62 beynəlxalq turnirə evsahibliyi, 243 yarışda
iştirak, 271 qızıl medal
Azərbaycan idmançıları ötən ili möhtəşəm nailiyyətlərlə başa vurdular
İdmançılarımız dünyanın ən mötəbər turnirlərində uğurla çıxış edərək ölkəmizin adını daim uca tuturlar. Atletlərimiz müxtəlif yarışlarda idmanın olimpiya və qeyri-olimpiya növləri üzrə ölkəmizi şərəflə təmsil edərək Azərbaycanın idman şöhrətini artırırlar.
2019-cu ildə idmançılarımız beynəlxalq yarışlarda 775 medal qazanıblar. Medallardan 271-i qızıl, 238-i gümüş, 266-sı bürüncdür. Ölkəmizdə 62 beynəlxalq idman tədbiri keçirilib. Milli komandalarımız 243 beynəlxalq turnirə qatılıb.
Azərbaycanın keçən il "Formula-1” Azərbaycan Qran-prisinə, UEFA Avropa Liqasının finalına, Avropa Gənclərinin XV Yay Olimpiya Festivalına, gimnastika üzrə dünya kubokları uğrunda turnirə və digər mötəbər yarışlara uğurla evsahibliyi etməsi, atletlərimizin beynəlxalq turnirlərdə qazandıqları parlaq qələbələr ölkəmizin idman tarixinə qızıl hərflərlə yazıldı.
"Minsk-2019”: 5 qızıl, 10 gümüş, 13 bürünc medal
Yola saldığımız ildə ən yaddaqalan idman hadisələrindən biri atletlərimizin Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında qazandıqları uğurdur. Qitənin 50 ölkəsindən 4 mindən çox atletin qatıldığı bu möhtəşəm bayramda ən güclülər qalib gəldilər. 9 gün ərzində 15 idman növü üzrə 200 dəst medal uğrunda təşkil olunan yarışlarda Azərbaycan 82 atletlə təmsil olunmuşdu. Komandamızın II Avropa Oyunlarında layiqli nəticə əldə etmək imkanı kifayət qədər yüksək, xüsusilə güləşçilərə, cüdoçulara, karateçilərə ümid böyük idi.
Sevindirici haldır ki, dövlətin idmançılara göstərdiyi daimi diqqət və qayğı özünü "Minsk-2019”da da doğrultdu. Belə ki, Azərbaycan 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc olmaqla 28 medal qazanaraq 50 ölkə arasında ilk onluqda yer tutdu.
Ölkəmizə ilk medalları (2 gümüş, 1 bürünc) akrobatika gimnastlarımız qazandırdılar. Dinamik hərəkətlər üzrə qarışıq cütlüklərin yarışında 28,830 xal toplayan Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi gümüş medala sahib olublar. Balans hərəkətləri üzrə qarışıq cütlüklərin yarışında Ruhidil Qurbanlı-Abdulla Əl-Məşayxi cütlüyü 28,160 xalla bürünc medala layiq görülüb.
Bir gün sonra isə akrobatika gimnastlarımız II Avropa Oyunlarında üçüncü medalı qazanıblar.
Akrobatika gimnastikası yarışında təmsilçilərimiz Ruhidil Qurbanlı-Abdulla Əl-Məşayxi cütlüyü qarışıq hərəkətlər üzrə qarışıq komandaların yarışında 29,540 xal toplayaraq oyunların gümüş medalına sahib olub.
Cüdoçularımız II Avropa Oyunlarını bir gümüş və dörd bürünc medalla başa vurublar. "Minsk-2019”da Azərbaycan yığmasının bayraqdarı olan Rüstəm Orucov gümüş, Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Elmar Qasımov və İrina Kindzerska bürünc medallara layiq görülüblər.
İdmansevərlərin böyük maraqla və həyəcanla medallar gözlədiyi idman növləri sırasında güləş xüsusi yer tuturdu. Azərbaycan güləşçiləri "Minsk-2019”u ümumilikdə 10 medalla başa vurdular. Onlardan 3-ü qızıl, 3-ü gümüş, 4-ü bürünc olub. Mahir Əmiraslanov, Hacı Əliyev və Mariya Stadnik qızıl, Nurməhəmməd Hacıyev, İslam Abbasov və Elmira Qəmbərova gümüş, Hacımurad Hacıyev, Camaləddin Məhəmmədov, Sabah Şəriəti və Alyona Kolesnik bürünc medal qazanıblar.
"Minsk-2019”da karateçilərimiz də onlara göstərilən etimadı doğrultmağa çalışdılar. Onlar II Avropa Oyunlarında 5 medal (1 qızıl, 3 gümüş, 1 bürünc ) qazandılar. Ölkəmizə bu idman növündə qızıl medalı +84 kq çəki dərəcəsində kumite yarışında Asiman Qurbanlı qazandırıb. Rafael Ağayev, Firdovsi Fərzəliyev və İrina Zaretska "Minsk-2019”u gümüş, Roman Heydərov isə bürünc medalla başa vurublar.
Boks yarışlarında idmançılarımız ölkəmizin hesabına 2 medal (1 qızıl və 1 bürünc) yazdırıblar. Təmsilçimiz Alfonso Dominges II Avropa Oyunlarının qalibi olub. Lorentso Sotomayor isə "Minsk-2019”u bürünc medalla başa vurub.
II Avropa Oyunlarında sambo yarışlarında ölkəmiz 3 medal qazanıb (bir gümüş, iki bürünc). Ağasif Səmədov gümüş, Mehman Xəlilov və Emil Həsənov bürünc medala layiq görülüblər.
Sürət paytaxtı
Keçən il Azərbaycan bir sıra nüfuzlu turnirlərə evsahibliyi edib. Bunların sırasında planetin bir nömrəli avtomobil yarışı - "Formula-1” Azərbaycan Qran-prisi xüsusi yer tutur. Aprelin 26-28-də dördüncü dəfə Bakıda keçirilən "Formula-1” dünya çempionatının 4-cü mərhələsi olan Azərbaycan Qran-prisində ən məşhur 20 pilot 10 komandanın tərkibində 6 kilometr məsafədən ibarət 51 dövrəlik mərhələnin qalibi uğrunda yarışdı. 500 milyondan artıq tamaşaçı kütləsinə malik yarışı 67 ölkədən çoxlu sayda azarkeş paytaxtımızda tribunalardan izlədi.
Pilotlar ümumi məsafəsi 306 kilometr və 20 çətin döngəsi olan trekdə 51 dövrə vurdular. Trekin ən geniş yerinin eni 13 metr, ən dar hissəsinin eni İçəri şəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edirdi. 30 mindən çox tamaşaçının yarışları yerində izləməsi üçün hər cür şərait yaradılmışdı.
Maraqlı və gərgin keçən yarışın yekununda "Mercedes” komandasının üzvü Valtteri Bottas 1 saat 31 dəqiqə 52,942 saniyəlik nəticə ilə "Formula-1” SOCAR Azərbaycan Qran-prisinin qalibi oldu. İkinci yeri "Mercedes” komandasının digər üzvü Luis Hamilton, üçüncü yeri isə "Ferrari” komandasının sürücüsü Sebastian Fettel tutdular.
Gimnastika
üçün daha bir uğurlu il
Ötən il
gimnastikada uğurlu nəticələr əldə edilib.
Gimnastika növləri üzrə yığma
komandalarımız beynəlxalq yarışlarda ötən il 32-si qızıl, 33-ü gümüş və
39-u bürünc olmaqla 104 medal qazanıblar. Milli
Gimnastika Arenası 2019-cu ildə 8 beynəlxalq yarışa
evsahibliyi edib. Yarışlara ənənəvi dünya
kubokları ilə start verilib. Fevralda batut
gimnastikası, mart ayında idman gimnastikası və apreldə
təşkil edilmiş bədii gimnastika üzrə dünya
kuboklarında iştirak etmək üçün ümumilikdə
1020-dən çox insan ölkəmizə səfər edib.
Bundan əlavə, ötən ilin aprelində həm
də gənclər arasında bədii gimnastika üzrə
ikinci "AGF Junior Trophy” adlı beynəlxalq turnir
keçirilib. Bu yarışın sonuncu
günündə qrup hərəkətlərində
komandamız qızıl medal qazanıb və himnimizi səsləndirib.
Ötən ilin may ayında Azərbaycanda
ilk dəfə gimnastikanın iki növü üzrə birgə
Avropa çempionatı təşkil edilib. Bədii
gimnastika üzrə qitə birinciliyi ölkəmizdə
dördüncü dəfə təşkil olunsa da, aerobika
gimnastikası üzrə Avropa çempionatına ölkəmiz
ilk dəfə evsahibliyi edib. Hər iki
növ üzrə yarışlara 500-dən çox gimnast
qatılıb.
Milli Gimnastika Arenasında
keçirilmiş növbəti turnir XV Avropa Gənclər
Olimpiya Festivalı çərçivəsində kişi və qadınların idman
gimnastikası üzrə yarışları olub. "Bakı 2019”da 38 ölkədən 170
idmançı qüvvəsini sınayıb. Ölkəmizdə təşkil edilmiş ən
genişmiqyaslı gimnastika tədbiri - "Tokio 2020” Yay
Olimpiya Oyunlarına lisenziya xarakterli bədii gimnastika üzrə
dünya çempionatı sentyabrda olub. Azərbaycanda
ikinci dəfə keçirilmiş bu çempionatda bədii
gimnastika üzrə qrup hərəkətlərində
komandamız çoxdan gözlənilən nəticəni -
"Tokio 2020”yə lisenziya qazanıb. Olimpiadaya
daha bir vəsiqəni isə Zöhrə Ağamirova əldə
edib.
Bədii
gimnastlarımızın uğurundan sonra Olimpiya oyunlarına
daha iki lisenziyanı idman gimnastlarımız qazanıblar. Almaniyanın
Ştutqart şəhərində keçirilmiş dünya
çempionatında idman gimnastlarımız Marina Nekrasova və
İvan Tixonov çoxnövçülük üzrə təsnifat
mərhələlərində yetərli xal toplayaraq, Olimpiya
oyunlarına vəsiqəni təmin ediblər. M.Nekrasovanın əldə etdiyi lisenziya Azərbaycanın
qadın idman gimnastikası tarixində ilk Olimpiya
lisenziyasıdır.
Bütün bunlarla yanaşı, AGF
tərəfindən ötən il müxtəlif
gimnastika növləri üzrə məşqçilik və
hakimlik kursları təşkil edilib. Kişi
idman gimnastikası üzrə ikinci, batut gimnastikası üzrə
birinci, aerobika gimnastikası üzrə ikinci dərəcəyə
aid FIG Akademiyasının məşqçilik kursları, eləcə
də bədii gimnastika və "TeamGym” növü üzrə
yerli mütəxəssislər üçün məşqçilik
və hakimlik kursları təşkil edilib.
Şahmat üzrə
dünya kubokunun ilk azərbaycanlı qalibi
Ötən ilin ən
yaddaqalan idman hadisələrindən biri də beynəlxalq
qrossmeyster Teymur Rəcəbovun Rusiya Federasiyasının
Xantı-Mansiysk şəhərində keçirilən
şahmat üzrə dünya kuboku yarışının
qalibi olmasıdır. Dünya reytinqinin ilk
üçlüyündə yer almış çinli
qrossmeyster Dinq Lirenlə final qarşılaşmasında
kubokun sahibini müəyyənləşdirmək
üçün on görüş keçirilib. Klassik
partiyalarda və rapiddə heç-heçə qeydə
alınıb, blitsdə isə Teymur Rəcəbov həm ağ, həm də qara fiqurlarla
qarşılaşmalarda üstün olub və
görüşü 6:4 hesablı qələbə ilə
başa çatdırıb.
Dünya kubokuna aparan yolda
Teymurun birinci mərhələdə rəqibi Farer adalarının
təmsilçisi Helqi Ziska idi. Rəqibini asanlıqla
məğlub edən qrossmeysterimiz sonrakı raundlarda
rusiyalı şahmatçılar Sənan Syugirov və Daniil
Yuffadan üstün olub. Teymur finala vəsiqə
qazanmaqla yanaşı, iddiaçılar turnirinə
qatılmaq hüququnu da əldə edib. Mötəbər
yarışda qalib gələn şahmatçımız bu
uğuru ilə həm də ilk azərbaycanlı kimi ölkə
idmanının da tarixinə düşüb.
Bakı gələcəyin
idman ulduzlarının zəfər meydanı oldu
2019-cu ilin iyul ayında
Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya
Festivalı gələcəyin idman ulduzlarının növbəti
zəfər meydanı oldu. Bir həftə davam edən
yarışlarda 48 ölkəni təmsil edən 3600-dən
çox idmançı qalib adı uğrunda mübarizə
apardı. Azərbaycan komandası Avropanın Rusiya,
Böyük Britaniya və Türkiyə istisna olmaqla,
bütün ölkələrini, o cümlədən Fransa,
Almaniya, İtaliya, Ukrayna, İspaniya, Çexiya, Hollandiya,
Belarus, İsveçrə, Avstriya və digərlərini
qabaqlayaraq festivalda 23 medal qazanmış və ümumi komanda
hesabında 4-cü olmuşdur. Medallardan 10-u
qızıl, 7-si gümüş, 6-sı bürüncdür.
Azərbaycan
komandasının üzvləri 10 idman növü üzrə
keçirilmiş yarışların 3-də medallar əldə
ediblər. Sözsüz ki, bütün turnirlərdə medal
gözlənilən idman növləri sırasında güləş
xüsusi yer tutur. Pəhləvanlarımız
bu dəfə də ənənələrinə sadiq qalaraq
yarışlarda ümumilikdə 16 medal (8 qızıl, 5
gümüş, 3 bürünc) əldə edərək
tarixi qələbəyə imza atdılar. Bununla da 13 ölkə arasında ilk pillədə
yer aldılar. Pəhləvanlarımızla
yanaşı, medal estafetini cüdoçularımız da davam
etdirməklə 3 yarış günündə 2
qızıl, 1 gümüş və 3 bürünc medal
qazanıblar.
Gimnastika
yarışlarında isə Azərbaycan atleti Səməd Məmmədli
XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman
gimnastikası yarışlarında gümüş medal
qazanıb.
Bakıda London
derbisi
Ötən il
mayın 29-da Azərbaycan daha bir əlamətdar idman hadisəsinin
şahidi oldu. Paytaxtımız Avropanın
nüfuzlu klub turnirlərindən UEFA Avropa Liqasının
finalına evsahibliyi etdi. Həlledici
qarşılaşmada İngiltərənin iki komandası -
"Çelsi” və "Arsenal” üz-üzə gəldilər.
Başqa sözlə, Bakıda London derbisi
oynanıldı. Paytaxtımızda əsl
futbol bayramı yaşandı. Finalın təşkili
Avropadan Bakıya gələn media təmsilçiləri, hər
iki klubun azarkeşləri arasında böyük rəğbətlə
qarşılandı, UEFA rəhbərliyinin qəlbində
xoş hisslər oyatdı. Yekunda 4:1
hesabı ilə qələbə qazanan "Çelsi” UEFA
Avropa Liqasının 2018-2019-cu il mövsümünün
qalibi oldu.
Müxtəlif ölkələrin
media orqanları final matçının təşkilini və
gedişini şərh edərək komandaların və
onların rəhbərlərinin, futbol mütəxəssislərinin
rəylərini öyrəndilər. Mütəxəssislərin
ümumi fikri belə oldu ki, Bakının evsahibliyi etdiyi
Avroliqanın finalı ən yüksək səviyyədə
təşkil edildi, komandaların ədalətli mübarizəsi
üçün hər cür şərait yaradıldı,
möhtəşəm qarşılaşmaya evsahibliyi edən
Azərbaycan hər cür təqdirə layiqdir.
Elçin CƏFƏROV
Azərbaycan.-
2020.- 11 yanvar.- S. 1; 3.