görürsən. Alış Qasımov xarakter etibarilə tələbkar
və prinsipial alim-müəllimdir. Bu tələbkarlığı
isə ilk növbədə özünə qarşı
yönəlib. Ona görə də alimin
kitablarında, məqalələrində səthi
yanaşmalara, bəsit məqamlara, başqaları tərəfindən
irəli sürülmüş tezislərin dolayısı ilə
təkrarına rast gəlməzsən. Professorun
öz həmkarlarında, rəhbərlik etdiyi kafedranın əməkdaşlarında,
yetirməsi olan alimlərdə görmək istədiyi ilk
keyfiyyət məhz öz tədqiqatlarına yüksək məsuliyyətlə
yanaşmalarıdır. Elə bunun nəticəsidir
ki, Əmək və ekologiya kafedrası son illər bir-birindən
sanballı araşdırmalar ortaya qoyub və bu da Alış
Qasımovun bir elm təşkilatçısı kimi malik
olduğu keyfiyyətlərin xoş töhfəsidir.
O, "Azərbaycan Respublikasında
dövlət və hüquq quruculuğunun aktual problemləri”
elmi məcmuəsinin, "Qanun”, "Dövlət və
hüquq”, "Hüquq və gənclik” jurnallarının,
"AR DİN Polis Akademiyasının Elmi Xəbərləri”,
Ali Məhkəmənin bülleteninin redaksiya heyətinin
üzvüdür. Professor Alış Qasımov
həmçinin Moskvada nəşr olunan "Trudovoe pravo v
Rossii i za rubejom” ("Rusiyada və xaricdə əmək
hüququ”), "Probelı v Rossiyskom zakonodatelğstve”
("Rusiya qanunvericiliyində boşluqlar”), Minskdə nəşr
olunan "Trudovoe i soüialğnoe pravo” ("Əmək və
sosial hüquq”) jurnallarının da redaksiya heyətində
üzv kimi təmsil olunur. İndiyə qədər
35-dən çox beynəlxalq, 40-dan çox respublika səviyyəli
elmi-praktik konfransda sanballı məruzələri, təqdimatları
ilə Azərbaycanın hüquq elmini layiqincə təmsil
edib.
Professor Alış
Qasımovun peşəkar bacarıqlarından, öz sahəsinin
eksperti kimi zəngin biliklərindən digər əlaqəli
sahələrdə də geniş istifadə edilir. Alim Təhsil Nazirliyi
Elmi-Metodik Şurasının "Dövlət və
hüquq” bölməsinin katibi, Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasının Hüquq elmləri üzrə Ekspert
Şurasının üzvü, Ali Məhkəmə
yanında Elmi-Məsləhət Şurasının,
AMEA-nın Humanitar və ictimai elmlər bölməsinin nəzdində
Hüquq elmləri üzrə Problem Şurasının
üzvü olub. Uzun müddət hüquq
üzrə elmi dərəcələr verən daimi və birdəfəlik
dissertasiya şuralarının sədri və üzvü kimi
fəaliyyət göstərib. Hazırda
isə Bakı Dövlət Universitetində
yaradılmış Dissertasiya Şurasının sədr
müavinidir. Konstitusiya Məhkəməsinin
plenumlarında "Azərbaycan Respublikası Əmək Məcəlləsinin
müvafiq maddələrinin şərh edilməsi”ndə
ekspert qismində dəfələrlə iştirak etməsi
onun yüksək ixtisaslı, bilikli və səriştəli
hüquqşünas olmasının daha bir göstəricisidir.
O həm də Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının üzvüdür.
Əsl ziyalı cəmiyyətdə
gedən ictimai-siyasi proseslərə heç zaman biganə
qalmır. Müəyyən bir əqidənin
daşıyıcısı kimi öz mövqeyini ortaya qoyur.
Aydın baxışları, tutduğu yolla onun
rəyinə hörmət bəsləyən
başqalarına, o cümlədən tələbələrinə
düzgün yol göstərməyə
çalışır. Bu mənada
Alış Qasımov əqidə adamıdır. O, hər
zaman Azərbaycan dövlətinin daha da qüdrətlənməsini
istəyir. Cəmiyyətimizdə qanunun
aliliyinin, insan hüquq və azadlıqlarının, vətəndaş
cəmiyyətinin, sosial ədalətin bərqərar
olmasına, yüksək siyasi mədəniyyətin
formalaşmasına çalışır. Alim fəhmi ilə duyur ki, bütün bu amallara
yetişməyin yeganə yolu cəmiyyətdəki
ictimai-siyasi sabitliyin, davamlı inkişaf mühitinin qorunub
saxlanmasından, insanların maariflənməsindən,
xalqın birdən-birə inqilabi sıçrayışla
deyil, sosial təkamül yolu ilə öz hədəflərinə
doğru irəliləməsindən keçir. Bu isə Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin müəyyən etdiyi strateji
inkişaf kursudur. Bu kursu böyük əzmlə
davam etdirərək ölkəmizi tarixinin ən qüdrətli
mərhələsinə yetirmiş Azərbaycan Prezidenti
İlham Əliyevin yürütdüyü milli inkişaf siyasətidir.
Tanınmış alim təkcə
praktik tədrislə kifayətlənməyi özü
üçün məqbul saymır. Cəmiyyətin
hüquqi cəhətdən yetkinləşməsi, ölkənin
polis, məhkəmə, ədliyyə, prokurorluq sistemində həyata
keçirilən mütərəqqi ruhlu islahatların vətəndaşlara
adekvat şəkildə çatdırılması
üçün biliyinin, qələminin gücünü əsirgəmir.
Cəmiyyətin hüquqi
maarifləndirilməsi prosesində yaxından iştirak edir. Ayrı-ayrı
məqalələrində Azərbaycanın qısa dövr ərzində
keçdiyi demokratik inkişaf mərhələsinin mahiyyətini,
ölkəmizdə liberal dəyərlərin təminatını
sürətləndirən proseslərin inkişaf
dinamikasını, iqtisadi tərəqqinin keyfiyyətcə
yeni mərhələsi olan modernləşmə xəttinin əsas
xüsusiyyətlərini açıb göstərməyə
çalışır.
Alış müəllimin
elmi, pedaqoji, ictimai fəaliyyəti də dövlət tərəfindən
yüksək qiymətləndirilir. 2000-ci il
fevralın 10-da Təhsil Nazirliyinin Kollegiyası onu yüksəkixtisaslı
hüquqşünas kadrların hazırlanması sahəsindəki
səmərəli fəaliyyətinə görə və
BDU-nun 80 illik yubileyi münasibətilə fəxri fərmanla
təltif edib. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli sərəncamı ilə
"Tərəqqi” medalına layiq görülüb. Yüksəkixtisaslı
kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji
fəaliyyətinə görə 2010-cu il yanvarın 21-də
Təhsil nazirinin əmri ilə "Azərbaycan
Respublikası qabaqcıl təhsil işçisi” döş
nişanı, elm və təhsilin inkişafı sahəsində
yüksək nailiyyətlər əldə etdiyinə, bu sahənin
inkişafına xüsusi töhfə verdiyinə, Universitetin
sosial-mədəni inkişafında fəal iştirak etdiyinə
görə 2019-cu il noyabr ayının 25-də "Bakı
Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan
Respublikasının yubiley medalı ilə, qanunvericiliyin təkmilləşdirilməsi
və eyni zamanda, hüququn ayrı-ayrı sahələrinin
inkişaf etdirilməsində verdiyi töhfələrə
görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
xüsusi medalı, habelə AHİK İcraiyyə Komitəsinin
13 aprel 2016-cı il tarixli qərarı ilə "Həmkarlar
ittifaqında xidmətlərinə görə” medalı ilə
təltif olunub. Bu mükafatların hər biri
onun alim-müəllim əməyinə, xalqımızın
maariflənməsinə, dövlətimizin inkişafına təmənnasız
xidmətdə keçən mənalı illərinə verilmiş
layiqli qiymətdir.
Zahid CƏFƏROV,
Bakı Dövlət Universitetinin
Əmək və
ekologiya hüququ kafedrasının
professoru, hüquq üzrə elmlər
doktoru
Azərbaycan.- 2020.- 10 yanvar.- S.4.