İlham Əliyevin 106-cı hədiyyəsi
Bir yol var Bakıda... Lökbatan qəsəbəsinin şimal-şərqində. Bir az da dəqiq desək, Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində...
Bu yolun yetişdiyi bir ünvan var - məcburi köçkünlər üçün salınmış "Qobu Park” yaşayış kompleksi... Qarabağ camaatının bir hissəsinin məskunlaşdığı məkan...
Bu yola girən kimi
adamı qəribə bir hiss bürüyür. Sanki Qarabağa aparır bu yol... Sanki
Qarabağın ürəyi döyünür orda... Axı o
ünvanda qarabağlılar yaşayır... Ağdamın,
Şuşanın, Zəngilanın, Füzulinin, Kəlbəcərin,
Laçının, Xocalının, Cəbrayılın,
Qubadlının ruhu, nəfəsi duyulur orda. Bu rayonların özünəxas xüsusiyyətləri,
adət-ənənələri, ləhcələri elə
öz camaatı tərəfindən qorunur, saxlanılır,
yaşadılır orda. 27 ildir öz bölgələrindən
didərgin düşsələr də...
Elə kompleksə daxil olan
kimi qarabağlıların məkanında olduğun o saat
sezilir. Təmiz, səliqəli həyətdə bir yerə
yığışan ağsaqqalların, söhbət edən
gənclərin, hətta oynayan uşaqların da şirin ləhcəsindən
hansı rayondan olduqlarını anlamaq mümkündür.
Bir də qonaqpərvərliklərindən... Qarabağ
camaatı qonaqpərvərliyi ilə də məşhurdu
axı... Biz də bunu nəzərə alaraq, ötən il
istifadəyə verilmiş "Qobu Park-2”də yaşayan ailələrin
qonağı olmaq, şəraitlərini öz gözlərimizlə
görmək qərarına gəldik.
4 min ailəyə
sevinc
"Qobu Park-2”
yaşayış kompleksinin açılışı 2019-cu
il oktyabrın 8-də olub. Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva
açılışda iştirak ediblər. Dövlətimizin qaçqın və məcburi
köçkünlərə diqqət və
qayğısı daim göz önündədir. 2003-cü ildən bugünədək Prezident
İlham Əliyev qaçqınların və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması, onların məşğulluğunun
təmin edilməsi ilə bağlı 70-dən çox fərman
və sərəncam imzalayıb, bir çox proqramlar qəbul
edilib. Dövlət səviyyəsində
bu istiqamətdə atılan addımlarla yanaşı, Heydər
Əliyev Fondu da fəaliyyətində qaçqın və məcburi
köçkünlərin problemlərinin həllinə
xüsusi diqqət yetirir. Məcburi
köçkünlərin müvəqqəti
yaşayış yerləri və çadırlardan müasir
tələblər səviyyəsində inşa edilən qəsəbələrə
köçürülməsi dövlətin bu insanlara
göstərdiyi diqqətin təzahürüdür. Ölkənin müxtəlif yerlərində
qaçqın və məcburi köçkünlərin mənzil
şəraitinin yaxşılaşdırılması
üçün 105 qəsəbə və şəhərcik
salınıb. 106-cı isə "Qobu
Park-2” yaşayış kompleksidir. Bu
kompleksin inşası Azərbaycanın Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə həyata keçirilib.
"Qobu Park-2”
yaşayış kompleksində ümumilikdə onmərtəbəli
13 bina tikilib.
Burada məktəb, uşaq bağçası,
poliklinika, gimnastika, güləş və trenajor zalları,
şahmat mərkəzi, market, iaşə obyektləri
yaradılıb. Eyni zamanda, istirahət
parkı, uşaq əyləncə meydançası, 3 idman
meydançası inşa olunub.
Kompleksin ərazisində fəaliyyət
göstərəcək 220 yerlik uşaq bağçası
lazımi inventarla təchiz edilib. Burada balacaların təlim-tərbiyəsi
ilə yüksək səviyyədə məşğul olmaq
üçün bütün imkanlar yaradılıb. Bir sözlə, "Qobu Park-2”də sakinlərin
sosial məsələlərinin həlli üçün hərtərəfli
infrastruktur qurulub.
2018-ci ilin mayında
açılışı olan 9 mərtəbəli 11
yaşayış binasından ibarət olan "Qobu Park-1”
yaşayış kompleksində 1026 ailə yerləşdirilib.
Hazırda tikilməkdə olan, 2020-ci ilin aprel-may aylarında təhvil
veriləcək "Qobu Park-3”də isə 1306 ailə məskunlaşacaq.
Beləliklə, təqribən 4 minə yaxın
məcburi köçkün ailəsi müasir standartlara cavab
verən mənzillərlə təmin ediləcək. Bununla yanaşı, "Qobu Park-4”ün də təməli
qoyulacaq.
"Bundan artıq nə istəyə bilərik?!”
Prezidentin məcburi
köçkünlərə 106-cı hədiyyəsi 1300 ailəyə
sevinc gətirib. Artıq iki aydır bu ailələr yeni
evdə yeni həyat yaşayırlar. Uşaqların
hay-küyü böyüklərin sevincinə
qarışıb. Bu sevincdən Süanverdiyevlər ailəsinə
də pay düşüb. Ağdam rayonundan
köçkün olan bu ailə 27 illik ağır həyat
şəraitindən sonra geniş mənzillə təmin
olunub. Xatirə Süanverdiyeva deyir ki, 1992-ci ildən Nərimanov
rayonunda yataqxanada məskunlaşmışdılar:
"Böyük baş ailəyik, hamımız bir evdə
dözülməz şəraitdə qalırdıq. Nəhayət,
biz də ağ günə
çıxdıq. Bir mənzil bizə, biri də
qızımın ailəsinə verilib. Burda
vəziyyətimiz əladı. Hər
şey gözəl düzəldilib. Nəsə
almaq üçün uzaq yerə getmək də lazım
deyil. Eləcə düşürsən həyətə,
lazım olanı alıb qalxırsan evə. Çox razıyıq. Sağ olsun Prezidentimiz,
bizə belə şərait yaradıb”.
Evinə baş çəkdiyimiz
ikinci ailə də Ağdam rayonundan məcburi
köçkündür. Gövhər
Əliyeva ərazi bütövlüyümüz uğrunda
Qarabağ döyüşlərində şəhid
düşmüş Əliyev Kamil Sabir oğlunun
anasıdır. Oğlundan söz
düşən kimi göz yaşlarını saxlaya bilmir
Gövhər ana. Məzarı belə olmayan
balasının şəklini sığallayıb
ağlayır: "Onun ailəsinə də mən
baxırdım. Yoldaşı, iki qızı
qalıb yadigar. 8 baş ailə idik evdə.
Günəşlidə kafedə qalırdıq.
Zülm çəkirdik. Yağış
yağanda başımıza damırdı. Rütubətdən ayaqlarım tutuldu, dava-dərmanla
yaşayıram. Kamilin ailəsinə Masazırda ev verdilər. Mən də o biri
oğlumla bura köçmüşəm. Nəhayət, bu yaşımda belə şəraitli
evdə yaşamaq qismətim oldu. Ağdamda şəhərin
mərkəzində 5 otaqlı evim vardı... Kaş,
müharibə heç olmayaydı, oğullarımız şəhid
düşməyəydi, bütün bu əzab-əziyyətlər
yaşanmayaydı. Hələ də o
ümidlə yaşayıram ki, torpaqlarımız geri
alınacaq, qayıdacağıq öz yurdumuza, bütün
şəhidlərimiz kimi mənim də balamın ruhu şad
olacaq”.
Qonaq olduğumuz növbəti
ailə Azərbaycanın Milli Qəhrəmanı Əsəd
Əsədovun oğlunun ailəsidir. Zəngilan rayonunun
Mincivan qəsəbəsindən məcburi köçkün
olan Soltan Əsədov 2 aya yaxındır ailəsi ilə
birlikdə yeni mənzilə köçüb. Bir
qızı, bir oğlu olduğu üçün onlara 3
otaqlı mənzil veriblər: "Əvvəl heç bir
şəraitimiz yox idi. O qədər acınacaqlı vəziyyətdə
yaşayırdıq ki, heç dilə gətirmək belə
istəmirəm. Oğlum dünyaya gələndən
sonra ayağı düşərli oldu sanki. Bizə bu kompleksdə üçotaqlı, geniş,
gözəl mənzil verdilər. Allaha
şükür, burda hər cür şərait
yaradılıb. Allah Prezidentimizin
ömrünü uzun etsin. Kimin əziyyəti
varsa, hamısı sağ olsun. Məktəb,
bağça, poliklinika, aptek, mağaza - hər şey bir
addımlığımızdadır. Bundan
artıq nə istəyə bilərik?! Qalır
bircə yaşamaq. Yaşamaq da insanın
öz əlindədir. İşləyənə
hər yerdə çörək var”.
Bu binaların hər mərtəbəsində
5 mənzil yerləşir. Bütün mənzillər
tam təmir edilib, istilik sistemi, kombi quraşdırılıb,
mətbəx mebeli, soyuducu və qaz sobası ilə təmin
olunub. Su, qaz, işıq təchizatı
daimidir.
"Qobu Park”
yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyat xidmətlərindən
istifadəsini təmin etmək məqsədilə iki - 140 və
194 nömrəli müntəzəm marşrut xətti fəaliyyət
göstərir. Yaxın vaxtlarda üçüncü
marşrut xəttinin də açılacağı gözlənilir.
Kompleksin ərazisində
inşa olunan məktəb binasında oktyabr ayından Zəngilan
rayon 20 nömrəli tam orta məktəb fəaliyyət
göstərir. Məktəbin direktoru Nazim
Dünyamalıyev deyir ki, bütün zəruri
avadanlıqlarla təchiz edilən binada şagirdlərin
yüksək səviyyədə təhsil alması
üçün hərtərəfli şərait
yaradılıb. Müxtəlif fənn
kabinetləri, laboratoriya, idman zalı, yeməkxana var.
Hazırda məktəbdə 360-dan çox şagird təhsil
alır, 26 müəllim çalışır. Şagirdlərin hamısı, müəllimlərin
isə 9 nəfəri "Qobu Park” yaşayış kompleksində
məskunlaşan sakinlərdir.
"O gün olsun
belə binalar bütün Qarabağda tikilsin”
Məktəblə tanış
olduğumuz müddətdə birinci növbənin dərsləri
bitmək üzrə idi. Hava da günəşli
olduğu üçün uşaqlar evə getməzdən
öncə əyləncə və idman meydançalarında
oynayırdılar. Azyaşlı
uşaqları isə anaları, nənələri həyətə
çıxarmışdılar. Uşaqlar
oynadıqları vaxt ərzində yeni qonşular da bir-birilə
tanış olur, rayondan, kənddən
söhbət edir, əvvəlki köçkünlük şəraitlərindən
gileylənir, indiki vəziyyətlərindən razılıq
edirdilər. Biz də həmin söhbətə
qoşuluruq. Zəngilanın Zərnəli kəndindən
olan Roza nənə deyir ki, 26 il Dərnəgüldə
yataqxanada çətin şəraitdə yaşayıblar.
Burada isə 3 otaqlı mənzillə təmin olunublar:
"Allah hökumətə, Prezidentimizə, Mehriban xanıma
kömək etsin, ev tikənlər də sağ olsun. Daha əl-ayağımız tər-təmizdi. Rahat, isti ocağımızda oturub ömür
sürürük. Amma ürəyimizdə
vətən nisgili var. O gün olsun belə binalar Zəngilanda,
bütün Qarabağda tikilsin, qayıdıb gedək
el-obamıza”.
Elə ölkə rəhbəri
İlham Əliyev də kompleksin açılışı
zamanı çıxışında demişdi ki, əsas məsələ
bu gün hələ də işğal altında olan torpaqlar
azad ediləndən sonra orada yeni binaların, kəndlərin,
şəhərlərin salınmasıdır: "Bunu da biz
edəcəyik, necə ki, vaxtilə işğal altında
olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisində
yerləşən Şıxarx qəsəbəsində bu
gün gözəl bir şəhərcik salınıb. Orada da 1000-dən çox ailə məskunlaşıb.
Aprel döyüşləri nəticəsində azad
edilmiş torpaqlarda yeni qəsəbə salınıb - Cocuq Mərcanlı
qəsəbəsi, hansı ki, bu gün Azərbaycan
xalqının əyilməz ruhunun, iradəsinin təcəssümüdür...
Azərbaycanın ərazi
bütövlüyü bərpa edilməlidir. Bizim ərazi bütövlüyümüz
bütün dünya tərəfindən tanınır və
biz ardıcıl olaraq bu istiqamətdə öz siyasətimizi
aparırıq. Ərazi bütövlüyümüzlə
bağlı heç bir kompromisdən söhbət gedə
bilməz. Bu, danışıqlar
mövzusu deyil və olmayacaq. Daha da
güclü olmalıyıq və güclənirik. Həm iqtisadi gücümüz artır, eyni zamanda,
vətəndaşlarımızın əyilməz iradəsi,
öz yurdundan didərgin salınan soydaşlarımızın
əzmi torpaqlarımızın azad olunacağı
günü yaxınlaşdırır”.
Bəli, illərdir
yaşamağa məcbur olduqları zillətdən qurtulub, hər
bir şəraiti olan müasir mənzillərə
köçdükləri üçün bu gün onların
üzü gülür. Amma bu sevinc belə, daim ürəklərində gəzdirdikləri,
gözlərindən oxunan yurd həsrətini, vətən
nisgilini ovuda bilmir... Burada hər gün yeni
tanışlıqlar baş verir. Kimsə öz yerlisini,
kimsə öz ellisini, kəndlisini tapır...
Bu böyük qonşuluq
onsuz da unudulmayan Qarabağla bağlı söhbətləri,
xatirələri daha da artırır. Burada hər gün mütləq
hansısa rayon, hansısa kənd, lap elə küçə,
döngə yada düşür... Qarabağın geri
alınması üçün yollar müzakirə edilir...
Burada Qarabağın hər
bölgəsinin özünəxas xüsusiyyətləri, adət-ənənələri,
şirin ləhcələri yaşayır, yaşadılır. Uşaqlar da bu ab-havada, bu
ruhda böyüyürlər...
Burada Qarabağın ruhu, nəfəsi
duyulur... Qarabağlılar getdikcə daha da çoxalır,
bir araya gəlir, birləşir, birlik olur...
Burada - minlərlə Qarabağ
camaatının məskunlaşdığı bu məkanda
Qarabağın ürəyi döyünür... Və bəlkə
bizi Qarabağa aparan yol da elə bu məkandan keçir...
Qarabağa aparan yol
Hey qoruyur ürəyində
Bir arzunu, xoş niyyəti
Bir-bir evə ötürəcək.
Geri dönən bu milləti...
Hicran dağlar ürəyini bu yolun
Düşmən
sıxıb biləyini bu yolun.
Ulu Tanrı, ətəyindən
tuturuq.
Yerə salma diləyini bu yolun...
Xəyalə MURADLI
Azərbaycan.- 2020.-11 yanvar.-
S. 1; 2.