Daşınmaz əmlakın icbari sığortası, yoxsa əmlak sahibinin zorla cərimələnməsi

 

Nəyə görə dövlətin bu mühüm qərarı maarifləndirməklə deyil, cərimə hədəsi ilə həyata keçirilməyə başlanıb

 

Yeni il gələr-gəlməz, bayram tətili bitər-bitməz, əhali qapısında, varsa və istifadə olunursa, poçt qutusunda hədə məzmunlu bir "bildirişgördü. "İcbari sığortalar haqqında” hələ 2011-ci ilin iyununda qəbul olunmuş qanunun xatırlandığı "bildiriş”də əhaliyə bu qanun çərçivəsində daşınmaz əmlaklarını sığortalamaları, əks halda cərimələnəcəkləri xəbərdarlıq edilirdi.

Ən maraqlısı, daha doğrusu, qəribəsi isə o idi ki, bu "bildiriş”də onu göndərən qurumun nə adı vardı, nə də hüquqi ünvanı. Tək olan bir ad-soyadonun mobil telefon nömrəsi idi ki, bu da bütün hallarda sözügedən "bildirişin rəsmiliyinin üstündən çarpaz xətt çəkirdi.

İndi isə keçək əsas mətləbə. Bəli, bu il yanvarın 1-dən ölkə üzrə daşınmaz əmlakın icbari sığortalanmasına başlanılıb. Bəlkə də bu yerdə "başlanılıb” ifadəsi əvəzinə "ciddi nəzarətə götürülüb” yazsaydıq, daha doğru olardı. Çünki daşınmaz əmlakın sığortalanması qeyd edilən "İcbari sığortalar haqqında” qanunun tərkib hissəsi olaraq məcburi sayılırdı. Lakin bəzi obyektivsubyektiv səbəblərdən bunun üzərinə çox gedilmirdi... ta o vaxtacan ki, xüsusən son illər böyük ticarət mərkəzlərində baş verən yanğınlarda, bəzi regionları sözün həqiqi mənasında silkələyən zəlzələlərdə əhaliyə dəyən ziyanın ölçüsü və məbləği dövlətin diqqətini heçkiçik olmayan bu problemlərin həllinə yönəltdi.

Əslində, başqa qanuni çıxış yolu da yox idi. O üzdən ki, Azərbaycan nə qədər maliyyə cəhətdən imkanlı və sosial siyasət sarıdan səxavətli dövlət olsa belə, gözlənilən və gözlənilməz təbii fəlakətlərin ölkə əhalisinə vurduğu maddi ziyanı tamsonacan qarşılamaq iqtidarında deyil. Və ümumiyyətlə, dünyada belə bir ölkə və dövlət yoxdur. Əvəzində belə problemləri yoluna qoymaq üçün hələ neçə əsr əvvəl iqtisadçı alimlərin yaratdıqları sığorta institutu varo, indiyəcən sözügedən sahədə ən etibarlı və ən səmərəli qurum sayılır.

İndi, konkret halda, daşınmaz əmlak sahəsində də Azərbaycan icbari sığortaya nəzarəti gücləndirməyə qərar verib. Səbəbini qısa da olsa izah etdik. Amma izah etmədiyimiz, daha doğrusu, edə bilmədiyimiz bu prosesin cərimə hədə-qorxusu ilə müşahidə olunmasıdır. Başa düşürük, cərimə icbari məsuliyyətdən yayınmağın qarşısını almaq üçün istifadə edilən üsullardan biridir. Cərimənin, yəni pulun insanlar, xüsusən bizim üçün ən təsirli tərbiyə vasitəsi olduğundan da xəbərimiz var. Amma həmin amillər o demək deyil ki, hər hansı bir işə başlayanda onu cərimələr üzərində qurasan, bu zaman uşaqları küpəgirən qarı ilə qorxutduqları kimi, insanları da cərimə ilə hədələyəsən.

Bəs, əhalinin maarifləndirilməsi, məlumatlandırılması nə üçündür? Hansı, məsələn, paytaxt sakini istəməz ki, il ərzində mənzilini, yaxud evini 50 manat verib bütün qaçılmaz hadisələrdən - zəlzələdən, seldən, yanğından, yer sürüşməsindən, qaz partlayışından, elektrik sistemində qısa qapanmalardan, su, kanalizasiya xətlərinin sıradan çıxmasından, mənzilinə qonşunun su axıtmasından və s.-dən 25 min manatlıq sığorta etdirsin?! Təbii ki, başadüşülən dildə, inandırıcı tərzdə izah olunsa, bundan heç kəs imtina etməz.

Yeri gəlmişkən, daşınmaz əmlakın icbari sığortalanması məsələsi aktuallaşandan sonra indiyəcən nə yazılı, nə də elektron KİV-də bununla bağlı reklam materiallarına rast gəlməmişik. Ümumiyyətlə, bir sıra telekanallarda və qəzetlərdə mütəxəssislərin azsaylı şərh və izahlarını nəzərə almasaq, bu barədə geniş əhali arasında heç bir formada müntəzəm təbliğat işi aparılmır. Hərçənd uşaq da bilir ki, əhalini maarifləndirməklə məqsədə daha tez çatmaq mümkündür, nəinki hansısa qanunun hansısa bəndinə əsasən hansısa məbləğdə cərimə ilə hədələməklə...

Bilgiləndirmək, maarifləndirmək həm də ona görə vacibdir ki, sığorta məsələsində dəfələrlə, necə deyərlər, ağzımız yanıb. Ümumiyyətlə, bu institutun işi ölkəmizdə əvvəlcədən elə qurulub ki, əhalinin ona etibarı, yumşaq desək, arzu olunan səviyyədə deyil. Elə bu üzdən əksəriyyət bütün sığorta növlərinə "pul tələsi” kimi baxır. Bu gün ölkədə ən geniş tətbiq edilən avtomobillərin icbari sığortasında hadisə zamanı insanların qarşılaşdıqları süründürməçilik və bir çox digər səbəblərdən doğan narazılıqları xatırlatmaq yetər ki, sığortaya belə münasibəti doğuran səbəblərdən tək biri məlum olsun.

Belə olan halda isə gərəkdir ki, əlaqədar qurumlar, o cümlədən sığorta şirkətləri güclərini əmlak sahiblərini cərimə ilə qorxutmağa yox, dövlət tərəfindən verilən bu qərarın yalnız onların xeyrinə olduğunu inandırmağa çalışsınlar. Bir də, dərk etsinlər ki, hər hansı bir məqsədə çatmaq üçün formasından asılı olmayaraq istənilən cəza birinci yox, sonuncu vasitədir.

 

Raqif MƏMMƏDLİ

 

Azərbaycan.- 2020.- 10 yanvar.- S.7.